Haqqında danışacağımız və başına anlaşılmaz işlər gələn
şəxsin 28 yaşı var. Texnikum bitirib. Kinq-boksinq, taekvando ilə
məşğul olur. Bir neçə dərəcəsi var, hətta kinq-boksinq üzrə
respublikada yer də tutub. Haqqında niyə yazacağımızın səbəbini
sizə açıqlamazdan əvvəl deyim ki, illərdir işsizlikdən əziyyət
çəkir. Bacarıqları, riyazi bilikləri qaydasındadır, üstəlik
kompüter mühəndisliyi üzrə təhsil alıb.
Elə CV-yə də bütün bu göstəriciləri yazıb, vakansiya üzrə
Azərbaycanda çox yaxşı tanınan "boss.az" saytına yerləşdirib.
"Axar.az"a başına gələnlər haqda danışan gənc CV-dən sonra ona
gələn telefon zənglərinə cavab verib, ona uyğun işləri
dəyərləndirməyə çalışıb. Çox keçmədən onu mühafizə işinə qəbul
etmək istəyən cəlbedici bir nəfər tapılıb. Dediyinə görə, "zibilə"
də elə bundan sonra düşüb:
Skayp ünvanına verdi ki...
"Telefonuma zəng gəldi, işə dəvət edirdilər məni. Zəng
Türkiyədən idi. Xeyli danışdıq. "Gəl, bizimlə işlə, mənim
mühafizəçim ol", - bir kişiydi. Əvvəlcə heç bir qeyri-adilik
görmədim, uzun-uzadı danışdıq. Sonra hər gün mənə zəng gəlməyə
başladı. Skayp ünvanını verdi ki, onunla əlaqə saxlayım.
Məni yeməyə dəvət etdi
60 yaşlı, keçəl, saqqalı bir kişidir. Dindar adamdı özü də.
Telefonuma müxtəlif mövzularda davamlı "sms"lər yazırdı. Onunla
xaricə getməyimi istədi. İmtina etdim. Axı bələd olmadığım bir işə
necə gedim?..
Pul da göndərdi. İşlərinin nə olduğunu mənə açmasa da, iş adamı
olduğunu deyirdi. Daha sonra nə isə düz adama oxşamadığını anladım.
Məni yeməyə dəvət etdi. Bakıda görüşdük. Restoranda yemək yeyə-yeyə
iş barəsində danışdıq.
Ofisiantlara 50-60 manat çay pulu verirdi
İşimin nə olacağını dəfələrlə soruşdum, ancaq sualımı
cavablandırmadı. "Gedək bizə, səni işinlə tanış edim. İnanıram ki,
işini çox sevəcəksən. Mənim 7-8 qulluqçum var, şəhərin kənarında
isə villam. Sənin də evin orda olacaq", - ancaq bunları
deyirdi.
Başa düşürəm ki, bu yolla məni qarmağa keçirtmək istəyirdi.
Çünki əgər mənə dediyi işlə tanış olsaydım, heç vaxt məni sərbəst
buraxmazdı. Yemək yediyimiz yerdə on zəng gəldi, eynilə mənimlə
danışdığı kimi, o adamlara da "ona deyin, məni skaypa əlavə etsin,
danışarıq", - deyirdi.
Anladım ki, özünə iş adamı deyən bu adam mənim kimi internetdə
CV qoyan başqa cavan oğlanları da şirnikləndirib, onlardan yəqin
ki, hansısa məqsədlər üçün istifadə edir. Çünki çox şübhəli bir
adama oxşayırdı. Tez-tez soruşurdu ki, onunla görüşə kiminlə
gəlmişəm, yanına gəlməyimi özümdən başqa kim bilir? Sonra cibindəki
pulları elə çıxardır, sanki mənim bu pulları görməyimi istəyirdi
ki, şirniklənim. Yüzlükləri sağa-sola atır, ofisiantlara çay pulu
kimi 50-60 manat verirdi. Bir-neçə dəfə təkid etdi ki, dərhal
onunla gedim.
Təhlükəsizlik orqanlarında arxası var
Müsahibim bu sözləri danışa-danışa söz arası mənə: "Yazında
adımı çəkmə, qorxuram ki, mənə bir şey edər", - deyir.
Dediyinə görə, onu işə dəvət edən adamın həm pulu çoxdur, həm də
guya Azərbaycan təhlükəsizlik orqanlarında arxası var. Bunu özü
deyib.
Sahibkar, biznesmen olduğu bilinməyən bu adam tərəfindən ona
dəfələrlə təhdid edilib:
Çılpaq şəkllərimi istədi
"Ondan o zaman şübhələndim ki, məndən çılpaq şəkillərimi istədi,
mənsə etiraz etdim. Bundan sonra "sms"lər yazıb, çılpaq şəkillərimi
ona göndərməmi bir-neçə dəfə xahiş etdi. Əsəbiləşib "sms"lərinə
cavab vermədim. İndi də durmadan mənə "sms"lər yazır. Ondan necə
canımı qurtaracağımı bilmirəm, düzü, mənə bəlkə də heç nə edə
bilməz, amma ehtiyatı əldən vermək istəmirəm. Hər cür şərait
yaradacağını deyib, ancaq bunları nəyin müqabilində edəcəyini
bildirmir. Bircə bunu dedi ki, qaçıb canını qurtarmağa çalışsan,
səni bir saatın içində taparıq.
Dediyinə görə, CV-mi arxivləşdirib, özündə saxlayır. Yazdığı
"sms"lərini isə silməmi istəyir. Mən də saxlamışam ki, birdən nə
isə baş versə, sübut olsun. Qəribə suallar verirdi mənə..."
İş axtarmaq üçün CV yerləşdirib, ancaq iş tapmayıb, sadəcə
ağılalmaz işə keçib. Deyir, həmin adamın internetdə CV yerləşdirən
gəncləri ovlayıb, sonra başlarına nə oyunlar açdığını belə nə
bilmək istəyir, nə də xəbərdar olmaq. Tək istədiyi şey canını bu
müəmmadan qurtarmaqdır.