Ana səhifə Toplum |
18:28
Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə cinayəti Nəsimi rayon Məhkəməsində sübuta yetirilən və 2 il azadlıqdan şərti məhrum edilən anestezioloq Firuz İbrahimov həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) həyat yoldaşı, Axar.az saytının baş redaktoru Anar Niftəliyevi maşınıyla vuraraq qaçıb.
Axar.az xəbər verir ki, Firuz İbrahimov Apelyasiya Məhkəməsində Cinayət Məcəlləsinin ittiham olunduğu maddələri ilə adekvat cəzasını alacağını bildiyindən, sonuncu prosesdən öncəki prosesə teleqram vuraraq xəstə olduğu üçün iştirak edə bilməyəcəyini bildirsə də, son prosesə özü deyil, qardaşı teleqram vurub və məhkəməyə bildirmişdi ki, F.İbrahimov mədə xorasından əziyyət çəkdiyi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində yatır.
Zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov qarşı tərəfin yenə də saxtakarlıq edərək məhkəmədən yayındığını demişdi:
"Firuz İbrahimov məhkəməyə bildirib ki, mədə xorasından əziyyət çəkdiyi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasında yatır. Hakim Əflatun Qasımov qarşı tərəf iştirak etmədiyindən avqustun 28-də keçirilən prosesi 31 avqust saat 14:30-a təxirə saldı. Proses baş tutmadığı üçün biz zərərçəkən Anar Niftəliyevlə birlikdə xəstəxanaya getdik. Bu saxtakarlığı üzə çıxartmaq, 1 saylı klinik xəstəxananın Firuz İbrahimova yalandan "diaqnoz" qoyub, onu cəzadan yayındırmaq istəyini ifşa etmək istəyirdik. F.İbrahimovun guya 3-cü korpus, 4-cü mərtəbədə reanimasiyada "yatdığını" öyrənsək də, bizi onun yanına buraxmadılar. Təbii ki, o xəstəxanada olmadığı üçün bizə onun yanına getməyə imkan vermədilər. Ancaq böyük ehtimalla xəstəxanada yatması ilə bağlı saxta arayış hazırlatdırıb və bununla da zaman qazanmaq istəyir. O, bu şəkildə prosesi sentyabr ayının 20-nə, Elnarə xanımın ölümünün iki ili tamam olacaq günə qədər uzadacaq ki, cinayət məsuliyyətindən azad olunsun. Çünki 2 il tamam olsa, ona qarşı irəli sürülən və öz təsdiqini tapmış ittiham olunduğu maddələrdən biri - 320.1-ci maddə ilə ona cəza verilməyəcək. Məhkəmə hüququnda belə bir presedent var ki, 2 ilə qədər həbs cəzası olan maddə ilə ittiham edilən şəxs 2 il müddətində həbs olunmursa, həmin maddənin tətbiqi ləğv edilir. Bu, əvvəldən hazırlanmış plandır".
Bu, haqlı şübhə doğurduğuna görə bu gün Anar Niftəliyev F.İbrahimovun həqiqətən reanimasiyada yatıb-yatmadığını yoxlamaqdan ötrü onun yaşadığı ünvana baş çəkib, həkimin evdə olduğunu görüb və bunu telefonun video yaddaşına köçürüb.
Bir qədər sonra Firuz İbrahimov evdən çıxıb, maşınına əyləşib və yola düşüb. Anar Niftəliyev həkimin maşını Hənifə Ələsgərov küçəsində işıqforun qırmızı işığında dayandığı vaxt ona yaxınlaşıb və məhkəməyə nədən kələk gəldiyini soruşub. Kələyinin faş olduğunu görən anestezioloq Anar Niftəliyevi maşınla vuraraq qaçıb. Baş redaktor ayaqlarından ağır zədə alıb və dərhal hadisə yerinə polis çağırıb.
Hazırda Nərimanov Rayon Polis İdarəsində araşdırma başladılıb. Araşdırmanı təhqiqatçı, polis mayoru Ramin Əhmədov aparır.
Qeyd edək ki, hadisələr saniyəbəsaniyə telefonun video yaddaşına köçürülüb. Videonu təqdim edirik:
Tarix
2015.08.31 / 09:59
|
Müəllif
Nihad Cəbrayıl
|