Sou-biznes aləmi ilə bağlı mediada hər zaman
qalmaqalların şahidi oluruq. Maraqlıdır, bu şou-biznesin pozulmaz
qanunudur, yoxsa bunsuz da keçinmək olar? Özünə yer tutmaq üçün
qalmaqala ehtiyac varmı?
"Axar.az" bu mövzuda tanınmışlar arasında sorğu
keçirdi.
Müğənnilərin qalmaqalı küçə qadınlarının saçyoldusu
kimidir
Şair Maarif Soltan bildirdi ki, şou adamlarının qalmaqalları
küçə qadınlarının saçyoldu davaları səviyyəsindədir: "Bu da onlara
yalnız öz səviyyələrində populyarlıq qazandıra bilər, əslində isə,
normal adamların yanında özlərini daha da rüsvay edirlər. Sənəti,
istedadı olan heç bir sənət adamı qalmaqalla gündəmə gəlmək
istəməz. Fərqlənmək, seçilmək istəyi, görünür hər bir adamın
təbiətində var, ancaq məsələn, mədəni bir adam gündəmə gəlmək üçün
durub dombalaq aşarmı? Təbii ki, yox. O elə öz mədəniyyəti ilə
seçiləcək. Ola bilsin, çox məşhur olmasın, ancaq onu tanıyanlar da
azsaylı seçilmiş adamlar olacaq. Məni ümumiyyətlə, həmin o
şou-biznes qətiyyən, nə özü, nə də qalmaqalları maraqlandırır və
təbii ki, onları izləmirəm də.
Təəssüflənirəm ki, Flora xanım kimi bir sənətkarın da ətrafında
belə bir qalmaqal yaratdılar, ancaq deyəsən, salamat çıxa
bildi".
Yazıçı
arada bir şuluqluq salmalıdı ...
Sevinc El-sevərə görə bəzən qalmaqala ehtiyac var: "Vaqif
Səmədoğlunun bir sözü qalıb yadımda, deyir: "Yazıçı aradabir
şuluqluq salmalıdı".
Qalmaqal da lazımdı, kimsəsiz adaya düşən adam dünyaya necə
mesaj ötürürsə ki, burdayam, məni xilas eləyin, yaradıcı adam da
sənətə gələndə qalmaqalla məşhur olmaq istəyir. Məncə bu,
normaldır. Amma bizim şou-biznesdə elə müğənnilər var ki, onların
yaradıcılığı ancaq qalmaqal fikirləşib tapmaqdan ibarətdir. Bu,
artıq normal deyil. Sənət öz yerində, şou, qalmaqal öz yerində
olmalıdır. Müğənnilər, siyasətçilər, televiziya aparıcıları, hətta
yazı adamları qalmaqaldan istifadə edir. Yadımda qalan qalmaqallar
qarışıqdı. Vallah, səhv eləyə bilərəm. Flora xanımın Röya ilə
qalmaqalı vardı. Yaxşı yadımdadır, mən də bunun haqqında yazı
yazmışdım, Röyanın tərəfini də tutmuşdum. Gənc nəsli sıxışdırmayın,
deyə! Onların hamısı qalmaqallar eləyir hər gün, bir deyil, beş
deyil. Ədəbiyyatda yadımda qalan ən güclü qalmaqal Əkrəm Əylislinin
"Daş yuxular" romanı ətrafında gedən qalmaqal idi".
Hafiz
Hacıyevin qalmaqalları da yaddan asanlıqla çıxmır
Şair Qulu Ağsəs ümumiyyətlə, bu insanları bir sənətçi kimi qəbul
etmədiyini dedi:
"Baxmıram onlara. Mənim dostlarım əsl sənətçilərdi. Onlar da
qalmaqal eləmirlər. Onlar mənim üçün yoxdurlar. Olmayıblar da".
Qalmaqallı
müğənniləri saymaqla bitməz
Şair Ehtiram İlham istedadı olmayan bu insanların qalmaqalla,
dava-dalaşla gündəmdə qalmağı seçdiklərini bildirdi: "Əslində,
onların başqa yolları da yoxdur. Özlərini sənətdə təsdiq etməyi
bacarmayan qabiliyyətsizlər həmişə özlərini reklam etdirib gündəmdə
qalmağa cəhd edir, heyif ki, istəklərinə çatmağı bacarırlar da.
Bütün bunların isə əsl sənətə heç bir aidiyyatı yoxdur. Qalmaqallı
müğənnilər saymaqla bitməz. Onların ürək bulandıran qalmaqalları,
cığallıqları isə az qala hər gün davam edir. Bu mənasız hadisələri
isə yadda saxlamağa yəqin ki, ehtiyac da yoxdur".
Şair həmçinin qalmaqallardan uzaq olmağa çalışan və buna nail
olan istedadlı sənətçılərin də olduğunu dedi: "Onların sayı az olsa
da, mədəniyyətimizə verdikləri töhvələr göz önündədir. Belə
sənətçılərdən Zülfiyyə Xanbabayevanın, Tünzalə Ağayevanın adlarını
çəkmək olar".
Bəzi tanınmışlar isə suallarımıza cavab verməkdən yayındılar.
Bunu onunla izah etdilər ki, şou-biznes və qalmaqallar onlara
maraqlı deyil.