"Birinci xanım" institutu və ya biz niyə
şanslıyıq?
Bütün qadınlar da kişilər kimi tarixin bir parçasıdır. Amma...
Az sayda qadın var ki, tarix yaza bilir...
Onlar ya əla diplomat doğulur, ya dünyada gözəl ana olmağın
örnəyini göstərir, ya da öz həyat yoldaşıyla çiyin-çiyinə dayanır,
ona arxa-dayaq olaraq tarix səhifələrinə ad yazdırmağı
bacarırlar.
Bütün bunlara eyni anda sahib olmaqsa o qadının möhtəşəmliyinə
sübutdur və buna çox nadir hallarda rastlanılır. Belə qadınların
var olduğu ölkələr də nadir ölkələr sayılmalıdır. Kişilər onsuz da
güclüdür. Əgər bir ölkənin üstəlik qadını da güclüdürsə, demək, o
dövlət, o toplum həmişə ayaqda qalmağı bacaracaq!
Azərbaycan kimi...
Diplomat, Ana, Həyat Yoldaşı və... Həyat Yoldaşına əsl
Yoldaş...
Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva haqda çox söz
deməyə ehtiyac yoxdur. Onsuz da o, haqqında danışsınlar deyə
işləmir, fəaliyyət göstərmir. Bu, onun təbii halıdır, həyat
tərzidir...
"O, insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə
seçilir. Bu, onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən
əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət,
Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə,
əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl
keyfiyyətləri hər zaman davam etdirməyə çalışacaq".
Prezident İlham Əliyevin söylədiyi bu fikirlər onun fəaliyyəti
haqqında hər şeyi, indiyə qədər deyilən və deyilməyənləri, bundan
sonra deyiləcəkləri ehtiva edir.
O, xeyriyyəçidir, insanları sevir və bütün bunları daxilindəki
mərhəmət hissinə söykənərək edir. Mərhəmətin siması ana simasıdır,
qadın simasıdır! O da məhz belə qadındır və Azərbaycan belə
qadınların olduğu nadir ölkədir...
Mehriban Əliyevanın adı bu günkü dünyamızda mahiyyət etibarilə
"Birinci Xanım" statusunun Parlaq Nümunəsi kimi tarixə keçir.
"Birinci xanım" statusu – hazırkı dünyada bu, öz anlamından
xeyli uzaq düşüb. Bunun arxasında nə insanlıq görəvi, nə bütün
uşaqlara analıq qayğısı, nə də bəşəri sevgi görünür. Halbuki XIX
əsrdə yaranmış "Birinci Xanım" institutu təkcə birinci şəxsin həyat
yoldaşı olmaq demək deyildi.
"Birinci xanım" anlayışı bir qadına sosial həyatda oynadığı
rola, insanlar üçün sərf etdiyi çabaya, ümumbəşəri dəyərlər naminə
çəkdiyi əziyyətə, dövlətlərarası münasibətlərə, dostluğa, mədəni və
humanitar əlaqələrə verdiyi töhfəyə, beynəlxalq sülh üçün
göstərdiyi səylərə və bütün uşaqlara yönəlik analıq qayğısına görə
şamil edilir. Və bütün bu sadalananlarla bahəm o, öz həyat
yoldaşının arxasında sona qədər dayanmağı bacarmalıdır.
Bu, böyük enerji və fədakarlıq tələb edir. Və şübhəsiz ki,
daxili sevgi olmadan bunları etmək mümkün deyil.
...Bir yolu birinci dəfə zərurətdən, ikinci dəfə məcburiyyətdən
gedənlər tapılar. Amma bir yolu sona qədər getmək ona ürəkdən bağlı
olmaq deməkdir...
Görünən odur ki, çağdaş dünyada ən böyük dövlətlərin birinci
xanımları öz statuslarının tələb etdiyi işləri reallaşdırmağa ya
vaxt tapmır, ya da buna istəksiz yanaşırlar.
Və təəssüf ki, "birinci xanım" anlayışı istər yarandığı
Amerikada, istər Avropada, istərsə qoca Şərqdə yalnız birinci
şəxsin həyat yoldaşı olmaq kimi başa düşülür. Biz dünyanın əksər
birinci xanımlarının nəinki beynəlxalq arenada, heç öz ölkəsində də
insanlardan ötrü çaba sərf etmədiyinə şahid oluruq...
Misal üçün, dünyaya hökmranlıq etmək iddiasında olan Amerikanın
birinci xanımı Mişel Obama. Amerikalıların demokratiya adı altında
müharibə və ölümə qonaq elədikləri əfqan uşaqları üçün bircə dəfə
də olsun nəsə edibmi? Yaxud Əfqanıstanın qonşuluğunda yerləşən,
terrordan və amansız təbii fəlakətlərdən əziyyət çəkən pakistanlı
ailələrə baş çəkibmi?
Aydındır, okeanın o tayı buralardan çox uzaqdır... Amma nədənsə
məsələ maraqlar üzərində intişar tapanda məsafə çox sürətlə
qısalır.
Qərbli birinci xanımlar daha çox şou-proqramlarda rəqs etməyi,
qeyri-adi hərəkətlər etməyi, yaxud ərlərini qısqanmaları ilə
gündəmə gəlirlər. Avropa cəmiyyətləri üçün bu, məqbul ola bilər,
lakin belə imic "birinci xanım" anlayışının mahiyyətinə-məğzinə
uyğun gəlmir və bəşəriyyətin xilasına heç bir töhfə vermir.
Beləliklə, günümüzdə "birinci xanım" anlayışı bir çox hallarda
siyasi korrektələrə (politically correct) məruz qalır. Yəni əvvəlki
anlamını dəyişərək, tamam fərqli məfhuma çevrilir. Məhz dünyanın
bir çox birinci xanımlarının həyat tərzi bu ictimai-siyasi
terminolojinin deformasiyaya uğrayaraq "daha rahat yaşayış mənbəyi"
kimi başa düşülməsinə gətirib çıxarır.
...Güclü qadınlar həyata xüsusi missiya ilə gəlir və istər ailə, istərsə
bəşəriyyətin ən çətin situasiyalarında meydana qədəm
basırlar...
Mehriban Əliyeva da məhz qarmaqarışıq dünyanın dəyişkən
mənzərəsində öz fəaliyyəti ilə "birinci xanım" anlayışının
mahiyyətini bərpa edir, onu əsl mənasına, məğzinə, məcrasına
qaytarır, birinci xanımlığın yalnız rahat yaşayış tərzi ilə
assosiasiya olunmadığını sübuta yetirir.
Bir çox birinci xanımlar yolu birinci dəfə zərurətdən, ikinci
dəfə məcburiyyətdən gedir və üçüncü dəfə imtina edirlər. O isə yolu
sonuna qədər gedir və bunu daxilindəki sevgiyə söykənərək edir.
Bunun özü bəşəri hadisədir. Qlobal düşüncənin bariz
göstəricidir.
O, anadır, O, ideal həyat yoldaşıdır, O, ölkəsi üçün bütün gücü
ilə çalışır və həyat yoldaşına dəstək verir, Onunla əl-ələ,
çiyin-çiyinə Azərbaycanı qələbəyə aparır. O, tarix yazır, dahilər
və qaliblər kimi...
Azərbaycan tarixi əsrlər boyu dahilərə və qaliblərə çox şahidlik
edib. Bu ölkə tarixin döyüş meydanlarında həlledici rol oynayan
güclü və mərd qadınları ilə də iz qoyub.
Şərqin ilk qadın diplomatı və yaşadığı coğrafiyanı min bir
bəladan qurtaran Sara Xatun da bu millətin övladı idi, öz ağlı və
mədəniyyətə qayğısı ilə tarixə düşən Möminə Xatun da. Düşmən
qarşısında sona qədər həyat yoldaşının yanında dayanan, ona güc
verən Bəyim Xatunun damarlarında da bu millətin qanı axırdı...
