"Köylütürklər" üzərində PİR qələbəsi
Sosial mediada həmişə birlik, qardaşlıq mesajları verən
Azərbaycan və Türkiyə fəalları arasında iki gün öncə Tvitterdə
əməlli-başlı sözlü "müharibə" başladı.
Virtual məkandakı savaş bitsə də, bizimkilərin qələbə eyforiyası
bitmək bilmir. Neçə gündür ki, virtual məkanda qələbə
qazanmaqlarından bəh-bəhlə danışırlar. Səbəbə baxmadan nəticəyə
sevinirlər.
Hadisənin qısa arayışı
Olay tvitterdə başladı. İki azərbaycanlı fəal öz arasında
"Dexter" adlı filmi müzakirə edərkən Türkiyəli tvitter
istifadəçilərindən biri Azərbaycan dili ilə məzələnən tvit atır.
Bizim tvitter fəallarımızdan olan Cavid Ağa adlı istifadəçi həmin
türkiyəli tvitter istifadəçisinə yarızarafat-yarıciddi cavab
verir:
"Sen takıl kendi köylü türkcenle abi, aristokratik azerice
sizlere göre değil".
Hər şey bu tvitdən sonra başlayır. Türkiyəli "abi" isə
bizimkinin tvitinə burda yaza bilməyəcəyim qədər təhqir dolu tvitlə
cavab verir və hər 2 tərəf ətrafına virtual dostlarını topladıqdan
sonra "savaş başlayır".
Nə yemisən turşlu aş...
Bizimkilər yazır:
Ruslar bizdən Müslüm Moqamayev çıxardı, türklər azəri qızı
Günel, fərq budur. #köylütürkler
Bizim konservatoriyanı silkələsən 10-15 dənə
Fazıl Say tökülər, bir dənə geydirmə pianoçuları
var, dünyanı bezdiriblər #köylütürkler
Sosial şəbəkələrdə azərbaycanlılardan daha köhnə və güclü olan
türkiyəlilər bu savaşda məğlub oldu. Olaya səbəb-nəticə əlaqəsindən
baxanda bizimkilərin tragikomediyası çılpaqlığı ilə ortaya çıxır.
Niyəsini yazacam.
İgidi öldür haqqını yemə
Unutmadan bir şeyi deməliyəm ki, azərbaycanlı istifadəçilər
türkiyəli tvitterçilərdən daha dözümlü və tənqidlə təhqiri ayıra
biləcək qədər duyarlı idi. Məsələn, azərbaycanlıların tənqidinə
cavab yaza bilməyən türkiyəli qardaşlarımız yazır:
"Türk ermeni kardeşdir, azeriler kalleşdir, yaşasın
karabağ-ermeni yönetimi
#köylütürkler"
Türkiyəli qardaşların başqa tvitlərini də yazmaq olar. Amma sizə
söyüş oxutmağı gərəksiz bilirəm.
Heç kimə sirr deyil ki, mübahisə zamanı insan arqument gətirə
bilməyəndə söyüşə "əl atır". Bunu bilmək üçün Freyd olmaq lazım
deyil. Azərbaycan Türkiyədən dəfələrlə tənqid ediləcək bir ölkə
olduğu halda Türkiyəli tvitterçilər bu işdə aciz idilər.
Azərbaycanlılardan isə kreativlik yağırdı:
1. Bu adamların ən çox baxılan filmi "Receb-İvedik"dir, Allah
sən saxla #köylütürkler
2. Bir dəfə Türkiyədə heyvanları
qoruma dərnəyinin açılışında qurban kəsmişdilər. Çox mistik mənzərə
idi. #köylütürkler
PİRR qələbəsindən başqa bir şey deyil
Virtual savaşın fəlsəfəsi qarşı tərəfin utancverici tərəflərini
tvitləşdirmək idi. Sadə insanlarımız bütün günü türk kanallarına
baxır, ziyalılar türk mediasına baxır, kitablarını oxuyur,
gündəmlərini izləyir. Türkiyəli tvitterçilər Azərbaycan haqqında
çox az bilgi sahibi olduğu üçün bizimkilərdən geri qalırdılar.
Məsələyə başqa tərəfdən baxsaq və bir az fəlsəfi yanaşsaq,
tvitterdə qazandığımız qələbənin əslində Türkiyə toplumu qarşısında
məğlubiyyətimiz olduğunu və cəmiyyət olaraq, qardaş ölkəyə çoxdan
uduzduğumuzu görərik. Necə deyərlər, məğlubiyyətə bərabər olan Pirr
qələbəsi...
Adamlar bizim ölkə haqqında heç nə bilmir. Türkiyə mediasında
ölkəmiz haqqında məlumatlar olduqca az yayımlanır. Ona görə ki,
Azərbaycan onlar üçün maraqlı deyil. Ancaq Azərbaycan mediasında
Türkiyə haqqında hər gün palaz-palaz yazılar yazılır və oxunur.
Kitablarını oxuyurq, musiqilərini dinləyirik, restoranlarına
gedirik, geyimlərini geyirik....
Tvitterdəki bu söz dueli məsələn, Uqanda ilə ABŞ arasında baş
versəydi, yəqin ki, uqandalılar dünyanın superdövlətini daha çox
rüsvay edərdilər. Hətta dünyanın superdövlətindən olan
tvitterçilərə acımazdılar. Çünki Uqanda ilə ABŞ, birlik və
qardaşlıq mesajları verməyib və eyni soy-kökdən də gəlmir.