"Avropada dövlət köhnə avtomobillərin yenisi ilə
əvəzlənməsi üçün müəyyən imkanlar yaradır".
Bunu "Axar.az"a "Avro-4" standartlarına keçidin
problem və üstünlüklərini şərh edən nəqliyyat məsələləri üzrə
ekspert Seymur Yunusov bildirdi.
Ekspert bildirib ki, Azərbaycanın "Avro-4" standartlarına
keçməyə tam hazırdır: "Hesab edirəm ki, hətta bu müəyyən qədər
gecikmiş addımdır. Tıxac və ekoloji problemlərin yaranması bunu bir
daha sübut edir. Məncə biz 2004-2005-ci illərdə bu standarta
keçməli idik. Bu proseslərin bazara təsirinə gəldikdə isə,
avtomobillərin strukturunda dəyişiklik olacağını düşünürəm. Həm
yeni avtomobillərin sayı artacaq, həm də xaricdən gələcək yeni
markaların sayı çoxalacaq. Son statistikaya əsasən Azərbaycan
bazarında 3 böyük markadan daha çox istifadə edilir. Bazarın 35
faizinə "Mersedes", 11 faiz BMV və təxminən 9-10 faizinə "Opel"
markalı maşınlar hakimdir. Amma aprelin 1-dən sonra "Volksvagen",
"Toyota", "Fiat" və "Reno"un sayında hissediləcək dərəcədə
dəyişikliklər olacaq. Daxili bazarda digər ekonomik maşınlardan
istifadəyə üstünlük veriləcək".
S.Yunusovun sözlərinə görə, Azərbaycan hökuməti ölkə daxilində
olan və "Avro-4" standartlarına uyğun gəlməyən avtomobilləri yenisi
ilə əvəz etmək üçün xüsusi təkliflər hazırlamalı, güzəştlər tətbiq
etməlidir: "Dəfələrlə bu məsələnin mümkünlüyü ilə bağlı fikir
bildirmişəm, yazı yazmışam. Hesab edirəm ki, bu olmalıdır və
kompleks təkliflər hazırlanmalıdır. Hansı ki, bura avtomobilin
alınmasından tutmuş, güzəştli kreditin verilməsi, elanların
yerləşdirilməsinə qədər bütün şərtlər daxil olmalıdır. Türkiyə
təcrübəsini də göstərmək olar. Qonşu ölkədə avtomobilləri
kiloqramla alırdılar. Təxminən 80-ci illərə qədər yük
avtomobillərini, daha sonra isə digər nəqliyyat vasitələrini
alıblar. Azərbaycan da bu təcrübədən yararlana bilər. Həm də
müəyyən güzəştlər tətbiq edilməsi də doğru olardı. Amma hansısa
məcburiyyət olmasının tərəfdarı deyiləm. Avropada dövlət köhnə
avtomobillərin yenisi ilə əvəzlənməsi üçün müəyyən imkanlar yaradır
və vətəndaşlar da könüllü olaraq öz maşınlarını təhvil
verirlər".
Ekspert "yol vergisi"nin müəyyən edilməsi ilə bağlı şərtlərin də
dəyişdirilməsinin tərəfdarıdır: "Mən avtomobillərin texniki baxış
zamanı müəyyən edilən "yol vergisi"nin motorun gücünə görə
müəyyənləşdirilməsinin əleyhinəyəm. Hazırda 6 motor BMV-lər
istehsal olunur ki, onların atmosferi çirkləndirməsi çox azdır və
"Avro-5" standartlarına uyğundur. Hesab edirəm ki, avtomobilin
atmosferə axıtdığı zəhərli qazların emissiyasına görə həmin vergi
müəyyən edilməlidir. Bu halda insanlar həmin avtomobillərdən can
qurtarmağa maraqlı olacaqlar".
Xatırladaq ki, aprelin 1-dən "Avro-4" standartlarına keçidlə
əlaqədar 2005-ci ildən aşağı olan avtomobillər Azərbaycana
buraxılmayacaq. Bu isə Gürcüstan, Almaniya, Dubay və başqa
yerlərdən avtomobil gətirənlərə böyük problemlər yaradacaq. Son
məlumatlara görə qanunun qüvvəyə minməsinə sayılı günlər qaldığı
vaxtda Gürcüstanın Rustavi maşın bazarında canlanma müşahidə
edilir. Təkcə onu demək kifayətdir ki, son iki gündə istehsal
tarixi 2001-dən aşağı olan 700-ə yaxın avtomobil azərbaycanlılar
tərəfindən alınıb. Bu isə son bir neçə ildə qeydə alınan ən böyük
göstəricidir.