Madonna və Şon Penn öz
sevgilərini bütün dünyaya bəyan etdikdən dərhal sonra pop
ulduzundan "Sən bu oğlanda nə tapmısan", - deyə sormağa
başladılar.
"Nə deyim, onda elə bir şey var ki, başqa kişilərdə yoxdur", -
deyə Madonna ehtiraslı bir təbəssümlə cavab verirdi. Qeyd edək ki,
80-ci illərdə bu təbəssüm onun "firma nişanı" idi.
Şon Pennin bütün cəlbedici cəhətləri göz önündəydi: aqressiv
seksual temperament, idmançı vücudu və heyranedici cazibədarlıq.
Lakin iyirmi altı yaşına kimi Madonna Luiza Veronika Çikkone xeyli
"yaraşıqlı oğlanla" tanış olmuşdu və onu belə ədalarla
təəccübləndirmək asan deyildi.
Qayğısız uşaqlıq
Şon Penn 1960-cı ilin 17 avqustunda aktyor ailəsində anadan
olmuşdu, onun həyat tərzi Amerikanın orta sinfinin yaşayışına tam
uyğun idi: kreditlə alınmış ev, səhər yeməyi üçün qarğıdalı lopası.
Pennin babası ata xətti ilə Litvadan idi, lakin nəvəsində məşhur
Baltikyanı fleqmatikliyinin (soyuqqanlılıq – tərc.) bir zərrə də
olsa, nişanəsi yox idi.
Şonun temperamenti vulkana bənzəyirdi – lap uşaqlıqdan
valideynllərini çılğın aqressiyası ilə narahat etməyə başlamışdı.
Lakin demək olmaz ki, valideynləri də qüsursuz idilər. Uşaq heç
vaxt boş yerə püskürmürdü. Lakin o yerdə ki başqa uşaq on dəqiqəyə
sakitləşərdi, Şon saatlarla coşurdu.
O öz hirsini başqalarının üzərinə tökməyə başlayanda anası onu
həkimə aparır və məlum olur ki, oğlunun əsəbləri həddən artıq
oynaqdır və bir qədər korreksiyaya ehtiyacı var.
Onun Madonna ilə oxşar cəhətləri çoxdur. Hər ikisi də uşaqlıqdan
sadəcə məşhur olmaq deyil, böyük insan olmaq eşqinə düşmüşdülər.
"Madonna uzun saçlarla, boynunun ardınadkı xalla və bir də
qarşısıalınmaz rəqabət duyğusu ilə doğulmuşdu, – qardaşı Kristofor
Çikkone onun haqqında belə deyirdi. – Söhbətin nədən getməsindən
asılı olmayaraq o, mütləq ən yaxşı olmalı idi".
Madonna ABŞ-ın Miçiqan şatatında zəngin ailədə dünyaya gəlib.
Azdanışan və təmkinli insan olan atası müdafiə sahəsində işləyirdi.
"Dövlətə xidmət edən kəs artıq söz danışmaz", - deyə o, sanki
bununla özünün emosional süstlüyünün səbəbini izah edirdi.
Missis Çikkone evdar qadın idi və Madonnanın xatirələrinə görə,
"evin mələyi" sayılırdı: "O, bütün ətrafını sevincə qərq edirdi.
Məni qucaqlayanda dünyanın ən xoşbəxt insanı olurdum".
Lakin təəssüf ki, bu xoşbəxtlik uzun sürmür: Madonnanın heç altı
yaşı tamam olmamış anası xərçəngin qurbanı olur. Madonna üçün nəyin
daha ağır zərbə olması hələ də məlum deyil – anasının ölümününmü,
yoxsa atasının yeni evliliyinin... Madonna analığına bütün qəlbilə
nifrət edirdi: ona aldığı paltara görə, qənaət ucundan bir toyuğu
on dəfəyə bişirdiyinə görə, nəhayət, nəinki süfrə başında, həmçinin
atasının yatağında da anasının yerini tutduğuna görə...
Analığına nifrətin bir səbəbi də atasına olan qeyri-təbii
sevgisi ilə bağlı idi. Madonna təkidlə atasından diqqət tələb edir
və həmişə buna nail olurdu. "O, açıq-aydın Elektra kompleksindən –
Edip kompleksinin qadın variantından əziyyət çəkirdi. – Kristofer
Çikkone "Bacım Madonna ilə keçən həyat" kitabında yazırdı. – Biz
hamımız atamızın sevgisi uğrunda mübarizə aparırdıq, lakin adətən
qalib Meddi olurdu. Onun böyük olması qalan uşaqları kənarlaşdırıb
atamın dizləri üstə oturmasına mane olmurdu".
Atası isə öz hislərini büruzə verməsə də, Madonnanı başqa
uşaqlarından seçirdi – o, həqiqətən də atasının sevimlisi idi.
Madonna anasının oxşarı idi: səsi, ədaları, düşüncəsi və böyük
arzuları... Bu arzularla atası gerçəkdən fəxr edirdi: Madonna öz
həmyaşıdlarından fərqli olaraq model və ya pop-müğənni olmaq arzusu
ulə alışıb-yanmırdı. Onun kumirləri klassik balet ulduzları Marqo
Fonteyn və Rudolf Nureyev idilər. Madonna rəqs sənətini öyrənmək
üçün Miçiqan Universitetinə daxil olanda atasının sevincinin
həddi-hüdudu yox idi.
Lakin Madonnadan klassik rəqqas alınmadı – o, çox tez anladı ki,
bütün ömrü boyu kordebaletdə (dəstə ilə oynayan balet artistləri
heyəti – tərc.) rol almaq üçün çalışmaq istəmir. Lakin Madonna
özünün günlərin birində "Metropoliten-opera"nın səhnəsinə çıxmaq
arzusunun puç olmasını daha yüngül qarşıladı, nəinki atasının dərin
təəssüfünü... Bəlkə də böyük aktrisa olmaq arzusu da onda məhz o
vaxt oyandı... Və illər ötdükcə arzular maniyaya çevrildi...
Tanışlıq
1985-ci il yanvarın 10-da "Universal" kinostudiyasında iynə
atsan, yerə düşməzdi. Fanatları Madonnanın "Material Girl" adlı
yeni klipinin çəkilişlərinə baxmaq istəyirdilər. Kino işçiləri
ikrahla üz-gözlərini turşudurdular: onlar üçün Merilin Monro kimi
bəzənmiş, çəhrayı ipək paltar geymiş bu sarıbəniz qız "layiq
olmadığı yeri tutan yelbeyindən" artıq biri deyildi.
Sonralar Şon Penn deyirdi ki, çəkiliş povilyonuna yalnız tanışı,
kilipin rejissoru Meri Lamberti görmək üçün daxil olmuşdu: "Mən
ümumiyyətlə, heç bilmirdim ki, Madonna kimdir. Əlbəttə, o, artıq
çox məşhur idi, lakin mənim aid olduğum aləmdə pop musiqisi ilə
maraqlanan çox az idi". Bu, əməlli-başlı tülkülükdür: Emilio
Estevesin dediklərinə görə, Şon Madonnanın yaradıcılığını diqqətlə
izləyirdi və onun pərəstişkarı idi.
Hələ üstəlik, Meri Lambertdən də xahiş etmişdi ki, onu pop
ulduzla tanış etsin. Gələcək arvadından aldığı ilk təəssüratı Penn
bir cümlə ilə ifadə etmişdi: "Çox pis səsi, çox əla arxası var".
Madonna da öz növbəsində, onu "ildırım zərbəsi" adlandırmışdı:
"Şonu görəndə anladım ki, o, həyatımın kişisidir".
"Mən heyrət içində idim ki, bacım bu oğlana necə ilişib, - deyə
Kristofor Çikkone xatırlayır. – O, yaxşı oğlan idi, amma qətiyyən
onun zövqündə deyildi".
Şon ciddi adam deyildi, Madonna ilə tanışlığadək bir neçə çılğın
macəra yaşamışdı, o cümlədən aktrisa Süzen Sarendonla... Onun
Elizabet Mak-Hovernlə ciddi münasibətləri olmuşdu. Lakin Madonnanın
"təzyiqi" onunçün tamamilə gözlənilməz olur. "O, başını itirir!" –
Pennin dostu Çarli Şin belə xatırlayır. O, sadəcə, nə edəcəyini
bilmirdi, axı Madonna adi bir qızcığaz deyil, ulduz idi".
Lakin bəzi dairələrdə Şon Pennin adı Madonnanın adından daha
hörmət və ehtiramla çəkilir, müğənni isə bu barədə bilirdi. Onu
yeni nəslin ən istedadlı aktyoru, gənc dahi adlandırırdılar. Bu gün
Şonun qazandığı "Oskar"lar həmin qiymətlərin uzaqgörənliyini bir
daha sübut edir. O vaxtlar müğənni Prinslə görüşən Madonna heç
tərəddüd etmədən ciddi gənc aktyor naminə müəmmalı seksual meyilli
kumirindən imtina etdi.
İlk görüşdə sadəcə, söhbət etdilər. Madonna hər vəchlə çalışırdı
ki, Şon onun pop-diva şöhrətini tamam unutsun: o, olduqca sadə
geyinmişdi, dünya klassiklərinə dair məlumatı onu heyran etmişdi,
demişdi ki, dünyada ən çox sevdiyi şey Klod Kolber çəkildiyi köhnə
filmləri izləmək və pizza yeməkdir. Uzun illər sonra elə həmin
fəndi o, əri, rejissor Qay Riçiyə qarşı da işlədir. Və bu, o vaxt
da kara gəlmişdi.
"Əsil Maddi" ilə səhnədəki obraz arasındakı fərq Penni heyrətə
gətirmişdi. Sonralar Şon özü çox təəccüblənirdi ki, aktyorluğu onun
kimi ana südü ilə əxz eləmiş, təpədən-dırnağa artist olan Hollivud
məşhuru necə olub bu riyakarlığı sezə bilməyib.
Gənc aktyor və pop-ulduzun münasibətləri ildırım sürətilə
inkişaf edirdi. Tanışlıqlarından bir neçə həftə sonra Penn və
Madonna nişanlanmaları haqqında elan verdilər. Jurnalistlərin - "Bu
münasibət nə qədər sürəcək", - suallarına Madonna belə cavab
vermişdi: "Toy paltarımı tikməyə mənə nə qədər vaxt lazımdırsa, o
qədər".
Pennin valideynləri də, Madonnanın atası da sevgililərə heç
olmasa bir qədər gözləməyi tövsiyə edirdilər. Lakin Madonna
atasının fikri ilə o qədər də hesablaşmırdı. Şon isə elə vurulmuşdu
ki, "gözləyin" sözünü eşidəndə ağlı başından çıxırdı.
Şonu özündən çıxaracaq şeylərin həddən çox olduğunu Madonna hələ
tanışlıqlarının ilk aylarında başa düşmüşdü. Aqressiv davranışları,
ətrafdakı hər kəsə hücum etməsi onun həddən artıq oyaq
psixikasından xəbər verirdi.
Lakin müğənni üçün həmin an əsas olan sonsuz ehtirasa malik bir
insanla görüşməsi idi və bu, onları bir-birilərinə çəkirdi. "Şon
deyirdi ki, Madonna onun ağlını başından alıb, - Pennin dostu
aktrisa Meq Louri Rendi Taraborelli "Madonna" kitabında
xatırlayırdı. Ancaq bu, onu narahat edirdi. "O dəlidir. – Penn
deyirdi. – Mən də dəliyəm. Bizi birlikdə təsəvvür elə".
"Dəlilərin" ittifaqına hamıdan çox müğənnilər sevinirdilər.
Fotoqraflar Madonna və Pennin evlərinin qapısında növbə çəkirdilər.
Onlar cütlüyü restorana da, kluba da, konsertə də müşayiət
edirdilər. Hətta Madonna Vestvud qəbiristanlığında Merilin Monronun
qəbrini ziyarət edəndə də onu izləyirdilər.
Məşhurluq dalğası şahə qalxdığı bir zamanda "Penthaus"
Madonnanın hələ heç tanınmadığı vaxtlarda çəkdirdiyi çılpaq
şəkillərinin dərc ediləcəyi xəbərini yayır. Qızcığazın heç ağlına
da gəlməzdi ki, fotosessiyada baş verən məsum bir xuliqanlıq
sonralar onun başına bəla ola bilər. Qalmaqallı fotolar barədə
"Pleyboy" jurnalında da xəbərlər gedir.
Madonna ictimaiyyətə bildirir ki, burda utanılacaq heç nə
yoxdur. Özü isə dostu Tommi Kvinə etiraf edir ki, nə edəcəyini
bilmir. Kvin buna ümumiyyətlə, heç əhəmiyyət verməməyi məsləhət
görür: nə olsun ki, Merilin Monronun da lüt şəkilləri var idi...
"Bəs atam buna nə deyər?" – deyə, Madonna həyəcan keçirir. "Bəyəm
o, bu şəkilləri hökmən görməlidir?" "Bəs Şon?! Şon nə
düşünəcək?!"
"Penthaus"un Madonnanın lüt şəkillərini dərc edən nömrəsi
lütfkarlıqla Pennin ünvanına göndəriləndə o özündən çıxıb coşdu.
Müğənni sevgilisini güclə sakitləşdirə bildi. Lakin 1985-ci ilin 30
iyununda cütlük oteldə mətbuat konfransına hazırlaşanda kimsə
onların nömrəsinin qapısına Madonnanın hamiləliyinə işarə edən "Ana
və atanı təbrik edirik! Eksklüziv xəbər haqda nə düşünürsüz?"
sözləri yazılan kağız bağlanmış şar dəstəsini atanda Penni artıq
heç nə ilə tutub caxlamaq mümkün olmadı.
"O, bağıra-bağıra nömrədən bayıra atıldı: "Bu dəqiqə hamısının
beynini partladacam", - bu səhnənin şahidi Lori Malrenin belə
xatırlayırdı. "Jurnalistlərdən hansısa onun şəklini çəkmək
istəyəndə o, lap azğınlaşdı. Hardansa bir daş tapıb düz fotoqrafın
başına atdı, sonra fotoaparatını dartıb əlindən alaraq kürəyinə
çırpdı. Fotoqraf yıxıldı, Penn isə onu tapdalamağa davam edirdi.
Başqa bir jurnalst qabağa keçmək istəyəndə Penn vurub onun gözünü
partlatdı. Nömrədən çıxan Madonna şlyapasını gözünün üstünə basıb
aradan çıxdı". Onda aktyoru tutub doxsan günlük həbs cəzası və
cərimə kəsmişdilər.
Ardı var
Tərcümə etdi: Təhminə C.B.