Vaqif Səmədoğlunun ölüm xəbərini mənə atam dedi. Bir ay
idi ki, hərbi xidmətdə idim. Atam mənə baş çəkməyə gəlmişdi. Yenə
də həmişəki kimi, söhbəti yazdığım şeirlərin üstünə gətirdim.
Nədənsə mən atamla bir-birimizi yaxşı başa düşmürük. Amma onu
bilirəm ki, o mənim bütün yazdıqlarımı oxuyur. Bir söz deməsə də,
bunu bilirəm. Elə başa düşürdüm ki, yenə də söhbəti dəyişəcək. Amma
bu dəfə bəzi şeirlərimdən parçalar dedi. Söhbət gəlib mənim hərbi
xidmətdə olacağım müddətdə işıq üzü görəcək "Əsgərin kitabı"
kitabımın üstünə çıxdı.
– Bilirsən, ata, bu kitabın da adını Vaqif baba qoydu. Ona
"Əsgərim" şeirimi atmışdım, oxudu və dedi ki, bir kitab da dərc
etdir, adını "Əsgərin kitabı" qoy.
– Allah rəhmət eləsin, – dedi atam.
Siqaret yandırdı. Mən isə ağladım. Doğrudan, ağladım. Dəqiq
bilmirəm bu ağlamaq Vaqif babaya görə idi, yoxsa hərbi xidmətin ilk
günlərindəki çətinliklərə tablamağın zorundan və başqa şəxsi
problemlərimin içimdə düyünləşmiş, qat bağlamış mənəvi ağrılardan
idi. Amma səssiz ağlamağımın, dodaqlarımın titrəməsinin, göz
yaşlarımın kirpiklərimi boğacaq kimi suya qərq olmasının
fərqindəydim…
İndi o gündən 3 ay vaxt keçib…
...2010-cu ilə qədər yatsam, yuxuma da girməzdi ki, xalq şairi
Vaqif Səmədoğlunu real həyatda tanıyacam. Əl tutub görüşəcəyik,
ərklə mənimlə – nəvəsi yaşda birisilə zarafat edəcək, "nəvəm"
deyəcək.
Yadımdadır. Onunla ilk söhbətimiz sosial şəbəkədə baş tutdu.
Utana-utana, çəkinə-çəkinə yazdım, salam verdim. Salamımı aldı.
"Vətən" adlı bir şeir yazmışdım, o şeiri paylaşdım və ustad şairi
də işarələdim. İlk reaksiya da elə ustad şairdən gəldi:
"Yazdığınız şeir deyil. Amma kimsə sizə yazma qadağası da qoya
bilməz. Mən bildiyimə görə, atanız da şairdir. Ya atanıza, ya da
şeirdən anlayışı olan birinə şeiriniz göstərin, redaktə etsin, bəzi
məsləhətlər versin".
Cavab yazmadım. "Oxuyubsa, demək, geniş ürək sahibidir", – deyə
düşündüm.
Sonra ikinci koment gəldi: "Əgər istəsəniz, şeirlərinizdən bir
neçəsini mənə atın, vaxtım olduqca baxaram".
Elə də etdim. Mən şeirləri Feysbukda Vaqif müəllimin mesaj
qutusuna atırdım. O isə mənə məsləhətlər verir, tələb edirdi ki,
düzəlişlər edim. Bəzi misralarda isə sözləri digər sözlə
əvəzləyirdi. Bir neçə ay beləcə yazışmalarımız, şeirləşməmiz davam
etdi.
Getdikcə şeirlərimi bəyəndiyini hiss edirdim. Mövzular verirdi.
Bax, bu mövzuda yaz. Bir növ, master-klass keçirdi mənə.
Şeirlərimin dərc olunmasına da o icazə verdi. "Ulduz" jurnalında
və bir çox ədəbi portallarda yayınlandım.
Bir dəfə isə "artıq kitab haqda fikirləşməlisən", – dedi və
gələcək kitabıma "O" adını qoydu. Artıq bunun da reklamı ilə məşğul
olurdum. Portallarda "gənc şair Tural Balabəylinin nəşr olunacaq
"O" kitabından seçmələr" adı ilə şeirlərim dərc edildi.
Bu arada bir neçə yazar yeni kitabına "O" adını qoydu. Bu, Vaqif
babanın acığına gəldi. Məni danladı, "niyə bu adı gündəmə
gətirdin?" – dedi.
2014-cü ildə professor, böyük insan, gözəl şair, atamın dostu
Elçin əmi (İsgəndərzadə) mənim kitabımı hədiyyə olaraq dərc etdi.
Kitabın adını yenə də Vaqif Səmədoğlu qoydu: "Bütün kişiləri mən
biləcəksən".
Kitabımda onun haqqımda yazdığı söz də yer aldı: "Tural
ədəbiyyatda mənim sonbeşik nəvəmdir".
Məni bir neçə dəfə bağına çağırmışdı. Şəhərdə də görüşürdük.
Asta səsi ilə məsləhətlər verirdi. Mən özümü, doğrudan da, onun
yanında nəvə kimi hiss edirdim. Səhhətindəki amansız ağrılar
gücləndikdə isə görüşlərimiz ancaq Feysbuk səhifəsində oldu. Son
dəfə dekabrın 21-də yazmışdım:
– Baba, əsgər gedirəm.
İlk dəfə mənə "şair" deyə müraciət etdi:
– Yolun açıq olsun, əsgərlik şeir yazmağa bənzəməz,
şair, amma şeir yazdırar...
– Toyum olanda da belə demişdiz..
– Hə, evlilik də şeir yazmağa bənzəməz…
– Məni yola salacaqsız?
– Yox.
– Niyə?
– Səhhətim əl vermir. Sən qayıdanda qarşılayaram.
– Söz?
– Tural, Allah mənə verdiyi ömrüm qədər hərbi xidmətdən
gəlməyini gözləyəcəm. Taledir, yaşayırıq.
– "Əsgərim" şerini oxudunuzmu?
– Baxdım. Azərbaycan əsgərini daha qüdrətli təsvir edə bilərdin.
Gecdir, mən çıxım.
– Sağ ol, baba.
Gəncədən zəng vurdum. Danışdıq. "Tibb məntəqəsindəyəm", –dedim.
Ağrıyırdı. "İstəyirsən zəng edim, səni hospitalın rəisinə
tapşırım", – dedi. Razı olmadım. Onda dedi ki, kitabının adını
"Əsgərin kitabı" qoy. Bu danışıqdan 7 gün sonra isə dünyasını
dəyişibmiş...
Mənə söz vermişdi. "Sənin toyunda Bakıda olmadım, oğlunun
toyunda olacam", – demişdi həm də…
Vaqif babam sözünü tutmadı.