Yuxarı

Bir həftədir dayımın ölümünü anamdan gizlədirəm…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nağıl insan və ya bir insanın nağılı...

Mən öləndə ağlamayın

Sevinin,

Bilin ki, daha heç vaxt heç nəyi

Ürəyimə salmayacam,

Bir də heç vaxt iş yerimdə

Gecəyəcən qalmayacağam!

Bu sətirlər Aqşin Babayevin çoxşaxəli ədəbi fəaliyyətinin bir zərrəsidir. İllər ərzində qürbətdə, vətən, nəvə, oğul-qız həsrətində yazdığı şeirlərdən bir kitab çıxardı. Bütün ömrünü elmi araşdırmalara, dram əsərlərinə, pedaqoji fəaliyyətə, tərcümələrə həsr edən Aqşin Babayevin şeirlər kitabı hamıda təəccüb doğurdu.

O özünə şair kimi götürdüyü ləqəbi ilə də çox doğma idi: Aqşin Baba.

Məlhəm kimi bir baba idi Aqşin baba. Nəvələrinə nağıl kimi nurlu, işıqlı…

Taleyin o qədər qəribə işləri var ki, uzun müddət ömrünə qürbətlik yazılan insanlar bilirlər. Qürbətin öz vətəni var, qayğısı, dərdi, uzaqlığı var. Qürbət mütləq insandan nələrisə qoparır, aparır. Qayıdıb gələndə heç nə öz yerində olmur. Hər qayıdışda nəyisə, kimisə mütləq itirir insan.

Nəyə görə şeirlərdən başladım yazımı?

Çünki bir yazar roman, povest, hekayədə özünü gizlər, yalnız şeirdə bu mümkün olmur. Şeir ürəyin güzgüsüdür.

Qürbətlik onun ömrünün süjet xəttidir. Bunu öz şeirlərində dəfələrlə ifadə edir. O, qürbətdə böyüyən nəvəsinə yazır:

Deyirlər ki, qürbət eldə

Bir nəfəri baban bilib,

Qucmusan.

Göyərçintək qanad açıb, qucağına uçmusan,

Sənin baban mənəm, qızım.

İki yaşlı Çiçəyim.

Şəkillərdə böyüyənim, mənim nurum, göyçəyim.

Sənin baban mənəm, canım,

Səndən uzaq qalmışam

Ayrılığı zəncir kimi

Boğazıma salmışam.

Qürbət, ayrılıq, ölüm, həyat… Ömrümün elə bir dönəminə, itkilərimin elə bir zirvəsinə çatdım ki, bilmirəm indi hardayam. Qürbətdəyəm, ayrılıqdayam, ölümdəyəm, ya həyatda?..

Bu bilmədiyim qarmaqarışlıqda ürəyimdən bir sızıntı kimi qopub gedən doğmam üçün bir yazı yazmaq istədim. “Qohumluq bağları” deyilən görünməz bağlar var. Sevgi bağı o qədər nazik, görünməz və möhkəmdir ki... Bir-birini itirdikdə canından bir parçanın qopub getdiyini bütün dəhşəti ilə duyursan.

Dayımı itirdiyim sayılı günlərdir. Bu günlər acımı içimdə çəkməyə məcbur oldum. Çünki gecələri yuxusuz qalıb, qardaş itkisini bütün ruhu və canı ilə duyan anama qulluq etdim. Ona yalan danışıb, özüm də o yalana inanmağa məcbur oldum. Ondan qardaşının itkisini gizlədim.

Mənim bu yeddi gün ərzində yaşadıqlarım böyük bir əsərin mövzusudur...

Mən bilirdim, insanları sevgi bağı bir-birinə bağlayır. Yalanın, riyanın bu qədər çox olduğu dünyada hardandır bu qədər nəciblik və sevgi? Bax, onu izah edə bilmirəm...

Görünür, bu insanlar ən son sevən insanlardır. Bu dünyanın ən son sevən insanlarının doğması olduğum üçün xoşbəxtəm.

Düzünü deyəcəyəm, sən getdiyin gün düşündüm ki, dünyadan ən sonuncu nəcib adam gedir. Alicənab, sevilən, tələbələrinin, ətrafının, hansı işdən asılı olmayaraq, düşdüyü bütün mühitlərin, danışdığı, bir dəfə olsun təmasda olduğu insanların yaddaşında necə işıqlı qaldığını duyuram. Bəlkə də dünya dərdlərində daşa dönmüş insanlar üçün çox sentimental görünəcək olan yazımı yazmağa başlayıram.

Dayı evin ən sevimli qonağı olur - bu, həmişə belədir. Bacılar qardaşlarını çox sevər, bu da yenilik deyil. Anam sübh tezdən oyanıb, sənə qüvvət duası oxuyur. Böyük nənənizin öyrətdiyi duaları pıçıldayır. Yəqin duyursan. Hər gəlib-gedəndən səni soruşur...

Ağırlıq ürəyimə yol alandan sənin işıqlı xatirən mənə yol göstərdi. Son söhbətimiz yadıma düşdü. Sevinirəm ki, yazılarıma münasibət bildirərdin. Sevinirəm ki, mən sənin sevgini qazana bilmişdim.

Adın gələndə həmişə fəxr etdiyim dayım.

Çalışdım hər an səni ucaldan işlər görüm. Bilmirəm, nə qədər bacardım. Yalnız mən bu gün bundan belə danışmaq istəmirəm. Mənim üçün sən başqa tərəfdən kəşf olundun. Birinci, hər kişi sevə bilmir, özü də bir ömür. Sevginin gözəlliyi məni düşündürdü. Müzəyyan xanımın, sənin gözəl ömür-gün yoldaşının naləsi hələ də qulaqlarımdadır. Özü dünyadan gedib, sevgisini dünyada qoymaq - bu, hər kişinin işi deyil.

Hə, mən bu gün ölümdən yox, sevgidən yazmaq istəyirəm. Çünki o qədər dünyada yaşaya–yaşaya təmiz sevgisini itirən binəvalar var ki, sevgisini həyat qanunlarına satan, satqınların yaşadığı mühitdə, ürəkdən ümid, candan sevgi alıb qaçan nadanların, özünü ziyalı, şair, yazar kimi qələmə verib, nadanların olduğu bu qarışıq dünyada bunu hər insan edə bilməzdi – sən etmişdin…

Həmişə birgə, gözəl, xoşbəxt yaşamaq azdır məgər?

İtkini bölüşməyə gəldiyimdə Müzəyyan xanımın səsi hələ də qulaqlarımda.

Unutqanlıq qocalığın qardaşı imiş

Səhər səni gözləmədim, getdim, ağladın...

Göz yaşları boğdu səni, titrətdi səni

Qəzəbini ürəyində boğub saxladın

Gəl incimə, bircə dənəm, olan işdir bu

Küsməyimiz yaz yağışı, ötəri bir səs.

Bir-birinə canı–dildən bağlananları

Bir inciklik bir–birindən ayıra bilməz.

Ağlama gəl, saxla görək göz yaşlarını,

Hələ mənə çox nəğmələr söyləyəcəksən.

Bircə şeyi düşünürəm xəyal içində,

Bu dünyadan mən köçəndə neyləyəcəksən? (Aqşin Baba).

Qibtə ediləsi bir sevgi. Uzun illərin sevgisi. Ta məktəb illərindən görüb sevdiyin, məktəbinizin ən gözəl qızı.

Düzdür, yoxluğunun çox pis tərəfi onu tək qoymağın oldu. Bəlkə də ilk vəfasızlığın bu sayıla bilər. Nə bilim, bilmirəm ki…

Bu dünyada böyük sevgi yaşamadım deyə, indi sevinim, yoxsa kədərli olum? Yalnız sizin kimi sevənlər olmasa, dünyada sevgi olmazdı. Axı bu dünyaya “yalan dünya” adını ülvi hissləri yaşaya bilməyənlər verib. Sən ki, bilirsən. Əgər ki, bu gün biz sevgidən danışırıq, onda atan Əlisəttar Babayevin və onun dörd bir-birindən ağıllı, istedadlı övladlarından danışmaq mütləqdir.

Babam Əlisəttar Babayev rəssam idi, incəsənət adamı. Onun tar çalışı və mənə Füzulidən şeirlər dedirtdiyi günlər bu gün kimi yadımdadır. İki qız, iki oğlan övladına tamaşadan adlar qoymuşdu. Azərbaycan teatrının inkşafında böyük xidmətləri olan bu gözəl insan övladlarına səhnədə oynadığı rollarından adlar qoyur: Aqşin, Sevil, Ofeliya, Elxan.

Elxan dayım Konservatoriyanın prorektoru vəzifəsinə qədər gəlmiş, ömrünün çox hissəsini vətənini qürbətdə təmsil etmiş, dövrünün tanınıb, seçilən musiqiçi alimlərindən idi. Gözəl ailə başçısı olub. 54 yaşında uzun müddət əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişdi. Bu, sənə böyük bir sarsıntı oldu.

Onu Konservatoriyadan yola saldıqda çıxışın indiyə qədər yaddaşımdadır: “Görüşəcəyik” demişdin…

Sənin Nazim Hikmət sevgin bir devrimdir. Sənin ömrün onu araşdırmaq, onu dünyaya çatdırmaq oldu.

Gəzən kitab, ətrafına nur saçan ziyalı idin. Səni sevgi ilə dinlərdilər...

Bu gün mən sənin sevgi və doğmalığından yazdım. Sənin iş fəaliyyətindən, vətənə sadiqliyindən hamı xəbərdardır. Mən dünyanın bu yanlı-o yanlı sevgisinə də inanan adamam.

Biz tərəflərdə dayıya “dayday” deyərlər... Mənim üçün sən beş yaşımın xatirəsində bağda istidən, nənəmin sevgisizliyindən darıxdığımda gülərüzünlə mənə əlifba kitabı gətirən bir adam idin. Mənim daydayım. Yanımda oturub ilk hərfi mənə tanıdan. A hərfindən başlayan əlifbanın baş hərfi idin. Yəni, bunun altında bacı balasının oxumasını istəyən bir qardaş arzusu yatırdı.

Genetik kodun həmişə insan həyatına təsiri olub. Oxuduğum Universitetdə dərs deyirdin. Bir gün yanlışlıqla dərs dediyin sinifə girdim. Sevindin, hamıya “bacımın qızıdır” deyirdin. Səni incitməyim deyə universiteti əlaçı bitirdim. Müəllimim olmadın, yox. Amma bir müddət kolleqa olduq, ikimiz də İncəsənət Gimnaziyasında dərs dedik. Onda bir dəfə ikimiz uşaqlara eyni vaxtda dərs keçdik. Diqqətlə qulaq asırdın, sevinirdim ki, mənimlə fəxr edirsən, dayday.

Mənə sənin gülərüzünü, başımın üstündən kölgəni, ümidimi itirmək çox çətindir. Çünki mənim sənə hələ deyilməyən sözüm var idi.

Bu dünya sevgi yeri deyilmiş.

Haqqın dərgahında görüşənədək.

Bu tayda gözəl aldandıq, dayday. Sənin bu dünyada qoyduğun ad, tələbələrinin ürəyinə əkdiyin ümid, dünyaya yaxşılıq səpməyin çox gözəl.

Ölümün gözəli olmur, sevgisi olmur. Ölüm ayrılıqdır. Ayrılıq isə ağır xəstəlikdir, dayday.

Mən bu yazını anamın başı ucunda, ona keşik çəkə-çəkə yazıram. Sənin bacının içində köz olan sevginə də keşik çəkirəm. Haqqa qovuşunca adına keşik çəkəcəyəm, söz verirəm.

Görüşəcəyik...

Tarix
2020.06.16 / 00:03
Müəllif
Aysel Fikrət
Şərhlər
Digər xəbərlər

Səməndərin Rəşidi! O, niyə intihar etdi?

Mürsəlin sevgisizliyi iki qadını öldürdü

Sənin anan olmaq istəyirəm, Ata

Öləndən 10 gün sonra evimə gəldim, gördüm ki...

Rəna məhv oldu, amma sevgisindən dönmədi

Yavaş-yavaş unudulacaqsan, Elina...

"Bacın qurban, hardasan?!"

Məni də özünlə apar, Ata

Xəstə anaya görə başqasıyla “evlənən” varlı qadın

Vay o gündən ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla