Yuxarı

Qarabağda müharibə gedir: nə vaxt bitəcək?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xocalıda aşkarlanan kütləvi məzarlıqda qardaşını tanıyan qadın infarkt keçirdi”.

Əslində, bu cür hadisələr elə müharibənin özüdür, müharibənin özü qədər dəhşətlidir, müharibənin davam etməsidir – sadəcə, ictimai şəkildə yox, ayrı-ayrı insanların şəxsi həyatında.

Bu adamlar ömrün heç bir çağında xoşbəxt ola bilmədilər. Uşaqlıqlarını, gəncliklərini müharibənin özü, ahıl yaşlarını da fəsadları məhv elədi. Beləcə, böyük bir nəsil məhv oldu. İndi bütün bu hadisələrin fonunda bu sözü demək olar:

- Müharibə davam edir!

Çünki: “Qarabağda çoban minaya düşdü”, “Səfər zamanı mina partladı”, “Ağdamda daha bir nəfər minaya düşdü”, “Kütləvi məzarlıq aşkar edildi” xəbərlərini az qala hər gün alırıq...

Qarabağın ən qarabəxt yeri, yəqin ki, Xocalıdır. Burada törədilən vandalizmin miqyası daha böyük, tökülən qanlar daha qırmızı, alınan canlar daha çox idi.

Yaxşı xatirimdədir, Bakıda Qarabağın hər bölgəsindən adam görürdük. Biri deyirdi, Füzulidənəm, biri deyirdi, Laçından, Ağdamdanam, Xankəndidənəm, amma heç kim demirdi ki, Xocalıdanam. Xocalıdan kimisə görəndə təəccüblənirdik. Adama elə gəlirdi, oradan bir nəfər belə sağ çıxmayıb.

Ana tərəfdən xocavəndliyəm. Uşaqkən ilk dəfə rayona qəbirlərimizi ziyarətə gedəndə iki nəfərin qəbrini gördüm. Soruşdum, bunlar kimdir? Dedilər, anamın dayısı oğlanları. Ardınca da faciələrini danışdılar. Sən demə, Alov və Atəş adında olan bu iki qardaşı adlarına görə diri-diri yandırıblar.

Bu, bəlkə də düşmənin törətdiyi faciələrin ən yüngüllərindəndir. Hər dəfə yeni bir faciə eşidəndə düşünürsən ki, yəqin, bundan o tərəfə allahsızlıq, vəhşilik olmaz. Sonra yenə bir məlumat öyrənirsən: “Qarnını yarıb, uşağı çıxartdılar”, “Ananın gözü qarşısında övladlarını öldürdülər”, “Atanın, qardaşın yanında qızını, bacısını zorladılar”.

Hər nə qədər ağır olsa da, bunlar bizim, ələxsüsus da xocalıların başına gətirilən faciələrdir.

Görəsən, hələ nə qədər, neçə il belə hadisələr olacaq?

Görəsən, bu minalar neçə il partlamağa davam edəcək?

Görəsən, yerin altına döşədikləri ölüm hələ nə qədər can aparacaq?

Görəsən, qətliamların yerin altından çıxartdığımız sübutları nə qədər insanı infarkt edəcək?

Görəsən, müharibə hələ nə qədər davam edəcək?

Tarix
2024.03.01 / 13:16
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Jurnalist Rafiq Məmmədli vəfat etdi

Əməkdar artist intihar etdi

Fitrə necə, nə vaxt və nə qədər çıxarılır? - İlahiyyatçı

Ermənistan "Avroviziya" mahnısını türklərdən oğurlayıb? - Video

Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə

Ağcabədidə goreşən peyda oldu - Foto

Meyxanaçıların şahı Rəşad Dağlıdır? - Pünhan

Nazirin rəisi işdən qovmasının səbəbi

Məşhur aktyor vəfat etdi

ASAN TV-nin ASAN Radiodan fərqi... – Musəvi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla