Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə
Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli
səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.
Axar.az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov yenilikləri
Avtosfer.az saytı üçün şərh edib. Onun fikirlərini
təqdim edirik:
"İnzibati Xətalar Məcəlləsinin (İXM) tətbiqinə dair Fərmana
edilən dəyişikliyə əsasən, əvvəllər Nəqliyyat Nazirliyinə aid
qurumların baxdığı bəzi inzibati xətalara dair işlərə bundan sonra
Dövlət Yol Polisi baxacaq. Baxılmas səlahiyyəti Nəqliyyat
Nazirliyindən alınaraq Dövlət Yol Polisinə verilən inzibati xətalar
əsasən aşağıdakılardır:
- "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj
daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri
olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata
keçirilməsi (İXM-in 150-2.1.2-ci maddəsi);
- sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş
daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi
(İXM-in 150-2.1.7-ci maddəsi);
- avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə
tutulmuş daşınma şərtlərinin pozulması (İXM-in 150-3-cü
maddəsi);
- xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması
(İXM-in 150-4-cü maddəsi);
- avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və
mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə
bağlı olan xeyli xətalar (İXM-in 163-cü maddəsi);
- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin
icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə
parametrlərinə dair tələblərin pozulması (İXM-in 163-1-ci
maddəsi);
- avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin
icbari fərdi qəza sığortasının olmaması (İXM-in 163-1-ci maddəsi)
və bəzi başqa xətalar.
Sadalanan xətaların törədilməsini aşkar etmək, onları
törədənləri məsuliyyətə cəlb etmək bundan sonra Dövlət Yol Polisi
tərəfindən həyata keçiriləcək.
Ərşad Hüseynov bildirdi ki, bu yeniliyin təcrübədə tətbiqi xeyli
maraqlı məqamlar vəd edir. Bu o deməkdir ki, məsələn, bundan sonra
yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin
lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət
Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin
kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol
Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan
sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən
məsuliyyətə cəlb olunacaq.
Başqa sözlə, bundan sonra taksilərin, yük avtomobillərinin və
sərnişin avtobuslarının fəaliyyətinə həm sərnişin və yükdaşıma
qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə
nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti
qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət
edəcək. Amma bundan ötəri müəyyən təşkilati və qanunvericilik
işləri həyata keçirilməlidir. Hər halda, bu işin sonrakı gedişi
yaxın gələcəkdə bəlli olacaq.