Xocalıda əsir düşən rəssam qızın Parisdə erməni adıyla
sərgisinin açılmağından bəhs edən bir sənədli povest verdilər
mənə...
Müəllif "Tanrının unutduğu xocalılar"ı mənə təqdim eləyəndə
pencək havasıydı: düzü, isti payız günləri özü ən gözəl rəssamdı
mənimçün, belə vaxtlar təbiətə əsir düşməkdən savayı əlimdən bir iş
gəlmirdi... Əsəri "Ulduz"un boyuna ölçdüm, eləcə, gördüm ipin ucu
taxta divarın o üzünə – "Azərbaycan"a adlayır, bizlik deyil, dedim,
həcmi böyükdü, kitab eləyin. Noyabrda povest gündəlik oxuyub
redaktə elədiyim, ora-burasını yamadığım adi yazılardanıydı,
əynimiz qalınladıqca əsərin ab-havası dəyişməyə, məni içəridən
narahat eləməyə başladı; əvvəl povesti oxuyanda canımı boğazıma
yığan insan adları sonradan ermənili-ruslu-türklü-fransızlı
(özümüzünkülər qarışıq!) bir ismə çevrildi: Xocalı... Ona görə əl
vurmadım, sözlərin səfi pozulanda belə heç birini qaytarıb təzədən
sıraya düzmədim, abzasların arasındakı intervalı bir az da qazıb
yekəltdim ki, camaat gülləyə tuş gəlmədən qaçıb Ağdama yetişsin.
Amma peşə xəstəliyi elə mərəzdi, ölüncə qurtula bilmirsən, Gülxani
Pənaha – bir əl gəzdirin əsərə – deməkdən də özümü saxlaya
bilmədim. Kitab çıxanda düzəldib-düzəltməməyindən xəbərsizəm,
əslində, mən oturub Valentina Nikolayevnadan (ad-familini kirilcə
yazıram qəsdən, bəlkə, ürəyinə insaf düşə) xəbər gözləyirəm, o,
işlədiyi Beynəlxalq Qızıl Xaç Komitəsi cəhənnəm, heç olmasa,
Vişnevski xəstəxanasında cərrah işləyən Rasimi tapmağa söz
vermişdi...
Yetiminki heç vaxt gətirmir!
Səfanı uşaq vaxtı küçəyə atırlar, özü də anası atır onu. Çox
rahat və çox sakit. Atır ki, yetimlər evində gözü qapıda qalanda
Sakit müəllim desin:
- Bilirsənmi, bala, ata-ana yaxşı şeydi, amma neynəyək, səni
anan atıb gedib. Səndən doğum evindəcə imtina eləyib. Sənə familini
də verməyib, milislər gətirib bura. Özün fikirləş, sən burada
böyümüsən, atan-anan biz olmuşuq...
Mən yetimlər evində olmamışam, bəlkə də, orada Səfaya ata-ana
qayğısı göstərən adamlar həqiqətən varmış, bəlkə də, bu uşağın
rəssamlıq istedadı onu direktora belə sevdirib - yalan deyərəm,
amma qızcığazın Zivər arvada tezcə qoşulub getməyi adamda şübhə
doğurur. Zivər xala, əri Çərkəz kişi, Moskvada cərrah işləyən
oğulları Rasim də Səfanı çox istəyir, onu Bakıda rəssamlıq
məktəbinə qoyurlar. Yay-qış tətilini yeni ata-anasının yanında
keçirən Səfanın xoş günləri uzun çəkmir. Yetimin xoşbəxtliyi fevral
günəşidi, çıxmağıynan batmağı bir olur. Xocalıda yaşayan ailənin
qara günləri başlayır. Təhsilini buraxıb onların yanına dönən gənc
rəssam artıq Qarabağ müharibəsi və Xocalı soyqırımının şahidi və
qurbanıdır. Yox, o bir gülləylə canını tapşırsaydı, nə vardı ki?!
Onu erməni-rus hərbi birləşmələrinin 1992-ci ilin 25 fevral gecəsi
külünü göyə sovurduğu Xocalıdan qaçanda düşmənə əsir düşmək
gözləyirmiş...
Zivər xalagilin əsirdüşmə səhnəsində həyati detallar azdı,
üstəlik, müəllif müdaxiləsi aşırı hiss olunur, bu da Gülxani
Pənahın Milli kimliyinin Ədəbi kimliyini üstələməyindən irəli
gəlir. Yazıçı hisslərini boğmaqda, düşmən həmləsinə etinasız
qalmaqda çətinlik çəkir sanki. Amma bununla belə, onun əlindən gənc
rəssamı alıb qıza olmazın işgəncə verirlər. Erməni evində qul kimi
işləyən ana-balanı Zivər xalanın iti ağlı və ermənicə sərbəst
danışmağı rüsvayçılıqdan qoruyur. O, Səfanı erməni qızı kimi qələmə
verməklə onun namusunu ləkələnməyə qoymur: onlarla birgə əsir düşən
Leylanı isə...
Ev yiyəsi Edikin vəhşiliyi fonunda arvadı Janna və oğulları
Radiqin nisbətən yumşaq davranışı ermənilərin bu müharibəyə zorla
sürükləndiyinə işarədir. Bir azdan Edik davada, Janna öz evində
öldürüləcək, müalicə üçün Zivər xalanı da götürüb Moskvaya – Rasim
həkimin yanına yollanan Radiqinsə başını yerliləri əzəcəklər. Səfa
növbəti ev yiyəsinə hamballıq eləyəcək, nə qardaşından, nə də
anasından xəbər tutmadan erməni generalın əxlaqsız arvadı –
Elmiranın kürəyini sürtəcək, dırnağını tutacaq, günlərin birində
onunla birgə Ermənistana "bacım" deyən Fransaya yollanacaq, çəkdiyi
rəsmlərin sərgisinə çoxlu adamlar yığılacaq, Qarabağ lövhələrinin
altındakı "Elza" imzasına görə özünü öldürmək istəyəcək. Qarabağda
girov saxlandığı evin tövləsindən qaçmalarına kömək elədiyi iki
azərbaycanlı əsiri düşününcə özünün də nə vaxtsa xilas olacağına
ümidlənəcək, Elmiranın evindən dönərsatana, oradan Türkiyə
səfirliyinə pənah aparacaq, Parisi İrəvana döndərən erməni
casusları onu tutub dəlixanaya salacaq, Elmira aldadıb böyrəyini
satacaq, onu Ermənistana, oradan da əsir saxlandığı Qarabağ kəndinə
qaytaracaq, rəsm çəkməyə məcbur eləyəcək, şəkillərin altına bu dəfə
öz imzasını qoyacaq, Elzanı (Səfanı) hamıya dəli kimi tanıtdıracaq,
- acaq, - əcək..
Və bu da Beynəlxalq Qızıl Xaç Komitəsinin maşını. Artıq
həyətdədir. Valentina Nikolayevna Elzanın erməni olmadığını,
Elmiranın rəsmlərini əslində onun çəkdiyini, Moskvada Rasim adlı
cərrah qardaşının yaşadığını öyrənir, imkan tapıb qızın şəklini də
çəkir. "Maşına əyləşdi. Əl elədi. Sanki vəd verirdi: Səni buradan
qurtaracağam".
- Valentina Moskvaya getdi,
- Səfa Qarabağda əsirlikdədir,
- Xocalı isə yoxdur!
Müəllif, bəlkə də, bu əsərlə ayrı söz demək istəyib, amma mən
belə eşitdim...
kult.az