Yuxarı

“Xəbər gəldi: Sürət Hüseynovun əmri var, aşağı düşün...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1957–ci il sentyabrın 28-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1975-1977 illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1978-ci ildə Qubadlıda işıq idarəsində işıqçı çalışıb. 3 ay sonra usta vəzifəsinə keçib. O ərəfədə Gəncə Politexnik Texnikumuna qəbul olunub.

Bu dəfə "Cəhbə xətti"mizdə I Qarabağ Savaşının qazisi, müharibə əlili, Qubadlı Özünümüdafiə Batalyonunun komandiri olmuş Saleh İsfəndiyar oğlu Rüstəmovdur. Döyüş tarixçəsini öz dilindən eşidək:

Prokuror məni Qubadlıdan qovdu

- 6 qardaşım var. Hər biri institutu fərqlənmə diplomuyla bitirib, eləsi iki diplomluydu, bircə mənim təhsilim yarımçıq idi. Texnikumla kifayətlənməli oldum. Qubadlıda olduğum ərəfədə futbol komandasında oynayırdım. Bir nəfəri möhkəm döyüb çənəsini qırmışdım. Hər həftə cərimə alırdım. Ən sonunda bezən prokuror məni Qubadlıdan qovdu. Həmin dövrdə Qubadlıya qeydiyyata düşmək asan, çıxmaq mümkünsüzdü. 1984-cü ildə prokuror özü qeydiyyatdan çıxartdırdı məni. Çıxıb Sumqayıta gəldim.

Erməni də müharibə veteranı imiş...

Sumqayıtda da bir ermənini döydüm. Kimya zavodunda işləyəndə həmin erməni gəlib bizə acıqlandı. Adı Arnold idi. Mən də vurub tikinti sahəsinə atdım. Özül qazılmışdı. 2-3 metr dərinlikdə. Bütün günü orda saxladım. Sən demə, bu erməni həm müharibə veteranı imiş, həm də əmək. Üstəlik, Kimya zavodunun kanalizasiya sisteminin çertyoju bunda imiş. Heç kimə də vermirmiş. Bundan çəkinirmişlər. Getdi məndən prokurorluğa şikayət elədi. Kərəm müəllim adlı bir nəfər var idi. Mənə dedi ki, sənə kömək edə bilmirik. Həbs olunacaqsan. Çıx get ölkədən. Mən də Moskvaya getdim. Moskvadan gəldim Kiyevdə yaşadım.

Kiyevdən avtomat gətirdim

1989-cu ildə dayım xəstələnəndə gəldim kəndə. Ermənilər Qubadlıdan 3 nəfər öldürdü. Kolxoz sədri, kənd soveti sədri, biri də sürücüydü - meşədə öldürmüşdülər. Kiyevə qayıtdım. Amma yata bilmirdim. Yenə Qubadlıya döndüm. Gələndə özümlə Ukraynadan bir avtomat da gətirdim. Onun üçün məndən 40 min manat pul aldılar. Heç kim bilmədi silah gətirdiyimi. Qardaşlarımdan da ancaq böyüyü bilirdi. Gecələr 8-9 nəfər yığışıb dəstələrlə kəndləri qoruyurduq. Bir rota komadiri idi, bir də mən. Kəndin uşaqlarını mən toplayırdım. Silahları evlərdən yığırdıq. Verməyənləri döydüyüm də olub. 1990-cı il 20 Yanvar olanda 9 nəfər Xalq Cəbhəsinə könüllü yazıldıq.

Sona xanım komendantı qəbirstanlığa apardı

Xanlıq kəndinin mərkəzində - dördyolda bir abidə tikdik. 38 günə hazırladıq. 20 Yanvar şəhidlərinin ruhuna ithaf etmişdik, ay-ulduz vurdurmuşduq. Abidə hazır olanda üçrəngli bayrağımızı taxdıq başına. Ehsan verdik. Ətraf rayonlardan da gəlmişdilər. Cəbrayıl, Laçın, Qubadlı, Zəngilandan gələnlər çox oldu. Amma gecələr könüllü döyüşə də gedirdik. Silahımız da qoşalülə tüfəng, beşaçılan, bir dənə də avtomatımız var idi. Elə oldu ki, xəbər elədilər, rus komendant məni tutmaq istəyir. Nəsə, tutdu məni. Sona Həşimova adlı ikinci katib var idi (qardaşı sonra mənim batalyon komandirim oldu). Həmin Sona xanım komendantı UAZ maşını ilə apardı qəbiristanlığa, qəbir daşlarında olan ay-ulduzu göstərib başa saldı ki, bu bizim simvolumuzdur, onunçün vurublar abidənin üstünə. Bizi də tutanda Xankəndinə göndərirdilər. İkisini göndərmişdilər. Aydın Şükürovla Vüqarı. Məni tutmadı, buraxdı. Amma bayrağı sökdürmüşdülər. Bizimkilər mən tutulduğuma görə sökmüşdülər. Mən də gəldim böyük dəmirlə kəsib düzəltdim, rənglədim, aparıb qaynaqla vurdum ki, heç kim qoparda bilməsin.

Mən də getdim rusları güllələməyə

Tədricən dəstəni böyüdüb tağım elədim, daha sonra rotaya qədər böyütdük. Bir gün də xəbər gəldi ki, Qubadlıda batalyon yaradırıq. Sən gəl, komandir köməkçisi ol və təşkilatçılıq elə. Ondan əvvəl də Şuşada iki uşaq öldürmüşdü ruslar. Avtomatı onda çıxartdım üzə. Rusların kapitan rütbəli komandirini girov götürdüm. Bizim keçmiş polis rəisinin müavini, indi Abşeron rayonunda icra hakiminin müavini Faiq Kərimov gəlib çıxmasaydı, zastavanın sərhədçiləri olan ruslar məni öldürəcəkdilər. O uşaqlar gedib onların UAZ-ını oğurlayıb qaçırtmışdılar Şuşaya aparmağa. Bu sərhədçilər də qovub Zilanlı kəndində çatmışdı onlara. İkisini də yerindəcə güllələmişdilər. Mən də getdim rusları güllələməyə. Gördüm məni tək qoyub qaçdılar. Rusların kapitanını girov götürdüm. Həmin vaxt 3 nəfər gəldi. Gülağa rəhmətlik, Bəşir (indi Qubadlıda pasport qeydiyyatı şöbəsində işləyir), biri də Faiq. Polis kapitanının tapançasını götürmüşdüm. Tapançanı da sürücüyə vermişdim saxlamağa. Mən kapitanı buraxa bilməzdim. Buraxsam, məni vuracaqdılar. 30 nəfər hamısı dizi üstə məni hədəfə almışdı. O bakılı Kamaz sürücüsü də TT markalı tapançanı götürüb getmişdi. Bir-bir düşdülər üstümə ki, tapançanı ver. Axırda and içdim ki, məndə yoxdur o tapança...

...Sonra rotanı yaratdım. Qubadlıdan batalyon yaratmaq təklifi gəldi. Birinci batalyon dövlətin, icra hakimiyyətinin köməyi ilə yaranmışdı. Rəhmətlik Əliyar idi komandiri. Mənə gəlib təklif etdilər ki, sən o rotanı gətir qataq bir yerə, batalyon yaradaq. Mən də razılıq verdim. Batalyon komandirinin köməkçisi oldum. Forma, güllə tapıb yığdıq. Bəzən puluyla tapdıq, bəzən pulsuz. Dövlət tərəfindən elə də kömək yox idi.

Yəhudi dostum

Artıq 1991-ci ilin sonu, 1992-ci ilin əvvəli idi. Yəhudi dostum var idi. 300 ədəd rus hərbi forması alıb verdi bizə. Çox şeyləri də gizlin-gizlin alırdıq. 1992-ci ilin əvvəlində ruslar köçüb gedəndə tərksilh etdik onları. Avtomat , qrantamyot götürdük onlardan. Artıq tədricən batalyon halına düşürdük. Postları böldük. Kəndləri bölüşmüşdük. Gecələr kəndlərdən adam oğurlayırdılar, yandırırdılar. Biz də səhərə kimi keşik çəkib imkan vermirdik. Beləcə, gəlib 1993-cü ilə çıxdıq.

İlk qanlı döyüş

Yuxarı Cibili, Qafan–Gorus yolunun böyründə bir kənd idi. Dağın lap yüksəkliyi idi. Həsən Qorxmaz rota komandirinin köməkçisi idi. 1993-cü ildə gəldik Ağdama. Biləsuvarlı Qədir Musayev, Rafiq, Aslan, Fərhad və başqa uşaqlarla Ağdamdan Horadizə qədər döyüşmüşük bir yerdə. Fərhad onlara ərzaq, paltar gətirirdi. Özü də döyüşürdü. "Qara Almaz" dediyimiz bir Almaz xanım var idi. Biləsuvarlı. Dolu, qara qız idi. Həm paltar, ərzaq gətiridi, həm də avtomatı götürüb bir həftə postda qaldığı olurdu. Deyirdi, İrandan alver edirəm. Qazancımı bura gətirirəm. Mayıl gedib Qafandan, Gorusun qurtaracağından erməni tutub gətirərdi. Axırda Qubadlıdan çıxanda da hələ bizimlə qalmışdı.

Qucağımda can verən...

Sumqayıt uşağı qucağımda can verir, deyirdi ki, komandir, qoyma ölüm. Güclü qanaxması var idi. Yarasına çöp taxmışdım ki, qan içəri axmasın. Bir dəfə də 5 uşaq birdən minaya düşmüşdü. Onları özüm çatdırdım xəstəxanaya, heç biri ölmədi. Həmin vaxt insan ölmək istəmir axı. Komandir onda ən doğma adam olur. Elə biz özümüz də əsgəri övladımız kimi sevirdik. Bu gün məni ən çox incidən elə əsgərə olan münasibətdir. Rus ən son kartofunu belə əsgərə verdiyi halda biz adicə avtobusda əsgərə yer vermirik. Amma anlamırlar ki, əsgər məhz sağ qalmaq qarantıdır. Sənin torpağını qoruyur. Sabah hansısa döyüşdə ölə bilər. Sən yerini də verməlisən. Avtobusda 20 qəpik üçün əsgərə söz deyən balaca uşaq da görmüşəm. Əsgərin 20 qəpiklik hörməti yoxdur yəni?

Biz əsgərlərlə səngərdə bir yatıb-dururduq. Mən heç vaxt əsgərin arxasında getməmişəm. Komandir, əslində, döyüşü hərbi qanunlarla arxadan ratsiya ilə idarə etməlidir. Sən sağdan zəifsən, soldan hücum etməlisən və s. Bizdə elə deyildi. O müharibədə zabit arxada getsə, əsgər getməzdi. Ona görə biz istər-istəməz öndə gedirdik. Suarasında döyüşəndə yaralandım. Əliyar rəhmətlik bizə köməyə gəldi. Onu da iki gün sonra orda vurdular. Onu ermənilər yox, qara maskalılar vurdular. Qara maskalılar da rusa qulluq edənlər idi.

Surətin əmri, Şuşa əməliyyatının məhvi

Bir dəfə də elə Laçını almaq istəyəndə bizə mane oldular. Namazov Nüsrət var idi. Gorus–Qafanı mərmilərlə atəşə tutub dağıtmışdı. Ermənilər yalvarırdılar ki, atəşi kəsək. Biz Suarasını alıb Tikanlı zəmiyə çıxanda mən yaralanıb qayıtdım. Həmin vaxt ruslar bizi tankla, özüyeriyənlə elə dəqiq vururdular ki, elə bil, yerimizi özləri təyin ediblər. Texnika rusların idi. Heç girə bilmirdik. Üçüncü gün girəndə mən ayağımdan yaralanıb, 3 gündən sonra yenə qayıtdım. 1993-cü ilin ya mart, ya may ayı idi. Laçın uşaqları Kəlbəcərdən gəldi, Ocaz kəndinə qədər Vəngi aldılar. Biz də çıxdıq Tikanlı zəmiyə. Tikanlı zəmidən Zabux kəndi görünürdü. Vəngi də Surət Hüseynovun dəstəsi almışdı. Ordan Şuşanı vururdular. Şuşadan maşınlar qaçırdılar. Axşam vaxtı idi. Maşını görürdüm. Güləbirtli Vaqif batalyon komandiri idi. Onun TŞK-sını alıb maşınları vururdum. Maşınlar axır işıqları söndürüb keçirdilər. Şuşadan qaçırdılar. Səhəri gün bizə əmr gəldi ki, Sürət Hüseynovun əmri var, aşağı düşməlisiniz. Bir gecənin içində Laçını o tərəfdən çəkdilər geri, bizi Suarasından endirdilər, Vəngdəki uşaqlar da düşdülər. Əməliyyat tam məhv oldu. Halbuki biz artıq bütün dəstələrlə birləşirdik.

Laçın tərəfdə döyüşdə 3 nəfərlik bir qrup idi. Postlarını yaxşı qurmuşdular. Bir neçə gün bizi yubatdılar. Başımızı qaldıra bilmirdik. Axır ki, hər üçünü öldürdük. Baxanda gördük ki, birinin ayağı taxtadan imiş. Amma silahları mükəmməl idi. Rus onları hər növ silahla təchiz eləmişdi. Onlar adətən canlı əsir düşmürdülər. Martunidən bir dəfə girov gətirmişdim. Qadın idi. Əvvəl verdim polisə, sonra gətirib öz zirzəmimdə saxladım. Laçında qalan meyitlərlə dəyişdik onu. Həsən Qorxmaz öləndən sonra rota komandiri Mayıl gedib Qafanın ortasından "Kamaz"la bir yerdə götürüb gəlmişdi iki ermənini. İkisinin də başını Cibildə meşədə kəsdilər. Mən istəmədim kəssinlər. Amma dedilər, "yox ey komandir, kəsəcəyik". Sumqayıtdan Şiraslan var idi. Əfqanıstanda qulluq eləmişdi. Qəşəng xəncəri var idi. Boynunun ardından tutub, bircə dəfə çəkdi, atdı yerə. Baş söyüş söyürdü. Baş diyirlənəndə də söyürdü. Dili nə uzunluqda çıxmışdı. Amma o iki nəfər yalvarmadı. Düşmən də olsa, mərdliklə öldü. Elə düşməni mərd kimi də qəbul eləmək lazımdır. 3-4 nəfəri səngərdən çıxarınca bizdən 5-10 nəfər ölürdü. Onu zülümlə məğlub edib, öldürürdük. Çünki səngərə girdimi, özünü qoruya bilir. Səngərə girəni çıxartmaq çətindir. Onlar səngərdə, sən açıq gedirsən onun üstünə. Bilmirsən ki, hardan atır. Əlbəyaxa döyüşdə öldürmüşdülər onu. Mən çatana kimi Kamalgil artıq başını kəsmişdilər. Sonra Kamalın özünün də başını kəsib aparmışdılar.

Dekabrın 31-i gecə

O cür əlbəyaxa davamız Ağdamda oldu. Neftçaladan Ramiz adlı rota komandiri var idi. Allah ona rəhmət eləsin, ölübsə. Onu diri apardılar. Bizi Güllücə Tağıbəyli kəndinə atmışdılar. Dedilər, erməni yoxdur, qoyun tövlələrində yerləşin. 1993-cü ilin dekabrın 31-i gecə idi...

Qalxdılar ayağa, əlbəyaxa davaya başladılar. Sən demə, bizi bilə-bilə atıblarmış ora. Sadəcə qırılmağa. Cəlal Məmmədov vardı bizdə - briqada komandiri. Anası rus, atası azərbaycanlı idi. Bakıdan gəlmişdi. Sonra da H.Əliyevə qarşı planlanmış vertolyot sui-qəsdində tutulan 3 adamdan biri idi. Həmin döyüşdə 6-7 nəfər bizdən öldü, 7-8 də erməni meyiti qalmışdı. Səhəri gün deyirəm ki, sən bəs deyirdin orda erməni yoxdur? Girmişik, əlbəyaxa davada neçə əsgərim ölüb. Rota komandirimi aparıblar. Erməninin də meyiti qalıb orda. Silahları gətirib təhvil vermişdim. Cavabı bu oldu ki, mənə də elə demişdilər. Söydüm ki, sənin kəşfiyyatın işləməli idi. Sən məni gözüyumulu göndərmisən kəndə. Xülasə, o kəndi aldıq. Əlimizdə saxladıq. 29 gün bizi qırdırandan sonra çıxartdılar o mövqedən. Orda çox itki verdik.

Satqınlıq

Güllücəni almışdıq. Bizim qarşı tərəfdən də komandirləri kapitan olan dəstəni salıblar. Bizim haqqımızda onlara deyiblər ki, erməni briqadasıdır. Onlar da ayaq üstə bizi qırırlar. Çünki türklərin bizim cavan əsgərlərə öyrətdiyi kimi, sürünə-sürünə yox, keçmiş alman döyüşçüləri kimi ayaq üstə gedirdik... Avtomatın ucuna papağımı taxdım. Papağımı vurdular. Qırğın gedir. Çığırtıma da baxan yox. Bir neçə nəfərimiz öləndən sonra axır ki, "azərbaycanlıyıq" çığırtımı eşidiblər. İnanmırlar axı. Onlara bizim erməni olduğumuz deyilib.

O vaxtı ordumuzda rusların kəşfiyyatı o qədər faciələr törədib ki! Bizim Müdafiə Nazirliyində, ondan əlavə, batalyonlarda, briqadalarda da elə geniş yayılmışdılar, deməli deyil. Rus ordusu bizim burdakı azərbaycanlıların əli ilə o qədər güclü işləyirdi ki! Özümüzü özümüzə qırdırırdılar. Hər dəfə əməliyyata gedəndə nəsə olurdu.

Deməli, Suarasına girmək əməliyyatını quranda gecə briqada komadiri Nüsrət Namazovla danışdıq, səhər saat 5-də 4 batalyon hücuma gedəcəkdik. Qudablıdan Səfər var idi (sonra onu da əlbəyaxa döyüşdə öldürdülər), dedim, birdən səni aldadarlar. Dedi, yox, Saleh, səngərlərin ikisi də boşdur. Yenə şübhələndim ki, ola bilməz erməni oranı boş qoysun. Sən demə, ermənilər biz gecə binoklu ilə baxanda səngəri boşaldır, sonra yenidən səngərə qayıdırlarmış. Səfər 3 dəfə getdi. Hər dəfəsində də eyni sözü dedi ki, səngər boşdur. Dedim, yaxşı, səhər gedəndə baxarıq. Səhər gedəndə səngər erməni ilə dolu idi. Bakıdan qəşəng məlumat verirdilər ermənilərə. Ətraf postlardan da adam yığırdılar. Postda 50 nəfər olurdusa, olurdu 150 nəfər. Bütün əməliyyatlarımız uğursuz keçirdi. Nə vaxt ki, briqada keçirdi bizə, kəşfiyyat deyirdi ki, filan vaxtı hücum gedəcək dağda. Biz gələndə görürdük ki, iki eşalon adam var. Birinci eşalon ruslar. İkinci eşalon ermənilər. Bizim uğursuzluqlar həmişə öz içimizdən rus kəşfiyyatına xəbər verildiyinə görə elə alınıb. Yoxsa biz heç vaxt uduzmazdıq. Bizdə elə döyüşçü oğlanlar var idi ki! Bir dəfə Şamil Basayev gəldi Qubadlıya, baxdı bizə, dedi ki...

Davamı var

Tarix
2015.10.05 / 09:50
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla