Ana səhifə Yazarlar |
Klassik ailə modelinin dağılmasını sürətləndirən, dəyərləri məhv edən əsas məsələlərdən biri də sosial şəbəkədə tanış olub, evlənməkdir.
Sözsüz, müasir dövrün ünsiyyət vasitəsi birmənalı şəkildə sosial şəbəkədir. Yəni, indi nə bulaq başı var, nə də kağızla məktublaşma. Amma mahiyyət etibarı ilə “toy kaseti”ndən kimisə bəyənib evlənməklə sosial şəbəkədə tanış olub evlənmək arasında heç bir fərq yoxdur.
Aydın məsələdir ki, xüsusi ilə “zet” nəsli bu cür tanışlıqlara aludədir və onlarçün artıq mənəvi dəyərlər aradan qalxmaqdadır.
Sosial şəbəkələr insanları daha yaxşı tanımağa vasitə olsa da, həm də daha yaxşı maskalandırır. Ola bilsin ki, insanlar bir-biri ilə yazıları, şəkilləri üzərindən danışır, hər kəsin ağzından çıxanı eşitmək, görmək olur. Fəqət, bütün bunlar nə qədər real və inandırıcıdır?
Əslində, sosial şəbəkələr əksərən insanlarda ikili şəxsiyyət yaradır, fərdi virtual dünyanın robot sakininə çevrilir və insan real həyatda ola bilmədiyi, olmaq istədiyi adam kimi görünməyə başlayır.
Tanışlığın bir “klik” qədər asan olması ilk növbədə mənəvi deqredasiyaya səbəb olur. Belə ki, sosial şəbəkədən daha çox tanışlıq məqsədi ilə istifadə edən şəxslərçün sevgi, məhrəmlik anlayışları da aradan qalxır. Daha dəqiq, hər gün bir nəfərlə danışmaq, mənəvi və fiziki yaxınlıq etmək insanı ucuzlaşdırır, hisslərini, təbiiliyini korlayır və bu proses tamamilə adiləşir.
Bu proses hər iki cinsdə bu cür olur, amma qadınlar nisbətən daha çox deqradasiyaya uğrayır. Kişiyçün belədir ki, onların onsuz da təbiətində bioloji olaraq xəyanət kimi məsələlər vardır və yenə də təbiət olaraq bir kişinin bir neçə qadınla münasibəti onun şəxsiyyətinə o qədər də təsir etmir. Amma qadında bu proses tamamilə fərqlidir ki, hər gün bir kişi ilə danışan qadın üçün həya, ar məsələləri də ikinci plana keçir. Onunçün gələcəkdə sevəcəyi kişinin də xüsusi bir marağı, həyəcanı qalmır. Çünki o, artıq “flört” münasibətlərində bu hisslərdən tamamilə arınır.
Xəyanət, şiddət və digər mənfi hallar sosial şəbəkə tanışlıqlarının əsasını təşkil edir. Hər şeyin bu qədər əlçatan olması nə qədər müsbət hal olsa da, pərdəarxası mənfi halları da ola bilir. Məsələn, sosial şəbəkədən başlayan evliliklər də uzunmüddətli olmur. Çünki real həyatı, xatirəsi olmayan adamlar artıq bir müddət sonra bir-birindən asanlıqla bezməyə başlayır, virtual dünyanın digər insanlarına təkrarən maraq edirlər. Çünki bu, onlarçün artıq həm də ənənəyə çevrilib. Bir yerdən sonra xatirəsizlik, təbii hisslərin olmaması insanı bu hallara sala bilir.
Əlbəttə, dərin anlamda harada tanış olmağın fərqi yoxdur. Əgər ortada xoşbəxtlik amili varsa, dəyərlər qoruna bilinirsə, niyə də yox? Üstəlik, bütün bunlar həm də şəxsi məsələlərdir. Amma bu məsələlərin bu tərəfini düşünməkdə də fayda vardır.
Allah hamını xoşbəxt eləsin.
Tarix
2024.06.08 / 09:09
|
Müəllif
Orxan Saffari
|