Mehriban Əliyeva da günümüzdə Azərbaycanın fəxr etdiyi qadındır. O,
doğma ölkəsini dünyada təbliğ edir, onun tarixini, mədəniyyətini,
mənəviyyatını, təbiətini, hər daşını-qayasını qoruyur. O, müstəqil
Azərbaycana qarşı dünyanın apardığı ədalətsiz savaşda xalqın
liderinin yanındadır, ona güc verir...
O, Sara Xatun qədər diplomatdır.
Müasir diplomatiyada bir ölkənin xaricdə aparılan təbliğatı əsas
faktordur. Bu gün bir çox məsələlərin həllində ölkənin dünya
miqyasında tanınması xüsusi rol oynayır. Məhz Mehriban xanım
Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin, tarixi
həqiqətlərinin dünyada təbliği sürətli vüsət alıb. Artıq dünya
Azərbaycanı 10 il öncəki kimi görmür. Azərbaycanın adı dünyanın ən
mötəbər tribunalarında çəkilir...
Mehriban Əliyevanın diplomatik fəaliyyətində iki istiqamət xüsusilə
önəmlidir.
"Mədəni diplomatiya". Diplomatiyanın bu üsulu bir ölkənin başqa
ölkələr arasında mədəni üstünlüyü, fərqliliyi, həmçinin onun özünün
mədəni imici deməkdir. Belə diplomatiya ölkənin siyasi əlaqələrinə
xüsusi töhfə verə bilir. Misal üçün, ABŞ, Çin, Sinqapur, Yaponiya,
Fransa və Rusiya kimi ölkələr mədəni diplomatiyadan siyasətdə geniş
istifadə edirlər. Çin təcrübəsi xüsusilə diqqət çəkir. Bu ölkədə
yaradılmış Konfutsi Fondunun 100-dən çox institutu dünyanın
müxtəlif yerlərində fəaliyyət göstərməklə Çinin rəsmi siyasətində
uğura töhfə verir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da
Azərbaycanın mədəni diplomatiyasının inkişafında xüsusi rol
oynayır. Fond və onun müxtəlif ölkələrdə yaradılan filialları
Azərbaycanın təbliğatını aparır, "Azərbaycan Mədəniyyəti Günləri"
keçirməklə ölkənin cəlbediciliyini artırır, onun tanınma arealını
genişləndirir və rəsmi Bakının siyasi diplomatiyasına güclü dəstək
olur.
Onun Azərbaycan sərhədlərindən kənardakı fəaliyyəti Dağlıq Qarabağ
həqiqətlərinin tanınmasında da xüsusi çəkiyə malikdir. Buna
yüzlərlə misal gətirmək olar. Təkcə "Qarabağ həqiqətləri" toplusu
ingilis, fransız, alman, rus, macar və yapon dillərində dünyaya əsl
həqiqətləri çatdırır.
Onun çoxşaxəli fəaliyyəti Azərbaycanla müxtəlif beynəlxalq
təşkilatlar arasında əməkdaşlığa da böyük dəstək olur.
"Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla
UNESKO arasında sıx əməkdaşlıq yaranıb".
UNESKO-nun keçmiş Baş direktoru Koişiro Matsuura onun haqqında
belə deyir.
Qurumun baş direktorunun müavini Marsio Barbosa isə "Mehriban
Əliyeva UNESKO-nun xoşməramlı səfirləri üçün örnəkdir" deyə onu
nümunə göstərir.
Aparılan mədəni diplomatiya özü ilə avtomatik olaraq iqtisadi
divident gətirir. Kiçik bir detal: Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması turist marağına səbəb olur. Ölkəyə gələn hər
bir turist isə büdcəyə əlavə vəsaitin daxil olması deməkdir.
İctimai diplomatiya (public diplomacy). Hökumətlərarası
münasibətlərdən fərqli olaraq, beynəlxalq kommunikasiyanın müxtəlif
növləri ilə silahlanmış ictimai diplomatiyanın hədəfi xarici
vətəndaş və xalqlardır. Bu diplomatiya nəticəsində dünyanın məşhur
insanları ölkənin təbliğinə cəlb olunur və xalqlar üzərində daha
effektli təbliğat qurulur.
Mehriban Əliyevanın uğurla həyata keçirdiyi ictimai diplomatiya
nəticəsində beynəlxalq rəyə təsir edə bilən məşhur şəxsiyyətlərlə
təmaslar qurulur və onların dili ilə Azərbaycanın təqdimatı
aparılır. Buna bir misal kimi, Mstislav Rostropoviçin Azərbaycanla
dostluğunu göstərmək olar. Onun vəfatından sonra hər il Bakı
doğumlu maestronun adına Beynəlxalq Musiqi Festivalının keçirilməsi
Azərbaycanın təbliği üçün mühüm addımdır. Bu, Rostropoviçsevərlərin
Azərbaycana bağlılığını artırır və ölkəmizin dünya ictimai rəyində
yerini möhkəmləndirir.
Mütəmadi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumu da
Azərbaycanın ictimai diplomatiyasının ən uğurlu
nümunələrindəndir.
Belə nümunələr kifayət qədərdir və Mehriban Əliyevanın apardığı
ictimai diplomatik fəaliyyətin bu gün Azərbaycana yetərincə
divident gətirdiyini artıqlaması ilə isbatlayır.
Mehriban Əliyevanın ölkə hüdudlarından kənardakı fəaliyyəti
təkcə Azərbaycanın təbliği ilə məhdudlaşmır. O, eyni zamanda bəşəri
dəyərlər üçün səy göstərir.
"Siz ölkənizin mədəniyyətini bütün dünyada təşviq etmək üçün
böyük işlər görmüsünüz. Siz, eyni zamanda, dünyadakı müxtəlif
mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və onlara dözümlülük
əsasında yanaşmanın böyük tərəfdarısınız" – deyə BMT-nin
Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze onun
haqqında danışarkən bildirir.
O, sivilizasiyaların qovuşmasına və dünyanın sülh şəraitində
yaşamasına çalışır. Məhz buna görə 2006-cı ildə İSESKO-nun
xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban Əliyevanın təkcə Pakistanda həyata keçirdiyi işlər onun
fəaliyyətində bəşəri çalarların nə dərəcədə güclü olması faktını
təsdiqləyir. Təsadüfi deyil ki, Mehriban Əliyeva Pakistan İslam
Respublikasının ali dövlət mükafatı "Hilal-e-Pakistan" ordeni ilə
təltif edilib. Pakistanlı jurnalist Həmid Şahinin təbirincə desək,
"kədəri sevincə döndərən İnsan"!..
O, bütün bunları tutduğu yola ürəkdən bağlı olduğu üçün edir.
O, Möminə Xatun qədər mədəniyyətin qoruyucusudur.
Kədəri sevincə döndərən İnsan həm Azərbaycan, həm də bəşəri
mədəniyyətin xilası üçün əvəzsiz fəaliyyəti ilə seçilir: "Biz
azərbaycanlılar öz qədim və zəngin tariximizlə, mədəniyyətimizlə
fəxr edirik, Azərbaycanı dünyada əsrlər boyu mədəniyyətlərin və
sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir
torpaq kimi tanıtmaq istəyirik", - deyə o bildirir.
Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu
yaradılıb. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin
geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus
dillərində çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib.
2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun
Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. 2008-ci ildə
Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində
Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqraf
Muzey Kompleksi yaradılıb. 2013-cü ilin iyul ayında Fransada
"Azərbaycan Kannda" mədəniyyət günləri təşkil olunub.
Mehriban Əliyevanın rəhbərliyi ilə Bakıda Müqəddəs Məryəm
kilsəsi yenidən qurulub, Strasburqda kafedral kilsəsi, Luvr muzeyi
və Versal sarayı təmir olunub.
Onun səyləri nəticəsində bu gün Azərbaycan muğamı UNESKO
tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs siyahısına
salınıb. İçərişəhər Qoruğu UNESKO-nun təhlükədə olan Ümumdünya İrs
siyahısından çıxarılıb. Aşıq sənəti və Novruz bayramı UNESKO-nun
Qeyri-maddi mədəni irs siyahısında özünə yer alıb.
2012-ci ilin dekabrında tar sənəti və ifaçılığı da UNESKO-nun
Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına düşüb.
Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub
saxlanılması, inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinə görə
Mehriban Əliyeva 11 il öncə UNESKO-nun xoşməramlı səfiri
seçilib.
O, bəşəri mədəniyyətin qorunması istiqamətindəki fəaliyyətinə görə
"Qızıl Motsart" medalı ilə təltif olunub.
...Və hər şeydən öncə o, ANAdır, öz üç
övladının, bütün Azərbaycan uşaqlarının və hər yerdə qayğıya,
sevgiyə ehtiyacı olan körpələrin anası.
Alman klassiki Höte yazırdı: "Heç kim qollarında bir uşaq tutan
ana qədər cazibədar və bir neçə uşaq arasındakı ana qədər hörmətli
ola bilməz".
Mehriban Əliyevanı tez-tez uşaq evlərində, qayğıya ehtiyacı olan
uşaqların arasında görmək olur. O, sanki uşaqlarla nəfəs alır,
bütün uşaqlara öz doğma övladı kimi yanaşır.
"Uşaqlara qayğı nə qədər çox olsa, yenə azdır", - Mehriban
Əliyeva söyləyir.
Onun həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə" kimi layihələr nəticəsində minlərlə
körpə ölümə qalib gəlib! Onun təşəbbüsü ilə tətbiq olunan amnistiya
aktları sayəsində minlərlə Azərbaycan vətəndaşı öz ailəsinə,
övladlarına qovuşub.
Mehriban Əliyeva bir ana kimi Azərbaycanda və dünyanın müxtəlif
yerlərində uşaqlar üçün etdiyi xeyriyyəçilik fəaliyyətinə görə
"Qızıl ürək" mükafatına layiq görülüb.
O, Bəyim Xatun qədər həyat yoldaşının, Azərbaycan Prezidentinin
yanında dayanan, bu ölkənin qüdrətlənməsi uğrunda aparılan və ona
qarşı ədalətsizcəsinə təşkil olunan mücadilədə Azərbaycanın
liderinə güc verən qüdrətli və zərif qadındır.
2009-cu ildə "İTAR TASS"-a müsahibəsində deyirdi:
"Həyat yoldaşım üçün hədiyyə seçmək də asan deyil. O, çox
təvazökar adamdır, adətən, yalnız məişətdə zəruri olan şeylərdən
istifadə edir. Yadımdadır, həyat yoldaşımın 45 yaşı tamam olanda
ona nə bağışlamaq barədə uşaqlarla uzun müddət götür-qoy etdik.
Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil üçün çərçivə
sifariş etdik və bu sözləri yazdırdıq: "Biz səni çox sevirik". Bu,
onu çox mütəəssir etmişdi, çox razı qalmışdı və həmin fotoşəklimiz
o vaxtdan bəri həmişə onun stolunun üstündədir".
Bu, yəqin ki, sadə və xoşbəxt ailənin ən gözəl fotosudur.
Xoşbəxtliyin tablosu. "Biz səni sevirik" - hər bir atanın, ailə
başçısının həmişə ehtiyacı olduğu söz...
"Ailədəki sevgi insanları sevməyin əsas mənbəyidir" -,
dahilərdən biri belə deyib.
Sirr buradadır: sadə çərçivəli bir fotonu və "biz səni sevirik"
ifadəsini doğum günündə ən böyük hədiyyə hesab edən sadə ailə
başçısı – Azərbaycan lideri öz xalqına sevgi ilə xidmət edir və bu
ölkəni zirvəyə doğru aparır.
Bu ölkə 20 il öncəki mənzərədən çox fərqlənir. Daha heç bir ata
əliboş getdiyi evində övladının gözlərinə utancla baxmır, daha heç
kəs küçədə qorxa-qorxa gəzmir, daha heç kim bu gününü yaşamaq üçün
gələcəyini xərcləmir. Bu ölkə dünyaya güclü olmağın, insana dəyər
verməyin, insanlığın, humanizmin nəzəriyyəsini təqdim edir.
Və bütün bunların arxasında güclü Azərbaycan lideri İlham Əliyev
və hər zaman onun yanında dayanan güclü Azərbaycan xanımı Mehriban
Əliyevanın zəhməti, xalq sevgisi, təvazökarlığı sezilir. Bu,
zənnimcə, dünyanın "bütün təbəddülatlara rəğmən bu kiçik ölkə -
Azərbaycan necə güclü olmağı bacarır?" və özümüzün özümüzdən
soruşduğumuz "biz niyə şanslıyıq?" suallarının cavabıdır.
Dünyanın heç də həmişə sevmədiyi bu şanslı ölkə öz güclü lideri
və onun arxasındakı güclü-zərif xanımı ilə yenə tarix yazmağa
hazırlaşır.
...İlk Avropa Oyunlarına sayılı günlər qalıb və dünyanın gözü
Azərbaycandadır. Oyunların Təşkilat Komitəsi Mehriban Əliyevanın
rəhbərliyi ilə hər şeyi mükəmməl şəkildə həyata keçirib, artıq son
akkordlar vurulur.
"Onun "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsinə
sədrliyi uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür
tədbirlərin təşkilatçılarının fikirlərinə görə müsabiqə çox
müvəffəqiyyətlə təşkil edilib, son illərin ən yaxşı
müsabiqələrindən biri olub. Onun yaxşı təcrübəsi vardır" - deyə
Prezident İlham Əliyev Mehriban xanımın işini qiymətləndirərkən
bildirib.
Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilib. 2004-cü il dekabrın 28-də
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş
Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv olub.
2003-cü ildə Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika
üzrə Dünya Kuboku yarışlarının, 2005-ci il Dünya Çempionatının
Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında Mehriban
Əliyevanın beynəlxalq idman aləmindəki nüfuzu xüsusi rol
oynayıb.
Onun idman sahəsində, xüsusilə beynəlxalq idman yarışlarının
təşkilində təcrübəsi kifayət qədərdir. Məhz bu təcrübəyə istinad
edən Azərbaycan Prezidenti ilk Avropa Oyunlarının təşkilini
Mehriban Əliyevaya həvalə etməklə seçimində yanılmadı.
XÜSUSİ QEYD: I Avropa Oyunlarının Azərbaycana
siyasi və iqtisadi xeyir verəcəyi şübhəsizdir. Lakin əldə
edəcəyimiz dividentlər sırasında diplomatik qazancımızı da xüsusi
vurğulamaq lazımdır. Söhbət Mehriban Əliyevanın indiyə qədər həyata
keçirdiyi mədəni və ictimai diplomatiyadan gedir.
Oyunlar zamanı Azərbaycana istər idmançılar, istərsə müxtəlif
sektorlarda çalışan turistlər gələcək. Onların Azərbaycan
mədəniyyəti ilə əyani tanışlığı mədəni diplomatiyamızın və dünyada
mədəni imicimizin güclənməsi deməkdir.
Bununla yanaşı, həmin ərəfədə Bakıda olacaq idman dünyasının və
digər sektorun məşhur insanları ilə birbaşa təmaslar qurulacaq.
Beləliklə, ictimai rəyə təsir gücünə malik insanlar dünya
ictimaiyyətinə əyani şəkildə gördükləri, tanış olduqları
Azərbaycanı təqdim edəcəklər. Bu, əlavə xərc və əmək sərf etmədən
ictimai diplomatiyanın həyata keçirilməsidir.
... İnanmaq və onun uğrunda mübarizə aparmaq, nəticə əldə
olunanadək yorulmadan savaşmaq. Ölkə belə bir möhtəşəm gedişə
şahidlik edir: Azərbaycanın lideri və ona dəstək verən birinci
xanım inamla, inancla məqsədə doğru irəliləyir və... ONLAR
QALİB GƏLİRLƏR!!!
Nəticə ortadadır və biz gözümüzün önündə cərəyan edən bu gözəl
mənzərəyə tamaşa edirik: Gözəl Günlərdir,
Azərbaycan.