1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında
bağlanan Türkmənçay sülh müqaviləsinin bəndlərindən biri də İranın
müxtəlif ərazilərində məskunlaşan ermənilərin Quzey Azərbaycana
köçürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasından dərhal
sonra – fevralın 13-də isə ermənilərin ilk köçü Arazdan şimala
adladı və Qarabağa yerləşdirildi.
Bu fakt 1988-ci il fevralın 13-ü - ermənilərin Xankəndində
başlayan ilk mitinqinin tarixi ilə üst-üstə düşür. Görünür,
ermənilərin bu tarixi seçməsi təsadüfü deyildi. Çünki 3 gün
müddətində gerçəkləşdirilən erməni köçü sübut edirdi ki, Qafqazın
türklərdən təmizlənməsi və Ermənistan dövlətinin yaradılması
ideyasının kökü daha öncəki tarixlərə gedir və 1828-ci ilə qədər
ilkin hazırlıqlar artıq başa çatmışdı…
***
Türkmənçay müqaviləsindən sonrakı 3 il müddətində 130 min erməni
İrandan köçürülərək Qarabağda, o cümlədən İrəvan quberniyasında
məskunlaşdırıldı. Nəticədə İrəvan xanlığı ərazisində ermənilərin
sayı 1831-ci ilin sonlarına aid statistikaya əsasən 161,7 min
nəfərə çatdırıldı.
Ancaq bu tədbirlər bölgənin demoqrafik vəziyyətinə ciddi təsir
etmədi. Həm Qarabağ, həm də İrəvan quberniyalarında əhalinin böyük
əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Hətta bir müddət
sonra Azərbaycanın qərb torpaqlarında yaradılan "erməni vilayəti"
adlı ərazidə belə ermənilər etnik azlıq idilər, "erməni
vilayəti"nin mərkəzi kimi göstərilməyə cəhd edilən İrəvan şəhərinin
əhalisinin isə 87 faizi türklərdən ibarət idi. Bu, təbii ki,
Birinci Pyotrdan başlayan və Rusiya imperiyasının cənub siyasətinin
başlıca qayəsi olan "erməni amilindən Qafqazda etibarlı dayaq kimi
istifadə edilməsi" üçün kifayət deyildi. Ona görə də erməni terror
şəbəkəsinin inkişafına geniş şərait yaradıldı.
Ermənilər yaradılan şəraitdən istifadə edərək, yeni
məskunlaşdıqları Azərbaycan ərazilərini, eyni zamanda, Türkiyənin
şərq torpaqlarının bir hissəsini əhatə etməklə "dənizdən-dənizə
böyük Ermənistan" yaratmaq və bölgəni türksüzləşdirmək məqsədilə
19-cu əsrin sonlarına doğru bir neçə terror təşkilatı – Armenakan,
Hnçak və Daşnaksütyun partiyalarını yaradırlar.
Türkü və kürdü hər yerdə öldür!
Yaradılan hər 3 partiya terror fəaliyyətini rəsmən qəbul
edir:
- 1887-ci ildə Cenevrədə yaradılan Hnçak partiyasının
Nizamnaməsinin 4-cü bəndində "məqsədə çatmaq üçün terror və
dağıdıcılıq fəaliyyəti" nəzərdə tutulur;
- 1885-ci ildə yaranan Armenakan partiyası Türkiyənin Van, Muş,
Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və
terror fəaliyyətinə başlayır;
- 1890-cı ildə Tiflisdə yaradılan Daşnaksütyun partiyası da
Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu
bölgələrini əhatə eləyən Ermənistan qurmağı ideoloji əsas seçir,
1892-ci ildə keçirilən ilk qurultayında Qafqazı türksüzləşdirmək
məqsədilə qərar qəbul edir. Həmin qərarda bildirilir: "Türkü və
kürdü hər yerdə, hər bir şəraitdə öldür!"
İlk qırğınlar
Ermənilər məqsədlərini həyata keçirmək üçün Rusiya hərbçilərinin
sayəsində silahlanır, sistemli hərbi təlimlər keçir və açıq
soyqırıma hazırlaşırlar. Genişmiqyaslı və aşkar soyqırım siyasətini
həyata keçirmək üçün ilk fürsət isə 1905-ci ildə Rusiyada başlayan
inqilab olur.
Həmin il erməni hərbi birləşmələri Bakı, Şamaxı, Quba, Lənkəran,
Gəncə, Qarabağ, Zəngəzur, Göycə, Basarkeçər, həmçinin İrəvanda
azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar həyata
keçirirlər.
1905-ci ildə ermənilər terror təşkilatlarının Azərbaycanda
törətdiyi ilk soyqırımdan sonra İrəvan mahalının demoqrafik
vəziyyəti dəyişir. 900 min türkün qovulduğu, məhv edildiyi və
didərgin salındığı Azərbaycan kəndlərində Yaxın Şərqdən köçürülən
ermənilərin məskunlaşması sürətləndirilir və artıq Birinci Dünya
Müharibəsi ərəfəsində, 1914-cü ildə İrəvan quberniyasında
ermənilərin sayı 1 milyon 14 min nəfərə çatdırılır. Əvəzində isə
cəmi 575 min türk indiki Ermənistan ərazisində öz mövcudluğunu
qorumağı bacarır.
"Quduz itlər körpənin əl-ayağını gəmirib
yemişdi"
Ermənilərin azərbaycanlılara qarşı ikinci və daha dəhşətli
soyqırımı 1918-ci ildə başlayıb və 1922-ci ilə qədər davam
edib.
Birinci Dünya Müharibəsinin gedişində Rusiyada başlanan
inqilabın ilk dalğasıyla rus ordusunun Cənubi Azərbaycandan geri
çəkilməsi ilə böyük silah-sursata, o cümlədən ağır texnikaya
sahiblənən ermənilər Tiflisdəki Daşnaksütyun partiyasının
təşkilatçılığı ilə müharibədən geri dönən və silahlarını təhvil
verməyən erməni dəstələri ilə birgə hərəkət etməyə başlayırlar.
Eyni zamanda, Bakı sovetinin 6 minlik ordusuna sahib olan Stepan
Şaumyan nə yolla olursa-olsun, bolşeviklərlə azərbaycanlılar
arasında münaqişə yaratmağa cəhd göstərir, bu soyqırım aktına sinfi
mübarizə və vətəndaş müharibəsi görüntüsü verməyə çalışırdı.
Belə bir fürsət 1918-ci ilin martın 30-da məşhur mesenat Hacı
Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranışdan vəfat etmiş
oğlu Məhəmməd Tağıyevin dəfnindən sonra yaranır. H.Z.Tağyevin
oğlunu Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət
kiçik bir heyəti dəfndən sonra "Evelina" gəmisi ilə Lənkərana geri
qayıtmalı idi. Ancaq gəmi limandan aralanan ərəfədə Şaumyanın
tapşırığı ilə silahlı bolşeviklər azərbaycanlı əsgərlərin tərksilah
olunmasını tələb edirlər. Dəstə tələbi rədd etdikdə isə əvvəlcədən
pusquda durmuş pulemyotlar atəş açır; dəstə məhv edilir və gəmidəki
silah-sursat ələ keçirilir.
Bakı Sovetində Stepan Şaumyan başda olmaqla Sako Saakyan,
Arakelyan və digər daşnaklar bu faktı müsəlmanların bolşeviklərə
qarşı çıxması kimi qiymətləndirir və səhər tezdən azərbaycanlılara
qarşı hücum əmri verirlər. Beləliklə, martın 31-də Bakıda
azərbaycanlıların soyqırımına başlanılır.
***
1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
soyqırım faktlarını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının
yaradılması həmin dövrün dəhşətlərinin əks olunmasında misilsiz
xidmətlər göstərib. Komissiyaya vəkil Ələkbər bəy Xasməmmədov
rəhbərlik edib.
Komissiyanın üzvü A.Y.Kluge "Bakı şəhərinin müsəlman əhalisinə
qarşı törədilmiş zorakılıqlara dair iş haqqında" məruzəsində yazır:
"Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda
pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər
müsəlmanların evlərinə soxulur, sakinləri qırır, onları qılınc və
xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları
yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları
süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər
körpələrinə rəhm etmir, hamısını öldürürdülər".
Təhqiqat Komissiyasının məlumatına görə, bu 3 günlük qırğınlar
nəticəsində Bakıda 11 minə qədər müsəlman-türk öldürülüb. Ancaq
komissiya üzvləri özləri də bu məlumatı səhih rəqəm saymamış və
qeyri-rəsmi olaraq 30 minə yaxın türkün qətlə yetirildiyini təxmin
ediblər. Çünki öldürülənlərin çoxunun meyiti tapılmamışdı.
Şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş
evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini
itirsinlər.
Təkcə "Vulkan" cəmiyyətinin yanalma körpüsünə müsəlman
kişilərin, qadın və uşaqların 6748 meyiti toplanmışdı. "Nikolay
Bunyatov" gəmisinin komandir köməkçisi Kazım Axundov texnik dostu
Vladimir Sokolovu "Kərpicxana" deyilən yerə aparıb və orada
işgəncələrlə öldürülən insanların şəklini çəkməyi xahiş etmişdi.
Vladimir Sokolov 3 fotoşəkil çəkə bilib:
Birinci fotoşəkildə başında güllə, bədənində 5 süngü yarası olan
və sağ çiyninə qılınc yarası vurulmuş ananın sağ döşündə hələ sağ
olan körpə uzanıb. Anasının döşünü əmən körpənin ayağında süngü
yarası görünür.
İkinci şəkildə iri mismarla divara mıxlanmış 2-3 yaşlı uşaq
təsviri var. Üçüncü şəkil isə 13-14 yaşlı qızın meyitidir. Qızın
cırılmış paltarları və qançırlardan onun zorlanaraq öldürüldüyü
görünür.
Sokolov 4-cü otağa girəndə 22-23 yaşlı bir qadının, iki qarının,
9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitlərini
görür. Quduz itlər körpənin əl-ayağını gəmirib yeyibmiş.
Bu mənzərədən dəhşətə gələn Vladimir Sokolov daha heç bir şəkil
çəkə bilmir…
"Öldürülənlərin dəfni aylarla davam etdi…"
Dəhşətli qırğınların əhatə etdiyi ərazilərdən biri də Şamaxı
idi. Ermənilər şəhərin axundu Cəfərquluya işgəncələr vermiş, onun
saqqalının tüklərini bir-bir yolmuş, gözlərini çıxarmış, burnunu
kəsmişdilər, axundun yanında sığınacaq tapmış saysız-hesabsız qadın
və uşaqları da öldürmüşdülər.
Təkcə Şamaxı qırğınlarıyla bağlı Təhqiqat Komissiyası 925
səhifədən ibarət 7 cildlik şahid ifadələri və materiallar
toplamışdı. Sənədlərdən Şamaxı qəzasının 53 kəndinin dağıdıldığı,
8027 azərbaycanlının qətlə yetirildiyi məlum olur. İşgəncələr
altında öldürülənlərdən 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277
nəfəri uşaq olub.
Komissiyanın sədri Ə.Xasməmmədov 1919-cu il martın 30-da
"Azərbaycan" qəzetində çap etdirdiyi "Çağırış"da bildirirdi:
"Şamaxının yalnız xarabalıqları qalmışdır... Şəhərin 15 minlik
əhalisindən sağ qalanlar bütün Zaqafqaziyaya dağılmış, əllərində
qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirdilər ki,
acından ölməsinlər... Onlar türk qoşunları Azərbaycana gəldikdən
sonra öz el-obalarına qayıtmışlar".
Qafqaz İslam ordusunun gəlişindən sonra Şamaxı küçələrindən iri
sümüklər yığılaraq basdırılmışdı. Ancaq komissiya üzvlərinin
1918-ci ildə hazırladıqları hesabatda göstərilir ki, öldürülənlərin
basdırılması aylarla davam etsə də, bəzi yerlərdə qalaqlanmış və
çürümüş meyitlər hələ də qalmaqdadı.
"Məscidi dağıdıb, din xadimlərini qırdılar"
Ermənilər Quba qəzasında soyqırıma xüsusilə hazırlaşmışdılar.
Çünki ilk qırğını törədən Muradyana qarşı əhali müqavimət göstərə
bilmişdi.
Birinci Dünya Müharibəsində iştirak edən ermənilərdən ibarət iki
min nəfərlik dəstə Muradyanın rəhbərliyi ilə 1918-ci ilin birinci
rübündə Qubaya hücuma keçmiş və dəhşətli qırğınlar törətmişdi.
Həmin ərəfədə Qusarın Kuzun kəndinin sakini, Türkiyədə təhsil almış
nüfuzlu din xadimi Möhübəli Əfəndi və Çağar kəndinin sakini Hətəm
Sərkarov yerli əhalini daşnaklara qarşı mübarizəyə qaldıra
bilirlər. Ləzgilərin də köməyi ilə qırğınların qarşısı alınır və
Muradyan 100 nəfərlə qaçır.
Möhübəli Əfəndi 200 nəfər daşnak terrorçunu həbs etdirib, Quba
türməsinə saldırır. Ancaq 10 gün sonra top və pulemyotlarla
silahlanmış erməni ordusu yenidən Qubaya hücum edir. Hamazaspın
başçılıq etdiyi dəstə şəhəri od vurub yandırmağa, tarixi abidələri
dağıtmağa, insanları vəhşicəsinə qətlə yetirməyə başlayır.
Şahidlərin bildirdiyinə görə, Hamazasp Quba camaatının qalan
hissəsini meydana yığıb bildirir ki, "mən minlərlə türkün başını
kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba
qoymuşam".
Hamazaspın daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun
Hayrapetovdan Qubanın varlı adamlarının siyahısını istədiyini yazan
şahid qeyd edir ki, "Həmin siyahıda Qubanın varlılarından 26 adamın
adı vardı. Hamazasp silahlı əsgəri həmin ailələrin dalınca
göndərdi. Silahlı əsgərlər 6 nəfərlə geri qayıtdılar.
Gətirilənlərin 4-ü qadın, 2-si uşaq idi. Hamazaspın tapşırığı ilə
uşaqların başlarını kəsdilər, qadınları isə uşaqlarının qanını
içməyə məcbur etdilər. Qadınlar şivən qoparıb daşnakların üstünə
atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla onları tən
ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Hamazasp
əsgərləri cərgə ilə düzdürüb, günahsız əhaliyə atəş açmağı əmr
etdi. Yüzlərlə adam qırıldı..."
Ermənilər bu qırğınlara sünni-şiə davası donu geyindirməyə də
cəhdlər edir, xarici dövlətlərdə müsəlmanların erməniləri
qırdıqları barədə şayiələr yayırdılar. Azərbaycan Xalq
Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski 1918-ci il iyulun
15-də hökumətin iclasında çıxışı zamanı bildirmişdi ki, erməni
cəlladları dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində
görünməmiş vəhşiliklər törədir, bununla yanaşı yalan xəbərlər
yayaraq Avropa ictimaiyyətində əks əhval-ruhiyyə yaradırlar.
Quba qırğınlarına da don geyindirməyə çalışan Hamazasp meydana
yığdığı əhalinin içindən bir sünni və bir şiə seçərək onlara silah
verdirir və bir-birinə atəş açmağa məcbur edir. Bildirir ki,
silahlar növbə ilə sünni və şiələrə veriləcək, sonda sağ qalanlar
isə öldürülməyəcək.
Komissiyanın dindirdiyi şahidlərin dediyinə görə, "ilk olaraq
Ləzgi Məhəmməd və şiələrin ağsaqqalı Məşədi Mirsadıqı irəli
çıxardılar. Onların heç biri əlinə silah almaq istəmirdi. Qundaqla
başlarına vurub, onları silah götürməyə məcbur etdilər. İkisi də
tüfənglərini qaldırıb bir-birini nişan aldılar. Hamı məəttəl
qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kəsin gözləmədiyi halda
geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən
Məşədi Mirsadıq da bir ermənini öldürdü. Bunun ardınca qırğın
başlandı. Qaçmaq istəyən yüzlərlə adamı ermənilər pulemyotlarla
qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Hamı dayanandan
sonra Məhəmmədin qollarını, ayaqlarını kəsdilər. Başını kəsib
süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi
Mirsadığın gözlərini çıxarıb, qollarını, axırda da boynunu
sındırdılar. Daşnaklar həmin gün məscidi dağıdıb həm sünnilərdən,
həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər".
A.Novatski bildirir ki, ermənilər təkcə Quba, Qusar və Xaçmaz
ərazisində 26 məscidi yandırmışdılar. Hadisələrin canlı şahidi
İbrahim Aydəmirov isə xatırlayır ki, Digah məscidində alban və ərəb
əlifbası ilə yazılan kitablar yandırıldıqdan sonra kəndin
yaxınlığındakı müqəddəs pirin daşını da partlatdılar. Həmin nəhəng
daşın üstündə alban hərflərilə yazılar vardı.
Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı
ərzində Qubada 16 mindən çox insan qırılmış, 162 kənd yerlə-yeksan
edilmişdi.
Eyni qırğınlar Lənkəran və Göyçayda, Kürdəmirdə də
törədilmişdi.
Rusların təlim keçdiyi erməni qatilləri
Ermənilər Şimali Azərbaycanla paralel olaraq, Cənubi
Azərbaycanda – Urimiya, Salmas, Sulduz və Xoyda da kütləvi
qətliamlar törədirdilər.
Urmiyadakı soyqırıma erməni dini rəhbəri Benyamin Marşimon
rəhbərlik edirdi. Marşimon Osmanlı torpağından 12 min çilov ailəsi
ilə birlikdə gəlmişdi, Urmiya, Salmas və Sulduzun 20 min erməni və
assur ailəsi isə onlara qoşulmuşdular. Nəticədə böyük bir ordu
yaranmışdı ki, bunun da 20 min nəfəri təlim keçmiş peşəkar
hərbçilər idi. Əlavə olaraq 800 nəfər rus və 72 fransız zabiti də
onlara hərbi hazırlıq keçirdi.
Rusiyanın Urmiyadakı konsulu Nikitinin siyasi, Petros ağanın
hərbi, Marşimonun isə ideoloji dəstək verdiyi bu ordu 1918-ci il
fevralın 17-dən başlayaraq azərbaycanlılara qarşı soyqırım siyasəti
həyata keçirməyə başlamışlar.
Maraqlıdır ki, Urmiya, Salmas, Sulduzda və Xoy ətrafında baş
verən bu qırğınlar nəinki Qarabağ və İrəvandan, o cümlədən Bakıdan
gələn erməni hərbi birləşmələrinin yardımı ilə həyata keçirilirdi,
həmçinin Şimali Azərbaycandakı qırğınlarla az qala eyni gündə baş
verirdi. Məsələn, Urmiyada ümumilikdə 50 min azərbaycanlının
qətliylə nəticələnən soyqırım 1918-ci ilin Novruz bayramı
ərəfəsində ikinci dəfə şiddətlənmiş və martın sonlarına qədər davam
etmişdi.
Andronikin başçılıq etdiyi 8 minlik quldur dəstəsi Arazın həm
şimalında, həm də cənubunda erməni daşnaklarının azərbaycanlılara
qarşı apardıqları soyqırıma yardım edir, soyğunçuluq törədir,
kəndləri xarabazara çevirir və "Böyük Ermənistan" kimi nəzərdə
tutduqları əraziləri türklərdən təmizləməyə cəhd göstərirdi.
Ermənilər bu məqsədlə Salmasda 30 min, Sulduzda isə 10 mindən
çox azərbaycanlını qətlə yetirmiş, yüzlərlə kəndi xarabazara
çevirmişdilər.
Qafqaz-İslam ordusunun yaxınlaşması xəbəri ilə Naxçıvana çəkilən
Andronik qarşısına çıxan bütün kəndləri dağıtmışdı. Daha sonra
Çəmbərəkənd rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya,
Əmirxeyir, Yanıqtəpə, Qaraqoyunlu, Toğluca, Çaykənd, Cıvıxlı, Cil,
Şorça və başqa kəndlərə hücum edən Andronik bütün əhalini qırmışdı.
Eçmiədzin rayonunun 700 nəfərlik Ayarlı və 800 nəfərdən çox əhalisi
olan Qarğabazar kəndlərinin əhalisini də Andronik bütünlüklə, son
nəfərinə qədər məhv etmişdi.
"Növbə Qarabağındır…"
Ən çox dağıdılan Zəngəzur qəzası idi. Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərinə görə, Ermənilər bu qəzada 115 Azərbaycan
kəndini büsbütün yandırmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq
öldürmüşdülər.
Ermənilər Zəngəzur qəzasının özündə və ətrafında qırğınları
1920-ci ilə qədər sistemli olaraq davam etdirmişdilər. 1920-ci il
yanvarın 21-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü
Cəlil Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilmiş
teleqramda deyilirdi: "Dörd gündür ki, erməni quldur dəstələrinin
nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında
Zəngəzura hücumları davam edir. İtkilər olduqca çoxdur, əhali
vahimə içində kömək umur. Qəzanın bədbəxt əhalisi adından
yalvarıram, kağız üzərindəki etirazlardan fəal işə keçin.
Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan
xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır..."
***
1918-ci ilin martına qədər Zəngəzurun 199 kəndi, 1919-cu ilin
sentyabrına qədər isə Eçmiədzin qəzasının 62 azərbaycanlı kəndi
yerlə yeksan edilmişdi. 1919-cu ilin axırında Zəngibasarın bir neçə
kəndi istisna olmaqla qalan kəndləri, İrəvan qəzasının 211 və
Vedibasarın bütün azərbaycanlı kəndləri məhv edilmişdi. 1916-cı
ildə İrəvan şəhərində və İrəvan quberniyasının kəndlərində 375 min
nəfər azərbaycanlı yaşayırdısa, 1922-ci ildə onlardan artıq 305 min
nəfər tamamilə məhv edilmişdi.
Ümumilikdə isə bu qırğınlar nəticəsində 565 min müsəlman-türk
vəhşicəsinə qətlə yetirildi.
Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının
topladığı materiallar əsasında azərbaycanlılara qarşı soyqırım
faktını təsdiqləmiş və 1918-ci il martın 31-ni matəm günü elan
etmişdi. 1919 və 1920-ci illərdə, iki il müddətində ardıcıl olaraq
martın 31-i qeyd edilsə də, Azərbaycanın Sovet ordusu tərəfindən
işğalından sonra 31 martın qeyd edilməsi qadağan olunmuşdu. Yalnız
Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1998-ci ildə prezident
Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı
günü olaraq yenidən qeyd edilməyə başlandı.