Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Sərəncamı ilə 2016-cı il ölkəmizdə Multikulturalizm ili elan
olundu. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm
və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla yanvarın 22-də
geniş mətbuat konfransı keçirərək bu ilin fəaliyyət planlarından
danışıb. Dövlət müşaviri deyib ki, multikulturalizm ilinin
başlanğıcı var, sonu yoxdur.
Mətbuat konfransından Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun
hazırladığı sitatlardan ibarət yazını təqdim edirik:
Jurnalistlərə çağırış
- Gördüyümüz və görəcəyimiz işlər çoxdur. Bu işlərdə
intellektual səviyyəsi yüksək olan, analitik düşünmə qabiliyyətinə
malik jurnalistlərlə bir yerdəyik və bir yerdə olacağıq.
- Sevinirəm ki, gördüyümüz işlərdə
jurnalistlərlə əlaqələrimiz möhkəm olub, biz sizin dəstəyinizi
yaxından hiss etmişik.
- Tədbirlərarası işimizi elə qurmalıyıq ki, davamlılıq daim
təkminləşdirilərək hərəkətdə olsun.
- Hər hansı ölkənin daxili ruhuna girmək istəyirsənsə,
universitetlərindən başla.
- Multikulturalizm ilində jurnalistlər üçün xüsusi mükafatlar
təsis etməliyik.
Multikulturalizmin əsrarəngiz fəlsəfəsi
- Məndən soruşurlar ki, multikulturalizm sözü bizim cəmiyyətdə
hansı refleksi doğurur? Cavab verirəm: multikulturalizm şəfqət,
mərhəmət deməkdir, başqasının halına girmək bacarığıdır, başqasına
rəva bildiyini özünə də rəva bilmək cəsarətidir. Elmdə öz-özgə
qarşıdurması deyilən anlayış – dixatomiya adlanır – öz-özgə,
yuxarı-aşağı, isti-soyuq. Multikulturalizm öz-özgə qarşıdurmasınn
azərbaycanlı təsəvvüründə, vətəndaşlarımızın psixologiyasında son
dərcəcə yumşaq təzahürü deməkdir. Nəhayət, multikulturalizm
müxtəlif istiqamətdə düşünən insanların bir-birinin yanında rahat,
asudə, öz könüllərindən gələn şəkildə yaşamalarının təminatı
deməkdir. Sadaladığım əlamətlərin hər birində həm dövlətin, həm də
vətəndaş cəmiyyətinin məsuliyyəti durur. İkisi bir-birini
tamamlayanda - dövlət cəmiyyətdən gələn sifarişi hiss edib, onu
həyata keçirəndə, cəmiyyət də dövlətin tələblərinə əməl edəndə çox
gözəl qarşılıqlı anlaşma şəraitində birgə yaşayış modeli formalaşır
ki, adı Azərbaycan multikulturalizmidir.
- Sinkret yeni elm növü yaranır. Bu elm özündə Azərbaycan
dilini, psixologiyasını, tarixini, ədəbiyyatını, mənəviyyatını bu
gününü, gələcəyini özündə etiva edən intellektual yaradıcı sahəni
birləşdirir. Onun inkişaf perspektivləri göz qabağındadır.
"Azərbaycan multikulturalizminin qaynaqları" adlı silsilə kitablar
nəşr etməyə başlamışıq, "Azərbaycan multikulturalizmi" dərsliyini
yazmışıq, 20-yə yaxın dünya universitetlərində, o cümlədən yerli
universitetlərimizdə tədrisin həyata keçirilməsi üçün bu fənnin
proqramını hazırlamışıq. Bütün bunlar bizim işimizin gələcək üçün
vacibliyini bir daha göstərir. Cənab Prezident xalqın,
dövlətçiliyin əsrlərdən boyu əldə etdiyi nəaliyyətlərinin
multikulturalizm çərçivəsində dünyaya təqdim edilməsinə
əsaslanaraq, 2016-cı ili Azərbaycan multikulturalizm ili elan
edib.
- Azərbaycan multikulturalizmi tariximizin, ədəbiyyatımızın,
psixologiyamızın, dünyaya baxışımızın akkumlyatorudur.
- Müxtəlif xalqlar, müxtəlif dinlər arasında dözümlülük mühiti
yaradılması ilə kifayətlənsək, işimizin yarısını görmüş olacağıq.
Biz həm də istəyirik ki, eyni xalqa, eyni dinə malik olan
insanların arasında fikir birliyinə nail olaq, dözümlülük
mədəniyyətini tam formalaşdıraq. Multikulturalizmin bir hədəfi
müxtəlifliklər arasında ahəngdarlıq yaratmaqdırsa, ikinci hədəfi
eyniliklər arasında ahəngdarlığın yaradılmasına nail olmaqdır.
Multikulturalizmin mükəmməl forması bütün insanlar arasında
birgəyaşayış modelini tətbiq etməkdir.
Azərbaycan multikulturalizminin təqdimatı
- Biz Azərbaycan multikulturalizminin modelini xüsusi olaraq
təbliğ etmək xətti tutmamışıq. Biz öz yolumuzu gedirik. Göstəririk
ki, dünyanın belə bir çağında Azərbaycanda tamam fərqli abu-hava
duyulmaqdadır.
- Öz-özgə qarşıdurmasının bir-birinin içində ərimə
prinsiplərinin müəyyənləşdirilməsi və azərbaycanlıların həyatında
bu qarşıdurmanın heç bir rol almadığının bütün istiqamətlərdə
sübutu vətəndaş cəmiyyəti tərəfindən dünyaya dəqiq mesajlarla
ötürülməlidir ki, ölkəmiz barədə nəzəri təsəvvür həm də realda
özünü tam doğrultsun.
- Azərbaycan multikulturalzimini bir model kimi dünyaya təqdim
etmək ölkəmizdə cərəyan edən tarixi prosesləri adekvat
göstərməkdir. Bizim ölkədə şiələrlə sünnilər arasında olan
münasibət avropalı dostlarımızı təəccübləndirir. Bu gün dünyada
dini təriqətlər arasında münasibətlər çox gərgin fazaya qədəm
qoyub. Heydər Əliyev məscidində sünnilərlə şiələrin birgə namaz
qılmaları son dərəcə unikal və təkrarsız örnəkdir. Bizə qonaq gələn
avropalı istər fransız, istər yəhudi, istər alman olsun, küçələrdə
müxtəlif geyimli din xadimlərini görəndə, müxtəlif dini
daşıyıcıların nümayəndələri ilə rastlaşanda, azərbaycanlıların bu
adamlara amansız gözlərlə baxmadığının şahidi olanda yaxşı mənada
heyrət hissi keçirirlər. Biz bu yaşayış modelini adi qarşılaya
bilərik, çünki həyat tərzimizdir. Avropalı şərq ölkəsində belə
mühitlə qarşılaşnda çox təəccüblənir.
- 3 cilddən ibarət bir kitab hazırlayırıq – "Azərbaycan
multikulturalizminin qaynaqları". Birinci cild, "Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları", ikinci cild,
"Azərbaycan multikulturalizminin elmi, fəlsəfi və publisistik,
qaynaqları", üçüncü cild, "Azərbaycan multikulturalizminin siyasi
və hüquqi qaynaqları" adlanır. Birinci kitab hazırdır, yaxın
günlərdə təqdimatını keçirəcəyik. Ikinci, üçüncü kitablar
tamamlanmaq üzrədir. Bu kitablarda xalqımızın müqtədir
klassiklərinin əsərlərində öz-özgə münasibətinin ən yumşaq forması
özünü göstərir, başqa dinlərin nümayəndələrinə, müqqədəslərinə,
başqa xalqın alimlərinə, gözəllərinə, igidlərinə olan, sevgi,
ehtiram, hörmət əksini tapır. Bunların cəmi Azərbaycan
multikulturalizminin örnək modelini yaradır.
Azərbaycan multikulturalizminin təqdimatının
nəticəsi
- Ötən il "Yay məktəbi" təşkil etdik. "Azərbaycan
multikulturalizm" fənnindən dərs keçən xarici universitetlərin
tələbələri 10 gün həmin məktəbdə
təmsil olundular. Onlar nəzəri cəhətdən öyrəndiklərinin bir başa
canlı şahidinə çevrildilər. Azərbaycanda yaşayan müxtəlif xalqların
nümayəndələri ilə görüşdülər, dostlaşdılar və əmin oldular ki,
multikulturalizm azərbaycanlıların həyat tərzidir. Onlar "Yay
məktəbi"ndə olduqları müddətdə yaşadıqlarının təəssüratlarını hələ
də sosial şəbəkələrdə bölüşürlər, Azərbaycanın təbliğatını
aparırlar. Bu hadisənin ardından Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin dəvəti ilə ABŞ-ın Los Ancels şəhərində fəaliyyət
göstərən Sinay sinaqoqunun 50 üzvü ölkəmizə gəldi. Onlar
Azərabyacanın bir çox yerlərində oldular, tarixi həqiqətlərimizi
öyrəndilər, dini-milli əhvalımızı gözləri ilə gördülər, ölkəmizin
multikultural abu-havasnı dərindən hiss etdilər. Qonaqlar
ölkələrinə yüksək təsəvvürlərlə qayıtdılar. Nümayəndə heyətinə
rəhbərlik edən sinaqoqun ravvini Deyvid Volpenin "Time" jurnalında
"Azərbaycan Şərqdə tolerantlığın və multikulturalizmin oazisidr"
adlı yazısı dərc olundu. Bu yazıdan sonra ermənilər müəllifin
üzərinə əsassız hücumlara keçdilər. Təsəvvür edirsinizmi, cənab
Volpenin müdafiəsinə bizdən əvvəl "Yay məktəbi"ndə olan həmin
tələbələr qalxdılar. Ravinin fikirlərini dəstəkləyən və ermənilərin
qərəzli olduğunu göstərən yazılar yazdılar. O yazılar bir çox
xarici mətbuatda, sosial şəbəkələrdə dərc olundu. Tələbələr haqqın,
ədalətin, gördüklərinin müdafiəsinə qalxdılar. Bu proses bir daha
göstərdi ki, fəaliyyəti sistemli quranda böyük effekt verir. Biz
xarici tələbələrlə münasibətlərimizi "Yay məktəbi" çərçivəsi ilə
yekunlaşdırmadıq. Onlarla hər gün ünsiyyət saxladıq, tələbələri
Azərbaycanın diasporlarına çevirdik. Nəticədə haqqımızı bizdən
əvvəl onlar müdafiə etdilər. Sistemi düzgün qurduğumuza görə
tamamlanma prosesi baş verdi.
- Avropa universitetlərinin tələbələrində Azərbaycan
multikulturalizmini öz ölkələrinin multikulturalizmi ilə müqayisədə
öyrənmək həvəsi var. Artıq bizim multikultural model bir növ
katalizator rolu oynayır.
- Azərbaycana gələn xariciləri ən çox o təəccübləndirir ki,
müsəlmanların dini rəhbəri ilə ortadoksların dini rəhbərləri bir
masada çörək yeyirlər, eyni mövzu ətrafında fikir birliyinə
gəlirlər.
- Azərbaycan multikulturalizmi dostlarımızı təəccübləndirir,
bədxahlarımızı qıcıqlandırır".
Məqsəd və məram
- Bir çox Avropa ölkələri multukulturalizm modelindən imtina
etdilər. Ancaq Prezident İlham Əliyev Azərbaycan
multikulturalizminin yaşayacağını bəyan etdi. Cənab Prezident öz
xalqına, cəmiyyətinə, tolerantlıq abu-havasına, insanlar arasındakı
münasibətlərə inanır və bunları dərin fəhmlə hiss edir.
- 2016-cı il multikulturalizm ilinin başlanğıcıdr, ancaq bu ilin
sonu olmayacaq.
- Azərbaycanın dostları ictimai dalğasını yaratmağı qarşımıza
məqsəd qoymuşuq.
- Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk
dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat
Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 xalqın dilində
nəşr olundu. Bu dillər arasında Azərbaycanda yaşayan xalqların və
dünya xalqalarının dilləri var. 25 kitabdan biri erməni dilindədir.
O cümlədən kiçik xalqın dili olan Xınalıq dilində də var,
milyonların dili olan Çin dilində də. Layihəyə belə ad qoymaq daha
düzgün olardı-Xınalıq dilindən Çin dilinə qədər. Bu məsafə həm də
multikulturalizm prosesindəki istiqaməti göstərmiş olur. Yəni
əvvəldən sona qədər.
Multikulturalizm azərbaycançılıqla iç-içə
- Azərbaycançılıqla multikulturalizm məfkurəsi arasında incə,
metodoloji, nəzəri fərqlərə həssas münasibət bizim diqqətimizdən
kənarda qala bilməz. Azərbaycançılıqla multikulturalizm bir-birini
tamamlayan anlayışlardır. Hər iki anlayış eyni dərəcədə bir-birinə
lazım olan əməli dəyərlərdir. Elə məqamlar olur ki, ideyalarımızı
azərbaycançılıq məfkurəsi çərçivəsində tətbiq edirik, elə məqamlar
olur ki, orada multikulturalizm dəyərini əsas götürürük. Son dərəcə
həssas, anlayışlı, məntiqli yanaşsaq, hər iki dəyərin eyni
mahiyyəti daşıdığını görərik. Multikulturalizm azərbaycançılıq
ideyalarını təbliğ edən doktorinadır. Multikulturalizm müxtəlif
millətlərin dini konfensiya nümayəndələrinin azərbaycançılıq çətiri
altında birləşməsidir. Bu fəlsəfə özünü Unlu öndər Heydər Əliyev
"mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamında aydın göstərir.
- Erməni dilində kitablar Bakıdakı erməni kilsəsində səliqə ilə
qorunub saxlanır. Bu faktı xalq diplomatoyası şərçivəsində Bakıda
olan erməni ziyalıları görəndə Moskvaya zəng edib, həmyerlilərinə
sevincək xəbər verirdilər ki, filan tarixi əlyazma tapılıb.
- Azərbaycanda ermənifobiyanın olmadığını dünya başa düşmək
üzrədir.
- Azərbaycan cəmiyyətində və xalqında əvvəllər olduğu kimi,
ermənilərlə birgə yaşamaq potensialı var.
- Gərək elə edək ki, kütlə sənətkarın arxasınca getsin, sənətkar
düşünməsin ki, kütləyə nə lazımdır. Qara Qarayevi hamı bəyənmirdi
ki... Öz əqidəsi ilə getdi və dünyanın ən məşhur bəstəkarları
sırasına qalxdı.
- Universitetə daxil olmayan gənc elə bilməsin ki həyat bununla
bitdi, xeyir, həyat bununla başlaya da bilər. Biz belə gənclərə
özünü cəmiyyətdən kənarda hiss etmək "şansını" verməyəcəyik. Onlar
cəmiyyətə xeyir vermək imkanı
qazanacaqlar.
- Hər insan öz daxili ilə bir ölkədir.