HAMDİ KOÇER: "MƏNİM ÇALIŞDIĞIM XƏSTƏXANALARA ZƏNG
VURARAQ "ONU İŞDƏN ÇIXARIN" DEYİLİB"
İstanbulda yerləşən "Neolife" Tibb Mərkəzində çalışan cərrah
Hamdi Koçeri Azərbaycanda tanıyanlar xeyli çoxdur. Xüsusən döş
vəzisinin xərçəngi diaqnozu qoyulan qadınlar üçün bu ad az qala
xilaskar kimi qəbul edilir. Bunu H.Koçerin sosial şəbəkədəki
ünvanına müraciət edən, azərbaycanlı həkimlərin qoyduğu yanlış
diaqnozdan əziyyət çəkən qadınların çoxluğundan da müəyyən etmək
mümkündür.
Amma bu günlərdə Bakıya gəlib, xəstələrini qəbul edən H.Koçer
klassik Azərbaycan reallıqları ilə qarşılaşıb. O, yaşadıqlarını
sosial şəbəkədəki statusunda yazıb. Statusu nəzərinizə çatdırırıq:
"Həftə sonu Bakıda idim. Şənbə günü 21 xəstəyə baxdım. Bazar günü
31 xəstəyə baxdım və bazar ertəsi günü üçün də qəbula 20 xəstə
yazılmışdı. Amma prezidentin yardımçısı "Elva" xəstəxanasına zəng
vuraraq belə dedi: Əgər mənim orda işləməyimə icazə verilərsə,
idarə bütün klinikanı bağlayacaq. Mən də bazar ertəsi günü
xəstələrimi görə bilmədən İstanbula geri qayıtdım. Qəbula yazıldığı
halda görüb müayinə edə bilmədiyim xəstələrimdən üzr istəyirəm.
Amma bilinsin ki, bunun cavabdehi mən deyiləm, Azərbaycan
yönətimidir. Bu gün bir xəstəmdən məktub gəldi: "Mən sizinlə bağlı
sosial şəbəkələrdə yazılmış məlumatları oxudum. Çox təəssüf edirəm.
Bizim sizin kimi həkimlərə ehtiyacımız var"".
Xatırladaq ki, H.Koçer daha öncə də Azərbaycandakı səhiyyə ilə
bağlı statuslar paylaşıb. O statuslardan biri də jurnalist Anar
Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə
bağlı olub. Həkim E.Tofiqqızına qoyulan diaqnoz və müalicənin onun
üçün qaranlıq qaldığını yazıb: "Əcəba bu qadın hansı məqsədlə süd
vəzisi əməliyyatından keçirildi? Mastopatiya ? Fibroadenom ? Yoxsa
həqiqətən xərçəng idi? İynə biopsiyası ilə dəqiq diaqnoz var
idi?"
Elə bu statuslar və onun son yazdıqları Azərbaycan səhiyyəsinə
bələd olduğunu göstərir. "Yeni Müsavat" da baş vermiş bu
özbaşınalığın detallarına aydınlıq gətirmək üçün türkiyəli həkimlə
əlaqə saxladı. H.Koçer əməkdaşımızla söhbətində Bakıda ona qarşı
edilən təzyiqlərdən danışdı: "Mənim çalışdığım "Elva"
xəstəxanasının sahibi Elnur bəyə və atasına "prezidentin
yardımçısı" (biz müsahibimizdən bu şəxsin kim olduğunu
dəqiqləşdirmək istəsək də, onun əslində bu şəxs barədə heç bir
məlumatı olmadığı bəlli oldu. Sadəcə onu vurğulayaq ki,
Azərbaycanın hakimiyyət iyerarxiyasında "prezidentin yardımçısı"
adlı hər hansı vəzifə yoxdur - müəllif) tərəfindən zəng vurularaq
xəbərdarlıq edilib. Mən bilmirəm ki, konkret bu təzyiqin səbəbi
nədir. Çünki Azərbaycanda kimsə bu günə qədər birbaşa üzümə bir şey
deməyib. Amma çalışdığım, əməkdaşlıq etdiyim xəstəxanaların
sahibləri və ya rəhbərliyində təmsil olunan şəxslərə bir qayda
olaraq zəng edərək təzyiq göstəriblər. Deyiblər ki, məni işdən
çıxarsınlar. Eləcə də süd vəzisi xəstələrinə baxmamağımla bağlı
xəbərdarlıq edilib".
Müsahibimizin iddiasına görə, daha öncə iki xəstəxana sahibinə
birbaşa doktor Əliyev tərəfindən zəng olunub. Bu iddiasını təsdiq
edən hər hansı sübutu olmasa da, H. Koçer bunları dedi: "Hesab
edirəm ki, onkoloji xəstəliklər Azərbaycanda "milli" bir xəstəlik
olaraq qəbul edilir. Yəni, ancaq onkoloji xəstəliklər "milli"
sayılır, çünki xarici həkimlər onkologiya xaricində başqa
mövzularda çalışa bilirlər problemsiz olaraq. Mövzu onkologiya
olanda isə xəstəlik bir anda "milli" xəstəliyə çevrilir və sadəcə
"milli onkologiya"nın öhdəsinə buraxılır. Hesab edirəm ki, bu
mövzunu "milli onkologiya" tərəfindən araşdırmalısınız. Hətta
oradakı rəhbərlərdən də soruşmalısınız ki, nədən "milli
onkologiya"? Xəstəliyin və ya müalicənin dini, irqi ola bilərmi?
"Milli onkologiya" bu məsələdə bir monopoliyanı təmsil edir.
Halbuki xərçəng xəstəliyi Türkiyədə nədirsə, Amerikada nədirsə,
Azərbaycanda da eyni deyilmi? O zaman niyə adı "millidir" və bu
məsələdə bir monopoliya var? Mən niyə Azərbaycanda süd vəzi
xərçəngi xəstəsini müayinə edə bilmərəm?"
Müsahibimiz dedi ki, hər il 20-30 azərbaycanlı qadını İstanbulda
əməliyyat edir: "Onların sayı dayanmadan artır. Bu xəstələr diaqnoz
və müalicə üçün mənim yanıma gəlir. Nəticədə də sizin ölkənizdən
pul çıxır. Ona görə də düşündüm ki, həm Bakıya gəlim, əməliyyatları
orada edim, müayinədən keçirim xəstələrimi. Azərbaycanlı həkimlər
isə onların şüa və kimya terapiyalarını həyata keçirsin. Amma qəbul
etmədilər. Dedilər ki, ya xəstələri İstanbulda əməliyyat et, biz də
burda şüa və kimyaterapiyanı edək. Ya da burda əməliyyat et,
sonrakı onkoloji müalicə üçün İstanbula apar. Həmin vaxt Mərkəzi
Klinikada idim. Oranın rəhbəri Məlikşah bəy də bu olaylara
şahiddir. Mən bir daha Bakıda heç xərçəng əməliyyatı etmədim. Amma
məndən daim kimlərsə şikayət edir və işləməyimə mane olur. Onun kim
olduğunu isə mən bilmirəm".
"Yeni Müsavat" yazıda adı çəkilən klinikalardan mövqe öyrənməyə
çalışsa da, buna nail ola bilmədi. Amma iddialara cavab vermək
istəyən əlaqədar şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.