Yuxarı

Cindarın tilsimi batil oldu, özü isə doğrandı...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

rCindar

“Lakin onlar (sehrbazlar), Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər”

(Qurani- Kərim, 2-ci surə, 102-ci ayə)

Lamiyə yaşı keçmiş qız idi. Doğrudur, görünüşdə bir o qədər də gözəl deyildi. Amma çirkinliyi də yox idi! Necə deyərlər, mərifəti-qanacağı öz yerində! Üstəgəl, əl qabiliyyəti, bacarığı, ev işində səliqə-səhmanı da vardı. Di gəl ki, kəndimizin arvadları elə hey deyinir, Lamiyənin ərə gedəcəyi günü hesablayırdılar. Lamiyə isə heç nəyə əhəmiyyət vermirdi. Kənd əhlində bəzən elə təəsürat yaranırdı, sanki qız əzəldən bilirmiş ki, “evdə qalacaq”.

Bu minvalla ay keçdi, il dolandı, Lamiyənin artıq otuz yaşı tamam oldu. Evdə qoca Qorxmaz baba “Ay qız, çıx get ərə, nə qədər olar, bəsdir gah ona, gah buna lağ elədin, bəyənmədin! Vallah günahdır! Allah sonrakı eybəcərliklərdən saxlasın”, - desə də, qız nəvəsinin daş ürəyinə yol tapa bilmirdi.

Günlərin bir günü Lamiyənin nənəsi Narıngül nənə artıq bütün məlum məsələlərdən bezərək, qonşu kənddə qalan falçı Pakizənin yanına gedi. Pakizə də qızın şəklini görcək, dərhal “ona cadu olub, üç yüz manat gətir, yollarını açım”, - dedi.

Narıngül nənə çox yalvar-yaxar elədi, həyətlərində bir qısır inəyin olduğunu deyib, heç olmasa “xərcləri” azaltmağı istədi.

Pakizə arvad razı olmadı:

- Görürsənmi? Qızın bəxtində olan bağlılıq sizin də ruzinizə təsir göstərir. Mən heç vaxt üç yüzə bəxt açmamışam. Sən də qonşu kənddənsən deyə, ucuz dedim sənə. Yoxsa, bəxt duası bilirsən neçəyə yazılır? Sən get maraqlan, hansı cindar sənə üç yüz manatdan aşağı iş görərsə, gəl yanıma, mən nəvənə duanı hədiyyə edirəm.

Açığı, Narıngül nənəni arvadın özü haqqında dediyi “cindar” kəlməsi heç tutmadı. Ömrü boyu “əli Quranlı” gəzən nənə heç ağlına gətirə bilməzdi ki, bir gün qız nəvəsinin dərdi onu falçı qapısına gətirəcək. Amma həyatın axarını bilmək olmaz, deyir, sən saydığını say, qör fələk nə sayır!

Yazıq arvad kor-peşman qalxıb Pakizənin bütlərlə, buynuz və qəribə heykəllərlə bəzədilmiş otağından çıxmaq istədikdə, arxasınca falçının batmş səsini eşitdi:

- O qədər qızlar olub ki, gəliblər yanıma, mən onlara çarə etmişəm, istədikləri yar olub, yarlarına da yetişiblər. Get, ay bacı, onsuz da bir vaxt mənim qapıma qayıdacaqsan!

Narıngül nənə həyətə enəndə Pakizənin evindəki külfətinin onun göz yaşlarını görməməsi üçün başına bağlanmış ağ şalın qırağı ilə göz yaşını sildi. Hündürboy bir oğlan onu qapıya qədər ötürdü, qəfil büdrəyən Narıngül nənənin əlindən cəld də tutdu:

- Nənə, nə olub? Narahatsan?

Narıngül üzünü oğlanın üzünə zillədi:

- Yox, bala, bir az aldığım xəbər xoş deyildi. Deyəsən, sən Pakizənin oğlusan?

Oğlan cavabında gülümsədi:

- Yox, Pakizənin oğlu yoxdur, bir qızı var, mən də onun əriyəm. Pakizə qayınanamdı. O ki qaldı ondan aldığın xəbərə, bir söz deyəcəm - inan nənə, Pakizə dara düşəndə, elə özü də Allahdan başqa ümid yeri tapmır.

Narıngül artıq həyət darvazasına çatırdı ki, Pakizənin son sözlərini xatırladı: “Onsuz da bir vaxt mənim qapıma qayıdacaqsan”. Narıngül nənə əslində bir vaxt həqiqətən də Pakizənin qapısına hökmən qayıdacağını düşünürdü, amma bunun hansı şəraitdə baş verəcəyini heç ağlına belə gətirmirdi.

Evə qayıdan kimi Lamiyənin yanına qaçdı. Nəvəsi anası Lətafətə yarpaq dolması bişirməyə kömək edirdi. Ana-bala şirin-şirin nə isə deyib-gülürdü, başları yemək hazırlamağa qatışmışdı. Narıngül nənə ağ şalı başından çəkib, özünü gəlini ilə nəvəsinin üstünə atdı:

- Ay bala, evimiz yıxıldı! Kimdir bizi gözü götürməyən görəsən? Ay qızım, bu nə işdir, kimə nə etmişik ki, bəlaya düşmüşük?

Lətafətlə Lamiyə çaşqınlıq içində Narıngül nənəyə baxdı. Lətafətin ürəyinə min fikir gəldi. Gah düşündü ki, əri Ümidə nəsə olub, gah da əsgərlikdə olan oğlu Cavad gəldi dayandı gözünün önündə. Elə Lamiyənin də halı bir anda dəyişdi. Çox pərişan oldu.

Narıngül nənə isə heç ara vermirdi, elə hey kimisə günahlandırıb qarğış ediridi:

- Balamı evdə solduranın görüm ömru solsun! Kimə nə edib qızcığaz?

Lətafət birdən elə bil yuxudan ayıldı. Ona elə gəldi ki, o artıq hər şeyi anladı:

- Yoxsa, Lamiyəni nəzərdə tutursan? Nə olub ki ona?!

- Daha nə olmalıdır?- Narıngül nənə ağlamsındı. - Hansısa əclaf balamın bəxtini bağlayıb!

Bu dəm söhbətə Lamiyə özü müdaxilə etdi:

- Necə yəni bağlayıb? Mənim bəxtim bəyəm kəndir- zaddır onu bağlayan da ola?

Narıngül nənənin göz yaşları üzündən sel kimi axmağa başladı:

- Ay bala, sizdən xəbərsiz getmişdim falçı Pakizənin yanına. Lamiyənin şəklini görən kimi dedi ki, qıza cadu eləyiblər. İndi üç yüz manat istəyir ki, onun bəxtini açsın. Yoxsa, qız qalacaq evdə!

Ana ilə bala bir anlıq bir-birilərinin üzünə çaşqınlıq içində baxdılar və qəfil qəh-qəhə çəkib gülməyə başladılar. Narıngül nənə ah-zarına bir qədər ara verib, mat-məəttəl gəlini ilə nəvəsinə tamaşa etdi. Bir an bundan əvvələ qədər qoca qadına elə gəlirdi ki, olanları evdəkilərə danışsa, onlar ondan bətər dəsmal alıb ağlayacaqlar. Amma qəribədir, hər şey əksinə oldu. Hətta nənə bir anlıq dərdini də unutdu!

Lamiyə gülməkdən yaşarmış gözlərini əlinin arxası ilə sildi:

- Ay nənə, sənə qurban olum, çoxdandır belə gülmürdüm!

Lətafət də gülməkdən uğunub getmişdi. Yıxılmamaq üçün qaz sobasına söykəmişdi özünü:

- Soruşaydın ki, bəs yaxşı kürəkənlə pis kürəkənin qiyməti neçəyədir?

Narıngül arvad yalnız indi anladı ki, gəlini ilə nəvəsi onu ələ salır. Odur ki, heç əhvalını pozmadan cavab verdi:

- Siz elə düşünün, amma mənə elə gəlir ki, Pakizə haqlıdır. Qızın artıq otuz yaşı var! Şil deyil, şikəst deyil. Onun taylarının az qala nəvələri var!

Lətafət gülməyinə ara verdi, ciddi-ciddi qayınanasını nəzərdən keçirdi:

- Ana, mən bu evə gəlin gələndə sən məni Quran altından keçirdin. “Bala, dərdimiz də burada yazılıb, dərmanımız da”, dedin. Mənə namaz qılmağı, oruc tutmağı sən öyrətdin. Hər kəsə Allahdan başqasına pənah aparmamağı tövsiyyə edərdin. İndi nə oldu ki, birdən-birə sən şər qüvvələrin qapısına pənah aparırsan?

Narıngül nənə bütün söylənilənlərin həqiqət olduğunu bilə-bilə doluxsunub, köks ötürdü. Doğrudan da, bir zaman o özü Pakizə kimilərə qarşı çıxardı, onların əbədi odda yanacağı gün haqqında xatırlatma edərdi. Bəs indi nə baş verir? Yəni, qız nəvəsinə olan sevgisi o dərəcədə güclüdür ki, o şeytani məxluqları Allah kimi qüdrətli varlıqdan üstün tutur? İlahi, axı o nə edib?

Narıngül nənə bir anlıq dərsinə hazır olmayan uşaqlar kimi qızardı, nəvəsi və gəlininin ona zillənmiş baxışlarından gizlənməyə çalışdı.

Lamiyə yaxınlaşaraq nənəsinin qırışmış üz-gözündən öpməyə başladı, bağrına basaraq bərk-bərk qucaqladı. Sonra isə anasına baxıb sual etdi:

- Ana, nənəm ki bu dərəcədə mənə görə narahatdır, bəlkə ona açıb hər şeyi danışaq?

Narıngülün ürəyi yenə ayaqlarının altına düşdü. “Olmaya qızın başına bir iş açılıb?”- düşündü. Amma Lətafətin üzündə olan xoş təbəssüm ona bütün pis fikirlərdən qurtulmağa imkan verdi. Lətafət də qayınanasına tərəf gəlib, nəvazişlə onun əlini öz ovcuna aldı:

- Kaş ki, Pakizənin evinə getmədən öncə bizə bir kəlmə bildirərdin. Biz sənə elə bir xoş xəbər deyəcəkdik ki, sən sevincindən bütün cindarları, falçıları unudacaqdın.

Narıngül sevindi:

- Ay Allah, şükür sənə! Nə xəbərdir elə?

Lamiyə bir qədər qızararaq asta səslə nənəsinə dedi:

- Nənə, mənimlə bir sinifdə oxuyan Asifi tanıyırdın? Hələ uşaq vaxtı hörüklərimdən dartdığı üçün bir-iki dəfə qulağını da çəkmişdin onun. Yadındadırmı?

Narıngül arvad alnını qırışdırıb fikrə getdi:

- O usta Mürsəlin oğlunu deyirsən?

Lamiyə sevindi:

- Hə, hə, onu deyirəm. Bax, yayda o bizə elçi göndərəcək.

Narıngül arvad elə sevindi, elə sevindi, elə bil bütün dünyanı ona bağışladılar:

- Nə yaxşı xəbər oldu bu! Yaxşı bəs bu Asif indiyə qədər harada idi?

Bu məqamda söhbətə Lətafət qoşuldu:

- Ay ana, oğlan hələ dördüncü kursda oxuyurdu, Lamiyəyə bacısından xəbər göndərdi, dedi, qoy əsgərliyi də başa vurum, təntənəli nişan olsun. Mən də razılaşdım. Oğlanın anası da dəfələrlə yanımda söhbət salıb ki, qız bizimdir ha! Mən də demişəm qismət! Oğlan əsgərliyini başa vurdu, gəlmək istədilər, Lamiyə yubatdı. Oğlan getdi ikinci təhsil aldı, amma bu da yaxşıdır! Çünki bilirsən ki, Lamiyənin cehizi də hazır deyildi axı! İndi bir qalıb xeyir iş üçün tədarük, vəssalam.

Yazıq Narıngül xala uşaq kimi sevinirdi:

- Mən də deyirəm, görəsən bu qızın nə dərdi var ki, heç ailə haqqında düşünmür?

Lətafət ərkyana qayınanasına gülə-gülə cavab verdi:

- Onun dərdi yoxdur, amma sənin Allahın yanında günahın oldu. Yadında deyil ki, özün deyirdin ki, falçı yanına gedənin qırx gün namazı batil olar?

Narıngül nənə ciddiləşdi:

- Hə, doğru deyirsən. Gərək gedib, dəstəmaz alam, namaz üstə Allahdan günahımın bağışlanmağını istəyəm. Bəlkə günahımı bağışlar. Nahaq yerə deyilməyib ki, harada falçı görsəniz, onu qılıncdan keçirin. Bir də, bala, Quranda Allah buyurur, düyün üfləyən qadınlar, əvvəlcədən ulduzlara baxıb xəbər söyləyənlər bizdən deyildirlər!

Lamiyə isə maraqlı bir hadisə danışmağa başladı:

- Nənə, Cavad hələ məktəbdə oxuyurdu, bir gün naxırdan gəlib Pakizə haqqında bilirsən nə danışdı?

Narıngül arvadın gözləri bərəldi:

- Nə danışdı, ay bala?

- Bir gün Cavad uşaqlarla sürü otararkən görür ki, bir xarici maşın gəlib dayanır çəmənin ortasında, içindən də kim düşsə yaxşıdır, ay nənə?

- Kim düşür, ay bala?

- Bir arvad, bir kişi, bunların yanında da həmin sənin o Pakizən.

- Bıy, başıma xeyir, Pakizə onlarla nə edir, ay bala?

- Qulaq as, nənə! Pakizə enir maşından, yanındakı adamlara torpaqda yer göstərir. Sonra onlar da əllərinə bel alıb, başlayırlar qazmağa. Qazırlar, qazırlar, sonra üstünü torpaqlayıb, gedirlər.

Narıngül nənəni lap maraq bürüyür, az qalır ki, ürəyi partlaya:

- Ay qızım, görəsən onlar nə qazırdılar elə?

- Nənə, elə uşaqlar üçün də bu maraqlı olur. Onlar maşınla çıxıb gedəndən sonra bizim bu Cavad dostlarını da yanına çəkib başlayır həmən yeri yenidən qazmağa. Uşaqlar fikirləşir ki, xarici maşınla gələn ailə çox güman ki, olduqca imkanlıdır və burada nə isə bahalı bir ziynət əşyası basdırıb. Amma tam əksi olur. Məlum olur ki, burada basdırılan üzü-gözü cızma-qara edilmiş naməlum insanların şəkilləridir və yanlarında dırnaq, nə bilim, saç qırıqları və s. var. Uşaqlar da əsəbilikdən, eləmə tənbəllik, götürüb bu tapdıqlarını hamısını yandırlar!

Narıngül nənənin heyrətdən ağzı açıq qaldı:

- Ay Allah, sən bir işə bax! Bunlar kiminsə evini yıxmaq istəyiblər, amma alınmayıb.

Lamiyə nənəsinin sözlərini təsdiqlədi:

- Hə, nənəcan, indi sən özün bax gör ki, Allah nə dərəcədə güvvətli və rəhmlidir! Hətta, Quranda Əl-Bəqərə sürəsində deyilir: “Onlar, (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər!”

Narıngül nənə sevinc dolu gözlərini nəvəsinə zillədi. Ona elə gəldi ki, Allah onu bügünkü əməlinə görə utandırır.

Bu günə o üç sevindirici xəbər aldı: nəvəsinin tezliklə xeyir işinin olacağı, oğul nəvəsi Cavadın falçı Pakizənin “biznesinə” əsaslı şəkildə ziyan vurması və Lamiyənin bu dərəcədə ağıllı və Allaha bağlılığı. Lakin, birdən, elə bil Narıngül nənəni cərəyan vurdu:

- Ay, Allah, şəkil dedin, şəklin yadıma düşdü! Şəklini Pakizəgildə unutmuşam!

Lamiyə və Lətafət heç əhvallarını pozmadılar:

- Eybi yox, ay nənə, şəklim qalsın ona yadigar. Onsuz da o mənə nə edəcək ki? Mənim tilsimlərə qarşı gücüm Quran surələrindədir. İndi dəstəmaz alacam, gedib namazımı qılacam, “Nas", “Fələk”, “İxlas” sürələrini oxuyacam, vəssalam. Pakizəyə gəlincə isə, inşallah, onu mənin toyuma dəvət edərsən.

Vaxt gəldi, vədə yetişdi, Narıngül nənənin nəvəsinin elə gözəl toyu çalındı ki, bu xeyir iş haqqında çoxları uzun müddət danışdı. Hələ Narıngül nənə toyda Qorxmaz baba ilə yanaşı qəşəng-qəşəng süzdü də. Bütün istəklər, arzular öz yerini tapdı, yalnız birindən başqa. Lamiyənin toyuna falçı Pakizəni çağıra bilmədilər. Narıngül arvadın Pakizənin evindən ağlaya-ağlaya çıxmağından düz bir həftə sonra kəndə səs yayıldı ki, Pakizəni kürəkəni doğrayıb. Narlngül nənə bu xəbəri eşidər-eşitməz həyəcanlandı, onu gülərüz yola salan kürəkəni ilə bir vaxt etdiyi söhbəti yadına salanda isə əti ürpəşdi. Heç kəsə heç nə demədən yas yerinə tələsdi. Arvadların pıç-pıçından məlum oldu ki, Pakizə kürəkəni ilə qızını ayırmaq istəyirmiş, buna isə kürəkən razı olmayıb. İş o yerə çatıb ki, Pakizənin ifadələrinə əsəbləri tab gətirməyən kürəkən bıçağa əl atıb.

Narıngül nənə kürəkənin ona söylədiyi son sözləri də xatırladı: “İnan mənə, Pakizə dara düşəndə, elə özü də Allahdan başqa ümid yeri tapmır”.

Narıngül nənə öz-özünə düşündü: “Yəqin Allah son ümidini ondan üzüb!”

Elə bu dəm yanındakı qadının qoluna vurduğu dürtmə onu düşüncələrindən ayırdı. Qadın gözü ilə mollaya işarə edirdi. Molla bütün məclisdə iştirak edənlərdən Pakizənin ruhuna salavat göndərməklə, halallıq vermələrini istəyirdi. Narıngül nənə arxada oturan cavan gəlinlərin pıçıltısını eşidirdi:

- Ay qız, sənə deyirəm, qızıl üzüyüməcəm aldı əlimdən, onu görüm dərin getsin, nə halallıq?! Ara yerdə balam da öldü! Yenə aparıb həkimlərə, iynə-dərmana versəydim, kim bilir, bəlkə uşaq bir beş il artıq yaşayacaqdı!

O biri gəlin də etiraz edirdi:

- Mənə elə gəlir ki, şəriətə uyğun olaraq, o bizim qəbirstanlıqda basdırılmamalıdır. Zarafat deyil ey, cindardır!..

Həmin gün yasdan evə qayıdan Narıngül nənə yol boyu bildiyi surələrdən oxuyur, Allahdan Pakizənin ruhu üçün imdad diləyirdi...

Tarix
2018.12.22 / 03:10
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla