Yuxarı

Şeirlərimi “bəh-bəh”lə götürüb, siyirməyə atırdılar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair İlham Qəhrəmanla görüşüb onun gerçəkləşməyən arzularına işıq salmaq istədik. Adına Azərbaycanın "Alınmaz qalası" deyilən, lakin indi düşmən tapdağı altında əsirlik həyatı yaşayan bir məmləkətdə - Laçında dünyaya gəlməsi, şeirlərində, yaradıcılığının başqa nümunələrində daima xatırlanan, içindən bir nisgil kimi keçən yurd haqda söhbət etmək istədik və etdik də… Şairlə söhbətimiz onun ilk, məsum arzuları və gerçək həyatı ilə bağlı oldu. Beləliklə, şair İlham Qəhrəman "Axar.az"ın "Gerçəkləşməyən arzular"ında.

İlham dərs oxuyanda "ev köçür!"

- İham, özünü nə vaxt şair kimi hiss etdin?

- Orta məktəbdə oxuyandan ədəbiyyata güclü marağım olub. Həm də əlaçı idim. Klassiklərimizin ən çətin qəzəl və şeirlərini sinfimizdə əzbərləyən 2-3 şagirddən biriydim. M.P.Vaqifin ərəb və fars sözləriylə dolu "Görmədim" müxəmməsini, C.Cabbarlının "1905-ci ildə" dramını bütöv əzbərləmişdim.

Yayda dərs oxumaq asan idi. Həyətdə, çöldə bayırda olardıq. Qışda isə mütləq evdə dərs hazırlamalı idik. Anam deyirdi İlham dərs oxuyanda "ev köçür!"

- Yəqin elə o vaxtlardan şeir yazmağa başladın?

- Altıncı sinifdə oxuyanda qəzəllər yazırdım. Səkkizinci sinfi qurtaranda bu uşaqlıq şairliyim bitdi. Yazdığım qəzəlləri səliqə-səhmanla – bəzən səhifələrə qırmızı qələmlə bəzək vurub - ümumi dəftərə köçürürdüm. Maraqlıdı, o qəzəllərin hamısının rədifi "gülüm" idi. Sinifdə bəzən tənəffüsdə həmin qəzəlləri qızlara oxuyardım.

- Düşünmürəm ki, sənin ilk arzun tənəffüsü gözləyib qızlara qəzəl oxumaq olsun. Ona görə də soruşuram: - sənin arzuların nə olub və bu arzular səni hara qədər apara bilib?

- Ədəbiyyatı sevdiyim üçün orta məktəbi qurtarıb arzularımın ardınca düşdüm. Sənədlərimi o vaxtkı Lenin adına APİ-nin Xankəndi filialının Filologiya fakültəsinə verdim. Ədəbiyyatdan yazılı və şifahi imtahanların ikisindən də "4" aldım. 3-cü imtahandan – tarixdən "3" qiymət bəs edirdi ki, ilk arzum rellaşa. Amma orta məktəbdə "Tərifnamə" aldığım tarixdən 2 aldım.

Arxasız, köməksiz fəhlə balası

- Təsəvvür edirəm.

- Əvvəlki iki imtahandan yaxşı qiymət alanda yanımda qohum-qardaşdan heç kəs olmamışdı. Amma imtahandan kəsilib institutun həyətinə çıxanda atamı görüb çox pis oldum. Özümü arxasız, köməksiz, haqqı tapdanmış bir fəhlə balası kimi hiss etdim. Həyatdan arxasızlığın ilk şilləsini almışdım. Gözümün yaşı xeyli müddət qurumadı. Atam da kövrəlmişdi. Növbəti il Bakıda elə birinci yazılı imtahandan iki aldım. İki ilin qəbul imtahanlarından gözüm qorxduğu üçün sənədlərimi Bakı Maliyyə-kredit texnikumuna verdim. Mühasib ixtisasına yiyələndim. Texnikumu fərqlənmə diplomuyla bitirdim və təyinatımı Bakıya verdilər.

Elçin müəllim üç dəfə məndən ötrü ağız açdı

Sərbəst vaxtlarımda həm mütaliə edir, həm də şeirlər yazırdım. Bazar günləri isə ədbi məclislərə gedirdim. Eldar Baxışın məsləhəti ilə şeirlərimi Yazıçılar Birliyində o vaxt katib işləyən yazıçı Elçinə təqdim etdim. Elçin müəllim məni çox yaxşı qarşıladı. Təxminən 300 misra şeirimi rus dilinə sətri tərcümə etdirdi ki, Moskvaya Qorki adına Ədəbiyyat institutuna müsabiqəyə göndərsinlər. Tərcümə qurtarandan sonra Elçin müəllim üç dəfə məndən ötrü o vaxtkı rəhbərliyin yanına girdi ki, müsabiqəyə göndərilən sənədlərə yazıçılar birliyinin möhürü vurulsun. O vaxt göndəriş üçün Yazıçılar birliyinin möhürü çox vacib idi. Amma bunu nədənsə etmədilər. Möhürsüz gedən sənədlər müsabiqədən keçmədi. Bir gerçəkləşməyən arzum da bu oldu.

Mühasib şairlər sanballı şairlər olurlar

- İlham, sən həm də mühasib şairsən...

- Bəli Türk dünyasında tanınmış mühasib şairlər olub. Onlardan biri Cənubdan "Heydərbabaya salam" poemasını yazan Məhəmməd Hüseyn Şəhriyardır. O biri Türkiyədən məhşur "İstiqlal" marşını yazan Mehmet Akif Ərsoydur. Adlardan göründüyü kimi, mühasib şairlər sanballı şairlər olurlar. Mühasib olduğum üçün deyim ki, burda həm də mühasiblik peşəsinin rolu var. Rəqəmlər dəqiqlik sevən kimi şeirdə fikri sözlərlə dəqiq ifadə edəndə gözəl olur. Nə qədər qəribə də olsa, şeirin başlanğıcı, davamı, bədii sonluğu ilə hazırlanan hesabat arasında paralel aparmaq olar.

Şeirlərimi "bəh-bəh"lə götürüb… siyirməyə atırdılar

- Ədəbiyyata gəlişini necə xatırlayırsan?

- Mənim uşaqlıqdan iki cür güclü mütaliəm olub. Onun biri gözlə - kitab oxumaqla, o biri isə isə qulaqla – Azərbaycan radiosunu dinləməklə olub. 1988-ci ildə Qarabağ hadisələri başlanan vaxta qədər – Azərbaycan kitab bazarında olan kitabların əksəriyyətini oxumuşdum. Hər gün işdən çıxanda yolumu "Bakı" unvermağının yaxınlığındakı mağazadan salırdım. Bəzən ora rəhmətlik Eldar Baxışla birgə gedərdik. Gözəl şairimizin geniş mütaliəsi vardı. Amma sovet vaxtı bilirik ki, ədəbi orqanlar inhisara alınmışdı və hər gəncin çap olunmaq şansı yoxuydu. Şeirləri "bəh-bəh"lə götürüb redaksiyaların siyirməsinə atırdılar və illərlə orda qalırdı. Çap olunmaq üçün tanınmış şairlərdən biri gərək sənə "uğurlu yol" yazaydı. 1986-cı ildə rəhmətlik Y.Səmədoğlu "Ulduz"da bir şeirimin üstünə çap üçün dərkənar qoydu. Oktyabrda "Səməd Vurğun nömrəsi"ndə şeirim çap olundu. Ondan sonra daha mətbu orqanda çap oluna bilmədim.

- Amma kifayət qədər dərc olundun…

- Hə, bu sonralar oldu. Müstəqillik dövrü çap olunmaq üçün belə demək mümkünsə, qapıları üzümüzə taybatay açdı. Şeirlərimi çap edən "Səs", "525-ci qəzet", "Rezonans", "Azadlıq", bir səhifə şeirlərimi çap edən "Yeni müsavat" qəzetlərini həmişə minnətdarlıq hissiylə xatırlayıram. Ədəbi nümunələrə qarşı tələbkar olan və ədəbi meyarları itirməyən "Ulduz"un baş redaktoru rəhmətlik Ələkbər Salahzadə və "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadənin yaradıcılığıma diqqətlə yanaşmalarını heç vaxt unutmaram.

Özümü görmək istədiyim yerdə görmədim

- Kitabların çıxdı, oxucu sevgisi qazandın. Özünü görmək istədiyin yerdə görə bildinmi?

- Şairlik ilk çağlarda daha çox adamın canında şan-şöhrət hissini qaldırır. Amma zaman keçdikcə qələmin məsuliyyəti gəlir. Mən əgər ali filoloji təhsil alsaydım, ancaq xalqımızın əski əlifbada olan irsini araşdırardım. Amma bu mənə müyəssər olmadı. Bizim şairliyimizi, belə demək mümkün olsa, vətənin acı taleyi "burnumuzdan gətirdi". "Vətən oxşaması" şeiri bu bəndlə başlayır:

Başımız aynımadı heç,

Sənə bir çəkmədik sığal.

Bir yandan azad oldun,

Bir yandan işğal.

Bizim yaradıcılığımız vətənin bir yandan fərəh dolu azadlığı, o biri yandan isə üstümüzdə töhməti qalan Qarabağın işğalına təsadüf etdi. Nə qədər kitablar çıxsa da, az-çox tanınsaq da, özümü görmək istədiyim yerdə görmədim.

- O yer hara idi?

- Laçın...

Laçını hər fəsildə necədirsə, o cür görürəm

- Yuxularında Laçını hansı rəngdə görürsən?

- Nə qədər qəribə də olsa, fəsillər dəyişdikcə Laçının həmin fəslə aid mənzərələri gəlib durur gözümün qarşısında. Sanki Laçında yaşayıram. Qışda quşbaşı yağan qarı, həyətimizdəki tuta qonan qaratoyuğu, sərçələri, yalı veriləndə zəncirdə dartınan itimizi, yazda bizdən xəbərsiz evin üstündə kürt yatıb bir dəstə cücəsiylə çardaxdan həyətə tökülən anaş toyuğumuza qədər hər şeyi xatırlayıram. Yayda Həkərinin sularında bərq vuran günəşi Padşahlı körpüsündən seyr etməyimi, çaydan qarmaqla balıq tutmağımı, çimib qumda qumlanmağımı, bostanı, ağacları suvarmağımı, kövşəndə bir-birimizə hav edib ot çalmağımızı gözümün önündən keçirirəm. Anama paltar yuyanda və tut bəhməzi bişirəndə su daşımağım da məni tərk etməyən xatirələrimdi. Payızda çayqırağı bağlarda sarı xəzəlin xışıltısı qulağımda, həyətlərdə ucalan ot tayalarının şəkli gözümdə, dərilmiş almaların evimizdən gələn xoş ətri hələ də burnumdadı.

- Araşdırma, Laçın folkloru və sair, hardan gəldi ağlına?

- Salman Mümtazın "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabı mənə iki kitab yazmaqda bələdçi olub. Keçən əsrin əvvəllərində Salman Mümtazın M.Ə.Sabirlə apardığı müsahibə adı çəkilən kitabda yer alıb. Bu müsahibədən ruhlanıb mən də müxtəlif sənət adamlarıyla "Azərbaycan XXI əsr" qəzetində müsahibələr apardım. Axırda həmin müsahibələr "İlham qapısı" adıyla kitab halında çap olundu. Azərbaycan ədəbiyyatı qarşısında əvəzsiz xidməti olan Salman Mümtazın kitabını oxuyandan sonra 15 ilə hazırladığım ikinci kitab isə Sarı Aşığın "Güldəftəri" kitabı oldu. S.Mümtazın kitabında "Aşıq Abdulla" adlı məqaləni oxuyandan sonra məndə Sarı Aşiğın irsini bir kitabda toplamaq həvəsi yarandı. O taylı, bu taylı Azərbaycanda Sarı Aşığın adına olan nə qədər bayatı, şeir, bağlama-tapmaca, rəvayət və s. nə varsa yığıb topladım "Gül dəftəri"nə. Burada çəkinmədən onu da deyim ki, bu kitaba bir ad da verərdim - "Böyüklər üçün ana dili kitabı". Kitabı oxuyanlar niyə belə dediyimi bilirlər. Sarı Aşıq ana dilimizin hər qatında söz demiş ustad bir şairdir. "Laçın folkloru" kitabını yazmağa Laçın seçki dairəsindən deputatlığa namizəd olanda İsmayıllı rayonununda məskunlaşan Qorçu sakini Mələk nənənin dediyi bu bayatı səbəb oldu:

Ərəbəm oxumuşam,

Nə dərdi çoxumuşam.

Nə gələn var, nə gedən,

Elə bil yoxumuşam.

Laçında həmişə qonaq-qaralı olan ağbirçəyin qaçqınçılıqda üzləşdiyi unutqanlıqla barışa bilməməsi, öz yurdunda sayılması, indi isə heç kimin yadına düşməməsi ona çox yer eləmişdi. Bu bayatı bütün qaçqınlara aiddir, sadəcə Mələk nənə bunu dərdi kimi dəqiq ifadə eləmişdi. Namizəd olmağım bu yöndə - Laçın folklorunu toplamaq işində qapı-qapı gəzməyə mənə bəhanə verdi. Gəzib dolandıqca camaatımızın yaddaşında çoxlu ağız ədəbiyyatı nümunəsi olduğunun şahidi oldum. Kitabda otuz beşdən çox bölmə var. Elə bölmələr var ki, janr kimi folklorumuz üçün yenidir. Məsələn, bəzəmələr, səvələmələr və s. Kitaba ön söz yazan professor Kamil Vəli Nərimanoğlu belə bir inamını ifadə etmişdi – "Məncə bu gülməcələr özü gələcəkdə artaraq ayrılıqda bir kitab olacaq". Dediyi kimi də oldu. "Laçın folkloru" kitabındakı lətifələr say etibarı iə artırılıb, məkanı genişləndirilərək "Laçın lətifələri" adlı kitabı meydana gətirdi.

-İlham sən şeirlərində də, adi söhbətində də nigaran görünürsən. Narahatçılığın nədəndir?

- Laçında Sus kəndində Nemət babamın böyük qara damları vardı. Burda onu deyim ki, qara damlar Azərbacan xalqının ağız ədəbiyyatının nəsildən-nəslə keçməsində əvəzsiz rol oynayıb. Uzun qış gecələri nənələrimiz cəhrədə yun əyirə-əyirə balalara nağıl danışıb, tapmaca satıb, bayatı söyləyiblər. Bu zaman uşaqlar bir yandan nənələrin ağzından çıxanı yadda saxlayır, o biri yandan isə cəhrə əyirmək, xalça toxumaq, tikmə tikmək kimi sənətlərə yiyələnirdilər. Qara damlar dövrünün mədəniyyət evi, teatr səhnəsi və sənət öyrənmək məktəbi idi. Balalarım üçün Bakının istisindən daldalanmaq üçün babamın yurdunda bir ev tikərdim. Bakıda ev tikməyin çətinliyinə baxma, kənddə ev tikəndə bir materiala pul verirsən, bir də ustaya zəhmət haqqı. Qalan işi kənd əhli hav yolu ilə özü görürdü. Yayda balalrım çox əziyyət çəkir, necə deyərlər gedəcək yerləri yoxdu.

- Dostları qazanmaq asan olur, itirmək?

- Əlbəttə, qazanmaq çətindi, itirmək isə asan...

Tarix
2014.04.05 / 19:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla