Dövlət poliklinikalarında
nikah öncəsi tibbi analizlər üçün vətəndaşlardan pul tələb
edilir.
Bununla bağlı Axar.az-a toy öncəsi tibbi müayinədən keçən
gənclərdən biri (adının hallanmasını məlum səbəbdən istəmədi –
red.) məlumat verib. Belə ki, ötən ilin may ayında yeni binası
istifadəyə verilən Yasamal rayonundakı 39 saylı şəhər
poliklinikasında tibbi müayinəyə gedən gənclərdən cavablar üçün pul
tələb edilir.
Üç həftədən çoxdur verdiyi analizlərin cavabını ala bilməyən
şikayətçi qeyd edib ki, ondan 50 manat rüşvət istəyirlər:
"Poliklinikanın Leyla adlı tibb bacısı cavabların gec hazır
olacağını bildirdi. Üstündən artıq 3 həftə keçdiyini dedim.
Bildirdi ki, əgər cavabları tez almaq istəyirəmsə, 50 manat pul
verməliyəm. Nikah öncəsi tibbi müayinənin pulsuz olduğunu
bildirdim, ancaq tibb bacısı dedi ki, ya 50 manat ver cavabları
verək, ya da get gözlə, nə vaxt hazır olar, onda gəlib apararsan.
Maraqlıdı ki, gec hazır olan analiz cavabları mən 50 manat ödəniş
edəndən sonra necə tez hazır olur?"
Məsələ ilə əlaqədar Axar.az-a açıqlama verən Səhiyyə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki,
nikah öncəsi alınan tibbi analizlər tamamilə pulsuzdur:
"Bunun üçün heç bir ödəniş tələb edilmir. Kimdən pul tələb
edirlərsə, verməsin və haqqını tələb etsin".
Xatırladaq ki, yeni qanunla nikaha girənn gənclər tibbi
müayinədən keçməli və onların sağlam olduqları təsdiqlənməlidir. Bu
analizlərin pulsuz olmasına baxmayaraq, artıq bəzi həkimlər bundan
yeni rüşvət vasitəsi kimi sui-istifadə edirlər.