Avropa Parlamenti və avropalıların parametri... Yaxud
ikincinin tətbiqi yolunda birincinin rolu.
90-cı illərdə Sovet epoxasının dağılmasının ardınca başlanan
milli müstəqillik dövrü bu dönəmin ssenaristi rolunu üstlənən Qərb
üçün əlavə ikinci dalğa başlatdı. SSRİ artıq yox idi, əvəzində Qərb
yenicə azad olmuş xalqları öz çətiri altında birləşdirərək idarə
etmək yolunu seçmişdi. Və elə o vaxt həmişə arxa planda dayanan
güclərin "tabeetmə" teoremi qəbul edildi:
Əgər bir ölkə "ələbaxan" deyilsə, onun rəhbərlərini pul, yaxud
digər şirnikləndirici vasitələrlə ələ alın.
Əgər bu alınmırsa, onda həmin ölkədə qiyam başladın.
Əgər planlarınız ardarda iflas olursa, həmin ölkəyə qarşı total
hücuma başlayın, bütün silahları işə salın...
"Onların şantaj dolu total hücumu çox məkrlidir".
Amerika tarixini hindulardan günümüzədək araşdıran tarixçi
Hovard Zin beynəlxalq güclər haqda belə deyir və yazır: "Azad
xalqlar daim onlar üçün əngəl olub".
..."Azad xalq" anlayışı sadəcə, öz sərhədləri daxilində yaşamaq
deyil, öz sərvətinə sahib çıxan və şəxsi seçimi uğrunda mübarizə
aparanlardır. SSRİ-dən sonra post-sovet məkanında belə olkələrin
sayı az idi. Zaman keçdikcə bir çoxunun iradəsi tab gətirmədi və
"tabeetmə" nəzəriyyəsi asanlıqla irəlilədi. Və o zaman Azərbaycan
ümumi dalğanın qarşısında maneəyə çevrildi.
Avropalıların parametri...
Qərb dairələrinin fikrincə, Azərbaycan kimi ölkələrin taleyi
belə olmalıdır: "ələbaxan", "postindustrial mərhələdə sıfır
həddində inkişaf" (milli iqtisadiyyatın təyin edilən səviyyədən
artıq inkişafına məqsədyönlü şəkildə imkan verilməməsi - A. C.),
milli iradəsizlik, milli sərvətə sahib olmamaq və s.
Dünyanın bir çox ölkəsi, elə MDB məkanının böyük hissəsi bu tale
ilə ya barışıb, ya da barışmağa məcbur edilib. Azərbaycan
post-sovet məkanında nadir ölkələrdəndir ki, bu taleyi qəbul etmir
və öz inkişaf xəttini seçib. Bu xətt müstəqil siyasətin
yürüdülməsinə, milli maraqların qorunmasına və "tabeetmə"
dalğasından yan keçməsinə zəmin yaradır.
Bu, Azərbaycanın bir dövlət kimi mövcudluğunun, bir xalq kimi
var olmasınının əsas prinsipidir. Qərb üçünsə qəbuledilməz, hətta
dəhşətli reallıq hesab olunur. Məhz buna görə də Azərbaycana qarşı
hücum dalğası durmadan davam edir, illər keçdikcə daha da
genişləndirilir. Avropa həm də ona görə qıcıqlanır ki, müstəqil yol
seçən Azərbaycan rəhbərliyi dövlətinin və xalqının mənafelərini
onların şirnikləndirici təkliflərinə dəyişmir...
Belə olan halda Azərbaycana qarşı ikinci plan işə düşdü:
"...həmin ölkədə qiyam başladın".
2000-ci illərdə gürcülər "qızılgül"lər taxanda, ukraynalılar
"narıncı"ya boyananda eyni ssenari Azərbaycan üçün də düşünülmüşdü,
lakin baş tutmadı. 2011-ci ildə "ərəb baharı"nda da Azərbaycan əsas
hədəflərdən biri idi. Amma vaxtilə narıncıya boyanan, daha sonra
ərəbləşən "5-ci kalon"un "canfəşanlığına" rəğmən Azərbaycan
torpaqlarında Qərbin istədiyi inqilab olmadı və Şərq ekspedisiyası
– Əfqanıstan, İraq, Liviya, Misir, Suriya – Azərbaycanda
reallaşmadı. Bu anti-Azərbaycan dairələrinin şübhəsiz, xoşuna
gəlmirdi. Lakin məğlublar ağıl hissini, normal düşünmək
qabiliyyətini itirdiyi kimi, onlar da anlaya bilmirdilər ki, bu
ölkədə xalq azad seçimini heç nəyə dəyişmir və iqtidarı xalqın
iradəsi olmadan dəyişmək mümkün deyil.
Beləliklə, avropalıların parametrləri Azərbaycanda heç cür işləmədi
və dərhal sonuncu plan işə salındı. "...həmin ölkəyə qarşı total
hücuma başlayın".
İnsan hüquq və azadlıqları, demokratiya, söz azadlığı və... arxa
fonda "başı" görünən qərəz.
Avropa parametrlərinin tətbiqində Avropa Parlamentinin (AP) alət
olması təsdiq olunmuş faktdır. Bu qurumun Azərbaycanla bağlı qəbul
etdiyi qətnamə və qərarlarda anti-Azərbaycan dairələrin diqtəsi ilə
fəaliyyət göstərməsi açıq görünür.
"Avropa qurumlarında sadə vətəndaşlar deyil, ayrı-ayrı klanların
nümayəndələri təmsil olunublar" -, Avropa Parlamentində təmsil
olunan ispaniyalı deputat Pablo İqlesiasin dediklərindən də hazırda
Azərbaycana qarşı "klan hücumu"nun baş verdiyi aydın olur.
Çünki Azərbaycan "ələbaxan" olmaqdan imtina edir, onun
rəhbərliyinin azad iradəsini, müstəqil siyasət yürütmək əzmini
qırmaq mümkün deyil. Xalq öz seçiminin arxasında möhkəm dayanaraq
"romantik qiyam" etmir. Belə olanda çaşbaş qalmış avropalı
bürokratlar total hücum başladır. Avropa Parlamentinə sifariş
gəlir, klanların qurumu da Azərbaycanla bağlı "qətnamə" qəbul
edir... Məqsəd Azərbaycanın inkişaf xəttinin qarşısını almaq,
müstəqil siyasətini qırmaq və indiyə qədər əldə etdiklərini,
azadlığını, suverenliyini, milli sərvətini "sıfırlamaqdır".
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə
bu çirkin məqsəd, həmçinin qərəz, klanlara xidmət edən
bürokratların yanlışı açıq şəkildə görünür.
a) Kömür və Polad Birliyinin (Avropa Parlamenti 1952-ci ildə
yarananda adı belə idi və əsasən kömür və polad maqnatlarına xidmət
edirdi – A.C.) qətnaməsində Azərbaycanda demokratiyanın, insan
hüquq və azadlıqlarının pozulduğu, normal seçki mühitinin olmadığı
iddia olunur və Avropa Xarici Siyasət İdarəsi ölkəmizdə keçiriləcək
parlament seçkilərini müşahidə etməməyə çağırılır.
"Azərbaycanda seçkilər demokratik , azad və ədalətli keçirilib
və beynəlxalq standartlara cavab verib".
Bu fikirlər isə ötən prezident seçkilərini izləyən Avropa
Parlamenti missiyasının üzvü Otto Hauzerə məxsusdur. Təkcə bu detal
Avropa Parlamentinin indi Azərbaycanla bağlı xüsusi sifariş yerinə
yetirdiyini təsdiqləyir. Görünür, anti-Azərbaycan klanların rəsmi
Bakıdan hansısa güzəştlər qoparmaq cəhdləri nəticəsiz qalıb.
Maraqlar təmin olunmayıb və... Avropa Parlamenti, cinsi azlıqların
alovlu müdafiəçilərinin toplandığı ALDE qrupu ümumi prinsiplərindən
kənar formada "Azərbaycanı vur" əmrini yerinə yetirir.
Avropa Parlamentinin Azərbaycanda parlament seçkilərilə bağlı
irəli sürdüyü iddialar həm də Qərb dairələrinin ölkəmizlə bağlı
planlarını ifşa edir. Belə ki, bu, qurumun faktiki olaraq hələ baş
verməyən, ümumiyyətlə, təşviqat kampaniyası belə başlamayan seçkiyə
münasibətini göstərdi. Fikrimizcə, Qərbin anti-Azərbaycan dairələri
ölkəmizdəki seçkilərlə bağlı veriləcək bəyanatları artıq
hazırlayıblar və dövriyyəyə buraxmaq üçün zamanı gözləyirlər. Bunun
özü demokratiyadan danışan Avropa dairələrinin nə dərəcədə "azad və
ədalətli" olmasının sübutudur.
b) Qətnamədə "QHT-lərin fəaliyyətinin yeni qəbul olunan
qanunlarla məhdudlaşdırılması" iddiası da yer alıb. Təbii ki,
söhbət vergidən yayınma və vətənə xəyanət ittihamı ilə hazırda
istintaqı davam edən QHT rəhbərləri və jurnalistlərin bu ifadələr
altında müdafiəsindən gedir. Çünki onlar Qərbin Azərbaycanla bağlı
"tabeetmə" planının reallaşmasında xüsusi canfəşanlıq nümayiş
etdirirdi. Qətnamədə daha sonra həbsdə olanların azad olunması
tələb edilir. Absurddur, ona görə ki, Azərbaycan qanunun aliliyinin
mövcud olduğu ölkədir. İstintaqın nəticələri bəlli olmadan ittiham
olunan şəxsin azadlığa buraxılması ölkə qanunlarının pozulmasıdır.
Bu tələbin özü Avropada belə "presedentlərin" olduğunu düşünməyə
əsas verir. Görünür, Avropa Parlamentinin əhatə etdiyi ölkələrdə
istintaqın gedişi yarımçıq saxlanılaraq, ittiham olunan şəxslərin
azad edilməsi mümkündür, təki, sifariş verən belə istəsin...
c) Qətnamədə absurd görünən məqamlar çoxdur. Misal üçün, sırf
məişət zəminində baş verən hadisədə həyatını itirən fotoqraf Rasim
Əliyevin ölümü Azərbaycanda söz azadlığının boğulmasına nümunə kimi
göstərilir və məsələ siyasiləşdirilir. Halbuki, bu hadisənin sırf
məişət zəminində baş verməsi hər kəsə gün kimi aydındır və
günahkarların aşkar edilməsi, layiqli cəzalarını alması üçün
istintaq aparılır. Yəqin xatırlayırsız, eyni ərəfədə ABŞ-da 41
yaşlı afroamerikalı Vester Flanaqan canlı yayımda jurnalisti
güllələmişdi. O, bunu kütləvi şəkildə qətlə yetirilən
qaradərililərin qisası üçün etdiyini açıqladı. Söz azadlığının
boğulmasına bundan qatı nümunə ola bilərmi?! Ölkədə ayaq tutub
yeriyən irqi ayır-seçkiliyə qarşı etiraz jurnalistin ölümü ilə
nəticələnir. Lakin Avropa Parlamenti bunu görmür, çünki ona sifariş
verənlərdən üzünü yalnız Şərqə tutmaq tapşırığını alıb. Bunun
səbəbini AP rəhbərliyindən soruşsanız, əminəm ki, cavab belə
olacaq: "Birləşmiş Ştatlar Avropa İttifaqının tərkibinə daxil deyil
və bu, AP-nin səlahiyyətlərindən kənar olan məsələdir".
Bəli, bu, həqiqətdir. Çünki Avropa Parlamentinin səlahiyyətləri
Avropa İttifaqına dair qanunlar qəbul etmək, üzv dövlətlərdə
qanunların icrasına nəzarət etmək və Avropa İttifaqının büdcəsinin
icrasına nəzarət etməklə yekunlaşır. Qətnamə qəbul etməklə yox.
Lakin səlahiyyətlər məsələ Amerika olanda yada düşür, Azərbaycan
olanda yox. Axı Azərbaycan Avropa İttifaqının üzvü deyil və AP-nin
Azərbaycanla bağlı nəinki qərar verməyə, ümumiyyətlə ölkəmizlə
bağlı hansısa məsələni müzakirəyə çıxarmağa belə hüquqi səlahiyyəti
çatmır. Buna rəğmən, heç vaxt Azərbaycanın ən təbii haqqları
pozulan bir milyon qaçqın-köçkünü haqda bir kəlmə də danışmayan,
Qarabağı işğal altında saxlayan Ermənistanı "unudan"
avroparlamentarilər öz səlahiyyətlərini həvəslə aşırlar.
"Sapı özümüzdən olanlar"...
Bu qətnamə bundan sonra Azərbaycan üçün nələri dəyişəcək? Təbii ki,
Avropa İttifaqı ilə münasibətlərə yenidən baxılacaq. Milli Məclis
bu gün (dünən – red.) Azərbaycan dövlətinin sözügedən sənədlə bağlı
mövqeyini yüksək səviyyədə ortaya qoydu. AP-ə tutarlı cavab
verildi. Avropalıların diqqətinə bir daha çatdırıldı ki, Azərbaycan
dövləti qeyri-sağlam qüvvələrin təhdid və şantajından qorxacaq,
geri çəkiləcək bir durumda deyil. Və bunu gözləyənlərin arzuları
heç vaxt çin çıxmayacaq. Bu üsullarla Azərbaycanı heç bir güzəştə
təhrik etmək də mümkün deyil, yəqin ki, Qarabağı Ermənistana ilhaq
etmək istəyən qüvvələr "get, hoppan" cavabını da özləri üçün təxmin
etdilər. Və bir də "sapı özümüzdən olan balta"lar üçün önəmli
mesajlar verildi. Əgər anladılarsa, deyildi ki, "boşuna sevinməyin,
AP-ın bu qətnaməsi sizin hakimiyyət ehtiraslarınızı reallaşdırmaq
niyyətindən çox uzaqdır. Onlar o qədər də sadəlövh deyillər ki,
Fuad Qəhrəmanlı ilə Gözəl Bayramlıya "taxt" vermək üçün çaba
göstərsinlər. Çox yaxın keçmişdə Rusiyaya "xarici siyasət kursunu
referendum yolu ilə müəyyən edə bilərik" mesajinı ötürən Əli
Kərimliyəmi etibar edəcək avroparlamentarilər, yoxsa bir mandatdan
ötrü AXCP-yə arxa çevirib gedən, mandat əldən çıxandan sonra qatı
cəbhəçiyə çevrilib geri dönən Cəmil Həsənliyəmi "stavka"
edəcəklər???...
Ümumiyyətlə, Avropa Parlamentini öz maraqlarından başqa nə
maraqlandırır? Ərəb ölkələrinin əhalisini faktiki humanitar
fəlakətlə üz-üzə qoyub, körpələri sularda boğan, günahsız insanları
qanına qəltan edən Avropa, Qərb deyilmi? Bu qətliamların
müəlliflərinə Azərbaycanda insan haqlarının durumu çoxmu
lazımdır?..
Ümumiyyətlə, onlar özlərindən olmayanları insan
sayırlarmı???...