Yuxarı

Kəfən geyinmiş qorxulu qarıya çatanda gördüm ki...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazın axırlarıydımı, yayın əvvəliydimi... Sobanı çoxdan yığışdırmışdıq. O, iki ayağı üstdə dura bilmədiyinə görə zirzəmidə böyrü üstə yıxılmışdı.

Niyəsə elə düşünürdüm ki, zirzəminin qaranlıqlarında qorxulu, qəribə varlıqlar yaşayır. Tez-tez gözümə bir gürzə dəyirdi. Nənəm deyirdi, guya, bu gürzə 7 qardaşdan sağ qalandı. Qardaşlarının qisasını almaq eşqiylə sürünür. Nənəmin dedikləri zirzəmi haqda təsəvvürlərimi daha da yəqinləşdirdi. Mənə elə gəlirdi ki, gürzə axşam saçları üz-gözünə dağılmış, əyninə kəfən geyinmiş bir qarıya çevrilir. Mən o qarını görmüşəm. Gecə düşdümü, gəlirdi. Barmağımın ucu yorğandan çıxdımı, tez salırdım içəri. Sifətiməcən yorğanı çəkib, nəfəs almadan, sakitcə dayanırdım...

O gələndə tər basırdı məni, içimdə bağırırdım, səsim çıxmırdı, ayaqlarım tutulurdu, qaçammırdım. Düzü, ayılıb hay-həşir salsam, kimisə köməyə çağırsam, o qarının nə edəcəyini də bilmirdim.

Bir gün yorğanı üstümdən atıb, əlimdən tutdu. Deyərdin, bir ilandan yapışmısan: soyuq, süfahi. Ayaqyalın, gecə paltarındaca düşdüm onun dalınca. Sifətini, səsini xatırlamıram. Təsəvvürümdə bulanıq bir şəkil var. Düşürtdü zirzəmiyə məni. Başımız tavana dəyməsin deyə, ikimiz də əyilmişdik. Mən onda gördüm ki, ağappaq maral başı var torpağın üstdə, həmin qorxduğum küncdə.

Gecə məni zirzəmiyə nə aparıb, necə getmişəm - bilmirəm, amma o gündən ilan da, o qarı da yoxa çıxdı.

Nənəm dedi, guya atam hardansa tapıb gətirib, sonra dedi, bir ovçu dostu veribmiş. Yaddaşı itmişdi qarının, xatırlaya bilmirdi.

Mən də o başı götürüb sildim, təmizlədim. Bir buynuzları vardı ki... Sonra da asdım qapının üstdən. Bir dəfə necə oldusa, - atam qapının üstdəki saatı düzəldirdimi, yoxsa pərdə asırdımı, bilmirəm, - başı dəydi maralın buynuzuna, qanadı.

Bir ay sonra kişi düşdü yatağa. İki gün sonra da öldü. Dedilər, ürəkdir. İnfarkt olub.

Hüzrdü: səs-küy, aləm qarışıb bir-birinə. Qəfil gördüm, maral başı yerində yoxdur.

Anam aparıb çaya, çay daşının birini altdan qoyub, biriylə də o qədər döyüb ki, qum olub maralın başı, ovxalanıb tökülüb eləcə. Dedi, bunu atanla çörəkçi Bəşir atmışdı. Özü bədbəxt oldu, istədi, bu yetim də bədbəxt olsun. Bir gün iylənmiş başı gətirib verdi atana. O vaxtdan qalıb orda. Mən demişdim axı, demişdim ki, ana maralı vurmaq olmaz, günahdır. Onun bəlası ağır olur. O elə bədbəxt oldu, bu da belə.

Sonra öyrəndim ki, Bəşir ovçuymuş. Atamla da dost imiş. Bir gün ovdan gəlib görüb ki, evi yanıb, iki uşağı da içində kül olub. Arvadının da sir-sifəti, əl-ayağı kösöv.

***

Bu hadisəni dünən baxdığım iki film xatırlatdı: Biri Tomas Vinterberqin “Şərəf müharibəsi”, biri də Yorqos Lantimosun “Müqəddəs maralın ölümü” .

Hər ikisi filmlərin texniki tərəfi, aktyor oyunu, ssenari və rejissor işi üçün təqdim edilən ən ciddi mükafatları alıb.

“Şərəf müharibəsi”ndə 5 yaşlı Klara atasının dostu Lukasa şər atır. Müəlliməsinə deyir ki, Lukas mənə penisini göstərdi və dodaqlarımdan öpdü. Bu “çəhrayı” yalandan sonra Lukasın bütün həyatı məhv olur. Həbs olunur, dışlanır. Hətta onu dükanlara, ictimai nəqliyyata buraxmırlar.

Lukas kimdir? Lukas arvadından təzə boşanıb, bir oğlu da var. O, kiçik bir qəsəbədə yaşayır. Qəsəbə dağlıq ərazidə yerləşir və sakinlər daha çox ovçuluqla məşğul olurlar. Və Lukas bir maral öldürür... Vəziyyət o yerə çatır ki, oğlu da ondan imtina edir, belə atası olduğu üçün utandığını deyir.

“Müqəddəs maralın ölümü”ndə isə doktor Stiven Martin adlı uşaqla tanış olandan sonra iki uşağı iflic olur və oğlu Bobun gözlərindən qan açılır. Martin kimdir? Martin Stivenin əməliyyat masasında ölən kişinin oğludur. Belə ki, illər öncə Stiven əməliyyata içkili girir və Martinin atasını xilas edə bilmir. Əslində, öldürmür, amma xilas da etmir. Təbii ki, içkili olmasaydı, indi Martin yetim qalmazdı və belə bədbəxt hadisə yaşanmazdı.

Yaxşı, niyə “Müqəddəs maralın ölümü”? Əslində, belə demək olar: bu film qədim Yunan mifologiyası İfiqeniyanın əsasında çəkilib. Belə ki, mifə görə, kral Aqamemnon Zevsin qızı Ay, Ov və Vəhşi təbiət ilahəsi Artemida üçün müqəddəs bir maralı öldürür. Bundan sonra fırtına, qasırğa başlayır. Artemida krala əmr edir ki, qızı İfiqeniyanı qurban versin. Bu mifin müxtəlif versiyaları var. Bir versiyada guya kral qızını qurban verir, digərində qız birdən yoxa çıxır.

Fikir verin, hər iki filmdə maral detalı var. Əslində, maralın müqəddəsliyi ilə bağlı 20-dən yuxarı cizgi filmi, bir o qədər də ciddi film saymaq olar. Şərq inanclarında da, ədəbiyyatında da maralın müqəddəsliyi ilə bağlı xeyli detal var. Düzdür, coğrafi məsələlərə görə, bəzi mətnlərdə maral “ceyranlaşıb”. Amma yenə də maralın müqəddəsliyi haqda xeyli aforizmlər, rəvayətlər və yazılı ədəbiyyat nümunələri var.

Məncə, bəhs etdiyim hər iki filmdəki uşaq obrazı – Klara və Martin – öldürülmüş maralın ruhudur və o, qisas üçün qayıdıb.

Necə ki, Bəşirə alov diliylə, atama buynuzuyla qayıtmışdı...

Bəlkə Maral Tahirqızı da bir maralın ruhudur, qayıdıb səsiylə qisas alır, amma “Maral, maral” mahnısındakı “maral”la mən dediyim maralın heç bir əlaqəsi yoxdur.

Tarix
2018.01.18 / 08:45
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla