Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


“Əbilov bunu bacardı...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər yazıçı, hər sənətkar, hər əhli qələm, hər elm adamı rəyasətə aludə oldusa, heyf ondan, heyf... Mən rəyasətə həmişə biganə olmuşam.

(İ.Əbilov)

Ədəbi-estetik düşüncəmizin İmamverdi Əbilov portreti

Ədəbi-estetik düşüncəmizdə və yaddaşımızda söz, sənət adamlarının təkcə həyat və yaradıcılıq tarixçəsi qalsa, maraqsız olar, yəqin...

Bizi həm də onların özünəməxsus portret cizgiləri, həyat, yaşam, ömür yolunun süjeti maraqlandırır. Yəni həyata baxış üslubu... Tale bizim hökmümüz altında olmur, amma taleyini öz iradəsi ilə yönləndirmək, ömrünün kitabını, tarixçəsini, süjetini yazmaq istəyindəki sərbəstlik və azadlıq isə, əlbəttə, insanın özünə aid olur həmişə... daha doğrusu, bütün bunlarla bağlı istək bizim iradəmizə tabedir. Əsas məsələ budur... Özün öz yaşamını istəyincə proqramlaşdırmalısan... Qalanı, əlbəttə, bizim iradəmizdən asılı deyil. Çünki sən o istəyin və proqramınla kim olmaq arzunu bəyan etmiş olursan. Və sonda, bu dünyadan köçərkən kim olduğun iri bir ekranda şərhsiz-filansız öz sözünü deyir... Həyat tarixçəsi təkcə statistikadan ibarət olmur. (Filan ildə anadan oldu, filan yerdə oxudu, filanıncı ildə filan kitabları yazdı və s.)

Məsələn, söz və söz adamlarına vurğun bir alim harada, necə, kimlərin əhatəsində yaşamalıdır ki, sonda adı elə onlarla bir siyahıda olsun. Axı ədəbiyyat, söz adamları ilk şeir, roman kitabından və ən əsası, elmi dərəcədən sonra düşünür ki, mütləq onun yeri paytaxtdır, ədəbi-elmi mərkəzdir. Onlar sanki Söz dalınca Bakıya gəlirdi. Əslində isə şöhrət...

İmamverdi Əbilovun həyata baxış üslubunda Bakıya gəliş, tribunalar, rəyasət yox idi... sadə məişət, sadə insanlar, sadə həyat tərzi və böyük ədəbiyyat yanğısı vardı... Ona həsr olunmuş filmlərə baxıram: şagirdləri danışır, daha çox onların dilindən eşitmək istəyir özünü, onların gözündən oxumaq istəyir fəaliyyətini... Həyatı ilə bağlı suallara cavab verəndə həvəssizdi, pessimistdi, "Faciədən böyük müəllim yoxdur". - deyir, fiziki və mənəvi tənhalığından danışır... ədəbiyyatdan, sözdən, dostlarından (Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqaları) danışanda canlanır, fərəhlənir, həmin illərin həmin anlarını həmin ovqatla təkrar yaşayır...

Qəribədir ki, insanların dəfn anında həmişə beynimdə bir sual canlanıb: Torpağa insanı hansı yüklə, cismində daşıdığı hansı varidatla dəfn edir, basdırırlar? Ölümü, ruhu ilə nələri aparır insan? Bu basdırılan, gömülən, üstü torpaqlanan insanın içində nələrimiz getdi? Genetik ötürülən, ruh və fəaliyyətlə bizə qalan dəyərlərdən başqa dəyərlər, sərvət də gedir axı, itiririk... İmamverdi Əbilov dəfn olunan gün Ziya Bünyadov, Xudu Məmmədov dəfn olunan günün sualını verdim özümə və təəssüfləndim. Nə qədər xatirələr, nə qədər sənədlər, nə qədər ziddiyyətli, qalmaqallı ədəbiyyat söhbətinin canlı şahidliyi... Böyük bir ensiklopediya yaşadığı həyatın üslubuna uyğun şəkildə sakitcə, təntənə və dəbdəbə ilə yox, sevgi və hörmətlə, səmimi göz yaşlarının, təəssüf dolu ahların müşayiəti ilə dünyadan köçdü...

İmamverdi Əbilovun kitablarını tələbəlik illərindən oxumuşam. 17-18 il öncə R.Rza ilə bağlı məqaləmi yazarkən şairə ("Azərbaycan müəllimi" qəzetində çap olunmuşdu) İ.Əbilovun yeni və fərqli yanaşmasını gördüm. "Azərbaycan ədəbiyyatında yeni insan", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı, Rəhmət duası", "Ömrün anları", "Əsrlər...Nəsillər...Əməllər...", "Ömrün dan qızartasından qürüb şəfəqlərinədək...", "Zamanla Vaxt arasında", "Xalqla xidmət-el məhəbbətinə körpüdür", "Təbiətin və təfəkkürün möcüzəsi", "Dünənin...Sabahın...Çağdaş dahisi", "Siyasi lirikanın tədrisi" kimi araşdırmaları ədəbi–estetik düşüncəmiz üçün yeni baxış pəncərəsi aça bilmişdi. Onun təkcə ədəbiyyata deyil, həm də ədəbiyyat, söz, sənət, elm adamlarına münasibəti fərqli idi. Məsələn, Azərbaycan sovet ədəbiyyatı klassiklərinin ittiham olunduğu bir vaxtda deyirdi: "Unuduruq ki, yekrəng tarix yoxdur, deməli, səhvsiz tarix yoxdur. Yarım əsr Trotskini, Buxarini, Zinovyevi... cəmiyyətimizin düşməni kimi tanıyan xalqa birdən-birə onlar proqres və humanizm təbliğatçısı kimi təqdim olunur. Bu prosesdə iki cəhətin mahiyyətinə realist baxışla müdaxilə etməliyik: əvvəla, bütöv nəsillər uzun müddət həmin "xalq düşmənləri"ni inqilab düşmənləri kimi tanıdılar. Deməli, inqilab xalqın deyilmiş. İkincisi, dövlətin ilk yaradıcılarını xalq düşməni kimi ifşa edən "əsl kommunist" liderlər - Stalin, Kalinin, Orconikidze, Mikoyan, Molotov, Beriya... idisə, onları 30-40 il mədh edən sənətkarın aldanmış gümanını kimin ayağına yazaq? S.Rüstəm barədə yazarkən, xəyalın belə cövlan etməsi qeyri-məqbul görünməsin. Ziddiyyətlərlə dolu aldadıcı, dəyişkən mühitimizdə aldanmamaq üçün Viktor Hüqo olmalısan. Hər yazıçı da dahilik zirvəsini fəth edə bilmir. Biz milli ədəbi köklərimizdən bixəbər yaşa dolduq. Böyük Nizamisi olan xalq öz dahisini birbaşa oxuya bilmir, onu Avropa və rus tədqiqatçılarının zərrəbini ilə tanıyır. Nazim Hikmətə az-çox bələd olanlar türk dünyasının ədəbi vicdanı olan Məhməd Akifi tanımadılar. Deməli, Q.Zakirdən... S.Rüstəmədək şairlərimizin məfkurəvi aldanışı kimsəyə təəccüblü görünməsin gərək.

Sənətkar haqqında danışarkən, öncə onun iç dünyasına dalmağı bacarmalıyıq və bunun üçün bizdən canlı mövzuya ədalətli münasibətdən başqa heç nə tələb olunmur".

İ.Əbilov Sözün, həqiqi, ədəbi-ilahi sözün qulu idi. Ona müqəddəs bir əmanət kimi baxırdı və bu əmanəti qoruyanlara da hörmətlə yanaşmağı özünə borc bilirdi. Ona görə də "Söz" dalınca Bakıya gəlməyən İ.Əbilovun yanına "Söz" özü gedirdi, yəni Söz adamları, ölkənin şöhrətli, tanınmış söz adamları özü İmamverdi Əbilovun qapısını döyürdü... Söz özü onun evinin qapısına qədər yol qət edirdi...

"Qonağı gələn azərbaycanlı nə edə bilərsə, onu etməyə çalışdım, imkanım daxilində heç nəyi əsirgəmədim", - deyən alimin və onun qonaqlarının xatirələri də sübut edir ki, bu məkan, bu süfrə yemək-içmək məclisi yox, ədəbi məclis, elmi-nəzəri məsələlərin müzakirəsi üçün "dəyirmi masa" və s. bu kimi funksiyaları yerinə yetirib. Səmimiyyət alim, müəllim, "İcranın 2-ci katibi" olanda da insanı xislətindən qopara bilmir. Bütün hallarda - orta məktəb müəllimi, professor, məmur - özü kimi qalmaq, xidmətini xalqa təmənnasız ərməğan etmək onun amalı olub.

Neftçala rayon partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, ikinci katibi vəzifələrində çalışmış və heç vaxt pedaqoji işdən ayrılmamış, bütün ömrünü müəllimliyə həsr etmişdi. Müsahibələrində də daha çox müəllimliyi ilə öyünürdü... Jurnalistin "Hansısa kitabı oxumaqda çətinlik çəkmisiniz" sualına cavabında da ədəbiyyatçıdan daha çox pedaqoq kimi cavab vermişdi: "Qızım, ən çətin oxunan kitab insandır. Mən hər kəsə onu arzu edirəm ki, çətin oxunan kitaba rast düşəndə onların üzünə tərs baxmasın, onlara səbirlə, təmkinlə, qayğı ilə yanaşsın, onların xilaskarı kimi hərəkət etsin..."

Müəllimlərə isə: "Ürəklərinin odunu peşələrinə qatsınlar. Onların dərs dediyi uşaqlar öz müəllimlərini yerin, göyün yaranmışlarının əşrəfi kimi tanısın. Müəllim gərək öyrətdiyi elmi əməkhaqqının azlığı-çoxluğu prizmasından öyrətməsin. Şagirdin beyni, yaddaşı ağ kağızdır. Onun bir gününü yazılmamış ötürsək, gələcəyimiz hara gedər?" - tövsiyəsini verirdi. Şagirdin beyni, yaddaşı ağ kağızdır, bir gün də olsun onu ağ buraxmaq, boş qoymaq milli şüurun tənəzzülünə qədər əlaqələnə bilərmiş, sən demə...

İmamverdi Əbilov sözün davasına, müdafiəsinə qalxıb həmişə. Onun məktubuna yazılan cavabın bir neçə sətri bunu sübut edir. "Siz məsələ qaldırırsınız ki, Ə.Hüseynzadənin, Y.Çəmənzəminlinin... adı dərsliklərdə çəkilsin, amma əmin ola bilərsiniz, bu adamların adı Azərbaycan ədəbiyyatı dərsliklərində heç vaxt çəkilməyəcək..." İmamverdi müəllimə yazılan cavab məktubu müraciət məktubunun mətninin məzmununu açır...

Yəqin ki, alimin arxivi onun haqqında yeni-yeni kitablar yazdıracaq...

85 illiyindəki müsahibələrindən birində oxuyuruq:

- İmamverdi müəllim, inşallah, bu müsahibədən birini də qəzetimizə 90 illiyinizdə verərsiniz.

- Ya qismət!..

Qismət olmadı... Tale əlimizdə olmur axı... Amma ömrü, həyatı şərəflə, zəhmətlə, insanlara, xalqa, elmə, ədəbiyyata həsr edərək yaşamaq mümkün olurmuş. Belə əqidə ilə yaşamaq insanın öz əlindədir. Bunu İmamverdi Əbilov sübut etdi...

Tarix
2016.04.21 / 08:45
Müəllif
İradə Musayeva
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Maşa və Ayı” Putinin təbliğat silahıdır – Tayms

Azərbaycana səfər etmək arzusundayam - Mer

Nobeli son anda itirən azərbaycanlı: dünyanın 12-ci dahisi...

Bakını talayan generalın üzrxahlığı - Vilayət Quliyev yazdı

Sən kimsən ki, içib, Şeyxə qarşı... – Deputatdan keçmiş rektora

Dünyanın ən böyük "startap" yarışması ilk dəfə Bakıda

Azərbaycanla Rusiya bəyanat imzaladı - Foto

Kamal Abdulla yeni vəzifəyə seçildi

3700 il əvvəl ölən ana və körpəsinin məzarı tapıldı

Yer dəhşətli meteoritlə toqquşdu, nəticədə... - Sensasiyalı kəşf

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla