Yuxarı

Məşhur kardioloq ürəklə bağlı mühüm suallara aydınlıq gətirdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur kardioloq ürəklə bağlı mühüm suallara aydınlıq gətirdi

Axar.az tanınmış kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru Üzeyir Rəhimovun Teleqraf-a müsahibəsini təqdim edir:

- Son illər ürək-damar xəstəliklərindən ölənlərin sayı artıb. COVİD-19-dan, vurulan vaksinlərdən sonra bu halların artdığı düşünülür. Həkimlər bu barədə nə düşünür?

- 20 il əvvəl də insanlar infarktdan ölürdü, amma xəbər axınında yer almırdı. İndi hadisə baş verən kimi yayılır, buna görə ürək tutmasından ölümün artdığı düşünülür. Bunu COVİD-19-la əlaqələndirmək doğru deyil, yəni bu iddianın elmi əsası yoxdur.

Əldə olan məlumatlara görə, insan ömrü uzanıb. 30 il əvvəl Azərbaycanda 80 yaşında müayinəyə gələn insan yox idi. Ümumiyyətlə, mən 2003-cü ildə Azərbaycana qayıdanda 70 yaşda insanı həkimə aparmırdılar, düşünürdülər ki, öləcək. Amma indi hər gün 80 yaşdan yuxarı pasiyenti müayinə edirəm.

Yəni özünə yaxşı baxmayan insan gənc yaşda da ölə bilər. Amma əksinə, vaxtında müayinəyə gedib, texnologiyadan yararlanan insan çox yaşayır. Bu gün texnologiya insanı ölməyə qoymur. 100 il əvvəl ən təmiz hava və ən təbii qidalar olsa da, 1900-cü ilin əvvəllərində ortalama insan ömrü 32 il idi.

Amma zamanla yaş artdı, son 40 ildə isə ikiqat artıb. İnsan ömrünün uzanmasının səbəbi sağlam qida deyil, çünki indi sağlam qida və atmosfer yoxdur. Bunun səbəbi texnologiyanın inkişaf etməsidir, artıq xəstəlikləri müalicə edə bilirik. Əsas odur, insanlar fərqində olsunlar, özlərini müayinə etdirsinlər. Bunlara əməl edənlər çox yaşayacaqlar.

- İdman zallarında ürək tutmasından ölüm hallarının artması nə ilə bağlıdır?

- Əslində idman zalında olan ölüm hallarının statistikası çox dəyişməyib, hətta eyni qalıb. Burada baş verən ölümləri iki qrupa bölmək olar: sağlam insanların idman edərkən ölümü və peşəkar idmançıların idman edərkən ölümü.

Peşəkar idmançıların idman edən zaman baş verən ölümü say etibarı ilə dəyişməyib. Digər qrup insanlarda ümumi nisbətə görə say dəyişə bilər. Burada önəmli faktor infarkt keçirən və dünyasını dəyişən adamın ictimai şəxs olmasıdır. Bu zaman sosial mediada paylaşılır, rezonans doğurur.

35 yaşdan aşağı insanlar idmana başlamazdan öncə həkim müayinəsi və heç olmasa, elektrokardioqrammadan (ürək döyüntülərini yoxlamaq - red.) keçməlidir. Ürəkdən başqa qan və beyin xəstəlikləri də idman zallarında ölümə səbəb ola bilər. Buna görə bəzi qan analizləri, eləcə də qanın ümumi analizi verilməlidir.

35 yaşdan yuxarı insanlar mütləq ətraflı yoxlanılıb idmana yönəlməlidir. Onlara kardioqramma, EXO çəkilməlidir. Bir də nəslində ürək-damar xəstəlikləri olan xüsusi bir qrup insan var, onlar mütləq hərtərəfli, hətta ürək damarlarını müayinə etdirməlidirlər.

- İnfarkt neçə yaş gəncləşib?

- 4-5 il əvvəl Amerikada çıxan elmi araşdırmaya əsasən, deyə bilərik ki, infarkt 5-10 il gəncləşib. 1990-2000-ci illərdə ilk infarkt keçirmə yaşı 50-60 idisə, 2010-2020-ci illərdə bu yaş 45-50-yə düşüb.

Ümumən, bu, daha çox 50-55 yaşdan başlayır, adətən 60-70 yaşlarda daha çox görülür. Nəslində ürək-damar problemləri olanlar, şəkər, təzyiq və ciddi xolesterin yüksəkliyi ilə yaşayanlar nadirən də olsa, 30 yaşlarda infarkt ola bilər. Digər bir səbəb elektron siqaret və qəlyan çəkilməsidir. Bunu da daha çox xanımlar istifadə edir. O baxımdan 20 il əvvələ baxdıqda indi deyə bilərik ki, infarkt kişilərə nisbətən qadınlarda daha çox gəncləşib.

- İnfarktda əsas risk faktorları bunlardır?

- İlk olaraq siqaret, elektron siqaret və qəlyandır. İkincisi piylənmə, çəki artıqlığıdır. Üçüncüsü, stress, yuxusuzluqdur. Dördüncüsü isə oturaq həyat tərzi, hərəkətsizlik...

Bunlardan başqa ürək-damar problemlərinə gətirib çıxaracaq xəstəliklər də var - təzyiq, şəkər, xolesterin. Məsələn, əvvəllər bu qədər təzyiq xəstəsi yox idi. İndi insanlar telefon, planşet kimi vasitələrlə gec saatlara qədər məşğul olur, yuxusuz qalır, stress keçirir. Oturaq həyat tərzi və gec saatlara qədər qidaları çərəz kimi qəbul etmək sağlam adamı da xəstə salır.

- COVİD-19 vaksinlərinin yaddaşsızlıq yaratdığı iddia edilir...

- Bu, COVİD-19-la əlaqəli deyil. Yaddaş beyini istifadə etdiyiniz müddətcə artır. Beyini istifadə etmədikdə yaddaş pozulur. Məsələ odur ki, biz artıq beynimizi istifadə etməməyə başlamışıq. Hər şeyi ChatGPT-dən soruşuruq. Heç bir hesablama aparmır, kitab oxumur, krossvord həll etmir və bilgi yarışmasına, hətta filmlərə belə baxmırıq. Ancaq qısa videolarla kifayətlənirik. Qısa videolar isə yaddaşı məhv edir, çünki beyini özünə gəlməyə qoymur.

Yaddaşsızlığın digər səbəbi yuxusuzluqdur.

- İnfarkt ağrısı necə olur?

- İnfarkt ağrısı əsasən döş sümüyünün tən ortasında və döş sümüyünün arxasında mədə bölgəsindən boğaza doğru yayılır. Ürək çatışmazlığı xəstələrində əsas problem yol gedəndə təngnəfəs olmaq, yeriyə bilməməkdir. Onlar uzananda boğulur, təngnəfəs olurlar, qalxıb oturmaq, hündürdə yatmaq məcburiyyətində qalırlar. Onların bir hissəsi yuxudan gecə təngnəfəs, öskürəklə qalxır. Ayaqlarda şişkinlik olur. Xəstəlik irəlilədikcə ayaqlarda və qarında ciddi maye yığılır.

Aritmiya xəstəliyi isə döyüntü ilə özünü büruzə verir. Ürək döyüntüləri az və ya çox ola bilər. Ürək blokadaları, yəni ürək dayanmaları ola bilər. Bu zaman insanların huşunu itirmək ehtimalı var. Öldürücü aritmiyalarda isə ürək gedir və ölüm gerçəkləşir. Aritmiyalar hər yaşda mümkündür.

- Bəzi insanlar sol tərəfi ağrıyanda ürəyində problem olduğunu düşünür. Bu ağrı ürəkdə problemdən xəbər verir?

- Ürək solda deyil, ürək ağrısı da solda olmur... Ürək ortada durur, zirvəsi sola baxır. Ürəyin 3-də biri sağa, 3-də ikisi sola baxır. Ürək ağrısı döş sümüyünün arxasında olur. Ağrı nadirən solda ola bilər. Ağrı mədədən başlayıb boğaza doğru yayılır. Əsasən yeriyəndə olur, dayananda keçir. Ağrı göynədir, yandırır, sıxır. Getdikcə müddəti artır, daha qısa məsafədə tutur və daha uzun olur. Bəzi insanlarda oturanda olur. Bu, hər an infarkt ola biləcəyi deməkdir. Belə insanlarda vəziyyət ağırdır, təcilidir.

Ürək ağrısı olan vaxt insanı tər basır, ağrı qola, çiyinə və kürəyə yayıla bilər. Ağrı alt çənəyə, boğaza vurur, kürəyi yandırır. Adətən sol qolu və ya sağ qolu, bəzən isə hər ikisini sanki qırırlar kimi hiss gəlir. Amma qolun keyiməsi, əlin uyuşması, sol tərəfin sancması, batması, küt ağrı ürək ağrısı deyil. Bəzi xəstələrdə sadəcə, mədədə ağrı olur. Bu zaman ürək ağrısı mədə ağrıları ilə qarışdırılır.

Ürək ağrısı olan insanlar ölüm qorxusu hiss edirlər. Ürək ağrısının mədə ağrısından fərqi budur. Mədə ağrısı nə qədər şiddətli olsa da, həkimə getmərik. Amma ürək ağrısını bir dəfə yaşayan adam bilir ki, bu ağrı çox çəksə, ölə bilər. Digər ağrılar nə qədər şiddətli olsa da, onlarda ölüm qorxusu olmur. Amma şəkər xəstələrinin 30%-i ağrı olmadan da infarkt keçirə bilirlər.

- Bəzən xəstəliyi bilinməyən, ürəyində problem olmayan insan qəfil ölür. Ürəkdə problem olmadığı halda insan ölə bilər?

- Qəfləti ölüm səbəbi əksər hallarda ürəkdir. Amma bəzən beyin damarı partlayıb beyinə də qan sıza bilər.

“Əvvəldən şikayəti olmayıb” söhbəti doğru deyil. Biz həkimlər bilirik ki, bir çox insanın qəfləti ölümdən əvvəl şikayətləri olur, amma həkimə müraciət etmir. Bir neçə dəfə ürəktutma olur, amma keçib gedir. Bu halda insan keçib getdiyini düşünür, ciddiyə almır. Hər dəfəsində “keçəcək” düşüncəsi olur. Mütləq hallarda öncəsində şikayətləri var.

Çox nadirən heç bir şikayəti olmayan insanda qəfil ölüm ola bilər. Qəfləti ölənlərin ailələrini, genetikasını incələdikdə ürək xəstəliyi aşkarlanır. Genetikasında belə problemlərin olduğunu bilənlər oturub nəyisə gözləməsinlər, vaxtında gedib ürəyi yoxlatmaq lazımdır.

Bir insanın ailəsində 55 yaşdan gənc kişilərdə, 65 yaşdan gənc qadınlarda infarkt, ürək dayanması, qəfləti ölüm, şəkər, təzyiq varsa, həmin insanlar genetik risk qrupundadır, tez müayinə olunmalıdırlar. Ümumiyyətlə isə hər kəs 5 ildən bir yoxlanılmalıdır.

Orta məktəb dövründən etibarən hər kəs xolesterini ildə bir dəfə yoxlatsın, göstərici normal olarsa, 4-5 ildən bir yoxlatmaq lazımdır. Xolesterin yuxarı olarsa, davamlı yoxlatmaqda fayda var.

- Kofe və çayın ürəyə zərəri ilə bağlı fikirlər səslənir. Bunların zərəri və ya faydası barədə elmi baxımdan nə demək olar?

- Gündə 1 və ya 2 dəfə qəhvə içmək faydalıdır. 3 və daha çoxu isə döyüntülərə səbəb olur, təzyiqi qaldıra, yuxunu poza və bir çox problemə səbəb ola bilər. Qara çay və yaşıl çay içməyin də faydası var. Çox çay içməyin zərəri yoxdur. Sadəcə, tünd çay içməməyi tövsiyə edirik.

- Ürək əməliyyatları hansı hallarda edilir?

- Pasiyentin hər hansı problemini əməliyyatsız yolla düzəldə bilmiriksə, onda əməliyyata müraciət edilir. Ümumiyyətlə, son dövrlər ürək əməliyyatlarına ehtiyac azalıb. Bir çox hallarda əməliyyatsız yolla həll edilir.

Amma ürək cərrahiyyəsi də olduğu yerdə qalmır, özünü təkmilləşdirir. Artıq çox kiçik - laparoskopik kəsiklərlə, ayaqdan damar götürülmə ilə əməliyyatlar edilir.

- Kardiologiyanın inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Tibbin ən sürətli inkişaf edən bölümü kardiologiyadır. 20 il sonra yəqin ki, ürək cərrahiyyəsi olmayacaq və ya çox az olacaq. Bunun əksər hissəsini kardiologiya həll edəcək. Məsələn, biz damarların çoxunu əməliyyatsız açırıq. Amma bu gün demək olar ki, bütün qapaqları da əməliyyatsız yolla düzəldə bilirik. Böyük ehtimalla bu, 5-10 ilə daha da yaxşı olacaq.

Ürəkdən çıxan damarların cırılması, anevrizma kisələnməsi (arteriya damar divarının zəifləyərək baloncuq kimi genişlənməsi ilə xarakterizə olunan ciddi bir damar patologiyası - red.) - bunların bir çoxunu əməliyyatsız yolla düzəldə bilirik. Ürək çatışmazlığı ilə bağlı o qədər gözəl dərmanlar kəşf edilib. Buna görə insanların ömrü çox uzanıb.

Ürək xəstələri bəzən qəfləti ölümdən də dünyalarını dəyişirlər. Bunun qarşısını alan, şok verən cihazlar var. Bu şok verən cihazlar onsuz da istifadə olunurdu, amma indi tibbi sığorta ilə qarşılandığı üçün bir çox ürək xəstəsinə qoyulur. Beləliklə, onlar qəflətən ölmürlər, daha gec vəfat edirlər. Bu gün dərman müalicəsi, cihaz müalicəsi və digər üsullarla bir çox məsələnin kardiologiyada həlli tapılıb.

Bir çox insultların səbəbi aritmiyalardır. Onlar vaxtında tapıla bilmədiyi və ya yaşlı insanlar bunları hiss edə bilmədiyi üçün insultlara səbəb olur. Bunlar da öncədən bilinəcək və insultların qarşısı alınacaq. Bütün bu dediklərim hazırda dünyada “cücərmə” dönəmindədir. Yəqin 5-10 ilə bunun bəhrəsini görə biləcək, həkimlərə və xəstəxanalara çox köməyinin şahidi olacağıq. Həmçinin pasiyentləri də xəstəxanalarda gözləməkdən və ağır vəziyyətə düşməkdən qoruyacaq.

Tarix
2025.11.01 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla