Yuxarı

Rayonlar bu cür birləşə bilər – Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin son müşavirələri yeni islahatların başlanması üçün siqnal oldu. Gəlirlərin azalması və manatın mövqeyinin qorunması üçün bundan öncə xərclənən vəsait ölkənin böyük qənaət rejiminə keçməsinə şərait yaratdı. Artıq bir sıra mətbuat orqanları struktur islahatlarına başlanacağı haqqında iddialar səsləndirməkdədir.

Prosesi daha dəqiq izləmək üçün iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbətləşdik:

- Artıq ölkədə bəzi qurumlar ləğv edilib, bəziləri birləşdirilib. Bu struktur islahatlarının davamını necə görürsünüz?

- Azərbaycanda Nazirlər Kabinetinin və dövlət idarələrinin strukturuna baxanda görürük ki, 44-ə yaxın nazirlik və dövlət idarəsi var. Bu, kiçik ölkə üçün həddindən artıq çox idi və büdcə üçün yük yaratmışdı. Sadəcə, neftin qiyməti yüksək olduğu üçün biz bu yükü hiss etmirdik və büdcədən ayrılan pullar hesabına bu qurumların ayaqda qalması daha rahat olurdu. İndi qənaət rejiminə keçmişik. Prezident də çıxışında bunu qeyd etdi. Hazırda ilk baxışdaca artıq olduğu görünən qurumların ləğvi, yaxud birləşdirilməsi prosesi gedir. Bu, çox doğru qərardır. Sadəcə, burada sosial məsələlərin də paralel şəkildə həlli vacibdir. Çünki Azərbaycanda 950 minə yaxın insan büdcədən maliyyələşir. Əgər dövlət şirkətlərini də nəzərə alsaq, bu rəqəm 1 milyonu keçir. Bu, çox böyük rəqəmdir. Azərbaycanda 1,7 milyondan artıq muzdla işləyən işçi var. Onun təxminən 1,1 milyonu dövlət şirkətlərinin tərkibində çalışan insanlardır. Bunun da üzərinə 1,3 milyon təqaüdçünü gəlsək, büdcə üçün çox böyük risk və yük yaranır.

Yaxın gələcəkdə büdcəyə dəyişiklik edilməsi məsələsi gündəmə gəlib. Çox güman ki, bu dəyişiklik zamanı biz daha ciddi struktur islahatlarını görəcəyik. Fikrimcə, indiki mərhələdə ən çox toxunulan sahə tikinti olacaq. Çünki nazirlik və komitələrdən başqa tikintiyə nəzarət edən çoxlu qurumlar var. Bu, iş adamlarının fəaliyyətini, lisenziyaların alınmasını, tikintilərin aparılmasını çətinləşdirir. Prezident son müşavirədə bununla bağlı maraqlı fikir söylədi ki, tikintidə olan korrupsiya digər sahələrdən daha çoxdur. Bu, tamamilə doğru təsbitdir. Tikintinin çox maraqlı bir cəhəti də onun multiplikator effektinin olmasındadır. Yəni tikinti öz arxasınca bir çox sahələri dartıb apara bilir, həmçinin sürətlə kifayət qədər iş yerləri yaratma imkanına malikdir. Ona görə də çox güman ki, tikintidə kifayət qədər çox ciddi dəyişiklik, struktur islahatları olacaq. Təxminən 14-ə yaxın dövlət qurumunun tikintiyə nəzarət etmək haqqı var. Ola bilsin ki, bir nazirliyin və yaxud idarənin tərkibində bunların hamısının birləşdirilməsinin şahidi olaq. İlkin mərhələdə bunu gözləyirəm.

Hazırda Nazirlər Kabineti ilə Prezident Administrasiyasının (PA) bəzi şöbələrinin funksiyaları üst-üstə düşür. Burda da bir-birini tamamlayıcı və yaxud ardıcıllığını saxlamaq şərti ilə müəyyən struktur islahatları mümkündür. Yəni qənaət rejimi bu islahatları diqtə edir. Sadəcə, sosial paket də bunun yanında olmalıdır. Çünki söhbət on minlərlə insanın işsiz qalmasından gedir.

- Struktur islahatlarının davamı kimi cəmiyyətdə belə fikir var ki, bəzi rayonlar birləşdiriləcək. Sizcə, bu addım doğrudurmu? Doğrudursa, hansı rayonlar birləşdirilməlidir?

- Əslində, bu qərarın verilərsə, bunu ciddi təqdir edərəm. Azərbaycan kiçik ölkədir. Kiçik ölkədə 70-dən artıq rayonun, rayon mərkəzinin olmasının effektivliyi aşağıdır. Təsəvvür edin ki, hər rayonun özünün polis şöbəsi, prokuroru, təhsil, səhiyyə şöbəsi var. Bunların hamısı qeyri-effektiv idarəetməyə və resursların doğru xərclənməsi zamanı müəyyən problemlərə gətirib çıxarır. Təmərküzləşmə yolu ilə bunun adını "El", yaxud "Mahal" da qoymaq olar. Mənim təsəvvürümdə El daha yaxşı səslənir. Bir neçə rayonun birləşdirilməsi yolu ilə təqribən Azərbaycanı 18-20 Elə bölmək olar. Məsələn, Şəki, Gəncə, Lənkəran, Quba kimi şəhərlərin El mərkəzləri olmaq imkanları genişdir. Həm büdcə, həm də effektiv idarəetmə nöqteyi-nəzərdən bu islahat ölkəyə çox yararlıdır.

Çox təəssüf ki, indiyə qədər kanalizasiyadan tutmuş yol su xətlərinə qədər, hər şey insanların düşüncəsində Bakının problemi hesab edilir. Əslində bu, yerli məsələlərdir. Amma burada idarəetmə struktur islahatları ilə paralel, təmsilçilik islahatı da olmalıdır. Məsələn, təəssüf ki, Azərbaycanda bələdiyyələr işləmədi. Onların həm pis imici var, həm də institusional olaraq ölkənin tələblərinə cavab vermədilər. Bələdiyyələrin effektiv idarəetməsi üçün məsuliyyət və səlahiyyət bölgüsünə ehtiyac var. Yəni, icra strukturları, icra nümayəndələri qaldıqca bələdiyyələr heç vaxt normal şəkildə inkişaf edə bilməyəcək. Bələdiyyələr ən yaxşı halda icra strukturunun bir filialına, qoluna çevrilir və bu da effektiv idarəetməni xeyli dərəcədə aşağı salır. Ən yaxşı variant kimi yerli özünüidarəetmənin Avropa təcrübəsi, El məclislərinin formalaşması götürülə bilər. Bu, bir növ yerli seçkilər şəklində, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi formasında baş tutmalıdır.

Biz cəmiyyəti çox pis öyrətdik və hamı cavabı mərkəzdən gözləyir. Bütün məsuliyyət, səlahiyyət, vəsait mərkəzin üzərindədir. Son vaxtlar regionlarda olan proseslər də göstərdi ki, hamı Bakıdan imdad gözləyir. Heç kim yerli rəhbərlikdən, özünün təmsilçisindən nəsə gözləmir, gözləntisi yoxdur. Ona görə ki, resursunun olmadığını, səlahiyyətinin kiçik olduğunu bilir. Bu, düzgün deyil. Xırda kommunal məsələlərin həlli sahəsində yerli özünüidarəetməyə yavaş-yavaş keçid olmalıdır. Yəni vətəndaş bilməlidir ki, suyu gəlmirsə, günah Bakıda yox, yerli təmsilçilikdədir. Bunların həlli üçün onların büdcəsi olmalıdır. Büdcəsinin olması üçünsə ciddi struktur islahatları ilə yanaşı, qanunvericilikdə də dəyişiklik edilməlidir. Məsələn, ən optimal yollardan biri ƏDV-ni azaltmaq şərti ilə ticarət vergisinin təsis olunmasıdır. Yəni yerli biznesin üzərinə də yük düşməsin. Yığılan ticarət vergisi birbaşa yerli büdcəyə keçirilsin. Bu, çox effektiv modeldir, Avropa və Amerikada tətbiq olunur.

Regionların, rayonların birləşdirilməsi çox optimal addım olardı. Bu, büdcənin yükünü xeyli dərəcədə azaldardı.

- Belə çıxır, islahatlar olarsa, icra hakimiyyəti, ya da bələdiyyələrdən hansısa biri ləğv ediləcək.

- İcra hakimiyyətləri əslində ləğv olunmalıdır, amma mərkəzi hökumətin bölgələrdə mütləq təmsilçisi olmalıdır. Bu, "vali", "elbəy" şəklində də ola bilər. Hətta bizdə belə təklif də vardı ki, adını "elbəyi" qoyaq. Bu "elbəy", "vali" bölgələrdə ancaq mərkəzi hökumətin nəzarətçisi rolunu oynayır, birbaşa icra işlərinə qarışmır. O, yalnız yerli rəhbərliyin konstitusiyaya uyğun hərəkət edib-etmədiyini nəzarətdə saxlayır. Fövqəladə vəziyyətlərdə idarəçiliyi öz üzərinə götürür. Mərkəzi hökumət onu vəzifələndirir və güc strukturlarının koordinasiyasını o həyata keçirir. Söhbət təbii fəlakət və iğtişaşlardan gedir. Amma normal iş rejimi ondan ibarətdir ki, "el" ərazisində konstitusiya və mərkəzi hökumətin qoyduğu qaydalara riayət edilməsinə nəzarət edir və birbaşa mərkəzi hökumətə bununla bağlı məlumat verir. Həmin şəxsin özünün birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olmalıdır. Əgər El ərazisində konstitusiyaya zidd addımlar varsa, birbaşa Konstitusiya Məhkəməsinə üz tutur və yerli məclisin qəbul etdiyi qaydaları ləğv edir. Bu, hüquqi nöqteyi-nəzərdən vacibdir. Lakin düşünmürəm ki, buna tez-tez ehtiyac olacaq. "El"lərin kiçik yerli hökumətləri olmalıdır.

- Prezident son müşavirədə tenderlə bağlı problemlərin olduğunu da dedi. Məsələn, dövlət idarələrinin tikililərinin böyük bir qismini elə dövlət şirkətlərinin özü həyata keçirir. Bəzən bunun üçün tenderlər belə keçirilmir. Effektivlik baxımından qənaət dövründə biz bu dövlət şirkətlərini özəl və ya xarici şirkətlərin əvəz etdiyini görə bilərikmi?

- Əslində bu, struktur islahatlarının ana xətlərindən biridir. Məsələn, nazirliklər və dövlət idarələri təsərrüfat fəaliyyətindən ayrılmalıdır. Nazirlik siyasi qurumdur, siyasəti müəyyən edir. Məsələn, Nəqliyyat Nazirliyi bu sahənin siyasətini müəyyən edir. Nazirlik kiçik, çevik aparatdan ibarət beyin mərkəzi olmalıdır və bu sahələrlə bağlı dövlətin kiçik, orta və uzun vədəli siyasətini müəyyən etməlidir. Nazirlik təsərrüfat fəaliyyəti ilə, ümumiyyətlə, məşğul olmamalıdır. Özəl şirkətlər təbii ki, dövlət idarələrindən daha effektiv işləyir. Əgər tenderi dövlət şirkəti udursa, keyfiyyətə, xərclərə nəzarət ciddi olmur. Ona görə də nazirlik və dövlət idarələri təsərrüfat işlərindən çəkilməlidir.

Dünyada belə bir praktika mövcuddur ki, tenderlərlə məşğul olan xüsusi idarə olur. Həmin şirkət dövlətin birbaşa nəzarəti altında bütün sahələr üzrə tender keçirir, tenderlərin şəffaf olması üçün kanalların biri ilə müqavilə imzalanır və canlı yayımlanır. Təklifdə müddət və qiymət olur. Məsələn, dövlət istəyir ki, bir bina tiksin, yol salsın. Ən yaxşı təklifi edən iki şirkət sona qalır. Tender komissiyası o şirkətləri araşdırır və onlar arasından seçim edilir. Bu, çox effektiv və şəffafdır. İlkin şərt kimi dövlət qurumları təsərrüfat fəaliyyətindən çəkilir və ayrıca qurum yaradılır. Burada söhbət mütəxəssislərdən gedir. 15-20 nəfərlik komissiya bütün ölkə üzrə bu tenderlərin normal şəkildə fəaliyyət göstərməyinə təminat verə bilər.

İndiki qənaət rejimində onu da nəzərə almaq lazımdır ki, 2016-cı ildə büdcəyə dəyişiklik olacaq. Bu olmasa belə, 4 milyard manata yaxın investisiya xərcləri azaldılıb. Az qalmış vəsaiti daha effektiv xərcləməyə ehtiyac var. Tenderlər xüsusi bir qaydada keçirilməlidir. Tender komissiyasının üzvləri çox şəffaf işləməklə yanaşı, çox yüksək maaş almalıdırlar. Azərbaycanda ən yüksək maaşdan da artıq almalıdırlar ki, onların heç bir maddi marağı qalmasın. Maddi maraq olmadıqda şəffaflıq artacaq, nəzarət güclü olacaq.

- Millət vəkili Zahid Oruc Energetika Nazirliyinin lazım olmadığını və ləğvinin məqsədəuyğunluğunu bildirib. Bu təklifə necə baxırsınız?

(ardı var)

Tarix
2016.01.26 / 09:33
Müəllif
İlham, İlkin
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla