ABŞ-da yaşayan ictimai fəal Tunay Əliyeva sərt tənqidçisi olduğunu bildirdiyi Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı məqalə paylaşıb.
Kult.az sözügedən yazını təqdim edir:
Bəli, mən uzun illərdir onun daxili siyasətinin tənqidçisiyəm. Özü də sərt… Bu siyasətin mənə bir qadın kimi, bir insan kimi vurduğu zərəri də yaşamışam. Mən bunu gizlətməmişəm.
Amma mən bir şeyə inanıram: Tarixə baxanda həqiqəti demək lazımdır, xoşumuza gəlsə də, gəlməsə də. Və bu həqiqəti üç səhnə ilə izah etmək istəyirəm:
Birinci səhnə
2020-ci ilin payızı.
Otuz ilə yaxın davam edən bir düyün var idi: Qarabağ.
Nəsillər dəyişmişdi. Prezidentlər dəyişmişdi. Diplomatlar, generallar, vasitəçilər… hamısı dəyişmişdi.
Amma xəritə dəyişməmişdi.
Bir gün səhər dünya televiziyaları eyni xəbəri verdi: Azərbaycan Ordusu irəliləyir.
Şuşa azad olunur.
Otuz illik işğalın simvolu olan şəhər geri qayıdır.
Bu, sadəcə hərbi əməliyyat deyildi.
Bu, son iki yüz illik tarixdə bu coğrafiyada işğal edilmiş torpağın ilk dəfə geri alınması idi.
Bunun siyasi məsuliyyəti də, tarixi imzası da bir adın üzərinə düşdü: İlham Əliyev.
Bu faktı sevmək məcburiyyətində deyilsiniz.
Amma bu faktı inkar etmək mümkün deyil.
İkinci səhnə
Cənubi Qafqaz.
Dünyanın ən mürəkkəb geosiyasi xəritələrindən biri.
Bir tərəfdə Rusiya.
Bir tərəfdə İran.
Bir tərəfdə Qərbin maraqları.
Belə bir coğrafiyada kiçik dövlətlər adətən iki seçim qarşısında qalır: ya baş əyir, ya da yox olur.
Amma Azərbaycan üçün üçüncü bir yol yarandı.
Enerji siyasəti, regional layihələr, diplomatik balans.
Bu gün ABŞ da, Avropa da, İsrail də Azərbaycanla hesablaşır.
Kiçik bir ölkənin böyük dövlətlərin masasındakı stula çevrilməsi təsadüf deyil.
Bu da bir səhnədir.
Və bu səhnədə də əsas aktor İlham Əliyevdir.
Üçüncü səhnə
Bu səhnə isə televiziyalarda göstərilmir.
Bu səhnə kəşfiyyat otaqlarında qurulur.
Siyasətdə bir lideri sındırmağın ən çirkin üsulu var:
Ailəsini hədəfə almaq.
Adını ləkələmək.
Qadınını təhqir etmək.
Övladını şantaj etmək.
Bu metod yüz illərdir işləyir.
Və təsəvvür edin bir anlıq o səhnəni:
Bir tərəfdə böyük dövlətlərin təzyiqi.
Bir tərəfdə informasiya hücumları.
Bir tərəfdə şantaj.
Və masanın o biri tərəfində bir adam oturub.
O adama deyirlər:
“Bir az geri çəkil.
Bir az güzəşt et.
Bir az torpaqdan ver.
Və biz də sənin ailənə toxunmayaq”.
Tarix boyu çox adam bu masada sınır. Çox adam deyir: “Yaxşı… götürün… amma ailəmi rahat buraxın”.
Bu insanidir.
Amma o adam bunu demədi.
Nə torpaqdan verdi.
Nə dövlətin mövqeyini satdı.
Nə də başını aşağı saldı.
Dimdik durdu.
Bax mənim üçün tarixdə qalacaq səhnə budur.
Bizim tariximizdə bir xüsusiyyət var.
Bəli, biz liderimizi tənqid etmişik.
Bəli, onun qərarlarının çoxunu müzakirə etmişik.
Amma tarixə baxın.
Biz heç vaxt liderimizi 20 faiz səhvinə görə asmamışıq, öldürməmişik, onu düşmənin qarşısında tək qoymamışıq.
Çünki biz belə millət deyilik.
Biz biqeyrət millət deyilik.
Bizim tariximizdə bir şey var: mərdlik.
Ona görə məncə indi hamımız bir anlıq dayanmalıyıq.
Kənara çəkilib sakitcə düşünməliyik.
Qadınlığımızı da, kişiliyimizi də, qürurumuzu da qarşımıza qoyub özümüzə bir sual verməliyik.
Bir anlıq özümüzü o səhnədə təsəvvür etməliyik.
O masada.
O təzyiqin qarşısında.
O qərarın qarşısında.
Və mən əminəm ki, o zaman hamımız eyni şeyi hiss edəcəyik.
Başa düşəcəyik ki, bizim Prezidentimiz İlham Əliyev təkcə bir siyasətçi deyil.
O, həm azərbaycanlı olaraq, həm insan olaraq, həm də lider olaraq tarixdə qalacaq böyük bir şəxsiyyətdir.
Və mən bir şeyə də inanıram.
Tarix çox qəddar bir hakimdir.
O, nə bizim şəxsi incikliklərimizi yazır, nə də gündəlik siyasi davaları.
Tarix yalnız böyük səhnələri yazır.
İllər keçəcək. Bugünkü mübahisələr, bugünkü qəzəblər, bugünkü siyasi söz savaşları hamısı unudulacaq.
Amma tarix bir cümlə yazacaq:
Bu coğrafiyada bir lider vardı. O, təzyiqin qarşısında əyilmədi.
O, torpağını vermədi.
O, dövlətini satmadı.
İndi isə sual İlham Əliyev haqqında deyil.
Sual bizim haqqımızdadır.
Biz o tarixi yazan millətin övladları kimi davranacağıq, yoxsa o tarixi yazan adamı tək qoyan bir millət olacağıq?
Tarix bu sualın cavabını bizdən gözləyir.