Respublika Baş Dövlət Yol Polisi sürücülərə "toy
karvanı"nda hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti
qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə
edib.
Bunu Publika.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə
əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, yalnız sürücülər deyil, toy sahibləri,
ağsaqqallara toy karvanlarında nəqliyyat vasitələrinin hərəkətinə
diqqət yetirmələri ilə bağlı müraciət edilib.
"Həmin karvanlarda intizamlı sürücülərin olmasına və maşınların
sayının minimuma endirilməsini xahiş etmişik. Buna baxmayaraq,
dəfələrlə, toy karvanlarında intizamsız sürücülərin olmasını,
qaydaları necə pozmasını müşahidə etmişik. Onların bu hərəkəti
başqalarının həyatını risk altına qoyur və nəticədə bu cür ağır
qəzalar baş verir. Bununla bağlı dəfələrlə televiziyalarda video
materiallar verilib, animasiya da hazırlayıb yaymışıq. Bu cür
maarifləndirici materiallar və sərxoş vəziyətdə nəqliyyat
vasitəsini idarə edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə
bağlı cəzaların sərtləşdirilməsinə baxmayaraq, yenə də bu cür
hallar baş verir. Dəfələrlə özüm qaydaları pozan sürücüləri
karvandan uzaqlaşdırdığının şahidi olmuşam. Amma təəssüf ki, hər
kəs bunu etmir".
K.Əliyev onu da vurğulayıb ki, bu halların qarşısını almaq üçün
təkcə yol polisinin nəzarət etməsi yetərli deyil:
"Bu gün baş verən hadisə nəticəsində bir-iki intizamsız sürücüyə
görə 9 nəfər həyatını itirdi və onlardan 2-si uşaqdır. Vaxtında
ağsaqqallar, toy sahibləri onlara xəbərdarlıq etsəydi, bəlkə də,
belə hadisə baş verməzdi. Axı biz hər döngədə, hər restoranın
qarşısında polis əməkdaşı qoya bilmərik. İnsanlar özü dərk
etməlidirlər ki, onların bu hərəkəti yaxınları və digər insanların
həyatına son qoya bilər. Bunu düşünmək heç də çətin deyil.
Şəhər daxilində xüsusən, pik saatlarda onlarla maşının ard-arda
getməsi sıxlıq yaradır. Rayon, kənd yerlərində hərəkət sıxlığı
olmadığından toy karvanlarında avtomobillərin sayının çox olması
problem yaratmır. Lakin onlar da intizam qaydalarına diqqət
etməlidirlər".
Qeyd edək ki, bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunda "toy
karvanı" sürücülərin törətdiyi qəza nəticəsində 9 nəfər ölüb.