Axar.az filologiya elmləri doktoru, professor Tərlan
Quliyevin "Ədəbiyyat tariximizin ilk sufi qəhrəmanı" adlı yazısını
təqdim edir:
Yazılı ədəbiyyat tariximizin başında duran, məğzi, mahiyyəti,
əsas nüvəsi eramızın VII əsrinin sonlarına yaxın formalaşıb
qurtaran, lakin bu zamana qədər, eyni zamanda, bu zamandan sonra
bir neçə dəfə yazıya alınan, üzü köçürülən, redaktəyə məruz qalan
"Dədə Qorqud kitabı"nda əks olunan xüsusiyyətlərdən biri də dini
məsələlərdir. Dastanda Dədə Qorqud haqqında, eyni zamanda, "Qam
Börənin oğlı Bamsı Beyrək" və "Qanlı qoca oğlu Qanturalı"
boylarında islam dini ilə bağlı elə məsələlər vardır ki, onlar
islam dininin daha dərin qatlarıyla bağlıdır. Məsələn, biz Dədə
Qorqud haqqında müqəddimədə və "Qam Börənin oğlı Bamsı Beyrək"
boyunda oxuyuruq:
"Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyundan Qorqut ata
diyərlər, bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisi idi, - nə
diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın
könlinə ilham edərdi..." "Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer
aşurdı. Dədə Qorqudun ardından Dəli Qarçar irdi. Dədənin anısı
anıtdı, tənriyə sıqındı. İsmi-əzəm oqıdı. Dəli Qarçar qılıcın alinə
aldı. Yuqarısından öygə ilə həmlə qıldı. Dəli bəg dilədi ki, Dədəyi
dəpərə çala. Dədə Qorqut ayıtdı: "Çalırsan, əlün qurısun!" – dedi.
Həq təalanın əmrilə Dəli Qarçarın əli yuqaruda asılu qaldı. Zira
Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı. Dəli Qarçar aydır:
"Mədəd, aman, əlaman! Tənrinin birliginə yoqdır güman! Sən mənim
əlümi sağaldı gör, tənrinin buyruğilə, peyğəmbərin qövlilə qız
qarındaşı Beyrəgə verəyin!" – dedi. Üç kərrə ağzından iqrar eylədi.
Günahına tövbə eylədi. Dədə Qorqut dua eylədi. Dəlinin əli həq
əmrilə sapasağ oldı".
"Dədə Qorqud kitabı"ndan nümunə gətirdiyimiz bu parçada Dədə
Qorqudun şəxsiyyəti ilə bağlı üç məsələ diqqəti cəlb edir:
1. Haqq-taalanın onun könlünə ilham etməsi
2. Dədə Qorqudun ismi-əzəm oxuması
3. Dədə Qorqudun vilayət issi-sahibi olması.
Məlumdur ki, Dədə Qorqudun şəxsiyyəti haqqında, onun ata, dədə,
övliya, şaman olması barədə çox yazılıb. Lakin qorqudşünaslıqda
onun bu üç xüsusiyyəti barədə az söz deyilib. Belə ki, məşhur türk
tədqiqatçısı Orxan Şaiq Gökyay "Dədə Qorqud kitab"ına həsr etdiyi
fundamental araşdırmasında istər Dədə Qorqudun şəxsiyyəti haqqında
dediyi fikirlərdə, istərsə də dastanda olan islami ünsürlərdən bəhs
edərkən, Dədə Qorquda ilham verilməsi və onun vilayət issi-sahibi
olması barədə danışmayıb, ancaq və ancaq ismi-əzəm haqqında bəhs
edib. "Dədə Qorqud kitab"ının gözəl tədqiqatçılarından biri olan
mərhum Bəhlul Abdulla isə "Kitabi-Dədə Qorqud"un poetikası" adlı
əsərində dastandakı dini məsələlərə geniş yer ayırsa da, ilham
məsələsindən ümumiyyətlə danışmayıb, Dədə Qorqudun ismi-əzəm
oxuması və vilayət issi olması barədə qısa bir cümlə deyib keçib.
Bizim isə Dədə Qorqudun şəxsiyyəti ilə bağlı nəzərə çatdırmaq
istədiyimiz bu üç məsələ Dədə Qorqud surətinin, Dədə Qorqud
şəxsiyyətinin öyrənilməsilə bağlı çox mühüm xüsusiyyətlər olub,
onun islam dini baxımından da çox önəmli şəxsiyyət olduğunu ortaya
qoyur. Bu xüsusiyyətlər, eyni zamanda, Dədə Qorqudun, hətta belə
demək mümkünsə, haradasa sufi bir qəhrəman olduğunu, onun özündə
sufilərə məxsus xüsusiyyətlər daşıdığını da bəlli edir. Beləliklə,
məsələni çox uzatmadan, birinci təqdim olunan ilham məsələsinə
münasibət bildirərkən, onu demək olar ki, mənbələrdə ilham feyz
yolu ilə insanın qəlbinə çatdırılan bilgi, Allah-taalanın birbaşa
və yaxud da mələk vasitəsilə insan qəlbinə təlqin etdiyi müsbət
hisslərdir. İlham, eyni zamanda, insanın qəlbində birdən meydana
çıxan, maddi mənbəyi məlum olmayan məlumatlardır. Bəzi sufi
alimlərinə görə, ilham ağıldan kənar verilən xəbərlərin, hisslərin,
duyğuların, bilgilərin mənbəyidir. İlk sufilərə görə ilham, eyni
zamanda, təkcə maddi məlumatların deyil, həm də dini, ilahi, mistik
məlumatların da mənbəyi ola bilər. Bir qrup alim isə əqli
məlumatların düşüncə nəticəsində insan qəlbinə ilahi ilham yolu ilə
verilə biləcəyinin mümkünlüyünü də qəbul edir. Bu yöndən, nəzəri
bilgilərin də ilham yolu ilə meydana çıxa biləcəyi güman edilir.
Bir sıra alimlər isə bəzi xüsusi şəxslərdə ilhamın ayrıca bir
məlumat mənbəyi olduğu fikrini də ortaya qoyurlar. Bu görüşləri
bölüşən sufilərə görə, ilham Allah-taala tərəfindən birbaşa və
yaxud da mələk vasitəsilə insan qəlbinə çatdırılan ən doğru
məlumatlardır. Buna görə də insanlara bilmədiklərini öyrədəcəyini
vəd etdiyi və Məhəmməd Peyğəmbərdən (s.a.s) sonra vəhy qapısı
bağlandığı üçün, Allah-taala bu məlumatları insanlara ilham
vasitəsilə ötürür (İslam ensiklopediyası).
Qeyd etdiyimiz kimi, dastanda islam dini ilə bağlı Dədə Qorqudun
şəxsiyyətinə aid olan xüsusiyyətlərdən biri də onun vilayət issi –
sahibi olmasıdır. Məlumdur ki, Haqqa gedən yolda hər bir arif, sufi
şəriət, təriqət, mərifət, həqiqət mərhələlərindən keçir. Bu
mərhələlərin hər birinin isə onlarla mənzili vardır. Belə
mənzillərdən biri də vilayət mənzilidir. Yenə də məsələni çox
uzatmadan demək olar ki, sufi-irfani təliminə görə, vilayət, insan
qəlbinin bütövlükdə haqqın nuru ilə dolması, salikin özünü fani
bilməsi, zahiri aləmin heç bir təsirinə məruz qalmaması halıdır.
Vilayət bütün həqiqətləri əhatə edən anlamdır. O, haqqa yaxınlıq və
haqq sevgisi ilə bağlıdır (Nəsib Göyüşov).
İsmi-əzəmə gəldikdə isə onu demək olar ki, dini ədəbiyyatın
verdiyi məlumata görə, ismi-əzəm Allah-taalanın ən böyük adlarından
biridir. Lakin bu ad gizlidir. Nə Allah-taalanın özü, nə də
Məhəmməd Peyğəmbər (s.a.s.) bu ad barədə açıq-aşkar bir söz
deməmiş, lakin onun haqqında müəyyən işarələr etmişlər. Məsələn,
bir rəvayətə görə Peyğəmbər salavatullah, ismi-əzəmin müqəddəs
Qurani-Kərimin "Bəqərə", "Ali-İmran" və bir rəvayətə görə isə "Ta
Ha" surələrində mövcud olan "Allahu la ilahə illa huvəl həyyul
qəyyum" cümləsindən ibarət olduğunu söyləyib. Yəni başqa sözlə
desək, alimlərə görə, ismi-əzəm bəlkə də Allah-taalanın bu cümlədə
olan "Həyy" və "Qəyyum" adlarıdır. Bəzi rəvayətlərdə isə
ismi-əzəmin "İxlas" surəsinə bənzədiyi də söylənilir. Həzrəti
Ayişədən gələn rəvayətə görə isə, ismi-əzəm Allah-taalanın "Ya
Allah", "Ya Rəhman", "Ya Rəhim" "Ya Rəbb" və s. adlarından biridir.
Bəziləri isə "Ya Lətif", "Ya Vəhhab" kimi Allah-taalanın 99 adının
içində olan bu adlarından birinin də ismi-əzəm olduğunu
söyləyirlər. Ümumi qənaətə görə isə, bütövlükdə ismi-əzəm dua
deyil, Allah-taalanın adlarından biridir. Sadəcə olaraq,
ismi-əzəmlə edilən dua Allah dərgahında daha tez qəbul olunur.
Peyğəmbər salavatullah da bu dua ilə bağlı aşağıdakı fikri
söyləyib: "Allah-taala ismi-əzəmi anaraq ondan müəyyən şey tələb
edənin tələbini yerinə yetirir. İsmi-əzəmlə dua edildikdə, duanı
qəbul edir" (İslam ensiklopediyası). Beləliklə, dediklərimizi
ümumiləşdirsək, bu qənaətə gələ bilərik ki, ismi-əzəm dua olmasa
da, hər-halda Allah-taalaya edilən hər bir duada Allah-taalanın bir
neçə adının çəkildiyini nəzərə alsaq, ismi-əzəmin də həmin adlardan
biri olduğunu güman etmək olar. Eyni zamanda, ismi-əzəmin də məhz
həmin dua zamanı xatırlanacağını qəbul etsək, şərti şəkildə
ismi-əzəm duasının olduğunu da müəyyən mənada qəbul etmək olar.
Bütün bu deyilənləri araşdırdıqdan sonra isə bir daha Dədə
Qorqud şəxsiyyətinə qayıtdıqda onun övliya, ata, dədə olmaqla
bərabər, eyni zamanda, hörmətli, izzətli bir islam nümayəndəsi və
hətta əgər belə demək mümkünsə, sufiləşməyə doğru gedən bir
qəhrəman, obraz olduğunu da söyləyə bilərik. Çünki Allah-taala hər
bəndəsinə qeybdən dürlü xəbərlər söyləmək səlahiyyəti verməz,
könlünə ilham etməz, dualarını qəbul etməz, onu vilayət sahibi
saymaz. Lakin Allah-taala Dədə Qorquda bu xüsusiyyətlərin hamısını
verib. Allah-taala həm onun könlünə ilham edir, vilayət sahibi
sayır, həm də dualarını qəbul edir. Eyni zamanda, "Qam Börənin oğlu
Bamsı Beyrək" boyunda Allah taalanın Dədə Qorquda inayəti –
qayğısı, köməyi, hüsnü rəğbəti olduğu da məlum olur. Belə ki, Dədə
Qorqud Dəli Qarçarın yanından elçilikdən qayıtdıqdan sonra Baybörə
bəy ondan Dəli Qarçardan qızı alıb-almadığını soruşduqda, Dədə
Qorqud: " Allahın inayəti, ərənlərin himməti oldu; qızı aldım"
söyləyir. Bu isə o deməkdir ki, Dədə Qorqud Oğuzda ata, dədə kimi
nə qədər böyük hörmətə malikdirsə, eyni zamanda, islam dininin
nümayəndəsi olmaq etibarilə də o qədər yüksək, ali məqamlara
malikdir, sufidir. Bu mənada, Dədə Qorqud təkcə qədim türk
inanclarının deyil, eyni zamanda, islam dininin də dərin qatlarına
əsaslı şəkildə bələddir. Onun təkcə elə ismi-əzəm oxuması və eyni
zamanda, onu dua adlandırmaması, onun həm bu dua ilə bağlı və həm
də, ümumiyyətlə islamla əlaqəli bütün məsələləri mükəmməl şəkildə
bildiyini nümayiş etdirir. Beləliklə, gördüyümüz kimi, dastanı
düzüb-qoşan, yazıya alan müəllif, katib "Dədə Qorqud kitabı"nda
islama zahirən üst qatda bir qədər illüstrativ şəkildə yanaşsa da,
əslində Dədə Qorqud şəxsiyyətində islamla əlaqədar qeyd olunan bu
üç məsələ ilə bağlı çox dərin məsələlərə toxunur. Bütün bu
məsələlər isə katibin, müəllifin Dədə Qorquda vermək istədiyi
islami xüsusiyyətlərin üst qatlarda deyil, əsərin alt qatlarında,
kodlar şəklində olduğunu sübuta yetirir. Və belə görünür ki,
müəllif və yaxud da katib əslində, Dədə Qorqudun islamla bağlı
olduğunu bir o qədər də nəzərə çarpdırmaq istəməyib, lakin əsəri
islam mühitində düzüb-qoşduğu və yaxud da yazıya aldığı üçün islami
xüsusiyyətlərdən vaz keçə bilmədiyi anda, həmçinin Dədə Qorqudu
ürəkdən islamla bağlamaq istədiyi zaman, Dədə Qorqud obrazına
islami xüsusiyyətlər əlavə edib, lakin bunu qısa, amma əsaslı
şəkildə edib. Beləliklə, Dədə Qorquda aid islamla bağlı bu
xüsusiyyətlərin haradasa sufiliklə də bağlı olduğunu qəbul etsək,
onda "Dədə Qorqud kitabı"nda sufiliyin ilk növbədə Dədə Qorqud
obrazından keçdiyini və dastanda bu obrazın bu istiqamətdə ilk
addım olduğunu da inamla söyləmək olar. Lakin "Dədə Qorqud
kitabı"nda sufiliyin əlamətlərini özündə bariz şəkildə daşıyan elə
qəhrəman vardır ki, "Dədə Qorqud kitabı" yazılı ədəbiyyat
tariximizin başında durduğundan, həmin qəhrəmanın xüsusiyyətlərini
öyrənməklə də biz, ədəbiyyat tariximizin ilk sufi qəhrəmanının kim
olduğunu da öyrənmiş oluruq.
Beləliklə, "Dədə Qorqud kitabı"nda mövcud olan 12 boya nəzər
saldıqda, qeyd etdiyimiz kimi, bütün məğzi, cövhəri dinlə bağlı
olan "Duxa qoca oğlu Dəli Domrul" boyunu çıxdıqdan sonra, islamla
daha çox bağlı olan boyun "Qanlı qoca oğlu Qanturalı" boyu olduğunu
görürük. Məsələ burasındadır ki, bu boy ilk növbədə dini
terminlərin, dini ifadələrin bolluğu ilə də seçilir və bu dini
terminlər, ifadələr eyni zamanda, daha çox boyun əsas qəhrəmanı
olan Qanturalının dilindən söylənilir. Məsələn, Qanturalı kafərin
sərhəddinə çatdıqda "Həq təala inayət eyləsə, Üç canvəri öldürsəm",
daha sonra, kafərlə görüşdükdə isə "Tənri buyurığilə, peyğəmbər
qövlilə, Qızunı almağa gəlmişəm!", - deyir. Maraqlısı budur ki,
Qanturalını görən Selcan xatun da "Həq təala atamın könlinə rəhmət
eləsə, kəbin kəsüb məni ol yigidə versə" söyləyir. Daha sonra, hər
dəfə meydana buğa ilə, aslanla, buğra ilə döyüşməyə girən Qanturalı
adı görklü Məhəmmədə salavat gətirir. Üçüncü dəfə buğra ilə döyüşə
girən Qanturalıya yenə də tanrı tərəfindən inayət olunur. Buğra ilə
döyüşə girərkən, Qanturalı: "Yaradan qadir tənriyə sığundım. Bir
buğradan dönəyinmi? İnşaallah, bunun dəxi başın kəsəyim", - deyir.
Qanturalı buğanı yıxdıqdan sonra isə, hətta, Təkur da : "Vallah, bu
yigidi gözüm gördi, könlüm sevdi", -söyləyir. Nəticədə isə
Qanturalı : "Həq təala yol verdi, vardım. Ol üç canvəri öldürdüm",
- deyir. Sonda Qanturalının üstünə yağı gələrkən, Selcan xatun
Qanturalını oyatdıqda, Qanturalı: "Amənna və Səddəqna! Məqsudumız
həq təala dərgahında hasil oldı", - söyləyir. Və bundan sonra o,
"arı sudan abdəst alır. Ağ alnını yerə qoyur. İki rükət namaz
qılıb, atına minir. Adı görklü Məhəmmədə salavat gətirir". Və yenə
də sonda atası Qanturalı ilə görüşərkən, Allaha şükürlər
eyləyir.
(Ardı var)