Yuxarı

Təxribatçılar cəzalanmalıdır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxribatçılar cəzalandırılmalıdır!

Dünən Bakı küçələri öz ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edən minlərlə xalq nümayəndəsi ilə aşıb-daşırdı. Paytaxtın mərkəzi spontan yaranan xalq yürüşünə səhnə idi. Polis heç bir müdaxilə etmir, nümayişçilərdən biri imiş kimi davranırdı.

Bütün bu prosesləri hər kəs canlı yayın həyata keçirən tanınmış internet kanallarından, böyük Feysbuk səhifələri üzərindən izləyə bilirdi. O lentlər hələ də qalır və ciddi bir mənbədir.

Sonra küçələrdəki xalq axını Şəhidlər Xiyabanından Milli Məclisin önündəki meydana yönəldi və orada birləşdi. İlk görüntülər möhtəşəm idi, qürurverici idi. Bizim müxbirlər də meydanda idilər və mümkün olduqca canlı yayınlar verirdilər.

Hər yerdən ordumuza dəstək səsləri gəlirdi. ''Ali Baş Komandan, silah ver bizə'', ''İrəli, irəli, Azərbaycan əsgəri'', ''Şəhidlər ölməz, vətən bölünməz'' şüarları insanlarımızın münasibətini və mitinqin gerçək mahiyyətini ifadə edirdi, xalqın Prezident və Ali Baş Komandan İlham Əliyevə inam və dəstəyi ortaya qoyurdu. Azərbaycanın internet efiri heç zaman belə fəal olmamışdı. Hər canlı yayın həyata keçirən Yutub və Feysbuk kanallarına on minlərlə izləyici qatılırdı. Yayın kəsilirdi, amma sonra yenə...

Kütlənin lideri yox idi, təşkil olunmamışdı. Müxalifət liderlərindən bəziləri meydanda idilər, lakin kontingent onlarlıq deyildi, oradakı xalq, kütlə müxalifətin sosial, ya da elektoral bazasına heç uymurdu.

Xalqın qarşısına iqtidardan da heç kim çıxmadı. Məncə, ən ciddi səhv bu idi.

Bu cür hallarda o kütlənin önünə dövlət çıxmayanda, adətən, hər hansı təxribatçı elementlər orada təşəbbüsü ələ alır.

AXP sədri Pənah Hüseyn elə yürüş zamanı mənə zəng etdi və narahatlığını bildirdi. ''Niyə hökumətdən heç kim kütlənin qarşısına çıxmır'', sualını mənə verdi...

Xeyli keçəndən sonra, gerçəkdən də, təxribatçı ünsürlər şüarlar səsləndirərək fəallaşmağa başladılar. Bunu ara-sıra kəsilən canlı yayınlardan da açıq sezmək mümkün idi... Zaman gecəyə doğru irəlilədikcə səmimi xalq kütlələri azalır, hər kəs evinə gedir, fərqli ideologiyalar və maraqlara xidmət edən qrupların sayı isə əksinə, artırdı. Canlı yayın həyata keçirdən bəzi güclü resursların yayınlarının altında konkret və ünvanlı çağırışlar gedirdi...

Meydanda təxribatçıların kritik kütləsi düzələn kimi hərəkətə keçdilər. Ermənilərin gözünü çıxardan, bizi qürurlandıran bir aksiyanı ləkələməyi bacardılar. Milli Məclisin binası işğal olundu. Canlı yayında Milli Məclisin foyesində ''Allahu-Əkbər'' şüarları qışqıran gənclər peyda oldular. Allah böyükdür və şəriki yoxdur! Hamımızın təvəkkülü də onadır! Lakin niyə Milli Məclisin işğalı məhz bu şüarla həyata keçirildi? Niyə xarici ölkələrə bağlı internet yayın qurumları məhz seçib onları çəkir, dövlətin, ölkə rəhbərliyinin əleyhinə danışan 4-5 qərəzli şəxsi dəfələrlə və ard-arda efirə alırdı?

Bu suallara və Milli Məclisə giriş fraqmentinə hüquq-mühafizə orqanları aydınlıq gətirər və gətirməlidir!

Baş vermiş hadisə sadə cinayət əməli deyil!

Bu hər şeydən öncə bizim beynəlxalq aləmdə, Ermənistan ictimaiyyətində bir millət olaraq işğalla barışmadığımızı, öz torpaqlarımızı almaq üçün bütöv xalq olaraq savaşa hazır olduğumuzu göstərən yürüş-mitinqi başqa istiqamətə yönləndirdi. Ermənistan və ermənilər gördülər ki, 10 milyonluq Azərbaycan 80 milyonluq Türkiyəni arxasına alaraq onun üstünə yürüyür!

Dünən Bakı küçələrində xalq, əslində, işğalçı Ermənistanın üstünə yürüş edirdi, erməni ordusuna gözdağı verirdi. Erməni toplumuna onu hansı perspektivin gözlədiyini nümayiş etdirirdi...

Etdirdi də! Effekt həminki kimi qalacaq! Xalq öz sözünü dedi, istəyini ortaya qoydu. Dünya gördü ki, azərbaycanlılar işğalla barışmayıblar! Onlar müharibə istəyirlər və bu iş əvvəl-axır müharibə ilə nəticələnəcək, Ermənistan darmadağın ediləcək.

Lakin kaş ki, Milli Məclisin işğalı fraqmenti olmayaydı! Təxribatçılara imkan verilməyəydi!

Proses davam edir, edəcək. Müharibə haqqımızdır və Ermənistan ordusunu öz torpaqlarımızdan qovub çıxartmaq milli bir vəzifə olaraq qarşıdadır. Bu xalqın dəstəyi bizə hər addımda lazım olacaq. Bundan sonraya baxaq, 15 iyul gecəsi, bu cür yeni situasiyalarda buraxılan səhvləri təhlil edək. Bu cür vəziyyətlər üçün hakimiyyət orqanları internet üzərindən yayın verən kanallarını təkmilləşdirməli, xalqın önünə çıxara biləcək adamlara sahib olmalı, xarici müdaxilələri operativ şəkildə məhdudlaşdıra biləcək mexanizmləri işə salmalıdır.

Ortadakı təxribatçılar isə müəyyənləşməli, onlara ən ağır cəza verilməlidir!

Tarix
2020.07.15 / 14:38
Müəllif
Rauf Arifoğlu
Şərhlər
Digər xəbərlər

56-cı: Daha Şuşadan danışmırıq…

Bu, son gündür: bir də heç vaxt deyə bilməyəcəyik...

İqtidardakı sabotajçılar gizlicə birləşdi...

Cənab Hacılını eşşəyə tərs mindiriblər...

Mən o gənci içimdə gizlədim...

Azərbaycanda "Ağ inqilab" gedir

Qəzetlərə ''olma'' deyən Odur! Bəs biz nə edək...

O, mükəmməl, çoxtərəfli ziyalıdır

Biz döyüşdən yoğrulduq, onlar söyüşdən...

Müsavat oyunu pozdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla