Yuxarı

Mir Şahindən kimlər və niyə qorxur…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan jurnalistikasında ikinci elə bir adam yoxdur ki, Mir Şahin qədər təhqir edilsin, amma Azərbaycan jurnalistikasında Mir Şahin qədər jurnalist də yoxdur.

Bəs nədir bu təzad? Niyə aid olduğu sahədə ustadlıq zirvəsinə ucalan, yetişdirən, öyrədən adama münasibət belə olmalıdır?

“Mir Şahin savadlıdır, ustaddır, peşəkar jurnalistdir, amma…” deyimi artıq şablona çevrilməkdədir. Onun adını çəkərkən hamı ona layiq olan epitetləri sayandan sonra mütləq “amma” deyir. Həm də qəribədir, bu “amma”ları adətən, məhz Mir Şahinin mövqeyini bölüşən adamlar dilə gətirir.

Aydın məsələdir, əslində, əgər Azərbaycanda ziyalısansa, yaxud hər hansısa ictimai-siyasi proseslərlə məşğulsansa, üstəlik, kütlənin sözünü demirsənsə, “hurrey” təfəkkürü daşımırsansa, mütləq tənqid, pardon, təhqir ediləcəksən – çünki bizim cəmiyyətdə çoxları razılaşmadığı mövqe görəndə o fikri səsləndirəni tənqid etmir, ona alternativ fikir də söyləmir, məhz təhqir edir; bizim cəmiyyətdə bəziləri təhqirdən həzz alır, özünü söyüşlə ifadə edir – bu da ayrı bir dərddir.

Amma bir vaxtlar Mir Şahin haqda kütlə də fərqli düşünürdü.

Bəs, necə oldu ki, Mir Şahin haqda birmənalı fikir dəyişdi, “çoxmənalı” oldu?

Cəmiyyətin bir kəsimi, nədənsə, Mir Şahin Ağayevi “bağışlaya” bilmir, sanki ondan qisas alır - həm də mərhum Cəlal Əliyevin o ifadələrini xatırlatmaqla. Heç kəs yada salmaq istəmir ki, Cəlal Əliyev Mir Şahinə o sözləri niyə demişdi, nə baş vermişdi və Mir Şahin hansı araşdırmanın “qurbanı” olmuşdu...

Mir Şahindən kimlər və nəyin qisasını alırlar? Mir Şahin nə edib ki?!..

Ritorik suallardır. Ancaq doğrudanmı, Mir Şahinin heç bir günahı yoxdur?

Məncə, var! Bir vaxtlar ANS-in qanadlarında havalananda, göylərdə süzəndə tam fərqli idi Mir Şahin, ancaq “Real”lığa qayıdandan və “Real” düşünəndən, hər şeyi adı ilə sərt formada çağırmağa başlayandan sonra vəziyyət dəyişdi.

Bəlkə bəziləri şüuraltında Mir Şahini bu qədər ifşaçı mövqedə görmək istəmir?

Sanki bir az da Mir Şahinin özündə Ağa-evlik yox, “Ağ-evlik” yaranıb. Məsələn, 26 iyun Silahlı Qüvvələr Günü ölkədə bir hərbçi şəxsi münaqişə zəminində tanışını güllələmişdi. Mir Şahin bir yazı yazdı və yazının içində belə ifadələr var idi: “Bu məsələ ciddi araşdırılsın, hərbi hissə nəzarətə götürülsün, bu atəş dövlətimizə açılan atəşdir, orduya açılan atəşdir, bu atəş məhz bu gün xüsusi açılıb”.

Doğrudan da, “ağ-evlik” deyilmi? İki gənc oğlan bir qız üstündə dava etsin, biri qətl törətsin və o hərbçidir deyə, dövlətimizə açılan atəş olsun? Sözügedən cinayət ölkədə az qala hər gün baş verən cinayətlərdən biri idi, amma mahir söz ustası Mir Şahinin buna da “o tərəfdən” yanaşması qeyri-ciddilik yaradır onun haqqında – məncə.

O, hər şeydə dövlətçilik axtarır.

O, hər şeydə və hamıdan mövqe tələb edir.

O, hamıdan nəsə istəyir.

O, artıq hər mövzuda ifrata varır.

Bəlkə, haqlıdır? Onun bu məsələdə son dərəcə həssaslığını şərtləndirən səbəb haqda heç düşündünüzmü?

Bir çoxları isə, deyəsən, səbəb axtarmadan bu ifratdan qorxur: Qorxur cümlə başı “vətən” deyəndən, qorxur cümlə başı “dövlət” səsləyəndən, qorxur Mir Şahindən…

İşinin peşəkarı adamlar bu ölkədə barmaq hesabıdır və Mir Şahin mediada o barmaqlardan biridir – bəlkə də elə Baş Barmaqdır. Amma bu, Mir Şahinin yuxarıdakı misalda dediyimiz kimi, hər məsələyə “barmaq” etməsi anlamına gəlməməlidir.

Hə, Miri medianın azsaylılarındandır, medianın vuran əlinin Baş Barmağıdır, ancaq dəqiq, Beşbarmaq deyil!

Amma Beşbarmaq piri olmayan dağları, məgər, söyürlər?

Tənqid edin, təhqir etməyin – nə bu Ağayevi, nə də o biri Ağayevi…

Tarix
2024.07.28 / 14:27
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Cırtdanı ölkədən aparan səbəb...

Türkiyəli məşhur rejissor vəfat etdi

Dünya şöhrətli Mark Eliyahu Bakıda konsert verəcək

Məşhur aktyor Nazim Hikmətin şeirini paylaşıb öldü

İnternetdə çox vaxt keçirənlərdə bu fobiya yarana bilər

Elman Tovuz dünyasını dəyişdi - Foto

Putin Soljenitsının həyat yoldaşına medal verdi

29 iyulun 7 maraqlı hadisəsi: Klintona cəza, Diana-Çarlz evliliyi...

Əfşar Timuçin dünyasını dəyişdi - Foto

Köməksizəm, qızımla küçədə qala bilərəm…

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla