Yuxarı

Şəmil Sadiqin düsturu... – Dünya istifadə edir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmil Sadiqlə ilk tanışlığımız telefonda kiçik bir mübahisə ilə başlasa da, uzun illərin dostları kimi görüşəndə bu anı yada salıb gülümsəyirik. Mübahisəli məqam da yox idi, əslində. Çünki gedəcəyimiz yol bəlli idi; hər birimizin öz doğulduğu kəndindən başlayıb, Turana doğru getdiyi yolda həyəcanlı bir səfər bizi gözləyirdi. Macarıstanda iki ildən bir keçirilən Turan qurultayında iştirakı səbirsizliklə gözləyirdik.

Getdiyimiz bu yol isə hər birimiz üçün çox dəyərli idi, bizim müqəddəs amallarımızdan biri idi. Bu yol həm də bizi daha da birləşdirir, bərkidir və qardaşlaşdırırdı. Daha sonralar Cənubi Koreyada birgə qatıldığımız Tenqri-Turan simpoziumu da ortaq xəyallarımızın reallaşdırıldığı bir dayanacaq oldu.

Şəmil Sadiq cəmiyyətdə çox yönlü və aktiv fəaliyyəti ilə tanınır. Yazıçı, publisist kimi çağdaş ədəbi prosesdə öz dəsti-xətti, öz imzası olan bir yazıçı olmaqla yanaşı, həm də modern təhsil sistemini mənimsəmiş, bu sahədə olan nadir mütəxəssis, yenilikçi və yaradıcı bir şəxsdir.

İki il əvvəl doğum günündə özünə “Hədəf” liseyini hədiyyə etmişdi. “Hədəf” liseyi yeni bir konsepsiya olaraq ortaya çıxanda ən çox diqqət çəkən məqam ondan ibarət idi ki, bu lisey dünya təhsil sistemindəki bütün yenilikləri özündə cəmləşdirir, şagirdlərin təfəkkür baxımından yetişməsini isə sırf milli təməllər üzərində, soy-kökün dərin qatlarını mənimsətməklə formalaşdırmağa çalışır. Hesab edirəm ki, dünyanın bütün söz sahibi olan millətləri öz məktəblərində yalnız bu düsturu tətbiq etməklə böyük gücə çevrilə biliblər.

Şəmil Sadiq bir yazıçı, pedaqoq olmaqla yanaşı, həm də yaxşı tədqiqatçı, gözəl alimdir. O tədqiq etdiyi Hüseyn Cavid və İsa Muğannanın yaradıcılığındakı türk təfəkkürünün alt qatlarını yaxşı həzm edə bilib, şüuraltında türklük fəlsəfəsini yaddaşına hopdurmaqla bu qan və gen yaddaşının əsl daşıyıcısına çevrilib. Odur ki, ustadları olaraq qəbul etdiyi hər iki dühanın türklük davasının bir əsgərinə çevrilməklə qalmır, həm də bu təfəkkürə sahib yeni nəsil, özünün dediyi kimi, bala bilgələr yetişdirir.

Şəmil Sadiqin demək olar ki, bütün əsərlərini, hekayələrini oxumuşam. Ona görə də deyə bilərəm ki, o, ən gözəl əsəri olan “Hədəf” liseyini yaratmaqla tariximizə daha çox dad, mənəvi zənginlik, milli ruha daha çox rahatlıq gətirir.

Şəmil Sadiq milli ruhun daşıyıcısı, həm də qoruyucusudur. Onunla bizi birləşdirən həm də Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Komissiyasındakı birgə fəaliyyətimizdir. Komissiyanın sədri olaraq, onun təşəbbüsü ilə uşaqlar üçün “uşaq olmuş böyük adamlar” silsiləsindən olan Şah İsmayıla aid kitabçanın nəşri də xüsusi qiymətləndirilməlidir. Bu seriyadan olan onlarla kitabça məhz uşaqlara milli dəyərlərimizi, millət adamlarımızı tanıtmağa hesablanıb. Məncə, vətənpərvər nəsil yetişdirmək üçün məhz bu nöqtədən başlamaq lazımdır. Necə ki Şəmil Sadiq həmin nöqtələri cərgəylə, nizamla gözəl təqdim edə bilir. Təbii ki, bu onun yazıçı, publisist, pedaqoq, olmaqla yanaşı, həm də bir naşir olaraq göstərdiyi fəaliyyətlə bağlıdır.

Göründüyü kimi, Şəmil Sadiqin fəaliyyəti çoxyönlü, çoxqütblüdür. Obrazlı olaraq desəm, hərdən mənə elə gəlir ki, Şəmil nərdivan pillələrini hövlanak, qaçaraq dırmaşan adam təsiri bağışlayır. Pillələr onu yormur, çünki getdiyi bütün yolları aydın görür və onu bu yola daşıdığı ruh, inanc və inamı götürür. Yolu daima açıq, ruhu əbədiyyən azad olsun.

Tarix
2020.09.02 / 15:59
Müəllif
İlqar İlkin
Şərhlər
Digər xəbərlər

Borçalıya qapını açın, çünki orda İran qapımızı bağlayır

Çölü qürbət, içi Vətən adam...

Qənirə Paşayeva ilə İstanbulda bir gün…

Himnimizə qəzəbimiz vardı, mızıldanırdıq…

İcra başçısı qocaman şairi ziyarət etdi - Foto

İldə iki dəfə məni Türkiyədən küsdürürlər

Xankəndidə ermənilər çörəyimizi yemək istəmirsə…

Erməni təəssübü çəkən “bayquş” azərbaycanlılar

Anadoluda türk ruhu yenidən oyandı

Turan Birliyinin çöküşü? Sevinməyə tələsməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla