Yuxarı

“O, biz kişilərin içindəki dişiliyimizdir...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az "Tarixi nadir" layihəsində Güntay Gəncalpla müsahibəni təqdim edir.

II hissə

(əvvəli burada)

– Maraqlıdır, yuxularda da demək...

Yuxularda üzünü görmədiyimiz bir şəxs var. O, bütün yuxularımızda var, ancaq onu yadımızda saxlaya bilmərik. Bəlkə də o bizim içimizdəki erkəkliyimizin tamamlayıcısı olan dişiliyimizdir. Yəni bəlkə də, üzünü heç bir zaman görmədiyimiz, ancaq bütün yuxularımızda olan o görüntü Tanrının özüdür. Orada bizim yuxudakı həyatımızda o da, o üzünü görmədiyimiz və görə bilməyəcəyimiz hər şeyi bilən şəxs də aktivdir. Ya da sanki yuxuda bütün başımıza gələnləri o planlayır. Hətta yuxunu gördüyümüzdə nələri yaşayacağımızı bilmirik, lakin nələri yaşayacağımızı onun öncədən bildiyini bilirik. O, gərəkdiyində önümüzə bir qadın çıxararaq onunla erotik ilişkilər yaşamamıza imkan yaradır. Lakin yuxuda bir də tanıdığımız bir qadın var. Adətən hər kəsin birini sevib və onun üçün yaxıldığı biri olur. Bu sevgi insanın ruhunda bir yanıq yarası açarsa, yuxudakı erotik ilişkilər və erotik söhbətlərdə o qızı çox görərik. 50 yaşlarda da o yanıq yeri unudulmaz və röyalarda yenidən fəallaşar.

– Bu söylədiklərinizin elmi açıqlaması ilə bir yerdə qarşılaşdınızmı?

Ünlü cərrah psixoloq Yunq bunu animaanimus qavramları ilə açıqlayır. Anima və ya xəyali qadın kişinin şüuraltında varlığı qadın kimi sezmə durumu ikən, animus və ya xəyali erkək də qadının təbiətində varlığı kişi kimi sezmə fəaliyyətidir. Yəni kişinin çox böyük bir hissəsi erkək ikən, onun içində kiçik bir bölüm də qadındır. Qadınlarda da bunun tərsinə. Bu kiçik bölüm şüuraltında yerləşir. Biz onun fərqində olmasaq da, davranışlarda özünü göstərər. Qadından xoşlanma da o kiçik bölümün genişləmə fəaliyyəti kimi önümüzə çıxar. Qadınlarda da tərsinə. Anima və animus yuxularda, xəyallarda, sənət əsərlərində və özəlliklə şeirdə varlığını göstərər. Yunq bunu insanın ən əski arxetipi olaraq tanımlar. Hər kişi öz içində əzəli bir qadın və hər qadın da öz içində əzəli bir kişi təsviri və təsəvvürü daşımaqdadır. Bu təsvir hansısa bir qadın deyil, sevdikdən, sevdiyinlə evləndikdən sonra da bu təsvir insan təbiətini tərk etməz. Bu, irsi bir xatirə olaraq kişi və qadının həyat sistemi içində yerləşdirilib. Bu sistemin çöküşü ilə psixoloji problemlər ortaya çıxar və insan dərin depressiyaya uğrar. Anima bilinən yönə doğru fəaliyyət göstərməz. Çünki bilgi beyinin və vücudun bəlli tərəfidir. Anima və animus bilinməyən qaranlıqlara tərəf sürüklənər. Həyatdakı faciələrin və ya erotik sıçramaların da səbəbi budur. Bu üzdən erotik açılım sirli yollarla ya sınırlanıb, ya da yasaqlanıbdır.

– Nədən və necə sınırlanıb?

Sosial duyğular, ictimai və əxlaqi ölçülər və ən nəhayət, bizim həyat sistemimizi kontrol edən ağıl tərəfindən instinktlər sınırlanar. Erotizmin təhsillə ilgili olduğunu da unutmamaq gərəkir. Təhsilsiz erotizmin sonu yaxşı olmaz. Təhsilsiz toplumlarda erotizm tabuya dönüşər və ədəbiyytı öz kontrolu altına alar, erotik dərinliyi olan şeirlər yazılmaz. Tabuların hakim olduğu və erotik mövzulara yasaq qoyulan ölkələrdə əxlaqsızlıq və fahişəlik baş alıb gedər. Müsəlman ölkələrində olan fahişəliyin mində biri azad Avropa ölkələrində yoxdur. Bəzi dillərin erotik dərinlikdən məhrum olmalarının səbəbi bu yasaqlar və tabulardır. Demokratik ölkələrdə və qadına özgür insan kimi baxan anayasalarda erotizm bir yaşam imkanı kimi ortaya çıxaraq şeirdə öz yansımasını tapar, ancaq dini diktatorluq yönətilən ölkələrdə bu imkanlar söndürülər, şeir qısırlaşar. Bu üzdən qaranlığa gömülü müsəlman ölkələrinin düşünən gəncləri öz vətənlərində psixoloji sıxıntı yaşamaqda ikən, Avropada psixoloji güvənliklərini kəşf edərlər.

– Xalq kültüründə bunun nümunələri ilə qarşılaşmaq mümkündür?

Xalq kültüründə bunun aşırı şəkilləri ilə qarşılaşmaq mümkündür. Ancaq xalq dilində yayğın olan bəzi deyimlərdə erotizmin fəlsəfəsi və tarixi ilə də qarşılaşmaq mümkündür. Yunq alman dilindən "Hər Adəmin içində bir Həvva və hər Həvvanın içində bir Adəm var" deyə bir ata sözünü açıqlayaraq öz anima (kişi ruhundakı dişi) və animus (qadın ruhundakı erkək) qavramlarını açıqlar. Əslində, mənə görə, Tövratda keçən yaradılış dastanı da elə bundan ibarətdir. Yəni Adəm yatdığı yerdə onun qabırğasını çıxarıb Həvvanı yaratmamışlar. Bunlar mifik ifadələrdir. Bunlar din dili ilə açıqlanan rəmzlərdir. Yaradılış dastanındakı açıqlama hər kişinin içində bir qadın və hər qadının içində bir erkəyin olduğunu din dili ilə anlatmış. Bunun elmi və sənət dili izahı olmalıdır. Sadəcə, atalar sözündə deyil, bəşər tarixində lətifələrdə də erotizm və seks mövzusu görünmüş. Bütün xalqlarda üç mövzu ətrafında lətifələr düzəldilmiş: din, qövmlər, seks təmayüllü erotizm. Bu üç mövzu ətrafında insanlıq tarixən gülməli sözlər düzəldib gülüşərək stres atmış. Tarixdə, bəlkə də, seks, din və qövmlərlə ilgili gülməli lətifə bilməyən insan tapılmaz. Çünki hər üçü də gerçəkdən də çox sirli mövzudur.

– Bizim ədəbiyyatımızda erotizm məsələsinə qayıdaq, məsələn, klassik ədəbiyyatımızda erotizm nümunələri ilə qarşılaşmaq mümkündürmü?

Klassik irfan ədəbiyyatının şeirlərində erotizm çox ciddi mövzulardan biri olmuş. Dodaq, qadınların məməsi, yanaq kimi bədən nahiyələri toxunuş həsrətini və öpücük qondurma diləyini ifadə etmiş. Mövlana Cəlaləddin Rumi, Hafiz Şirazi, Füzuli, Şəhriyar və digər böyük söz ustalarında erotizm çox nazik, estetik və bəzən də çılpaq şəkli ilə bəyan edilib. Məsələn, Hafiz Şirazi deyir:

"Qoca olsam da, məni bir gecə sıx qoynuna al,

Sabah erkən yuxudan yepyeni bir gənc oyanım".

– Aha...

– Mövlana Allahla sevişməsi haqda şeirlər yazmış. Füzulidə isə erotizm möhtəşəm üslubla verilib. "Bizim dilimiz erotizmə yatqın deyil" söyləyənlərin Füzulini yaxşıca oxumaları gərək. Füzuli irfanında erotizm də insanı doğruya və doğruluğa çatdıran amil kimi ortaya çıxar. Bunu ən estetik biçimdə Füzuli bir çox qəzəllərində dilə gətirib. Məsələn, Füzuli bir şeirində dərələrdə axan suların erotik və qadın bədəninə toxunma kimi amacının olduğunu bəyan edər. Ya da Füzulinin hamamda çimən qızın bədənini sözlərlə təsvir etməsi erotizmin şeirdəki yeri baxımından çox maraqlıdır. Füzulinin şeirlərində təbiət ilə erotik ilişkilər geniş ölçüdə ələ alınar. Bir qəzəlində çəmənlikdə gəzən qızın ayaqlarını yaşıl çəmənliyin öpərək zövq aldığını, bayıldığını yazaraq, çiçəklərin qızın baldırları və ayaqlarına erotik toxunuşu təsvir edər. Aşiqin də o çiçəklər və çəmənlər kimi o gözəlin baldırlarına və ayaqlarına toxunuş xəyalını dilə gətirər. Qızların örtünməsinə qarşı çıxaraq, gözə görünməyən bir gözəlliyin heç bir anlam daşımadığını deyər.

– Hə...

– Füzulinin bir müsəlman olduğunu bilirik. Bu arada, yeri gəlmişkən, qadınlara zindan həyatı yaşadan örtü haqqında da bir şeylər demək istərdim. İslamda da örtünmə deyə bir əmr yoxdur. Hicab ayələri Məkkədə deyil, Mədinədə gəlib. O zamanın Mədinəsində güvənsizlik və fahişəlik var idi. Fahişələrdən seçilmək üçün müsəlman qızlara deyil, sırf müsəlman qadınlara fərqli geyim biçimi tövsiyyə edilib. Güvənlik var və küçələrdə fahişələr dolaşmırsa, artıq örtünməyə də gərək yoxdur. Hətta güvənsizlik olsa da, örtünmək, sadəcə, bir tövsiyyədir. O da bu qorxunc qaralara bürünmək şəkli ilə deyil.

– Aha, dayanın. Şəhriyar bizim dövrdə yaşamış şairdir və dili də daha anlaşılandır. Bəs Şəhriyarın şeirlərində erotizm haqqında nə deyə bilərsiniz?

Şəhriyarın şeirlərində erotizm çox geniş vüsətlə yer alıb. Şair təbiəti də dişi olaraq görər. Dağların köksündəki təpələri qadın məmələri kimi görür. Az öncə dedik ki, şair nəsnələri və təbiəti dişi olaraq görər. Şəhriyar da qadın bədənini təbiətə bənzədər. Təbiətə toxunuşu qadın bədəninə toxunuş kimi açıqlar. Dağların köksündə axan bulaqdan su içməyi qadın məməsini əmmək kimi təsvir edər. Şəhriyarın ən şah əsəri "Səhəndiyyə"dir. Çünki bu əsərdə vəzn, musiqi, şeirin iç düzəni, sərbəst şeirlə qafiyəli şeirlərin iç-içə girməsi möhtəşəm bir təsvir yaradır. Şəhriyar burada qadının güngörməzindən boğazına tərəf yüksələn nahiyəni təsvir edir. Göbək və sonra köksdəki irəli gələn iki məmə. Nədir bu məmələr? Biz uşaqlıqda o məmələri əmib həyata giririk. Gəncləşdiyimizdə də ilgimizi ən çox çəkən qızların məmələrdir. Təbiəti dişi olaraq görən Şəhriyar dərənin dibindən zirvəyə doğru yüksələn Səhənd dağını təsvir edir. Tam bir qadın bədəni kimi və zirvəyə çatmadan dağın köksündə qadın məmələrinə bənzəyən irəli çıxmış kiçik təpəciklər var. Məmələr qadın sinəsində dik olaraq önə çıxdığı kimi, təpələrdə dağın köksündə tam məmələr kimi önə çıxmış. Qadın məməsindən axan həyat suyu kimi, bu dağın köksündə yerləşən məmələrdən də həyat suyu axır, qadın məməsini əmərcəsinə o suyu da əmərək zövq alar, həyat duyğularımızı coşdurarıq. Həm də bu dağın köksündəki məmələr əprimiş yaşlı qadın məməsi kimi deyil, gənc və toxunulmamış qız məməsi kimi, "şux" məmələrdir.

Azərbaycan Respublikasının şairlərində bu təsvirlər varmı?

Var. Ramiz Rövşənin şeirlərində dərin erotik duyğular və dünyagörüşü var. Rövşənin bir çox şeirlərində içimizə gömdüyümüz, yaşaya bilmədiyimiz erotizmlə qarşılaşarıq. Bizi ruhun daha üst qatlarına yüksəldən erotizmlə qarşılaşarıq.

– Məsələn...

– Məsələn bu parçalara diqqət edin:

"Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından.

Eşitsəm adımı sevən bir qızın

Hələ öpülməmiş dodaqlarından

Bu yaz gecəsində ölməyə nə var.

Çiçəklər doğulur bu yaz gecəsi

Parisdə, Təbrizdə, həyətimizdə..."

Bu misralar başdan sona qədər sevgi və erotizmdir. Təbriz bir də bu şəkildə təsvir edilərək sevilməlidir, sadəcə, qaba qəhrəmanlıq və inqilabi şeirləri ilə deyil. Təbrizdə sevişmə azadlığı olduğunda və bu şəkildə çiçəklər orada açdığında ölkəmiz azad olacaq.

Bəs qadın şairlərin şeirlərində erotizm necə ifadə olunub?

– Qadınlar ictimai, mədəni və kültürəl həyata gec girdiklərindən bütün dünya şeirinin böyükləri kişilər olub. Kişilər nəsnəni dişi olaraq görməyi bir sənət kimi gəlişdirsələr də, qadınlara düşünən, zövq alan azad bir insan kimi baxmamışlar. Bu üzdən qadınlar tərəfindən yazılan əsərlərdə qadınlıq hiss olmamış, ya da çox az hiss edilib. Məhsəti Gəncəvinin rübailərində erotizm qismən vardır. Özəlliklə onun rübailərində qadın olduğu açıqca sezilməkdədir. XIX əsrin sonlarına doğru Tahirə Qurrətuleyn şeirlərində erotik baxış bucağı gəlişdirmişdi, onu da şiə-molla-feodal sinfi öldürdü.

Çağdaş şeir örnəklərində qadın şairlər bu istiqamətdə bir iş görüblərmi?

– İranda Füruğ Fərruxzad adında çox önəmli bir şair xanım olub. XX əsrin ortalarında böyük əsərlər yazdı. Ancaq çox gənc öldü. O, böyük cəsarətlə şeirlərində varlığı erkək kimi görməyi dilə gətirmişdi. Ayrıca, qadınların da sırf seks makinaları olmadıqları yolunda mücadilə aparmışdı. Bilirsiniz, həm klassik dönəmdə, həm də çağımıza yaxın dönəmlərdə şairlərin adı şeirin altında yazılmazsa, müəllifin qadın olduğunu anlamarıq. Lakin Füruğ Fərruxzadın bütün şeirlərində adı olsun, ya da olmasın, yazarın qadın olduğu açıqca sezilər. Füruğ Fərruxzad qadının macəra dolu bir kitab olduğunu və erkəklərin də bu kitabın ancaq seks adlı səhifəsini oxumağa aşırı meylli olduqlarını vurğular, ancaq bu kitabın digər səhifələri də oxunmadıqca qadının necə bir varlıq olduğu anlaşılmayacaqdır. Bu düşüncəsini bir dördlüyündə bu şəkildə bəyan edər.

Modern dünyada qadın bədəninin reklamı erotizm anlayışı içinə girərmi?

Kapitalizmin qadın bədənini ticarət nəsnəsi olaraq qullanması ilə müsəlmanların qadın həyatına yüklədikləri qaranlıq, cəhalət və aşırı sınırlamalar eyni şeydir. İkisində də qadın azad insan olaraq qəbul edilməz. Kapitalizmin nəsnələşdirib kimliksizləşdirdiyi qadın varlığı kimi, qadının daş-qalaq edildiyi ölkələrdə də nə sevgi, nə də erotizm kimi incə duyğular üzərinə doğru bilgi əldə etmək olar. Pornoqrafiyanın erotizmlə əlaqəsi yoxdur. Erotizm gerçək həyatda alınan zövq deyil, xəyalın və ruhun zövqalma biçimidir. Bu üzdən onun metafizik tərəfi də var. Şeiri də bizə cazibəli qılan budur, şeir bizə metafizik erotik duyğuların həzzini yaşadar.

Tarix
2015.03.05 / 23:17
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla