Ana səhifə Yazarlar |
Tələbəlik illərim "Sovetski" adlanan yerdə keçib. Ev sahibinin darvazasına bitişik, toyuq hini boyda yerdə qalırdım. Məhəllədə qorxa-qorxa, çəkinə-çəkinə yaşayır, dərsə də belə qorxa-qorxa gedib gəlirdim. Qonşuların namus-qeyrət, ana-bacı, torpaq üstündə dalaşmaqlarını görürdüm hər gün. Bir dəfə kirayə qaldığım otağın yiyəsi ilə qonşusu az qalmışdı bir-birilərini baltalasınlar. Zarafat eləmirəm, sözün həqiqi mənasında bir-birlərinin başlarını yarmışdılar.
Bakıda bir müddət yaşayan hər kəs "Sovetiski" adı gələndə
söhbətin nədən getdiyini bilir. Məhləyə yad oğlan nədi, yad
it-pişik belə buraxmayan, gecə-gündüz məhlə keşiyində dayanan
qaqaşların oylağı...
"Sovetski"də kirayə yaşadığım vaxtlarda, məhəllədə gəzəndə yubkamı
tez-tez aşağı çəkirdim ki, kiminsə qəzəbinə gəlməyim. Nə edim?
Hünərin var, küçədə, bayırda, bəzən elə az qala uşaqlarının yanında
"mal" bişirib, "iynə" vuran bu qaqaşların məhləsinə yad oğlanla
gəl, qısa yubka, şortiklə gir!
Günlərin bir günü eyni həyətdə qaldığım tələbə qızın sevgilisini bıçaqladılar. Qız özünü itirmişdi. Qaqaşlar həyətin qapısına dirənib, qızla söhbət etmək istəyirdilər. "Yaxçı qız özünə söz dedizdirməz, sabah açılan kimi veşlərüvü də yığ, bu evdən çıx!" deyirdilər. Yazıq qız həmin günü səhərə kimi qorxusundan yatmadı.
Həmin hadisədən sonra məhlədə "postlar" daha da möhkəmləndirildi. Qardaş, qohum oğlanların sənədlərinə qədər baxırdılar ki, görəsən, bu qızın qohumudur, yoxsa sevgilisidir.
Bəli, məşhur "Sovetski" yadımda belə qalıb. Basılmaz, əli bıçaqlı qaqaşların məhləsi. Sən demə, bir gün "Sovetski"nin də sonu gələcəkmiş. Bu sonu isə özü ilə gətirən tank yox, pulemyot yox, bir neçə buldozer olacaqmış. Əvəzi isə pulla ödənəcəkmiş - kvadratmetri 1500 manata.
Bilirsiz niyə bunu xatırladım?
Həmişə düşünmüşəm ki, məhləyə yad pişik belə buraxmayan, Bakının simvolu sayılan bu klassik məkan əxlaqdan, ənənədən yoğrulub, buranın daşı da, divarı da o qədim ruhu yaşadır. Ora sökülə bilməz, dağılmaz... Sökülərsə, dağılarsa, bəs Bakının qədim məhəlləsinin sakinləri olduğu üz-gözlərindən oxunan bu insanlar necə yaşaya bilər? Sovet küçəsi olmadan Bakı qədeşləri hansı əxlaqı yaşada bilərlər?
Həmişə düşünmüşəm ki, "məhəllə qanunları"nın qorunması heç də ayrı-ayrı adamların şəxsi təşəbbüsünün nəticəsi deyil, o məkanın özünün aurasındandır. Bu insanlar həmin məkandan kənara çıxanda o ənənə də yoxa çıxacaq. Buna görə tarixi ruhun onları bu məhəllədə sıxıb saxlayacağına və Bakı olduqca, "Sovetski"ni də qoruyub saxlayacaqlarına inanırdım.
Amma inamımda yanılmışam. Səhv etmişəm və doğrusu, heç cür anlaya bilmirəm ki, o əxlaq normaları ilə yaşayan insanların etirazları necə ola bilər ki, yalnız pul üstündə olsun?
"Sovetski"lilər – məhəllə uşaqları nə arxitekturaya, nə yeni məhəllənin yeni dizaynına, nə orda tikiləcək binalara, nə də doğma məkana iddia etdilər... "Sovetski"lilər yalnız daha çox pul almağa iddialıdırlar.
Görünür, kapitalist-fərdi maraqlar "Sovetski"nin mühafizəkar divarlarını çoxdan dağıdıbmış – indiki ekskovatorlar sadəcə ruhsuzlaşmış əyrü-üyrü və Bakının müasir simasını pozan daş-kəsək yığınını dağıtmağa gəlir...
Tarix
2014.03.19 / 23:03
|
Müəllif
Vəfa Nağı
|