Bəşəriyyət elə kriminallaşıb
ki, belə vaxtlarda "Kriminal və Bəşəriyyət" adlı qəzetin olması da
sarkazmla qarşılanmalıdır. Bizim insanların istedadına
heyrətlənməmək olmur.
"Rusyət" bazarlarında min cür hoqqa çıxarmaqdan tutmuş Antalyada
oteldə dincələn gəncin rayona - anasına zəng edib İŞİD əsirliyində
olduğunu deməklə pul istəməsinə qədər ideyalarımız inkişaf
edib.
Bu, son 25 ildə bir toplumun gəlib çatdığı nöqtədir.
Yuxarı-aşağı beləyik: idxal olunan ideyaları parazitcəsinə
eybəcərləşdirib, sonra gözdən salıb iyrəndiririk.
İndi "Kriminal və Bəşəriyyət" kimi pafoslu adda bir nəşrin gün
çıxanda, qar yağanda çap olunması həm də bu sözlərin
deformasiyasıdır.
Rəhmətlik Məmməd Nazimoğlu olsaydı, güclü ironiya ilə belə
qəzetlərin varlığına şəbədə qoşardı.
Çünki bu vahiməli adda qəzetin gördüyü iş balacadır. Demə,
"Kriminal və Bəşəriyyət" bəşəri olmayan kriminal işlərə
girişibmiş.
Qəzetin təsisçisi Şahin Orucov yekə bir cinayətin üstünü açıb.
Ona bu məsələdə Cəlil Səmədov kömək edib. Kimdir C.Səmədov? -
"Korrupsiya və Qanun" qəzetində baş redaktorun müavini.
Əcəb işdir: "Kriminal və Bəşəriyyət" "Korrupsiya və Qanun"la
əlbir olub kriminallaşmış, qanundankənar fəaliyyəti ifşa etməyə
gediblər. Rüşvətə bulaşmamış "Korrupsiya və Qanun" qəzeti polisin
vəzifəsini yerinə yetirməli imiş.
Onlar, indiyə qədər adını Ukraynada futbol komandası kimi
bildiyim, Sumqayıtda isə eyniadlı kafe olan "Metallurq"u (belə də
kafe adı olar?) basıblar.
Kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər,
videogörüntülər çəkiblər. Çəkilişləri yaymamaq qarşılığında 5 min
manat tələb ediblər.
Hazırda ev dustaqlığı yaşayan "Kriminal və Bəşəriyyət"lə
"Korrupsiya və Qanun" keşikçiləri az deyillər - "Ədalət uğrunda+",
"Jurnalist və qanun" , "Vətəndaş Hüququ" , "Aydın Azərbaycan",
"Kriminal aləm", "Yeni Azərbaycan dünyası", "Korrupsiya və
cəmiyyət" və s. və ilaxır…