Qusarda 177 il əvvəl rus şair Lermontovun yaşadığı ev
var, qarşısında da şairin barelyefi... Hamı oranı Lermontovun ev
muzeyi sayır. Təəssüf ki, həmin ev hələ də şəxsidir.
Qonşulara görə 30 il əvvəl yağışlı bir gündə inşa olunmuş xatirə
barelyefindən başqa bu küçədə Lermontovu nişan verə biləcək heç nə
yoxdur. Qafqazda sürgün həyatı yaşadığı müddətdə Azərbaycanla bağlı
üç poema, üç şeir yazan şairin hazırda Qusarda nə ev muzeyi var, nə
adını daşıyacaq küçə, nə də başqa bir zad...
Hərbçi olmasına baxmayaraq, zamanının həqiqətlərini bağıran
Lermontov Qafqaza "Şairinin ölümü" şeirinə görə sürgün edilib.
Puşkinin ölümünə yazılan həmin əsər 20 il sonra dərc olunmasına
baxmayaraq, əlyazma şəklində bütün ölkəyə yayılır. Qəribə tale
yaşayan Mixail Yuryeviçin sürgün həyatı da fərqli olur; Lermontov o
zaman itaətsizlik ocağı olan Qafqaza cərimə batalyonunda, Quba
üsyanını yatırmaq üçün - yəni ölmək üçün göndərilib. Lermontov
şairliyinə görə sürgün edilir, amma hərbçi kimi. Sürgün həyatını da
şair kimi yaşayır. O, Qafqaza çatanda Hacı Məhəmmədin başçılıq
etdiyi Quba üsyanı demək olar ki, yatırılmışdı.
Dünyanın ən nakam şairlərindən olan Lermontov Qusarda yaşadığı
qısa müdət ərzində üç poema, üç şeirə "hamilə qalır". Çiləgirli
riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən
"Aşıq Qərib" dastanını dinləyir. "Aşıq Qərib", "Qaçaq Hacı", "Qaçaq
İsmayıl bəy" poemalarını, "Xəncər", "Ayrılıq", "Gənc ləzgi"
şeirlərini qələmə alır. Üzərində daşıdığı zadəgan titulunu, hərbçi
buxovunu yırtmağı bacaran şair Qusarda yerli insanlarla yaxınlıq
edir. Bu məqam şairin "Molodoy Lezginets" (Gənc ləzgi) şeirində
səmimi hiss olunur. "Xəncər" şeirində isə şair ləzgi qızı qaragözlü
Zöhrənin prototipini yaradır.
Lermontov Qusarda 1837-ci ilin payızında, o zaman "Zabitlər
küçəsi" adlanan küçədə hərbi həkim Marşevin evində yaşayıb. Həmin
küçə indi Fəxrəddin Musayevin adını daşıyır. Bütün ədəbi və sənədli
mətnlərdə Lermontovun yaşadığı bu ev şairin ev muzeyi kimi təqdim
olunur. Elə qonşularla söhbətim zamanı da onlardan "şairin evi"
ifadəsini eşidib sevindim. Sonra dedilər ki, söhbət şair
Lermontovdan yox, keçmiş Mənzil Kommunal Təsərrüfatı Naziri Şair
Həsənovdan gedir.
Hazırda qapısı qıfıllı olan mənzildə adam gözə dəyməsə də, yay
mövsümündə evdə yaşayış olur. Qusar Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri David İbrahimxəlilov bu mənzilin Lermontovun ev
muzeyinə çevirmək planının mövcud olmadığını deyir. Səbəb kimi
şairə məxsus əşyaların kifayət qədər olmadığını və mövcud əşyaların
hamısının Qusar Tarix Diyarşünaslıq Muzeyində qorunduğunu bildirir.
Qeyd olunan muzeyin direktoru Xatirə Nağıbəyova muzeydə saxlanılan
əyşaların Lermontova məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı,
şairin gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı
aksesuarlardan ibarət olduğunu deyir. Ancaq Xatirə xanımın
sözlərinə görə, Qusar sakini Robert Səmədov adlı bir şəxsdə
Lermontova aid daha bir neçə əşya olubmuş. Sözügedən şəxs hətta bu
əşyalar arasında şairin çarpayısının, kitablarının və digər
çoxsaylı ləvazimatlarının da olduğunu bildirib. Ancaq əşyaların
muzeyə təhvil verilməsi məsələsi qeyri-müəyyən səbəblərdən
alınmayıb. Dahi şairin Qusarda qalmış izlərini aşkarlamaq üçün
Robert Səmədovu axtardıq. Axtarış uğursuz sonluqla bitdi: o bir
neçə ay əvvəl dünyasını dəyişibmiş...
Yəqin ki, əlaqədar qurumlar həmin əşyaları bir yerə toplayıb,
şairin Azərbaycanla bağlı xatirələrini, əsərlərini komplektləşdirib
yaşadığı evdə muzey yarada bilər. Axı bu gün dünyada Lermontov kimi
məşhur insanların sadəcə əyilib su içdiyi bulaqda belə abidə
tikilir, muzey yaradılır. Lermontov isə sanki bizi düşünüb,
Azərbaycanda olduğu qısa müddət ərzində 6 əsər yaratmaqla yanaşı,
kifayət qədər əşyasını da xatirə kimi burada saxlayıb.
Nakamlıq Lermontovun təkcə alnına deyil, xatirəsinə da yazılıb:
şairinin doğumunun 100 illik yubileyinə I dünya müharibəsi,
ölümünün 100 illiyinə isə II dünya müharibəsi təsadüf edib. Bu
günədək şairinin heç bir yubileyi təntənə ilə qeyd olunmayıb.
2014-cü ildə Lermontovun anadan olmasından 200 il keçir. Ümid edək
ki, tarixin Lermontov üçün tutduğu "nakamlıq orucu" heç olmasa bu
il pozulacaq.