Elat bayramından kədərli reportaj…
Gürcüstanda Borçalı Cəmiyyətinin təşkil etdiyi Elat bayramında
iştiraka bir neçə ildir söz versəm də, görünür, bu dəfə qatılmaq
qismət imiş. Neçə illərdir bu ölkədə baş verən təzadlı
dəyişiklikləri görüb-müşahidə etmək üçün bu səfərə hazır fürsət
olaraq baxırdım.
Hər ilin bu vədəsində, Başkeçid (Dmanisi) rayonunun dağ
massivində burada yaşayan türk soydaşlarımızın yüzilliklər boyu
yaşatdıqları el adətlərinin, törələrin canlı nümayişinə şahid
olursan. Atlıların yarışması, xalq güləşi, türk və gürcü
folklorunun səhnədə göstəriləri, dostluq və barış mesajları ilə
dolu çıxışlar təkcə insanda xoş aura yaratmır, həm də burada
yaşayan insanımızın gələcəyinə ümidlə baxmaq fürsəti verir.
Azərbaycanın hər yerində son illərdə böyük beynəlxalq tədbirlər
keçirilir, ölkənin dünyada tanıtımı üçün faydalı işlər görülür.
Ancaq azərbaycanlıları öz-özünə tanıtım üçün təşkil olnan bu
miqyasda və bu qələbəlikdə hansısa tədbirə rast gəldiyimi
söyləməkdə çətinlik çəkirəm. Bundan möhtəşəm bir milli tanıtım,
bundan faydalı milli həmrəylik duyğusu yaradacaq kütləvi tədbiri,
açığı, xatırlamıram.
İyulun 26-da bazar günü minlərlə soydaşımız - uşaqlar, gənc
qızlar-oğlanlar, orta yaşlı qadınlar-kişilər,
ağsaqqallar-ağbirçəklər işini-gücünü bir tərəfə buraxıb xüsusi bir
şövqlə maşınlarla dağın yamaclarına doğru bir karvan intizamı ilə
irəliləyir, burada çadırlar qurulur, heyvanlar kəsilir, ayrı-ayrı
kəndlərdən, şəhərlərdən gələn insanlar bir-biri ilə qucaqlaşaraq,
isinişərək ətrafa sanki "biz varıq" deyə səssiz impulslar
ötürürlər. Bu tədbirdə iştirakdan öncə də "Biz varıq!" sədasını
eşitməyənlərə üz tutaraq söyləyəndə ki, gəlin Gürcüstanda yaşayan
soydaşlarımızla bağlı ayrıca qanun qəbul edək, onları hamıya tətbiq
etdiyimiz "əcnəbi" statusunun içində gömməyək, onlar bizlərdən daha
çox milli kökə bağlı insanlardır, bu sözləri eşitdirməkdə xeyli
çətinliklə üzləşirdik. Artıq mən orada bir bütövləşmiş xalqı,
milləti gördükdən sonra daha israrla bunu bağırmaq stəyirəm:
oradakı soydaşlarımızın yalnız adına deyil, problemlərinə sahib
çıxmalıyıq. Əgər Qarabağ peşmançılığını təkrar yaşamaq istəmiriksə,
çox sadə, məqsədyönlü bir diqqətlə oradakı Oğuz türk etnosunun
dəyərini, əhəmiyyətini və özgüvənini qat-qat artırmağı
düşünməliyik.
Gürcüstanda torpaq olaraq siyasi Vətən yoxdur, ancaq insan
olaraq böyük bir Vətən var. Orada hər bir türk kəndinin ən ucqar
təpəsinə dəmirdən xaç simvolları yerləşdirilsə də, əlçatmaz
qayalıqların başında kilsələr salınsa da, bu, gürcü identikliyinin
mövcudluğu kimi hiss olunmur, bu, bir dəmir xaç obrazında özünü
xatırlatmadan başqa bir şey deyil. Sanki bu xaç simvolu son çarə
kimi düşünülmüş. Çünki burada torpağın gerçək sahibi, ona tarixi
ənənəsi ilə bağlı bir türk etnosu var və onun izini itirmək mümkün
deyil və o öz canlılığı ilə cansız dəmir xaça qalib gəlmişdir.
Burada azərbaycanlıların gürcülərdən qaynaqlanan problemləri
bizdən qaynaqlanan problemlərindən qat-qat azdır. Çünki Gürcüstanda
təsəvvür etdiyimiz dərəcədə şovinizm müşahidə edilmir. Qanunların
hamıya imtiyazsız tətbiq olunduğu faktını da gözardı etmək olmaz.
Dövlət dili ilə bağlı problemin də çox zaman öz tənbəlliyimiz
ucbatından çözülmədiyini söyləməkdən çəkinmirəm. Hər cür ödənişsiz
kurslar var ki, gürcü dilini dizini yerə qoyub öyrənəsən. Bu dili
bildinsə, o zaman üzünə mümkün iş və vəzifə qapıları açıla
bilər.
Orada az sayda da olsa, hər partiyadan azərbaycanlı millət
vəkilinin seçilməsi təsəlliverici məqamlardandır. Bununla belə,
vətəndaş cəmiyyəti sektorunun fəallığı üzərində düşünərək, yerlərdə
insanların icma şəklində Gürcüstanın dövlət həyatına
inteqrasiyasını daha da artırmaq olar.
Vaxtilə Bakıya gəlib məskunlaşan soydaşlarımızın hesabına
kəndlərdə müəllim çatışmazlığı bir faktdır. Hər halda, buraya
geriyə dönüş proqramı barədə Azərbaycan hökuməti səviyyəsində
düşünməyin vaxtı keçib. Xüsusi fondlar yaradaraq oraya köçüb dərs
deyən müəllimlərin yaşayışı üçün əlavə ödənişlər həyata keçirməklə
Bakıda qeydiyyatda olmayan çox sayda insanı bu prosesə cəlb etmək
mümkündür.
Azərbaycan hökuməti tərəfindən görülən işləri də danmaq olmaz.
Əsas iqtisadi layihələrin Gürcüstan üzərindən reallaşması öz
təsirini az-çox göstərir. Xüsusilə də SOCAR-ın azərbaycanlı
gəncləri yanacaq sektorunda işlə təmin etməsi təqdirəlayiq haldır.
Maraqlı bir epizodu da burada xatırlatmaq istərdim. SOCAR-a aid
yanacaqdoldurma məntəqəsində azərbaycanlı işçilərə yoxlamaq
məqsədilə verdiyim pulun qalığını geri qaytarmamağı təklif edəndə,
hər iki gənc də sərt etiraz edib söylədilər ki, burada kimsədən
rüşvət almırlar.
Kəndlərdə də maraqlı insanlarla görüşdüm. Anladım ki,
məktəblərdə şagirdlərin sayının ilbəil azalması ən ciddi
problemlərdən biridir. Buradakı azərbaycanlıların bizim bazara
çıxışı, Bakıdan buraya insanların gəlişi sərhəd keçid
məntəqələrimizdə xeyli çətinliklərlə müşayət olunur, halbuki bizlər
maraqlı olmalıyıq ki, təmas daha sıx olsun.
Buradakı azərbaycanlılar əsas məşğuliyyətləri sayılan kənd
təsərrüfatı məhsullarını əlverişli bazarlara çıxara bilsələr,
yaşayış səviyyələrini daha da yaxşılaşdıraraq, daha həvəslə bu
torpaqlarda məskunlaşarlar.
Elat Bayramında Gürcüstanın Dmanisi bölgəsini qubernatorunun,
bələdiyyə sədrlərinin, türk əsilli millət vəkillərinin iştirakı və
çıxışı, tədbirin Gürcüstan televiziyaları vasitəsilə
transilyasiyası onların bu tədbirə verdiyi əhəmiyyəti göstərir.
Ancaq biz azərbaycanlılar üçün həyati əhəmiyyət daşıyan bu bayramda
Azərbaycanın özü yox idi. Diaspora Komitəmizin, Gürcüstandakı
səfirimizin, mədəniyyət ateşşemizin, Azərbaycan televiziyalarının
(ATV-nin yerli müxbirinin iştirakı istisna olmaqla) izinə-tozuna
rast gəlməyəndə anladım ki, həqiqətən də ölkə prezidentinin media
nümayəndələri ilə görüşdə söylədiyi fikirlər nə qədər əsaslı idi:
"Mənə çevrəmdə doğru məlumatlar vermirlər".
Gərək bu kimi səlahiyyət sahibləri iştirak edələr ki,
doğru-dürüst də məlumat verələr. Gərək büdcədən əməlli-başlı pul
yeyən telekanalların rəhbərlərində azacıq Azərbaycan sevgisi ola
ki, millətimizin bu mühüm tədbirini çəkib göstərələr. Yerlərdə
təmsilçiliklər saxlayıb pul silməyi bilirlər, mənasız şoularla
insanların zəhləsini tökə bilirlər, xalqa ruh, özünəinam verəcək
bir hadisəni görməzdən gəlirlər. Hətta məndə o şübhə yarandı ki, bu
tədbirin təşkilində böyük fədakarlıq göstərən Borçalı Cəmiyyətinin
sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması xahişini də
oranın rəsmilərindən bizim Xarici İşlər Nazirliyi edib. Görünür,
adam həqiqətən də gedib azərbaycanlıları bir yerə toplayaraq,
problemlərini dilə gətirərək komforta və istirahətə alışmış
səfirlərimizin rahatlığını pozurmuş. Çünki bu tədbirdən öncə də
dəfələrlə rəsmi müraciətlərimizə baxmayaraq, Xarici İşlər Nazirliyi
tərəfindən məsələnin həlli üçün hansısa ciddi addımın atıldığını
müşahidə etmədik.
Bir vaxtlar Azərbaycan mədəniyyətinin mərkəzi sayılan, Axundovu,
Həsən bəy Zərdabini, Mirzə Cəlili yaradıcı kimlik olaraq bizlərə
bəxş edən Tiflis şəhərinin mərkəzində - Şeytanbazarda yerləşən
tarixi Cümə məscidində ibadətdən sonra səsləndirdiyim son duanı
xatırlatmaq istərdim: "Allahım, hər cür nemət verdiyin bu sevgili
millətimizi öz biganəliyimizdən, naşükürlüyümüzdən qoru"!