Mərhum yazar Zakir Sadatlının 55 illik yubileyində Qulu
Ağsəsin onun 40 illiyinə yazdığı yazını təqdim edirik:
***
- Dostlarla qurtardım, hamınıza nifrət eləyirəm! - Yeddi ildə
yetmiş dəfə eşitmişəm bu sözləri: təxminən beş dəqiqə söyüb
söylənib, yumruğunu havanın alnına döyəcləyirmiş kimi dirsəyini
büküb, qolunu başı bərabəri qaldırıb, hikkəylə sümürdüyü siqaret
tüstüsünü ciyərlərində həbs eləyib, dodağımın çənədən aşağı
düşdüyünü görüncə hirsini tüstüqarışıq havaya püləyib, başlayıb, nə
başlayıb:
"Deyəsən, yuxusuzsan? Evədə nə var, nə yox? Xətrinə
dəyən varsa, salım ayağımın altına! Maa bax, "iki şirvan"a harda
oturmaq olar?.."
Zakirdən danışanda yadıma Vaqif Səmədoğlunun Anar haqda yazdıqları
düşür. Çox xırda bir improvizədə: Zakir Sadatlı gözəl jurnalistdi —
kimsə deyə bilər ki, nəyi gözəldi, on ildi AzTV-də işləyir, heç
üzünü də görməmişik; onda Zakir Sadatlı yaxşı şairdi — kimsə deyə
bilər ki, nəyi yaxşıdı, AYB-nin soraq kitabçasında adı da yoxdu;
onda Zakir Sadatlı orijinal nasirdi — yenə kimsə deyə bilər ki,
kitabını qoy ortalığa, deyim hə; iş ki belə oldu, Zakir nümunəvi
ailə başçısıdı — onda da Vətəni (oğlunun adıdı) görənlər daş atıb
başını tutacaq; Zakir yaxşı oğlandı — məsələ bitdi, ta heç kim
səninlə söz güləşdirməyəcək! O qədər yaxşıdı ki, Anar Niftəliyev
kimi zəhər tuluğu Zakirin başına fırlanmaqdan yorulmur, desəm
inanmazsız, hələ onunla şirin-şirin danışır da!..
Zakir Sadatlı həm də:
— doğan Günəşə "Allah balanı saxlasın" deyən;
— sinəsini sərinlədən bulaq suyunu pivəyə qonaq eləyən;
— dərdi araya qoyub özünə güldürən;
— gəncliyini Əfqanıstan çöllərində qocaldıb heydən salan;
— istedadını abrının qoltuğunda daldaladan;
— dost üçün — filtrsiz siqaret kimi — hər iki ucundan alışıb
yanan;
— potensialının cüzi bir hissəsini dövriyyəyə çıxaran;
— dillə başa salmadığını əllə qandıran... kişidi.
Zakir danışdıqlarını olduğu kimi yaza bilsə, dahi olardı. Zakir
dahi olsaydı, adamlığından kəsib qələminə yedirərdi. Əgər belədisə,
Zakir heç vaxt dahi olmayacaq...
Zakir — hərb mütəxəssisidi. "Müharibənin estetikası"ndan indiyəcən
niyə əsər yazmayıb — anlamıram...
Zakir - əsl döyüşçüdü. İşə ancaq metroyla gedib-gəlir ki, özünü
səngərdəki kimi hiss eləsin...
Zakir 40 yaşınacan bəlkə 40 dəfə ölümlə gizlənqaç oynayıb: uşaq
vaxtı dostu Sabirlə, Əfqanıstanda ağdamlı Bakir Qəmbərovla, türkmən
balası Amangəldiyevlə, rus zabiti İzmalkovla, Qarabağda rejissor
dostu Taleh bəylə... Və hər dəfə elə yerdə gizlənib ki, ölüm onu
tapa bilməsin. Bu, çox xatalı və sadə oyundu: ölüm həyatda
gizlənənləri dərhal tapır, amma ona sığınanları özündə axtarmağı
ağlına da gətirmir...
Zakir — qırxını ayaq üstə mərdi-mərdanə çıxaran tək-tük
adamlardandı. Mən hərdən Allaha yalvarıram ki, Zakir dostlarına
doğrudan nifrət eləsin və indiyəcən boğazından kəsib bizə
yedirtdiklərini indən sonra qələminin qabağına töksün...
May, 2001