Orxan Zeynallı Azərbaycan repinin son illərdə
yetişdirdiyi ən parlaq repçilərdəndir. O, daha çox Aid təxəllüsü
ilə tanınır. Orxan Zeynallı Azərbaycan repində böyük inqilab etmiş
HOST qrupunun ən fəal üzvlərindən olub.
Axar.az repçi Orxan Zeynallı ilə müsahibəni təqdim edir:
Kifayət qədər çətin günlərim olub
– 8 ilə yaxındır bu sferada olmağınız sizə nəyi
öyrətdi?
– Heç nəyə baxmayaraq, ayaqda qala bilməyi.
– Ətrafınızdakı insanların sayı artdıqca onları daha
yaxşı tanımağa başlamısınız?
– "İnsanları yaxşı tanıyıram", - desəm, yalan olar. Həyatım boyu
etibar etdiyimə və yaxına buraxdığıma görə peşman olduğum insanlar
çox olub. Yəqin ki, yenə də olacaq. Amma bu, məni qəti sıxmır.
Həyatın ədalətsizliklərlə dolu olduğunu artıq çoxdan başa düşmüşəm.
Dünən ölümdən xilas etməyə çalışdığın biri bu gün üzünə dura bilər.
Bu həyatdır, hər şey mümkündür. Kifayət qədər də çətin günlərim
olub, istər məni böyüdən birini itirdiyim vaxt olsun, istərsə də
başqa çətin günlər. Həmin vaxtlarda kimlərin özlərini necə
apardığını görmək, mənə artıq soyuqqanlı olub hər şeyə hazır olmağı
öyrədib.
– Əvvəllər birlikdə çalışdığınız insanlarla aranızda
yaranan anlaşılmazlıqlar haqda çox danışırlar. Bu haqda özünüz nə
deyə bilərsiniz?
– HOST yarananda məndən başqa 7 nəfər var idi. Həmin 7 nəfərdən
3-ü ilə mütəmadi olaraq görüşürəm. İş prosesində hər şey yaşana
bilər. Çünki biz yığışıb nərd oynayıb, yeyib-içib sağlıq demirdik,
böyük işlər görürdük. İnsanlar müxtəlif fikirlərə sahibdirlər, vaxt
keçdikcə hərə öz yolunu tutur və o fikirlərə uyğun da özünə yoldaş
seçir.
Şou-biznes manıslarından uzaq olmuşuq
– HOST-un dağılma səbəbi sirr olaraq qalır. Nə vaxtsa
bunun əsil səbəbini açıqlayacaqsınız? Hərdən müxtəlif şayiələr
eşidirik: HOST pula görə dağılıb, Qaraqan başqa qrupla yaxınlaşıb.
Hətta iddia edirlər ki, Aidlə Qaraqan küsülüdür.
– HOST çox böyük bir məfhum idi. Elə indi də bir çox insan üçün
var. Hadisələrin üstündən illər keçdikcə həmişə kimlərsə nağıllar
qoşur və ya hər şeyi öz adına çıxarmağa çalışır. Bu, hər yerdə belə
olur. Hamı bilir ki, fəaliyyətin əsas dövrlərində artıq qrupda 3
nəfər qalmışdı və hərənin də öhdəsinə bir iş düşürdü. Bu öhdəliklər
və bacarıqlar bir yerə yığıldığından ortaya da böyük işlər çıxırdı.
Sözsüz ki, illər ərzində ətrafımızda da çox dəyərli insanlar var
idi. Təəssüf, mən 2011-ci ildə əsgərlikdən qayıdanda o dəyərli
insanların müxtəlif səbəblərdən aralandığının şahidi oldum. Mənə
elə gəlir ki, insan seçimində elə o vaxt da kifayət qədər səhvlər
buraxılırdı. Qrupun dağılmasına gəldikdə isə... Fəaliyyətin
dayandırılmasına özümüz qərar verdik və mülahizələrimizi də
müzakirələrin aparıldığı otaqda saxlamaq razılığına gəldik. HOST
bir ailə idi, bir yerdə qalxdıq, çətinliklər gördük, sonda da
zirvədə buraxdıq. Şou-biznes manıslarından həmişə uzaq olmuşuq
deyə, atışmaların, atmacaların olacağını heç kim gözləməsin
(gülür).
– Qrupun təbliğ etdiyi ideyalar bəs necə? Elə qrupla
birgə keçmişdə qaldı, yoxsa indi də o ideyalarla
yaşayırsınız?
– Biz qrup olaraq, məşhurluğa qarşı idik. Bu keyfiyyətmi deyim,
nöqsanmı deyim, məndə hələ də var. Ən yaxın adamlar məni tənbeh
edirdilər ki, hamını yaxına buraxırsan, ictimai nəqliyyata sərbəst
minirsən və özünü heç gizlətməyə çalışmırsan. Yadımdadır, 800
nəfərlik "Rekviem" konsertinin səhəri o konsertə gələn bir neçə
uşaqla bir yerdə futbol oynayırdım. Bundan əlavə, bizlə birgə
brendlərə qarşı çıxan uşaqlar var idi ki, illər sonra məni "Nayk"
geyinmədiyimə görə, Əpl işlətmədiyimə görə tənqid edirdilər.
Burada, əslində, qəbahət yoxdur, insan nəyisə sevə də bilər,
sevməyə də. Bu, sadəcə olaraq, mənim seçimimdir və dəyişmir.
Dürüstlük, ədalətlilik, mədəniyyət və s. keyfiyyətləri də özümdə
saxlamağa çalışıram. Səhvlərim də olur, böyük səhvlərim də. Amma
önəmli olan odur ki, yalan üzərinə özümü reklam etməmişəm heç vaxt.
İndi dəbdir, yüz sifəti olanlar ikiüzlülüyü tənqid edirlər.
Ətrafımda çox dəyərli və sağlam düşüncəli insanlar var ki, daim
düzgünlüyə yönləndirilməyimdə xidmətləri olur.
– Ailə həyatı qurandan sonra qız pərəstişkarlarınızdan
xüsusi məktublar aldınızmı? Fanatlarınızın sayına təsir etdi
bu?
– Ailə həyatı qurdum deyə, mənə qulaq asmayan qızlar varsa, bu,
mənim üçün uğur sayılır. Demək ki, indi ancaq fikirlərimə və
sözlərimə pərəstiş edənlər qalıb. O birilərinə onsuz da ehtiyac
yoxdur.
Bəzən elə o avaralar gəlib yazırdılar ki...
– Rəsmi səhifənizdə, eləcə də replərinizdə daha çox
ictimai mövzulara toxunursunuz. Gənclərin sizi sevməyini bununla
əlaqələndirmək olarmı?
– Ancaq məni narahat edən məsələlərə toxunuram. Bu məsələdə bir
az eqoistəm. Cəmiyyətdə nəsə ciddi bir hadisə baş verə bilər ki,
məni maraqlandırmasın və mən o barədə heç nə yazmayım.
Dinləyicilərin dediklərinə əsasən, məni səmimi və dürüst olduğuma
görə bəyənib izləyirlər. Sözsüz ki, səmimiyyət maskasının dəbdə
olduğu dövrdə real adamları görmək hamıya xoşdur.
– Əvvəlki replərinizdə radikallıq daha çox idi. İndi isə
bir qədər dəyişib. Bu yaşla
əlaqəlidir?
– Ola bilər yaşla əlaqəlidir. İndi çalışıram, istənilən mövzuya
daha dərindən münasibət bildirim. HOST vaxtı hər şeyi açıq, olduğu
kimi deyirdik. Ona görə də hamı başa düşürdü. Biz mahnıda
avaraları, pozğunları tənqid edirdiksə, bəzən elə o avaralar gəlib
yazırdılar ki, "halaldır, bomba trekdir". İndi daha dərin mövzulara
toxunmağa çalışıram. Sadəcə, bizim cəmiyyətdə bir xasiyyət var ki,
harada piano səsi və qız səsi eşitsələr, möhürünü vururlar ki,
sevgi mahnısıdır. Məsələn, "Mavi qızılgüllər" mahnısını hələ də
sevgi mövzusunda bir iş hesab edənlər var. Bundan əlavə, özümü bəzi
məsələlərdə konservativ hesab edirəm. Məsələn, mənə görə xanıma
söyüş söymək yaraşmır, kişilərə sərxoş olub
artıq əskik hərəkətlər etmək, bütün günü nəşə çəkib beynini
qurutmaq yaraşmır. Bu fikirlər bir çox gəncə geridəqalmışlıq kimi
gələ bilər. Amma mən istəyirəm ki, o gənclər çox qabağa getsinlər,
o qədər qabağa ki, heç üfüqdə də görünməsinlər.
– Konsert keçirib fanatlarınızı bir araya yığmaq haqda
düşünürsünüz?
– Son 3 ildə 6 konsert vermişəm. Düşünürəm ki, növbəti konsert
daha fərqli olmalıdır. Bu fərqliliyin olması üçün də ilk növbədə
yeni albomumu təqdim etmək istəyirəm.
Nadir Qafarzadə qədər qazanmasam da...
– Bir vaxtlar "Mən də varam" rep yarışması partlayışa
səbəb oldu, çoxları tanındı, amma itib-batdılar. Məsələn, Şahin
Zirvə... Bunun səbəbi nə idi? Repdə istedad itə
bilərmi?
– İstedad heç vaxt itmir və istedadı ilə yanaşı həm də zəhmətkeş
olan adam itib-batmır.
– Hazırda hansı fəaliyyətlə məşğulsunuz? Dinləyiciləri
hansı yeniliklər gözləyir?
– Yeni klipim, demək olar ki, hazırdır. Yaxın günlərdə mətbuat
konfransı olacaq və ardınca klip dinləyicilərə təqdim olunacaq.
Bundan əlavə 9 yeni mahnım hazırdır. Sadəcə olaraq, yenə də yazıram
və çalışıram ki, ancaq ən yaxşılarını təqdim edim.
– Repdə pul yoxdur, repçilərin çoxu həyatlarını qurmaq
üçün başqa işdə işləyirlər. Siz Azərbaycanın ən tirajlı
repçilərindənsiniz. Bəs siz necə, repdən gələn gəlirlə yaşaya
bilirsinizmi, yoxsa əlavə işdə çalışırsınız? Ümumiyyətlə, başqa
işdə işləmək yaradıcılığa necə təsir göstərir?
– Sözsüz ki, Azərbaycanda musiqi industriyası ürəkaçan formada
deyil. Ən populyar pop ifaçıları belə toylar olmasa, pul qazana
bilməzlər. Amma mən mütəmadi olaraq partilərə dəvət alıram, söz
yazıb satıram, reklam işləri ilə məşğulam və ən əsası, son
dövrlərdə "İtunes"-dən də pul qazanmağa başlamışam. Nadir Qafarzadə
qədər qazanmasam da, şikayətim yoxdur (gülür ).
Roman yazmaq fikrim yoxdur
– "Eon Liga"da küçə "battle"ləri gedir, böyük
izləyiciləri var. Siz onları izləyirsinizmi? Gənc repçilərə
münasibətiniz necədir?
– Yalan deməyim, o "battle"lərin bir neçəsinə baxmışam.
Əksəriyyəti gülməli olsa da, xoşuma gələnlər də olub. Məncə,
texnika baxımından Azərbaycan repi hazırda olduğu ən pik
vaxtındadır. Amma təəssüf ki, mətnlər haqda bunu deyə bilmərəm.
Replə məşğul olan əksər insanların xalqa, millətə fayda verəcək
sözü yoxdur. Qulağa yatımlıdır, maşında dinləmək bəlkə də kiməsə
ləzzət edir, amma mənim təsəvvürümdə rep bir qədər başqa
istiqamətdir. İstənilən halda, hazırda çox istedadlı repçilər var
və Bakıda kifayət qədər uğurlu rep konsertlərinin də baş
tutmasından xəbərdaram. Toyların müğənniləri zəbt etdiyi dövrdə,
sağ olsun repçilər ki, konsert mədəniyyətini yaşada bilirlər .
– Rep iç dünyanızı açmaq üçün kifayət edirmi? Roman
yazmaq, rəsm çəkmək və yaxud da hansısa əlavə yaradıcılıqla məşğul
olmaq ehtiyacı duyursunuzmu?
– Açığı, ən yaxşı bacardığım repdir. Son vaxtlar musiqi dərsləri
də alıram, yeni mahnılarımın bir neçəsinin musiqisi də özümə
məxsusdur. Amma roman yazmaq və ya rəsm çəkmək fikrim yoxdur.
Rəssamlıq, ümumiyyətlə, mənlik deyil… Bacarmıram.