Nə az, nə çox, - düz iki il
davam edən "həkim terroru" çəkişməsinin ilk mərhələsi (raundu)
yekunlaşdı.
Avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun
Qasımovun sədrliyi ilə keçirilən prosesdə qatil həkim elə məhkəmə
zalındaca həbs olundu.
Söhbət Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə
Tofiqqızının ölümünə səbəb olmuş 1 saylı Şəhər Klinik
Xəstəxanasının həkim-anestezioloqu Firuz İbrahimovla bağlı çoxdan
gözlənilən hökmün çıxarılmasından gedir.
F.İbrahimov yol verdiyi səhlənkarlıq nəticəsində bir insanın və
bir ailənin faciəsinə səbəb olduğu üçün indi ömrünün 2,5 ilini
dəmir barmaqlıqlar arasında keçirməli olacaq - həyatdan gedənin
ömrünün bədəlini ödəyə bilməsə də...
İndi anestezioloq üçün bu hücrə Hippokrat andı içdiyi günü hər
an xatırlamağa əlverişli məkandır.
Onun əməlindəki cinayət nə qəzadır, nə ehtiyatsızlıq. Firuz məhz
səhlənkar yanaşdığı üçün bir insanın, bir gənc ananın ömrünə son
qoyub. Həkim və hakim səhlənkarlığı isə bağışlanmazdır.
E.Tofiqqızının ölümünə birbaşa baiskar olan F.İbrahimov bu 2 il
ərzində həbsdən yaxasını qurtarmaq üçün nələr etmədi?!
Gah rüşvət verib həbs təhlükəsindən sovuşmağa çalışdı, gah özünü
xəstəliyə vurub, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdi, gah
da bu saxtakarlığını ifşa edən E.Tofiqqızının həyat yoldaşı Anar
Niftəliyevi maşınıyla vurub qaçdı. Bu qəsd onun artıq növbəti
cinayəti idi ki, bir tibb işçisinin nələrə əl atdığını
göstərdi.
Və onun göstərdiyi solaxay "cəhd"lərə baxmayaraq, məhkəmə
sistemində presedent olacaq hökm çıxarıldı.
Ölkədə həkim məsuliyyətsizliyi ilə bağlı artmaqda olan
müraciətlərin obyektiv araşdırılması üçün bu məhkəmə hökmü bir
yenilik kimi qiymətləndirilməlidir. Digər tərəfdən onun
həmkarlarına görk, cəmiyyətin maariflənməsinə, həkim səhlənkarlığı
ilə üzləşən vətəndaşın nə etməli olduğuna bir bioqrafik xidmət
oldu.
***
Bir ekskursla bu məşum tarixi yada salaq: 2013-cü il sentyabrın
20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması
əməliyyatı zamanı E.Tofiqqızı dünyasını dəyişdi.
Bu əməliyyatda cərrah Mahir Məmmədov, assistent Fərəcullah
İdrisov və anestezioloq Firuz İbrahimov iştirak edirdi. Sentyabrın
25-də fakt üzrə Nəsimi rayon Prokurorluğunda cinayət işi başlandı.
Aprelin 10-da cinayət işi tamamlandı.
Amma zərərçəkən tərəf - Anar Niftəliyevin iddiasına görə, Nəsimi
rayon Prokurorluğunun müstəntiqi Ələkbər Rzayev həkimlərdən rüşvət
almaqla işi bağlamağa cəhd göstərmişdi.
Yalnız Baş prokurorun müavini Rüstəm Usubov işi nəzarətinə
götürəndən sonra Bakı şəhər Prokurorluğunda ədalətli istintaq
aparıldı.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 5 dəfə
təkrar, prokurorluğun israrlı sorğularına rəğmən, ölümdə yalnız
anestezioloqun rol oynadığını əsas göstərdi və digər iki həkimi
məsuliyyətdən xilas etdi.
Prokurorluq da qanunvericiliyə uyğun olaraq, CM-in 124.1 və
320.1 maddələri ilə ittiham etdiyi F.İbrahimovdan başqa digər
həkimləri məsuliyyətə cəlb edə bilmədi.
Nəsimi rayon Məhkəməsində Şəlalə Həsənovanın sədrliyi ilə
keçirilən proses 6 ay davam etdi: məhkəmə istintaqı ədalətli
aparılsa da, ədalətsiz qərar verildi. İki maddə ilə suçlanan həkim
2015-ci il aprelin 23-də 2 il azadlıqdan şərti məhrum edildi, ona
işini davam etdirməsinə heç bir problem yaradılmadı. F.İbrahimov
yenidən potensial təhlükə kimi anestezioloqluğunu davam etdirməyə
başladı.
Bu müddət ərzində Firuz İbrahimovun qurbanı daha kimlər olub?
Bilmirik.
Çünki Azərbaycan mentaliteti "həkim səhlənkarlığını" çox vaxt
"Allah qəzası" kimi qəbul edir, hətta ekspertlərin cibinə
puldan-zaddan basıb, "ölümü yarma, şəriətə ziddir" də deyir və qan
batırdığının fərqinə belə varmır.
***
Apelyasiya Məhkəməsində iş iyunda başladı. Və... ilkin baxış
iclasında məhkəmə istintaqının aparılmasına gərək olmadığını
bildirən təqsirləndirilən şəxs proses günü Ali Məhkəməyə şikayət
vermək hüququnu dilə gətirdi. Məqsəd Ali Məhkəmənin yay
istirahətində olduğundan istifadə edib, prosesi sentyabr ayına
qədər uzatmaq idi.
Nəhayət, təqsirləndirilən şəxsin iddiasını rədd edən Ali Məhkəmə
avqustun 17-də işi Apelyasiya Məhkəməsinə qaytardı. Və burda
həkimin növbəti saxtakarlığı başladı: guya xəstədir, hətta
"Semaşko"da reanimasiyada yatır. Bu adla Apelyasiya Məhkəməsində
keçirilən prosesə gəlməyən F.İbrahimovun əslində, sağlam olduğu və
Bakı küçələrində öz avtomobili ilə gəzməsi barədə zərərçəkən
A.Niftəliyevin video-fakt təqdimindən sonra vəziyyət dəyişdi.
Bu video-faktın təqdimindən sonra 1 saylı Kliniki Tibbi Mərkəz
onun reanimasiyasından çıxarıldığı barədə tədbir gördü. Beləliklə,
onun son məhkəmə prosesində iştirakı təmin edildi, barəsində 2,5 il
həbs çıxarıldı.
Məhkəmə presedent sayılacaq bir hökmə möhürünü vurmaqla həkim
məsuliyyətsizliyi ilə bağlı sanki ictimaiyyətə mesaj ötürdü. Ki,
"Cinayət və cəza"nın finalı ayrı cür bitə bilməz, qanundan başqa
yol yox...