Salyan rayon sakini Əliqulu Quliyev Almaniyada
dünyasını dəyişən oğlunun başına gətirilənlərdən "Axar.az"a
danışır. Əliqulu kişinin 64 yaşı var. Qul bazarında işləyib oğlunun
borclarını ödəyir. 64 yaşlı atanın dediklərindən aydın olur ki,
oğlunun həyatına qarşılaşdığı haqsızlıqlar son
qoyub.
Oğlum erməniləri əsir götürdüyünə görə həbs
edildi
Oğlu Natiq Quliyev hərbi xidmətə könüllü yollanıb. Xidməti
başa vurduqdan sonra 6 ay gizirlik məktəbində oxuyub. Daha sonra
yenidən hərbi xidmətə qayıdıb. 2000-2004-cü illərdə Tərtər
rayonunda N saylı hərbi hissədə gizir vəzifəsini yerinə yetirib. Bu
müddət ərzində Natiq Quliyev Heydər Əliyevin fərmanına əsasən
medalla təltif olunub. Atasının dediyinə görə, Natiq çox cəsur,
işində məsuliyyətli biri olub.
Bir dəfə avtomatın süngüsünü itirən əsgərə onu tapıb yerinə
qaytarmağı tapşırıb və ona bir şillə vurub.
Bunu fürsət bilən komandiri vurulan əsgərin ailəsinə məktub
yazıb, gizir Natiqdən şikayət edilməsini istəyib.
Komandirin bu hərəkətinə səbəb isə atasının dediyinə görə,
Natiqin iki gün əvvəl 2 ermənini tutub hərbi hissəyə gətirməsi olub
və komandirlə onun arasında münaqişə də məhz bundan sonra
yaranıb.
Bundan sonra valideynin şikayəti əsasında tez-tez müstəntiq
tərəfindən dindirilməyə çağırılan Natiq Quliyev istintaqa ifadə
verməyə gedərkən işini yoldaşlarından birinə tapşırıb, hərbi
hissəni tərk edib. Komandir Natiqdən Hərbi Tribunala şikayət verib,
onun hərbi hissəni xəbərsiz tərk etdiyini, fərari olduğunu
bildirib.
Oğlum məhkəməyə 1000 manat verdi ki, icbari iş
alsın
Məhkəmə Natiq Quliyevə 2 il icbari iş versə də, prokurorluq
qərara etiraz edib. Nəticədə Cinayət Məcəlləsinin ən ağır bəndi
şamil olunaraq Quliyev Natiq 2004-cü ildə 4 illik həbsə məhkum
olunub.
Natiqin atası deyir ki, oğlu günahsız tutulub. Sadəcə,
komandir onun oğluna ona görə qəzəblənib ki, Natiq komandirlə yaxın
münasibətdə olan erməniləri tutub Azərbaycan tərəfə təhvil
verib.
3 min pul verib, oğlumu öz əlimlə şikəst
etdirdim
4 illik həbs həyatı ağır keçib. Natiqin bel nahiyəsinin
aşağı hissəsində vəz əmələ gəlib. Azadlığa çıxan kimi ona əziyyət
verən vəzin müalicə olunması üçün Bakıda klinikalara baş vurub.
Amma vəzi müalicə edə biləcək həkim tapılmayıb. Televiziyalarda
reklamı gedən "Meqaplaza" xəstəxanasına gəlib.
Natiq həkimə dərdini danışar-danışmaz, Şəkərov adlı cərrah
heç bir analiz götürmədən onu cərrah masasına uzadıb. Üstəlik,
əməliyyatı yanlış apararaq, xəstənin onurğa sistemini zədələyib.
Bundan sonra Natiq Quliyev bir daha yeriməyib.
"Meqaplaza"nın türk müdiri dedi
ki...
2009-cu ildə həkimin səhv əməliyyatı nəticəsində şikəst olan
Natiqin atası "Meqaplaza" xəstəxanasına gəlib həkimdən əməliyyat
pulunu geri qaytarmasını istəsə də, həkim pul aldığını danıb. Bunun
əvəzində isə klinikanın böyüyü Türkiyə vətəndaşı "bura özəl
klinikadır, bizə heç kim heç nə edə bilməz, get, kimə istəyirsən
şikayət ver", - deyib.
Həkim terroru
O gündən Natiq bir daha yeriyə bilməsə də, bütün ümidlərini
xarici ölkələrə, xarici həkimlərə bağlayıb. Tehrana yollanıb. Orda
Natiqin yeriməməsinə səbəb kimi həkimin səhlənkarlığı, yanlış
əməliyyat aparması göstərilib. Təbrizdə isə Natiqin yenidən
əməliyyat edilməsi üçün 4000 min pul istənilib.
Xilas yolu
Atasının dediyinə görə, kasıb ailə olduqları üçün buna
imkanları çatmayıb. Belə olandan sonra hər şeydən ümidi kəsilən
Natiq 2013-cü ildə bankdan 1200 manat kredit götürüb və Almaniyadan
siyasi sığınacaq almaq üçün yola düşüb.
Orda həkimlərin səyi nəticəsində Natiqin ayaqlarında
irəliləyiş yaranıb. Atası deyir ki, Natiqlə hər gün internetdə
danışırdım, ayın 8-də isə ona zəng çatmadı...
Oğlumun ölüm xəbərini ANS-telekanalından
eşitdim
Qonşular mənə dedi ki, Natiqi ANS-də göstərəcəklər. Evdə
oturub "Adam içində" verilişində oğlumun ölüm xəbərini eşitdim.
Elgizlə əlaqə saxlamağa çalışdım, cavab vermədilər. Mənim oğlum
ölüb, bunlar ondan reklam düzəldirlər.
Oğlunun meyitini Almaniyadan vətənə orda yaşayan
azərbaycanlılar yola salıb. Ata oğlunu hava limanından gətirmək
üçün Salyan Rayon İcra Hakimiyyətinə müraciət etsə də, İcra
Hakimiyyətinin müavini Etibar adlı şəxs "bizim belə bir fondumuz
yoxdur", - deyə yardımdan imtina edib.
Dərdli ata Natiqin borclarını ödəmək üçün onun 1-ci qrup
əllilik pensiyasının 3 aylıq haqqını, bir də oğlunun ölüm pulunu
almaq istəyir və bunun üçün Salyan Rayon VVAQ-dan ölüm
şəhadətnaməsini almalıdır. Ancaq ona bu idarədə belə cavab verilib
ki, xarici ölkədə ölən insanlara ölü pulu verilmir.
İndi çarəsiz qalan ata "Axar.az" vasitəsilə aidiyyəti
qurumlardan onun işinə düzgün baxılmasını xahiş edir. Başqa heç
nə...