Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


Qardaşım Orxanın "Fəna"sı və...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimsə “Yuğ”u sevmirsə, demək ki, yuxu görmür. “Yuğ” mənim üçün yuxudur. “Yuğ” Vaqif İbrahimoğlunun ovqat ənənəsidir.

Tələbə olanda getdiyimiz tamaşalarda ürəyimdə qəribə bir qorxu vardı. Axı nədən aktyorların hər əzası danışan bu teatrda mən hər kəsdən çox həyəcan keçirirəm, ağlayanla ağlamaq, gülənlə gülmək, musiqinin ardıyca düşüb getmək istəyirəm?

Əslində, əsərin, hər sözün enerjisi, mistikası bu yarıqapalı balaca zalın içində baş verir. Məkan böyüsə, həmin effekt azalar. Çünki Yuğ Tearının qapısından içəri girən kimi ayrı bir aləmə düşürsən. Sənə elə gəlir ki, bir səfərə çıxırsan. Təkcə bu teatrda heçdən yaranan əsər yarandığı kökdə tamaşaçıya çatdırılır; təkcə bu teatrda tamaşaçıyla səhnə arasında pərdə yoxdur; təkcə bu teatrda sözlərin ayrı-ayrılıqda yükü var: səs, baxış, hər bir tərpəniş nəsə deyir. Anları tutmaq, təkcə ovqatı anlamaq lazım.

İllər keçdi.

Bu illər ərzində üç bina dəyişən teatra dəfələrlə getmişəm. Tanıdığım hər bir əsər mənim üçün orda yenidən nəfəs alıb yaşamağa başlayıb.

O gün də soyuq günlərdən biri idi, “Fəna” tamaşasına baxmağa getdim. “Fəna”, ya da o biri adı “İtki”. Bu əsər nəinki tanıdığım, həm də mənə doğma olan bir əsərdir. Düşüncələrimi tuta bilmədim, yazmaq istədim. Əslində, teatra bir saat tez gəlib əməllicə donmuşdum. Yorğun idim. Məlum ki, həyatın da qayğıları, dərdləri haqsızlığı üstünə gəlmişdi. Yalnız tamaşanın sonuna yaxın ürəyimi elə bir Günəş isitməkdə idi ki, hekayənin adı “İtki”, özü isə mənim üçün tapıntı oldu.

Orxan Fikrətoğlunun “İtki” hekayəsi “Yuğ”un aktyorlarının, rejissor Mir Sahibin baxışında...

Tamaşa mənə sözləri ilə doğmadır, məlum məsələ. Qardaşımın yazısı, ürəyi var hekayənin içində. Hətta ortada atam Fikrət Sadıqdan üç sətir də salınmışdır: Kor əsasına sığınır, quş qanadına, insan ümidinə; quş qanadını itirir, kor əsasını, insan ümidini itirmir...

Bütün bu doğmalıq bir tərəfə.

Bir anlıq qəhrəmanın özünü axtarması mənə məni xatırlatdı. Ab-hava, musiqi, adi sözün böyük sarsıntısı. Aktyor oyunu - ən duyğulu məqamda belə cıxış nöqtəsi tapan peşəkar aktyor oyunu...
Bu, hər teatrda belə görünmür. Tamaşaçıyla ünsiyyət yalnız “Yuğ”a məxsus bir anlayışdır.
Tamaşanın sonuna yaxın ana olmayan qadının laylası, gözlərindəki ifadədə sarsıntını bu dərəcədə gözəl vermək inanılmaz bir duyğu bəxş etdi.

Əsər özünü itirən, tapa bilməyən kiçik adamın böyük sarsıntısından bəhs edir. Qəribəsi odur ki, bütün bu özünü itirən insanların axınına mənim də qoşulmaq istəyim var idi. Nədən görəsən?
Tamaşanın sonunda Novruz Novruzlunun Mövlanənin “Gəl, kim olursan-ol, gəl” deyib İnsanı öz içində böyük bir səfərə çağırışı; özünü itirənlərin onun işığına toplaşması, içindən keçib, özünü boş verib, ayrı bir aləmə üz tutmaqları əslində ruhumu ürəyimdə tərpətmişdi. Nə qədər gözəl! “Bir az daha qalsam bu aləmdə...” deyə düşünürdüm.

Amma getmək vaxtı gəldi. Burdan o tərəfə dünya elə həmin tanıdığım dünya idi. Yenə də soyuq idi. Yalnız işığı azalmaz bir təəssurat məni xoşbəxt edirdi, gülümsünürdüm.

Çox güman ki, İlahi müdaxilə! Təskinlik verən notlarla, ümidlə, işıqla tamaşanın bitməsi buna səbəb idi.

Həyat öz axarında, bir-birinə bənzər dərdləri, oxşar taleli insanları ilə durduğu yerdən davam edir.
Bəlkə də belədir. Hamımız itkiyik.

Özünü tapan hər kəs artıq bu dünya adamları üçün bir itkidir.

Nə demək olar, əgər bir insan artıq yoxdursa, həyatın axınında çoxdan yoxa çıxıb gedib. Qarşımızda dayansa belə, o, bizim itkimizdir.

Bax belə, bundan sonra hamı yenə də darıxacaq. Yalnız o an hər insan doğulduğu kimidir. Bir ölümlə üz-üzə insan belə nurlu ola bilir, bir də "Yuğ"un tamaşa salonunda.

Rejissor Mir Sahib Ağazadə, aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və Novruz Novruzlu... Gözəl bir tamamlama, tamaşa xoş ovqatla, gözəl, rahat bir atmosferdə sona çatır.
Görüşüb-danışıb, təbrikləşib, fikirləşib, hərə öz daxilinə gedir, düşüncələrinə gedir.

Mən də düşüncələrimdən belə bir nəticə çıxarıram ki, teatrı çox sevirəm. Əslində, sənətimə görə kinoya aşiq olmalıyam. Yalnız teatrı sevirəm, bunu gizlədə bilmirəm.

Azərbaycan teatr məktəbi bir sərvətdir, onu ləkələmək olmaz. Təsadüfi adamlar özləri bu sənəti tərk etsin: vicdan insan üçün gözəl bir keyfiyyətdir...

Qapıdan çıxanda gözlərində sənət işığı parlayan, yaşlı-cavan, fərq etməz, hər bir sənətkara ürəyimdə pıçıldadım:

- Bir birinizi qoruyun. “Yuğ”u itirməyin. “Yuğ”un dəyərli simalarını itirməyin. Ovqatını itirməyin. Hər tamaşa göylərlə təmasdır. Əslində, biz çoxdan bu təması söz ilə icad etmişik. Bir birinizi qoruyun, Söz adamları, Səhnə adamları, Səs adamları, Sirr adamları... Bir-birinizi qoruyun!

Aysel Fikrət

Tarix
2018.01.02 / 09:30
Müəllif
Aysel Fikrət
Şərhlər
loading...
Digər xəbərlər

Mənə dəli kimi baxın, nifrət edin, amma...

Özünüzə yaxşı baxın, mən getdim...

Bağışla, Pərviz

Mustafanın dərdi məni alıb...

Ahıl vaxtı sevgilisini tapmış kişi

Bir az insaf, bir az sevgi…

Kafka, qəhvə və uzaqlara baxan şəkil...

Bir qadın sevmədiyi işə gedir...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla