Yuxarı

Müharibə qəhrəmanı bir səhvinin qulu oldu...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ətəyində namaz qılınan Savalan...

(Zahir Məliklinin “O və yerdə qalanlar” kitabı haqqında)

“Salam, Elçindir – Zahiroğlu. Atamın kitabın oxuyarsız?”

Elçini təbəssümün şəklinə oxşatmışdım ilk gördüyümdə, sonralar heç rastlaşmadıq, mənə elə gəlmişdi (indi də elədir!) ki, adam nəyəsə gülümsəmək istəyib, amma sonra vaz keçib.

“Harda görüşək?”

Kitabdan çox, Elçini görməyə tələsdim, əlyazmaları təqdim edəndə təbəssümü qovluğun içində də axtardım, yoxuydu, əksinə, sərtlik vardı yazılarda, həm də qələmlə yox, tatuyla döyülmüş sərtlik...

***

Zahir Məlikli “O və yerdə qalanlar” kitabını rəsm çəkən, büst düzəldən, ağac əkən əlləriylə yazıb. İxtisasca kimya müəllimi olduğundan hərdən kimyagərliyi də tutub. Əsas odur ki, yazdıqlarına özü inanır, kimisə inandırmağı ağlının ucundan belə keçirməyib. Hamarkənddəki ata ocağını qızdırmaq üçün sobaya atdığı kağızın artığıyla yazıb bu kitabı. Qələmi əlində bel kimi tutub yazıb – qazıb. Uşaq vaxtı atası ona deyərmiş: “Ağacı ürəklə ək, onda bar verəcək”. İndi əkdiyi bütün ağaclar bar verir. Dərs dediyi uşaqlar instituta girir. Rəsmləri sərgiləri dolaşır. Büstləri meydanları bəzəyir. Görən, yazıları da əkdiyi qələmələr kimi tutacaqmı?..

***

Zahir Məlikli o taya canının ağrısını azdırmağa gedibmiş ilk dəfə (1990-cı ildəki “sərhəd pozuculuğunu” özünüz oxuyacaqsınız). Orda özünə təzə dostlar tapıb və köhnə dosta – siqaretə “əlvida” deyib. Məşhəd ziyarətinə aparan avtobusun sürücüsü Şəhrzadla tanışlığı “Min bir gecə” nağılına bənzəyir. Səreynli Şəhrzad onu üç gün, üç gecə sular səltənətinə qonaq eləyib. Kimya müəllimi Səreynə tarix müəllimi kimi yollanıb: qonaq olduğu hər bulağın, dağın, abidənin yeddi arxa dönəninə baş vurub. Suda üzməkdən qorxsa da, tarixin dalğalarında özünü qəvvas kimi rahat hiss eləyib. Səreyn də nə Səreyn! Bulaqların başı! Doğmaca Sarıqayamız! Düz Savalanın ətəyində. Zahir müəllim dindardır, Allah ona Savalanın ətəyində namaz qılmağa rüsxət verir. Mən dindar deyiləm, amma Savalanın ətəyində mən də namaz qılardım. Ömrə yazılası üç işgüzar gün! Müəllif Savalanın hər daşını yazı masasına daşımağa səy göstərib. “Gəzməyə... Vətən yaxşı” səfər təəssüratları hasar hörgüsüdü həm də, – Savalanın ətəyindən tökülən daşlardan hörülüb.

Şəhrzad adlı soydaşımız işini-gücünü buraxıb, bakılı qonağını hər yerlə, hamıyla görüşdürüb. Məsələn, məşhur “Gecələr” mahnısının ifaçısı Cəmşid Nəcəfi ilə məsələn, Gamış gölündən tutmuş Jenral gölünəcən, sonra gəlir Zərdüşt peyğəmbərin qızının adını daşıyan Anahita təpəsi, sonra gəlir Şəhriyarın “Qartal” dediyi Rəhim Əsədullahi, Şah İsmayılın sarayı, viranə Şah Abbas karvansarası, yeraltı kənd... müxtəsər, uzun bir siyahı! Amma toqqalarının altını da boş qoymayıblar. Səfər yazısından yağ-bal damır azca da. Arazın qarşı tərəfində çox ucuzluqmuş, nə qədər istəsən, yeyə bilərsən, amma sinirmək elə də asan deyil. Həm də təkcə yediyini yox, gördüklərini!..

***

“Atam necə yazır?” Elçin Votsapda dil qəfəsə qoymur.

“Torpağa bulaşmış əllə”.

Hiss edirəm ki, Zahir müəllimdən çəkinir.

“Bir çay içsəydiz özünüz”.

Axır ki, müəllifin üzünü görürəm. Yazıları kimi sərtdir siması. Əllərinə baxıram, görüm torpaqdan əsər-əlamət var...

***

Bu adam nə vaxtsa oğurluq edib! Alma oğurluğu! Evin tək oğlu, həyət-baca alma, gedib girib qonşu bağına. Uşaqlar lağ eləməsinlər deyə. Axı kişi nəsə çırpışdırmalıdır! Cəzasını töhmətlə alıb – ata töhmətiylə, o–bu, pis cayıllara qoşulmayıb. Kitab oxuyub, rəsm çəkib, Yardımlıdan Bakıya can atıb. Oxuyub, yenə dönüb kəndə, atasıyla bir məktəbdə dərs deyib. Elçin Zahir müəllimdən çəkindiyi kimi, Zahir müəllim də öz atasından qorxub. Onun sözüylə kənddə qalıb, aspiranturaya qayıtmayıb. Şaxta kimi sərt atasını da, qar kimi kövrək anasını da eyni ayda – avqustda itirib: “Atamın da, anamın da qəbirləri yola yaxındır. Məni heç kəsin görmədiyinə əmin olandan sonra onların soyuq məzar daşlarını qucaqlayıb hönkürəndə başımı o daşlara vurmaq istəmişəm ki, niyə onları çox sevdiyimi vaxtında deməmişəm...”

Mən də ata-anamı müxtəlif illərdə, amma eyni ayda itirmişəm: avqustda. Atamı torpaqqarışıq itirdim...

***

Bir kitabı vərəqləsiniz, Alibaba Ağayevin taleyinin (talesizliyinin!) önündə bir dəqiqə ayaq saxlayın. Böyük Vətən müharibəsinin böyük qəhrəmanı ikinci dünya boyda davanı udsa da, biradamlıq qismətinə rüsvayçı hesabla uduzub. Faşist rejiminə ağalıq eləyən sovet zabiti Ağayev ixtiyar çağlarındakı bir xətasının qulu olur.

Bir də xəbəriniz olacaq ki, Yardımlıda da aşıq varmış...

***

Rusiyanın estrada qrupunun bir mahnısı var, 60 yaşa ithaf olunub, deyir, hələ axşam deyil, qocalığa var hələ.

O mahnının içində bir şam yanır.

Yaşı 60-ı haqlamış Zahir Məliklinin yazılarının içində isə bir ocaq közərir.

Əsas budur – deyərdim, amma əsas bu deyil.

Əsas O-dur.

Yerdə qalanlar elə... yerdə qalanlardır...

Tarix
2019.03.04 / 15:57
Müəllif
Qulu Ağsəs
Şərhlər
Digər xəbərlər

“Allah sənə rəhmət eləsin” yazdım, cavab verdi…

Dədə Süleymanı efirə niyə buraxmırdılar?

Bu səs baş yarmır, başları əyir...

Sarayda Nəzakət üzr istədi… - bağışlamadılar

4+4: deyə-gülə aldılar Qarabağı…

Ordumuz Ruh yüksəkliyini aldı

Ölümlə gizlənqaç oynayan

Yetiminki heç vaxt gətirmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla