Yuxarı

Məni də özünlə apar, Ata

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə anım gününün təlaşında ölüb-dirilmək var. Sən yenə əlimdən tutub, “Bax, bu yoldan get, balası” deyəcəksən. Yumşaq gülüşünün altında yarım qalan sevinclərin gizlənəcək. Hər ağrının üstündən keçib, saçlarıma sığal çəkib, gülümsəyən doğma üzünü yenə aydın görəcəm... Mənim mayakım. Uzaqlarda işaran ümidim. Yoxluğunda belə ümid, işıq olmağı bacaran İnsanım.

Əlacım olsa, bu axmaq həyata atılmazdım. Elə həmişə olduğu kimi, ayaqlarına sığınıb qalardım yanında. Heç düşməzdim bu insanların içinə, sevgimin qədrini bilməzlərin əlindən tutmazdım, ardıyca getməzdim: kimlərisə sən bilməzdim... Bütün vaxtımı sənə həsr edərdim. Bacardıqca yanından ayrılmazdım.

Yenə yetmədi. Mənim üçün azdı. Həyat indi sənin yoxluğunda öz üzünü göstərir yavaş-yavaş. Bilirsənmi, əsl AZADLIQ özündən qopa bilməkdir. Əsarətdən qurtulmaqdır. Sevgi də əsarətin ən dözülməzidir. Məhkumluqdur.

Yazdıqlarında itib qalmışam. Yazırsan ki, soyuq qış gecəsində atasız qalıb doqquz yaşının ən böyük faciəsini yaşamısan... Sonra uzun illər Leninqradda atana qovuşmaq üçün 13 il gözləmisən. Mən isə ömrümün bitəcəyi günün tarixini bilmirəm. Bilmirəm o dünyada görüşmək varmı, sən məni tanıyacaqsanmı?

Bilmirəm.

Görünür, insan canında azarı ilə doğulur. Mən də sevgimlə doğulmuşam. Gözlərinin nisgili ürəyimə axırdı son günlərində. Sən susurdun, mənim canım gedirdi. Ölümünlə mən də çarpışırdım. Əlacım olsa, ruhuna doluşub, bir bütün olub, sənlə gedərdim. Yetərincə böyük olmasaydım, ağılsızlığıma salıb, “Məni də özünlə apar” deyə qışqırıb-bağırıb, yenə ərköyünlük edərdim.

İnsanlar qəribədir. Hamısının öz tərəzisi var. Ağzını açan kimi başlayırlar ölçməyə - heç kimə sənin dərdin maraqlı deyil. Yaşdan, saatdan, vaxtdan, uşaqdan, böyükdən sitat gətirə-gətirə səni özündən çıxarırlar. Dərindən bir bağırtı köksümü dərir. İstəmirəmsə də, yaşamağa məhkumam. Yaşamaq da əsarətdir bacarmayanda.

Yoxluğunda səni qorumaq varlığından daha çətindir. Ağzı ayrıq ağzıgöyçəyi çoxdur bu dünyanın...

Şamaxıdakı Minəxor məhəlləsində birmərtəbəli evin önündə oynayan üstü palçıqlı məğrur uşağı görmək istəyirəm. Onun anası olub, onu böyütmək istəyirəm yenidən.

Elə qorxuram ki, Ata! Elə qorxuram ki sənsizliyin tənhalığından! Bütün kitablarında insanlara, torpağa, cığıra, gülə, böcəyə, qocaya, uşağa sevgiylə yazdıqların o qədər nurludur ki! Düşünürəm, bu qədər ağrını harda gizlətmişdin?!

Sevinirəm ki, mənim səni sevdiyim qədər məni sevən yoxdur. Olmasın, kimsənin canı bu qədər yanmasın!

Düşmüşəm cığırına, harda qırıldım, qırıldım.

Gəlirəm...

Tarix
2018.04.29 / 22:21
Müəllif
Aysel Fikrət
Şərhlər
Digər xəbərlər

Səməndərin Rəşidi! O, niyə intihar etdi?

Mürsəlin sevgisizliyi iki qadını öldürdü

Bir həftədir dayımın ölümünü anamdan gizlədirəm…

Sənin anan olmaq istəyirəm, Ata

Öləndən 10 gün sonra evimə gəldim, gördüm ki...

Rəna məhv oldu, amma sevgisindən dönmədi

Yavaş-yavaş unudulacaqsan, Elina...

"Bacın qurban, hardasan?!"

Xəstə anaya görə başqasıyla “evlənən” varlı qadın

Vay o gündən ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla