Milli QHT Forumu Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı
bəyanat yayıb.
Axar.az bəyanatı təqdim edir:
"Milyonlarla tamaşaçının ekran önündə və canlı olaraq
izləyəcəyi, yeni adlar, yeni nəticələrlə yadda qalacaq, tarixdə ilk
dəfə keçiriləcək möhtəşəm idman bayramı Bakı-2015 – I Avropa
Oyunlarının başlanmasına sayılı günlər qalır. Ölkəmizə gələcək
idmançılar, jurnalistlər və turistlər üçün mümkün olan hər cür
şərait yaradılıb – 5-6 ilin işi 2 il müddətində gerçəkləşdirilib.
Gələnlər Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi,
xalqımızın qonaqpərvərliyi, Şərq və Qərb harmoniyasını təcəssüm
etdirən mədəniyyətimiz barədə dolğun məlumatlar alacaq, Azərbaycan
həqiqətlərinə özləri şahid olacaqlar.
Əlbəttə, Bakı-2015 Oyunları zamanı ərazilərimizin Ermənistan
tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərimiz, xalqımıza qarşı
törədilmiş soyqırım aktları və elan olunmamış müharibənin doğurduğu
digər üzüntülər haqqında da dünya ictimaiyyətinə geniş məlumatlar
çatdırmaq imkanları yaranacaqdır. Məhz buna görə, möhtəşəm idman
bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi
dairələrin narahatlığı artır. Son aylar ölkəmizə qarşı başlanmış
qarayaxma kampaniyası daha da "sistem"ləşir, intensivləşir. Bir
mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının
bölgədə və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə,
bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil
siyasətini qəbul etmək istəmir, respublikamızın artan nüfuzunu
zədələməyə uğursuz cəhd göstərirlər.
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Mişel Forst,
ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa
Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də
"OpenDemocracy" portalında yayılmış ortaq məqaləsi də
anti-Azərbaycan şəbəkəsinin növbəti təxribat cəhdidir. Belə ki, BMT
Baş Məclisinin 69-cu sessiyasında (31 oktyabr 2014-cü il) qəbul
edilmiş A/RES/69/6 saylı və "İdman təhsil, səhiyyə, inkişaf və
sülhü təşviq edən vasitə kimi" adlı Qətnamədə Avropa Oyunlarının
əhəmiyyəti xüsusi olaraq vurğulanır, bu şəxslərin Avropa Oyunlarına
qarşı təxribat xarakterli cəhdləri də məhz beynəlxalq ictimaiyyətin
iradəsinə qarşı fəaliyyət kimi dəyərləndirilə bilər.
İnsan haqlarının müdafiəsindən danışdıqları halda, bu şəxslər
tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində adi
insan hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi
köçkünlərin hüquqları haqqında bir söz deməyə belə cəsarət
tapmırlar.
Sanki idmançıların son məşqləri gedərkən siyasiləşmiş "hüquq
müdafiəçiləri"nin də son oyunlarını izləməkdəyik.
Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların
olduğunu iddia edənlər gərək unutmasınlar ki, biz Azərbaycanda I
Avropa Oyunlarını təşkil etmişik, I Avropa Siyasi Oyunlarını
deyil... Əgər siyasi meydan axtarırlarsa, maraqlı dairələrə
xatırlatmaq istərdik ki, onu Avropa İttifaqı Şərq tərəfdaşlığı
siyasətinə zidd olaraq bizim ölkədə axtarmasınlar...
Azərbaycan Milli QHT Forumu hesab edir ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir
milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının
pozulmasına laqeyd qalan, Ermənistan tərəfindən girov götürülərək
işgəncələrə məruz qalan, qanunsuz mühakimə edilən vətəndaşlarımızın
müdafiəsi üçün indiyə qədər bir kəlmə də danışmayan bəzi beynəlxalq
"hüquq-müdafiəçiləri"nin bu cür məsuliyyətsiz çağırışlar etməyə
mənəvi və hüquqi haqqı yoxdur. Yaxşı olardı ki, Azərbaycan Milli
QHT Forumunun yarandığı gündən əməkdaşlıq etdiyi və bundan sonra da
əməkdaşlığa açıq olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumlar öz
əməkdaşlarının çağırışlarına münasibət bildirsin.
Sıralarında 656 QHT-ni birləşdirən Milli QHT Forumu bir daha
bəyan edir ki, Azərbaycan söz və mətbuat azadlığı, ümumən insan
hüquqları, demokratiya sahəsində öz üzərinə könüllü götürdüyü bütün
beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş
cəmiyyəti institutlarının inkişafı səviyyəsinə görə keçmiş sovet
respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox
ölkələrə nümunə ola bilər. Respublikamızın yolu irəliyə, tərəqqi və
inkişafa doğrudur və bizi bu yoldan heç nə, heç kim saxlaya
bilməz".