Yuxarı

“Biz türk deyilik” deyənlərə…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 May qarşısında dünyadakı bölücülüyə bir baxın. Doğrudur, heç də hamı Avropa dövlət və hökumət başçılarının Moskvaya gəlməkdən imtina etməsinin səbəblərini hər gün dünyaya yanlış bir dillə kultivasiya edən beynəlxalq medianın təqdim etdiyi kimi düşünmür, çünki yaddaşsızlığın və zombiləşmənin təsirinə uymayanalar yetərincədir. Vaxtilə dünyanı bürüyən inqilab bayraqları altında sağa-sola sürülən kütlələr indi daha böyük əzmlə oynanılan tamaşaların növbəti savaşların prelüdi olduğunu yaxşı dərk edir.

Proses Hitlerin tarixi bəraət alması ilə nəticələnsə, qətiyyən təəccüblənmərəm. Çünki faşizmin stalinizmlə bərabərləşdirilməsi, hər iki sistemin zahiri totalitar ideologiya oxşarlığı üzərindən çıxış edənlərin məqsədi təkcə uzun on illər boyunca İkinci Dünya müharibəsində rollarını şişirtməyə çalışan Qərb koalisiyasının riyakarlığını deyil, həmçinin desovetləşmə adı altında vaxtilə böyük bir imperiya qurmuş xalqları yenidən məhv edib öz əsarətinə salmaq niyyətidir.

İndi Ukraynada silinən kommunizmin izlərinə yaxşı baxın. Keçmişin inkarı üzərində qurulan yeni Avropa divarları dünən faşizmə qarşı eyni səngəri bölüşərək Berlinə qədər gedib çıxmış vahid Sovet xalqını düşmən barrikadalara çəkilməyə məcbur edib. Ata-babalarının yaxalarından asdıqları orden-medalları çıxarıb onu tarixin zibilliyinə atanlar təntənəli bir şəkildə demokratiya akademiyalarına qəbul olunurlar. Diqqət edin hazırkı Ukrayna hökumətinə: onları himayə edənlər sanki İkinci Dünya müharibəsində məğlub olan almanların qisasını alırlar. Cəmi 70 il əvvəl hitlerizmi yıxmağa qalxmış iki slavyan millətini indi böyük toqquşmadan ayırmaq üçün Angela Merkel baş vasitəçi olub. Tarixin ironiyası bax budur.

Əslində Avropada qanlı tarixi xatırlamağı o qədər də sevməyən milyonlarla insanın tələbini nəzərə alıb ilk dəfə 9 Mayda Almaniya Bundestaqında keçirilən anım mərasimində əsas nitqi prezident və ya kansler deyil, tarixçi alim edəcək. Yox, məsələ heç də iqtisadi böhranların kölgəsində qalmış məğlubiyyət, ağrı və itkilərdən ibarət keçmişini unutmaq istəyində deyil. Lakin anti-Rusiya isterikası elə bir miqyas alıb ki, qərblilər tarixin heç bir dövlət başçısının əlində özünün avtoritar hakimiyyətinə legitimlik qazandırmaq istifadəsinə bu yolla qarşı çıxaraq, səhnəni alimlərə veriblər. Ancaq burada da ikiüzlülükdən əl çəkə bilməyiblər. Sübut axtarırsız? Elə isə 1940-cı ildə az qala döyüşsüz Hitlerə təslim olmuş və bununla da 3-cü Reyxin dünyəvi hökmranlığının qarşısının alınmasında müstəsna xidmətləri olmayan Fransanın hazırkı prezidentinin davranışlarına diqqət yetirin. Moskvadakı hərbi paradı və qələbə təntənəsini Putinin yeni Avropa yürüşünün baş məşqi adlandıran Fransua Oland Stalinin tiraniyası altında azad olmuş Parisin istiqlaliyyətini, özgürlüyünü bir kənara buraxıb, gəlib 24 apreldə İrəvanda ermənilərlə həmrəylik nümayişlərinə qatılacaq. Ötən əsrin iki müharibəsinə yanaşma fərqini gördünüzmü? Tutalım, dərsliklərdən çıxardığınız Böyük Vətən Müharibəsinin sərhədləri indi bir-birinə qarışdığından hansısa arqumentlə rusları kommunistlərin tarixi qələbələrini təkbaşına özəlləşdirməkdə qınaya bilərsiniz. Bəs onda Birinci Dünya savaşının ikincisindən müqəddəsliyi nədədir? Putinlə bir sırada dayanmaq faşizmin oyanışına və yeni müstəmləkə hərəkatına xidmət hesab olunursa, yüz il əvvəlki Türkiyəni bölüb-parçalamaq üçün aparılan savaşlar "erməni soyqırımı"nı tanımaq adı altında niyə yenidən dirçəldilir?

Əgər imperiyalardan qisas almaq gərəkdirsə, onda türklərin qurduğu Osmanlının qorxusu Rusiyanın hazırkı niyyətlərindən çoxmu təhlükəlidir? Ərdoğanı sultan adlandıranların onun ərəb dünyasına göz dikdiyini deyəndə, gərək dönüb özlərinə baxsınlar. Məgər, Yaxın Şərqdə sümürgənlik yapan ordular Amerikaya və Britaniyaya məxsus deyil? Yəqin, dünya insanının beyinini yuyanlar işğalçılıq ideologiyasının demokratiya bayrağına necə büründüyünün görünmədiyini zənn edirlər. Deməli, Avropa özünə lazım olanda bir neçə əsr əvvələ qayıdıb zamanın çarxını geri döndərmək hüququna malikdir.

Türkiyə üzərində qurulan siyasi Nürnberq məhkəmələrinin əsil səbəbi də məhz budur. Atatürk 1919-cu ildə meydana çıxmasaydı, hazırda müsəlman dünyasında nəhəng bir türk dövlətinin yerində monarxik quruluşa dayanan, əraziləri bir neçə paytaxtlara verilmiş geriqalmış yarımmüstəmləkə rejimin şahidi olacaqdıq. Ona görə 100 il əvvəlki yarımçıq qalmış ssenarini davam etdirənlərin məqsədlərini anlamaq o qədər də çətin deyil. Düz dörd cəbhədə - Antantaya, yunanların istilasına, yaxud balkanlarda formalaşan üsyançılara, həmçinin daxildəki imperiya qalıqlarına qarşı döyüşən böyük Mustafa Kamalın tarixi missiyasını indi təkrarlamağa həyati bir zərurət yaranıb. Fransız və ingilis qoşunlarının o vaxt tutduğu Anadolu indi hüzur içində də olsa, türklər əleyhinə beynəlxalq təzyiqlər heç vaxt indiki qədər sistemli və təsirli olmayıb. Rusiyanı bir, Türkiyəni isə ayrı keçmişinə görə mühakimə edirlər.

Vatikan kilsəsinin verdiyi mesajla hərəkətlənən dini və siyasi mərkəzlərin Türkiyəyə vurduğu zərbələri rəsmi Ankaranın soyuqqanlıqla seyr etməsi çoxlarında fərqli təəssüratlar yaradıb. Gerçəkdənmi, sükut diplomatiyası belə yerdə daha yararlıdır, yoxsa daxildə konstitusion islahatlara və dövləti yenidən şəkilləndirməyə başı qarışmış Ədalət və İnkişaf Partiyası ona qaşı yürüyən oyunda hazırlıqsız yaxalanıb və Çanaqqala zəfərini Moskvadakı qələbə nümayişlərinə bərabər tutanları görə bilmir.

Bir millətin iki paytaxtında - Bakıda və Ankarada tamam fərqli bir dünya duyumu var. Azərbaycan diplomatiyası anti-türk qovğasına qarşı daha təsirli dirəniş anlayışına sahib olarkən, hətta buna görə Prezident İlham Əliyevin Əhməd Davudoğluna telefon açması fonunda belə qeyri-adekvat tövr, yaxud yüz ilin inkarını nəzərdə tutan arqumentlərin zəif bir şəkildə səsləndirilməsi davam edir. Doğrudanmı, oturuşmuş dövlət ərkanı belə olmalıdır? Bəlkə, Azərbaycan yenicə müstəqilliyə qovuşanda ölkəmizdə iki cinaha ayrılmış türkpərəstlərlə rusofillərin savaşını təzədən dövriyyəyə qaytaranların məntiqində bir həqiqət payı var?

Yaddaş təzələnməsi üçün zəruri xatırlatma: Sovetlər Birliyi dağılanda ölkəmizdə hakim kursa çevrilən türkçülük ideologiyasının əleydarları dərhal bolşevizmin ilk illərinə qayıdıb qaranlıq arxivlərin "xəyanət dosye"lərini işıq üzərinə çıxardılar. Böyük Atatürkün Leninə məktubunu, hətta az qala o vaxtkı 11-ci Qızıl Orduya komandanlıq etmiş Xəlil paşanı demokarik cümhuriyyətin süqutunun əsas baiskarı kimi elan edənlərin ilk qaranquşları bax onda meydana çıxdı. Halbuki Nuru Paşanı Bakıya göndərilməsini, ermənilərlə savaşa hazırlanan ilk Azərbaycan hərbi birliklərinin formalaşdırılmasını və sonrakı illərdə gerçəkdən də anti-ingilis dalğasında yaranmış bolşevizm-kamalizm ittifaqını heç də yenicə azadlığına qovuşmuş Azərbaycan Cümhuriyyətinin boğulmasına deyil, Türkiyəni ələ keçirmiş beynəlxalq imperializmə qarşı olduğunu vurğulamaq onların yadndan çıxdı. Yoxsa, Atatürk əlini uzatsaydı, guya "Bakıdan keçib İstanbula gedəcək bolşevik silahlı dəstələrinə müqavimət göstərmək lazımdır" əmrini versəydi, Leninin tankları Qafqazı tutmayacaqdı? Bunu deyənlərin ötən əsrin əvvəllərində hökm sürən dünya inqilablarından, məsələn, Kayzer Almaniyasının yıxılmasından, Təbrizi ələ keçirən Britaniya ordularından və artıq Avropada qurulmağa başlayan Amerika müstəmləklərindən xəbəri yoxdur.

Bəs elə isə Azərbaycanın Qarabağ savaşı olmasaydı, Ermənistanla tarixi düşmənçiliyini Sovet illərindəki kimi bir kənara qoyub onunla yaxın qonşuluq və dostluq siyasəti yürütmək mümkün olacaqdımı? Bir az da sualı genişləndirib "bir millət - iki dövlət" formulunun əleyhinə olanların leksonuna yaxınlaşdırsaq, Türkiyənin əsrin əvvəllərindəki qovğalardan çıxmaq üçün bizə arxa çevirdiyini, hətta xəyanət edərək qan qardaşlarını satdığını iddia etmək doğrudurmu?

Əslində, diqqət edirsinizsə, düşmənin ən böyük üstünlüyündən biri müxtəlif dövrlərində belə təfriqə ideologiyalarını dövriyyədə saxlamağı bacarmasıdır.

Bilirsiz, yüz il əvvəl Amerika prezidenti bir plan hazırlamışdı. O vaxt Osmanlıda çalışan amerikalı səfir Morgentaunun yazdığı raportlar indinin özündə də dünya erməniçiliyinin əsas siyasi silahıdır. Vilson Türkiyənin beş vilayətində Ermənistan dövlətini yaratmağı təklif edirdi və bununla da yarım milyona qədər qırılmış bir xalqın pozulmuş haqqını bərpa edəcəkdilər. O vaxt beş yüz illik imperiya səltənətinin sonuna yaxınlaşan Osmanlı rəhbərləri, onların içində yetişən gənctürklər və sonra milli azadlıq hərəkatına başçılıq edən Mustafa Kamal da Amerika prezdentinin təkliflərini rədd etdilər. Belə olanda artıq çarizmin yerində meydana çıxmış müstəqil Ermənistan dövlətinə Azərbaycanın ərazilərindən pay verildi. O cümlədən, İrəvan da beləcə 9000 kvadrat kilometrlik ərazisi ilə ermənilərə paytaxt kimi hədiyyə edildi. Məgər Türkiyədəki köçürülmələr və savaş olmasaydı, o zamankı Azərbaycan hökumətinin yetərli milli gücü, hərbi imkanları dünyanı yenidən bölüşdürənlərin qarşısında dayanmağa çatardımı ki, Vilsonun, yaxud bolşeviklərin planını pozsun?

Ona görə Türkiyənin Ermənistanla savaşı üzərimizə yüklədiyi və bizi qurban verdiyi haqqında gizli mərkəzlərdə, yaxud siyasi kulislərdə söhbət aparanların məqsədi hamıya bəllidir. Sovet dövründə çiyin-çiyinə faşizmə qarşı savaşan erməni-azərbaycanlı birliyi, Kirovabadda marşal Baqramyana, Çənlibeldə marşal Babacanyana məhəbbət simvolu olan büstün qoyulması, yaxud rəşadətli bolşevik Kamonun adının bir neçə küçədə əbədiləşdirməsi qərarları azərbaycanlıların erməni sevgisindən daha çox, kommunizmin yaratmaq istədiyi vahid millət amalının nəticəsiydi. Ona görə İkinci Dünya müharibəsinə qatılmamış Türkiyə haqqında ermənilər belə bir uydurmanı hələ də yaddaşlarında saxlayırlar ki, əgər Hitler Stalini yensəydi, onda dərhal Yerevana hücum çəkən türklər ikinci dəfə erməniləri yer üzündən siləcəkdilər.

Ancaq bütün hesablamaların ziddinə olaraq yoldaş Koba müharibəni uddu və 1948-ci ildə başlayan böyük azərbaycanlı köçü hesabına türklərlə sərhəddə Yaxın Şərqdən və Amerikadan gətirilmiş ermənilər yerləşdirildi. 1991-ci ildə Türkiyəsiz, Türqut Özalsız və Süleyman Dəmirəlsiz Azərbaycanın Ermənistanla düşmənçilyi də bax beləcə tarixin hökmü kimi ortaya çıxdı. Ona görə "kimsə öz oyununu bizə yükləyib" səfsəfəsi başdan-ayağa böhtan və yalandır.

Lakin küfr təkcə bununla bitmir. Türkiyə içindəki ermənilər və ya sülhpərəstlərin inancı da eynən bizim məmləkətdəki keşişlərlə vahid bir pozuculuğa xidmət edir. Onların məntiqinə görə, Azərbaycan olmasaydı, Kəlbəcər qovğasını "nifaq alması"na çevirməsəydilər, türklər ermənilərlə çoxdan barışar, geniş ticari əməkdaşlıqlar quraraq çoxdan İrəvanla qardaşlaşardı. Yəqin, ən sonda bu yolla soyqırım üzərində qərar tutmuş dünya erməniçiliyinin Gümrüdə, yaxud Basarkeçərdə satılan türk tekstilinə aldanıb geri duracağını zənn edənlər varmış.

Bütün iqtisadiyyatını başqasına təslim etmiş bir ölkənin hansı hissəsini ələ keçirməyin mümkünlüyü haqqında mübahisələri bir kənara qoyuruq. Lakin bizim üçün ən təhlükəlisi "Azərbaycan olmasaydı, türklər ermənilərlə barışardı" deyənlərdi.

Vaxtilə moldovanları rumınlardan ayıran Sovet rəhbərləri belə bir avantüranı ortaya atmışdılar ki, Hitlerin müttəfiqi kimi çıxış edən Rumıniyanın düşmənləri çox oldğundan, demokratik bir respublika kimi yaradılan Moldaviyanın SSRİ tərkibində qalması onların müstəqil varlğının başlıca zəmanətidir. Ona görə hətta NATO-ya üzv olan və Avropa Birliyinin tərəfdaşına çevrilən bir dövlət o vaxtkı kommunistlərə təslim edilmiş qardaşı ilə hələ də birləşə bilmir. Azərbaycanın Türkiyənin xarici siyasət maraqlarına zərbə vurduğunu iddia edənlər də eyni qəbilədəndir.

1990-cı ildən sonra soyuq müharibənin bitməsi ilə həm də Türkiyənin Qərb üçün əhəmiyyətini itirdiyini düşünənlərin bədgümanlarına baxmayaraq, yeni dünya düzəni tamam fərqli mənzərəni ortaya çıxardı. Azərbaycan neft-qaz siyasəti özünü Qərblə birləşdirmək xəttindən, yaxud iki yüz illik sümürülməyə son qoymaq və iqtisadi cəhətdən yeni qitələrə çıxmaq strategiyasından daha çox, Türkiyə ilə birləşmək planları idi. Gerçəkdən də müxtəlif alternativlərin fonunda seçilən yol həqiqi vahid orqanizm halına gələn və eyni arteriyalar üzərində qərarlaşan fərqli arxitektura demək oldu. Ona görə Ulu Öndərə Sovet keçmişinə görə ehtiyatla yanaşan və onun Rusiya xəttinə üstünlük verəcəyini düşünən ən qatı ülküçülər belə Böyük Millət Məclisində onu ayaqda alqışalamaqdan başqa yol görmədilər. Türkiyənin Cənubi Qafqaz siyasətinə aktiv qoşulması bax belə baş verdi və Qərb maraqlarının naqilinə çevrilən bir ölkə Sovetlər dövründəki əhəmiyyətini təzədən özünə qaytardı. Bunun harasında Ermənistanla sərhədləri açmaq qədər mühüm olan strategiyaya bərabər gələn, yaxud ondan geri qalan siyasi-maliyyə itkisi var? Gerçəkdənmi Türkiyə Ermənistanla düşmənçiliyinin hesabını bizdən çıxarmaq üçün daha çox paya iddia edib, yoxsa Azərbaycan bütün seçimlərini siyasi Kəbəyə çevirdiyi Türkiyə üzərinə könüllü yeritməyib?

Cavab hər kəsə bəllidir - bizi "iki millət, iki dövlət"ə çevirib, sonra ayrılıqda əzmək istəyənlərin milli şüurlarda şübhə yaratması üçün belə təxribatlar informasiya məkanından heç zaman çıxarılmayacaq.

Ona görə artıq hərbi müttəfiq halına gələn, əsgəri təlimlərini birləşdirən və vahid siyasi mərkəzə çevrilən iki dövlətin dünya siyasətinə fərqli baxışları onları Britaniya ilə Amerikanın yürütdüyü xəttin bənzərinə çevrildiyini söyləyənlərin daha haqlı olduğunu sübuta yetirir. Bəs nədən Türkiyə siyasətində, hökumətində azərbaycanlılar heç olmasa müşavir, yaxud parlamentar səviyyəsində təmsil olunmur? Yəqin, eyni sualları türk generallarının Azərbaycan silahlı qüvvələrində yer almadığında axtaranlar da, müstəqilliyimizin ilk illərində Xalq Cəbhəsinə hamilik edənlərin və ya Altan Karamanoğluna qədərki müstəsnalığın qaytarılmasını istəyənlərin də haqlı görüntüsü yarana bilər. Lakin bu zahirən belədir. Ermənilərin Rusiyada elitaya çevrilməsinin tarixi özəllikləri tamam başqadır və əslində Rusiya ilə Ermənistanın siyasətini bütün parametlərlə götürüb Türkiyə və Azərbaycan əlaqələrinə tətbiq etmək də tamam yanlış olardı.

Türkiyə düşmənlərinin genişlənən hərəkatı fonunda Qarabağı beynəlxalq müstəvidə irəlilətmək çətinliklərinin hamımız fərqindəyik. Lakin diplomatiyamızın bəzən hətta rəsmi Ankaranı qabaqlayıb onlara cavab verməsi və əsil mübarizə istehkamına çevrilməsi yalnız düşmənin ziyanınadır. Türkiyə Azərbaycanın, ya da əksinə bizim ölkəmiz qardaş məmləkətin ön cəbhəsidir, qoruyucu zirehi və söykəndiyi qala divarıdır.

Günlər öncə Ukrayna Daixli İşlər naziri Avakovu Romada görəndə və onun erməni kilsəsinin patriarxı 19-cu Nerses Bedrosla oradakı görüşünü izləyəndə yeni Maydan hökumətindən ədalət mücəssiməsi düzəldən və postsovet məkanı üçün nümunəvi inqilabçılar pleyadası yaradanların saxtakarlğına növbəti dəfə əmin olursan. Axı ölkəsi müharibə içərisində olan birisinin erməni mənşəyini düşünməsi və Qolodomora görə, yəni Rusiya əleyhinə olan tədbirə Vatikandan erməni keşişini çəkib gətirməsinin demokratiyaya və Qərblə bir olmağa çalışan ukraynalılara nə aiddiyəti var? Cavab aydındır -sadəcə yüksək vəzifəsindən millətinə töhfə vermək.

Deməli, Azərbaycan da Türkiyənin yanında olmaq üçün dünyada hər bir fürsətdən faydalanmalıdır. Əks halda, içərimizə səpələnmiş düşmənlər insanları "mən türk deyiləm" deməyə təhrik, yaxud vadar etməklə Azərbaycanın və Türkiyənin baş kəndlərinə "troya atları" atmış olacaqlar.

Avropada yaşayan milyonlarla türkün səsinin zəif eşidildiyindən, sayı 150 milyona çatan bir toplumun 10 milyonluq erməni xalqının faydalı iş əmsalınından geri qalan siyasət yürütdüyünü söyləyənlərdən, yaxud Xocalının tanımamasına əsaslı izah verə bilməyən Ankaranın özünü mühüm xarici siyasət silahından məhrum etdiyini düşünənlərdən bizə xeyir gözləməyin. Çünki Birinci Dünya müharibəsində qırılan 15 milyon insanın içərisindən ayıraraq yalnız bir hissəsinə müqəddəslik verilməsini təşkil edən Avropa paytaxtlarının ən böyük uğuru Türkiyəni içəridən parçalaması, günahkar axtarışı və onun Azərbaycanla qardaşlığına son qoyması olardı. Ona görə 24 apreldə dünya siyasi liderlərinin ağzını güdən bir siyasəti kənara atıb ermənilərə təzyiqi gücləndirmək və onları əbədilik məğlub edən bir kursu gündəmə gətirmək lazımdır!

Baxmayaraq ki, bir sıra hallarda İsrailə duyduğumuz rəğbət fonunda yalnız regional missiyalarının anladılması məqsədilə söyləyəcəyimiz bir fikri heç zaman unutmamalıyıq. Ərəb dünyası içərisində yer alan İsrailin dövlət varlğını, ona uzanan beynəlxalq yardım əllərini eynilə Ermənistanın türk dünyası içərisində oynamasına yol vermək olmaz.

Türkdən xristian dünyasına düşmən düzəldənlərin dövlət divarlarında hələ də keçmiş sultanların böyük portretləri qalır. Qorxunun səbəbi də məhz budur. Azərbaycan siyasi çıxarlarından, yaxud müharibə təhlükəsindən qorunmaqdan ötrü türkə sığnmayıb. Heç olmasa, bircə dəfə ayağı İstanbula dəymiş insanımızın ruhunu görməyənlər bunun izahını verə bilməzlər. "Canım Türkiyə" deyə bilməyənlərin milli identikliyini bir kənara qoyun və onlarda yad qan axtarmayın. Əsil miliyyətçilik ruhda olur. Dünyanın dörd bir tərəfində dolaşandan sonra gəlib Topqapıda asılıb qalmış tarixi, heç bir dənizin dalğalarına bənzəməyən Boğazlardakı ləpələri, insan selinin səs-küyü içərisində özünə sığınacaq tapmış qağayıların şövqünü, Nəcib Fazilin ustad kəlmələrinin ahəngini və ən sonda, böyük Mustafa Kamalın əbədiyaşar ruhunu içərisində duymayanların türk olması mümkünsüz.

"Canım Türkiyə" hər zaman isti Günəş məkanı, oynaq və duyğulu mahnılar məmləkəti olmaya bilər. Lakin Azərbaycan Türkiyənin siyasi deyil, ilk növbədə, ruhi müttəfiqidir, ürək ortağıdır. İstəsəniz, "siam əkizləri" də deyə bilərsiniz!

Ruhun milliyyəti və dini isə dəyişmir! Qanın qrupu kimi!

Tarix
2015.04.20 / 12:10
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla