Yuxarı

Sənin anan olmaq istəyirəm, Ata

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə səninlə tək qaldıq, mənim böyük İtkim!

Şəkillərə baxa bilmədiyim bir dönəmə gəlib çatdım...

Sənsizlıiyin səssizliyini yaşamağa başlamışam. Sənsizliyin üsyan dövrü sona çatır, səssizlik dövrü başlayır.

Tam səssiz olaq, gəl dərdləşək.

Saçlarım ağarıb deyə üzülmə, yuxularıma da qəmli gəlmə, görürsən axı, daha əvvəlkindən çox yaxşıyam. Məni qoruyardın, bilirəm, mütləq qoruyardın, sıxma o gözəl ürəyini.

Ad günün ərəfəsində hər il təşkil etdiyimiz anım günlərinin sonuna gəldik. Gözəl dostlar sayəsində baş tutan tədbirlərimiz özü də xatirəyə, keşmişə çevrildi. Biz hamımız keçmiş olacağıq yavaş-yavaş.

Mənim bildiyim yalnız sənin həsrətindir, başıma gələn bütün xoşbəxtlik, bədbəxtliyin də kökündə sənə olan həsrətim dayanır.

Bu il də - ömrümün bu çağında sənin itkini bu illərdən sonra bir daha elə dərinliklə duymağa başladım ki! Canımda sözlə ifadəsi olmayan həsrət ocağı yanmağa başlayıb. İtkinin bu qədərini də yaşamağa gücüm olduğunu bilmirdim. Amma yaşadım.

Köhnə bir dəftərçə tapdım. Bu dəftərçədə mənim iki, ya üç yaşlarımda qələmlə çəkdiyim şəkilləri də gördüm. Sənin tələbə olarkən Universitet qəzetində çap olunduğun şeirləri kəsib yapışdırdığın o dəftərçə. Hər vərəqi mənim uşaqlıq, qayğısız dövrlərimin sənət əsəri kimi idi. Baxdıqca ürəyim titrəməyə başladı, qərara aldım ki, bu dəftərçəni çap etdirək.

Etdik də!

Səninlə çoxdandır susuruq, heç dərdləşmirik. Dərdləşə bilsəydik, canımda közərən o həsrət ocağı bir az aman versəydi, mən sənə ömrümdə ilk dəfə şikayət edərdim. Deyərdim ki, bu itki nədir axı?! Səni itirdim, - başa düşdüm. Məni buna hazırlasan da, bu itkini ağır yaşadım. Özümü atdım səni yaşatmaq tərəfə. Unutdum ki, sən təkcə mənim deyilsən, sən bu boyda xalqın şairisən, istəklisisən.

İtki nədir axı?! Nə olardı ki, bu dərbədər övladının təkcə bu sualına cavab verə bilərdin.

İtki fədakarlıq tələb etmir, sevgi tələb etmir.

İtkiyə yoluxan insan nə etməlidir ki, dəli olmasın?!

İtki nədir ki?!

Biz niyə zamanla doğma, dost, sevgili itirməliyik?

İtki nədir axı?!.

…Boşluğa dəyib qayıdan sözüm də itkidir.

Deyirlər ki, insanı ölümündən sonra xatırlamaq, ona həsrət duymaq da vaxt itkisidir;

Deyirlər ki, həyatına almadığın insana əl uzatmaq da itkidir;

Deyirlər ki, həyatda özünü tapa bilməyib itirmək ən ağır itkidir;

Deyirlər ki, səndə özünü tapa bilməyən insanlarla dost olmaq da itkidir;

Deyirlər ki, həyatda hər anını dəyərləndirə bilməmək də itkidir…

İnsan gərək təkcə özünü bu zəhrimar itkidən qoruya: bu günü, bu ili itməyə, itirməyə, itirilməyə.

İtki ən ağır azar imiş!

İnsan gərək necə ola ki, bu azara tutulmaya…

Fikrət Sadıq itkidirmi, qazancdırmı Azərbaycan ədəbiyyatı üçün?!

Fikrət Sadıq kim idi, kimdir, kim qalacaq?

Hər şeydən əvvəl düzgün insan, ömrünün sonuna qədər haqqı deyən şair idi.

Fikrət Sadlq türk oğlu türk idi.

Fikrət Sadıq ömür boyu həlim, yumşaq, müdrik bir ruh kimi dünya üzündə qalacaq...

Mən onun bir zərrəsiyəm. Və onun üçün darıxan adamam.

Ömür boyu da darıxacam - mənim sevgimin sonu, əvvəli yoxdur.

Bütün övladların atasından sonra yaşadığı itkini yaşayıram. Vəssalam!

Səninlə yenə də anım günü ərəfəsində tək qaldıq. Ruhunun uşaq dövrudur və mən sənin anan olmuşam. Doqquz yaşında itirdiyin ailəni, o çaşqın, qorxaq uşağı hiss edirəm. Kövrək ürəyini ovudan ana kimi duyuram özümü. Baxmayaraq ki, bir dağ kimisən. Özündən sonra qalan sözlərini ust-ustə yığsam, bir əlçatmaz qala olardı.

Yalnız sən mənim yaşam səbəbimsən. Mən ruhumla göyə çəkilmişəm sənə çatmaq üçün.

Əvvəlim sən olmalıydın – bu, hamıda belədir. Sonum da sənsən axı - bunu nə edək!?

Bunu dəyişə bilmədim. İndi sənə daha çox ehtiyacım var. Bu gün, bu an, yenə də...

1937-ci il repressiya qurbanı olan atan Abbas Sadıqovu gecəylə tutub aparırlar. Səhər polislər evi yazmağa gəlir. Əşyalar küçəyə tökülür. Sən bir kitab, bir patefon valı əlində qaçıb gizlənirsən. Bu, sənin gələcək həyatının sorağı, xəbəridir. Bu uşaq sözə qulluq edəcək, bir irs yarada biləcək, özündən sonra da yaddaşlarda qalacaq bir şəxsiyyət olacaq; Heç bir zaman itki olmayacaq, həmişə qazanc olacaq, tapıntı olacaq. Hətta ölümündən sonra belə tapıntı ola biləcək. Onu araşdırmaqla bitməyəcək. Adına elmi məqalələr yazılacaq, neçə alimin elmi işi, neçə oxucunun ruhunun qidası olacaq; neçə kitabın müəllifi, neçə gözəl tərcümənin müəllifı, yaxşılıqları ilə yadda qalan adam olacaq.

Bu qədər möhtəşəmlikdən xəbəri olmayan və hələ heç kimin bir kəsi olmağa macal tapmayan o doqquz yaşlı kimsəsiz uşağı elə bağrıma basmaq istəyirəm ki!

Soyuqdan donmuş sobanın kənarında atadan, anadan uzaq yuxulayan o uşaqın elə qayğısını çəkmək istəyirəm ki!

Həyatda yalnız ona gərək olmaq istəyirəm. Və ona zərrə qədər gərək olan qayğı göstərən insanlara həmişə minnətdar olacaqam...
Sevginin Allahın göndərdiyindən başqa heç nəyindən xəbərim yoxdur. Bəzən Allahın lütfündə olan sevginin çoxluğundan naşı insanlar qorxub qaçır. Çünki adi həyat rahat olmalıdır. Sevgi isə narahatlıqdır. Razıyam, mən çox narahat adamam.

Səni çox sevirəm ata!..

Tarix
2020.05.30 / 16:20
Müəllif
Aysel Fikrət
Şərhlər
Digər xəbərlər

Səməndərin Rəşidi! O, niyə intihar etdi?

Mürsəlin sevgisizliyi iki qadını öldürdü

Bir həftədir dayımın ölümünü anamdan gizlədirəm…

Öləndən 10 gün sonra evimə gəldim, gördüm ki...

Rəna məhv oldu, amma sevgisindən dönmədi

Yavaş-yavaş unudulacaqsan, Elina...

"Bacın qurban, hardasan?!"

Məni də özünlə apar, Ata

Xəstə anaya görə başqasıyla “evlənən” varlı qadın

Vay o gündən ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla