Bu yay Fransada futbol üzrə
Avropa çempionatı keçiriləcək. Yarışa aylar qalmış terror məhz son
dünya çempionu (Almaniya) ilə fransızların görüşündə baş verir. Hər
olimpiadalar, yarışlarqabağı bu "praktika" var.
***
"Həsən ibn Səbbahın kölgəsi Avropa üzərindədir" - alman yazıçısı
Ernst Hayn "Əlamuta qayıdış; göyərçinin boyunbağısı" adlı ilk
tarixi romanına faktoloji müqəddimə ilə giriş verir.
"Dağın yaşlısı"nın bihuş etdiyi həşşaşilər Şərqdən Qərbə "səlib
yürüşü"nə ayaq açıblar və artıq çox gecdir, kimsə onları durdura
bilməz. Necə ki, dünyanı İslam xilafəti yaratmaqla hədələyən İŞİD
terrorçuları indi qoca qitəni viran qoymaq arzusundadırlar.
Baxın: "İslam dövləti"ni körükləyən, silahla təmin edən dünya
günün birində özü bu təhlükə ilə üzbəüz qalır.
Necə ki, Əl Qaidə yaranışından sonra nəzarətdən çıxdı, barışmaz
qruplar meydana gəldi, onlar Avropaya ayaq basmağa başladılar,
eləcə də, vəhhabilərin "kafir Qərb"ə yürüş edərək "şəriət"
hədəfləri Paris teraktında isbatını tapdı.
***
Tarix 1231. Sentyabr. Bavariya kralı Lüdviq hər səhər olduğu
kimi Kelheym şəhərində cəngavərləri və məbədçiləri ilə gəzintiyə
çıxır.
Körpüyə qalxanda üzbəüzdə ona hikkəli və qəribə nəzərlərlə baxan
bir gənci görür.
Kralın ətrafındakılar onu uzaqlaşdırmaq istəyəndə, Lüdviq icazə
vermir, yaxınlaşıb nə istədiyi ilə maraqlanır.
Uzun saçlı gənc çatar-çatmaz bir göz qırpımında xəncəri kralın
boynuna soxur və onu öldürür. Cəngavərlər qatili tikə-tikə etsələr
də, qətlin sirr pərdəsi açılmır.
Yalnız Parisin Böyük Ustadı, məbədçilərin lideri Peter Montaiqu
bilir ki, Bavariya liderini öldürən Əlamut qalasına kəşfiyyata
göndərilən Adriandır.
İsmaililərin təriqətini və Əlamutun mübhəmliyini öyrənməyə
göndərilən xəfiyyə bir həşşaşi kimi Kelheymə qayıdaraq kralı qətlə
yetirir. Bu, Səbbahın qoca qitədə ilk sui-qəsdinin başlanğıcı
olur...
***
Parisin Ustadı Adrianın əkiz qardaşı Orlandonu yanına çağırır.
Əkiz qardaşlara Gemini deyə xitab olunurdu.
Gemini Ustadın təlimatı ilə Zakarias adlı məbədçi ilə birlikdə
Əlamuta qardaşının niyə bu qətli törətməsinin gizlinlərini açmağa
göndərilir.
Lakin yolda gəmi qəzasında Orlando Zakariasın öldüyünü zənn edir
və özünü İsgəndəriyyə şəhərinə çatdırır.
Burada qarşılaşdığı Mənsur ona Səbbah haqda ətraflı bilgilər
versə də, Əlamutun qorxunc bir qala olduğunu söyləyir.
Orlando isə təlimatı yerinə yetirməlidir. Bir medalın iki üzü
olan Adrian və Orlando "Dağın yaşlısı" üçün növbəti sınaq idi.
Həşşaşi qardaşına çox bənzəyən Orlando qalaya gələndə Səbbahdan
fədailərə qədər hər kəs təəccüb içərisində olur. Bavariya kralına
sui-qəsdə göndərilən bir fədai necə sağ çıxa bilər?!
***
Qaladakı Hazimin dediyi kimi: "Bir fədai ölmək üçün öldürür.
Ölüm onun üçün risk deyil, cənnətə qovuşmaq üçün bir açardır. Başqa
tərzdə olsaydı, düşmənlərimizi xəncərlə öldürməzdik.
Onları zəhərləyərdik və fədailərə qaçmaq fürsəti yaradardıq.
Lakin ölüm axtarışımız düşmənlərimizi qorxudur, bizim ölümdən
qorxusuzluğumuz onların canına vəlvələ salır".
Hazim ibni Tahir Arrani adlı fədaini yada salır: "Ramazan ayının
12-ci günü Nizam ül-Mülkü öldürdü, adı şan və şərəflə dolsun!".
Həmid Herisçinin konspiroloji mülahizələrinə inansaq, ibn Tahir
aranlıdır və azərbaycanlı kamikadzedir:
"Fədai" adlanan islam nindzaları əsl fövqəlinsanlara çevrilib
bütün dünyanı silkələyir. Tarixçilərə bir sualım var: səlibçilərin
Şərqə hücumuyla təxminən eyni vaxtda baş vermiş bu üsyan, bəlkə,
bir mərkəzdən idarə olunub, hə? Diqqət edin, səlibçilərlə
ismaililər həm müttəfiq, həm də düşmən idilər.
Hər iki qüvvə uca qəsrlərdə gizlənən cəngavərlərdən ibarət idi.
Hər iki qüvvə Qüds xəzinəsinə nəzarət etmək fikrindəydi...
Səlibçilər fədailərə "assasin" deyirmişlər. Uzaq Avropadakı öz
daxili çəkişmələrinə çox vaxt bizim fədailəri də qatırmışlar".
***
Orlando Əlamutda fədai qardaşı Adrian kimi qəbul edilərək
aylarla qalada qalır, sirləri öyrənir, qardaşının eşqindən divanə
olduğu Zayidəni tanıyır, onun şirin nağıl kimi sevgi haqda
söhbətlərinə qonaq olur.
"Dağın yaşlısı" – Səbbahın isə şübhələri onu dinc qoymur,
Adrianın sağ qalmasına inana bilmir. Nəhayət, onunla görüşür və
Tanrınn mövcudluğu haqda sorğu-suala tutur.
İsmaililərin peyğəmbəri ibn Səbbah Tanrının olduğunu inkar edir:
"Kainat var və sonsuza qədər olacaq. Bir Tanrı varsa belə, bu
yerin-göyün yalnız bir nəfər tərəfindən yaradılışı inandırıcı
deyil. Tanrı, sadəcə, düşüncədən ibarətdir.
İnsan daima düşüncə istəyir. Biz hamımız şəfa tapmayan din
cahilləriyik. Tanrının olub-olmamağı vacib deyil. Əsas ona inam
yaradan dinlərin varlığıdır".
Orlando özünü iman gətirmiş bir fədai kimi Səbbaha göstərir və
onun əmri ilə İsgəndəriyyədə həşşaşilərin düşmən elan etdiyi
əl-Mənsuru öldürmək adı ilə qalanı tərk edir.
Orlando xoşbəxtdir: "Vəzifəmi uğurla başa vurdum. Fədailərin
sirrini açdım. Onların başqalarından üstünlüyünün xaşxaş və saxta
cənnət, hurilər olduğunu öyrəndim. Səbbah isə saxtakarın
biridir".
***
Orlando qayıdan gecə Parisin Ustadı ibn Səbbahdan aldığı məktubu
yandırır: "Bizi aldatmaq üçün ən yaxşı adamınızın əkiz qardaşını
göndərdiniz. Onu da sıralarımıza qatmaq çətin olmadı. Adamınız
yoldaşı Zakariası öldürməsini təsdiq edəcək".
Romanın proloqunda və ortalarında təkrar verilən bu şeir isə
əsərin adını simvolizə edir:
"Deyləm vadilərində
İlk baharda ölü göyərçinlər tapılar
qar bəyazlığında".
Deyirlər ki, sevgilərindən ötrü bir-birini öldürürlər və
boyunlarında qan damlalarından bir qırmızı parlaq zəncir daşıyırlar
- göyərçinin boyunbağısı kimi...
***
1307-ci ildə Fransa torpaqlarında bütün məbədçilər tutularaq,
dillərindən etirafları alındı və hamısı gilyotində can verdi. Həsən
Səbbah isə 34 il Əlamutda yaşadı.
Ölümü müəmmalı oldu və cəsədi tapılmadı. Onun yerini bir başqası
alsa da, həşşailərin süqutunu yaxınlaşdırdı. 1256-cı ildə monqollar
heç bir qüvvənin edə bilmədiyi Əlamut qalasını ələ keçirdilər.
E.Hayn yazır ki, Səbbah ölümündən az əvvəl min il sonra yenidən
qayıdacağını xəbərdar etmişdi. Alman romançı ərəb təqvimi ilə min
il sonra şiələrin müqəddəs Qum şəhərində Xomeyninin göz açdığını
yazır:
"1983-cü ildə Beyrutda Amerikan Dəniz donanmasına edilən hücumda
240 nəfərin ölümü ilə nəticələnən hadisədə mesaj buraxılmışdı:
"Fədailərin sayı artdıqca insanlar bizdən daha çox qorxacaq. İki ay
sonra Küveytdə bomba dolu yük maşını Amerika səfirliyinə girdi. Bu
aktda neçə nəfərin öldüyü bilinmədi".
Haynın "Əlamuta qayıdış" romanını oxumaq üçün ilk növbədə
Bartolun "Fədailər qalası – Alamut" mütaliə olunmalıdır. Çünki
Bartol həşşaşilər mövzusunda "A" hərfidirsə, Haynın əsəri Bartoldan
əvvəl oxuna bilməz. Bu iki roman bir-birinin tamamlayır.
Ən əsası ayrı-ayrı zəmanələrdə qələmə alınmış və çox uzaq bir
dövrü təsvir edilmiş hər iki kitab günümüzlə səsləşir. "İslam
Dövləti" terrorçularının Yaxın Şərqdə bu gün elədikləri ibn
Səbbahdan gəlir – bir az fərqli və ayrı aspektdə...
***
Yalnız həşşaşilər kimi qaranlıq və çox geniş araşdırma tələb
edən bu mövzuda Nəsrəddin Tusi barəsində olduqca az bilgi var.
Bildiyimiz odur ki, "Əxlaqi-Nasiri" əsəri hazır olandan bir qədər
sonra N.Tusi həbs edilir və həşşaşilərin qalasına göndərilir.
Müəllifin həbs olunmasına dair bir neçə səbəblərdən biri bu
əsəri yazması göstərilir. "Əxlaqi-Nasiri" əsərində nəzərə çarpan
mütərəqqi fikirlər o dövrkü müsəlman ruhanilərini
qəzəbləndirib.
N.Tusi Əlamutda sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ
əlindən alınmış alim ismaililərin yanında keçirdiyi 20 ildən artıq
dövrdə "Əxlaqi-Nasiri", "Şərhül-İşarət", "Təhrir Məcəsti" "Təhrir
Öqlidis" əsərlərini yaza bilir. Məmməd Süleymanov "Tusi və
həşşaşilər" məqaləsində yazır ki, Tusi nə Nəsimi, Nəimi, nə də
Xəyyam olub.
Müəllif bununla alimin terrorçulara təslim olaraq, sona qədər
onlara tabe olmasına diqqət çəkib. Tusi də Əlamut qalası ilə eyni
vaxtda həşşaşilərdən azad olub, monqolların hücumundan sonra bir
işğalçını başqasına dəyişib…