Artıq I Avropa Oyunları start götürüb və Azərbaycan
idmançıları aktivlərinə ilk qızıl medalları yazıblar. Əslində isə
ən qiymətli qızıl medalı I Avropa Oyunlarının açılış mərasimini
saymaq lazımdır.
Klassik və ənənəvi turnirlərin, eləcə də zaman-zaman bu tip
yarışmaların əsasnaməsinə uyğun, yeni forma və məzmun kəsb etmiş
digər oyunların fonunda Bakı-2015 ilk növbədə açılış mərasimindəki
təqdimatlarıyla öz möhtəşəmliyini nümayiş etdirdi. Kifayət qədər
qarışıq zamanda həm daxili, həm də xarici bədxahların qıcıqqarışıq
təxribat yönlü təbliğatı qarşılığında Bakı-2015-in təşkilatçıları
təhlükəsizliyi yüksək səviyyədə təmin edə bildilər. Üstəlik də 50
dövlət idmançıları, 20-yə qədər dövlət isə həm də dövlət
başçılarının iştirakı ilə bu yarışa qoşulmaqla, Şərqlə Qərbin
vəhdət nöqtəsinin məhz Azərbaycan olduğunu sərgiləmiş oldu. Bu,
nəticə etirbarilə Azərbacana inamsızlıq ifadə etməyə çalışanlara ən
tutarlı cavab idi.
Bakı-2015 baş tutdu və tarixə yazıldı. Şübhəsiz ki, I Avropa
Oyunları dünya idman tarixində çox mühüm və yaddaqalan hadisədir –
bundan sonra da davam etdiriləcək bu yarışmada Bakı-2015 öz ilklik
missiyasından əlavə, həm də örnək roluna sahib olacaq. Dünya
idmanına Bakıdan start götürən Avropa Oyunları ən yeni standartlar
üzərində köklənərək, insanlar arasında sırf humanizm nümunəsi kimi
estafeti özündən sonrakı ölkəyə ötürməli olacaq.
Açılış mərasiminin baş tutmasıyla ilk növbədə üzə çıxan üstünlük
həm də ondan ibarət oldu ki, Azərbaycan irimiqyaslı beynəlxalq
layihələrə və qlobal dəyişikliklərə meydan açan dünyaya öz
töhfələri üstündə qədəm basdı. Açılış mərasimindəki möhtəşəmlik
"Azərbaycanı tanıyın!" süjeti üstündə çox gözəl kompozisiya ilə
cilalanmış olduğundan, öz siyasi çalarlarını sezdirmədi. İnsanlara
və dünyaya Azərbaycanı təzədən təqdim etmə şansı çox yüksək
səviyyədə nəzərə alındığından, hamı gördü ki, Qobustan qayaüstü
təsvirlərindən boylanan Azərbaycan xalqı tarixin o qədimliyində
qalmasa da, elə qədimliyin yaratdığı, yaşatdığı müdriklikdədir.
"Sarı gəlin"in fon musiqisi kimi səslənişi və Qarabağ ərazisinin
yağı tapdağında əsirliyini Qarabağ Qazisi keçdiyi həyat və döyüş
yolunun görüntüləri üstündə qalib əsgər kimi çiyinlərində və
əllərində - özündən irəlidə daşıya bildi. Bunu bacarmaq gücünü
yaddaşlara həkk etdirdi.
Daha bir incə məqam isə Nizamiyə fars deyənlərə dəyən tərs
şapalaq idi – təfərrüata varmadan yazıram.
Altı min idmançının qatıldığı bu yarışmanın açılışında çoxlu
sayda dövlət və hökumət başçılarının, nüfuzlu və tanınmış şəxslərin
iştirakı Azərbaycanın mürəkkəb vəzifələrin öhdəsindən layiqincə
gəlmək bacarığını da təsdiqlədi.
Müstəqillik dönəminin son illərində Azərbaycan bir çox ilklərə
imza atmaqla bizləri sevindirir. Birinic ledi Mehriban Əliyevanın
Avroviziya beynəlxalq musiqi yarışına uğurlu təşkilatçı kimi
rəhbərliyinin ardından belə bir mötəbər yarışmanın da məsuliyyətinə
çiyin verməsi sevindiricidir. Təşkilat Komitəsinin sədri kimi
çıxışı zamanı söylədiyi bir fikri diqqətə çatdırmaq istəyirəm
"Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan
vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğur
və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa
Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz
yazırıq, Azərbaycan xalqı yazır".
Əlbəttə, xalq üçün yazılan, xalqla yazılan səhifələr həmişə
uğurlu olub və tarixdə qalıb – xalq üçün də, rəhbərlik üçün də.
Sonda əvvələ qayıdıram – açılış mərasimində olduğu kimi
müstəqilliyimizin 24 ilinin hər ili növbəti qələbənin başlanğıc
anıdır.