Yuxarı

Rüzgar vəzifəli kişini ona görə atdı...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külək

Yaz günlərindən biri idi... Havaların isti keçməsinə baxmayaraq, külək də bir tərəfdən öz şıltaqlığından əl çəkmir, elə bil, bütün şəhərə “mən də varam” deyirdi: əli ilə şlyapasını tutub, addımlayan kim, toz-torpağın üz-gözünə çırpılmasından əsəbiləşib, əl yaylığı ilə sifətini gizlədərək, tez-tez yeriyən kim...

Mən isə şəhərin iri parklarından birində skamyada əyləşərək, seyr edirdim bütün bu mənzərəni və düşünürdüm: “Axı bu küləkdə mənim burada nə işim var?”

Birdən yadıma düşdü ki, səhərdən bəri ürəyim bərk sıxıldığından, özümə heç cür yer tapa bilmirdim, o otaqdan-bu otağa keçməkdən, divarlardakı kağızların göyümtül naxışlarının sayını əzbərləməkdən bezmişdim. Odur ki, lap vulkan da püskürsəydi, mütləq evdən bayıra çıxıb, bir az gəzişməli idim. Və mən də yaxınlıqdakı parkı özümə bir neçə saatlıq məkan seçmişdim.

Ancaq deyəsən, yanılmışdım: parkda ürəkaçan heç bir şey yox idi. İri skamyalara qonmuş qalın toz qatının üzərində əməlli-başlı yazı yazmaq mümkün idi, fontanlar mövcud olsa da, onlara nədənsə suyu qoşmaq park işçilərinin ağlına gəlməmişdi. Hələ mən uca-uca küknar ağaclarını demirəm: külək onları o yan-bu yana əyir, hərdən yerindən köklü-köməcli dartıb çıxartmaq istəyirdi.

Qəribədir, havanın küləkli olmasına baxmayaraq, hər yerdə göyərçin gəzişirdi. Bu sülh quşları indi bütün park boyunca dövrə vururdular, uğultuya bənzər və hardasa küləklə həmahəng təşkil edən səslər çıxarırdılar.

Mənim əyləşdiyim skamyaya yaxın iki göyərçin vardı. Bir göyərçin dimdiyindəki haradansa tapdığı çörək qırıntısını o birirnin qarşısına qoydu və uğultuya bənzər səs ifadə etdi. Yəqin, öz quş dilində: “Al, götür, sənin üçün gətirmişəm”, - deyirdi. Ola bilsin ki, çörək qırıntısını taparaq gətirən quş erkək idi və digəri də dişi idi. “Ah, bircə onların dilini anlasaydım, - fikirləşdim, - vəfasız insanlardan, bu yalan həyatdan uzaqlaşaraq, bütün günü onlarla söhbət edərdim”.

Amma “Bu quş dilidir, onu Süleyman bilir ancaq!”

Park tamamilə ürəyimi darıxdırırdı ki, birdən uzaqdan, mənə sarı gələn iki nəfəri gördüm: “Bunlar da deyəsən, mənim ağıldadır. Ya bəlkə sevgilidirlər?”

Onlar yaxınlaşanda aydın oldu ki, gələnlər yaşı 45-50 arası olan kişi və onun qoluna girmiş 14-15 yaşlarında bir qızdır. Görəsən bunlar kimdirlər və nə əcəb bu havada gəzməyə çıxıblar?

Diqqətlə nəzər saldım onlara: Kişinin gözündə qara eynək vardı və çox güman ki, yanındakı onun qızı idi.

Elə bu an xırıltılı bir səs gəldi:

- Yəqin onlar sizin üçün maraqlıdır?

Cəld səs gələn tərəfə baxdım, əyləşdiyim skamyada, məndən bir az aralı təqribən 50-55 yaşlarında gursaç və topabığ, qırmızısifət kişi oturmuşdu.

“Aman Allah, bu nə vaxt gəlib bura?”- istər-istəməz karıxdım. Yəqin, çox fikirli olduğumdan və ya diqqətimi ata-balaya yönəltdiyimdən, onun necə gəldiyini duymamışam... Bəlkə də ola bilər ki, bu insanın ayaq səslərini küləyin vıyıltısı üstələyib. “Çağırılmamış qonağa” narazılığımızı bildirmək üçün üz-gözümü turşutdum. “Bəs necə?! İzn almadan yanımda əyləşməyi bir tərəfə, hələ məni yersiz suallarla eyməndirir!”

Amma maraq mənə güc gəldi və özümdən asılı olmayaraq, tez kişidən soruşdum:

- Siz onları tanıyırsınız?

Kişi ürəkləndi:

- Bizimlə bir blokda yaşayırlar. Ata-baladırlar.

Bu vaxt onlar yanımızdan asta addımlarla ötüb, bizə yaxın bir skamyada oturdular.

“Elə bu boyda parkda başqa yer yoxdur. Eh, ondansa evdə oturub, divardakı oboyların göyümtül naxışlarının sayını əzbərləmək yaxşı idi”, – düşündüm.

Yəqin, yenə də külək günahkardır. Sanki, soyuqdan qorunmaq üçün elə bir-birinə sığınır insan övladı. Əvvəldən də belə olub, bundan sonra da belə olacaq.

Deyəsən, çox fəlsəfi danışdım...

Dönüb atayla qıza baxdım: qız atasının əllərini buraxıb, çiynindən asılmış köhnə çantasından bir alma çıxarıb, kişiyə verdi, atası əli ilə “yox” işarəsini göstərdi. Ağlıma gələn ilk fikirdən yayınmağa çalışdım, dilimə gətirməyə ehyat edirdim,- amma qırmızısifət kişi elə bil fikirlərimi oxuyurdu:

- Hə, o kordur, - dedi. - İki il olar ki, bu vəziyyətdədir.

- Bəs əvvəl? – soruşdum.

- Əvvəllər o, çox mötəbər bir yerdə vəzifəli bir şəxs idi. Amma iki il əvvəl bağ evlərində qaz balonu partladı. Sən demə, külək balona calanan kəməri ayırıb, nəticədə dəhşətli yanğın baş verib. Kişinin bütün bədəni yandı, ən pisi isə odur ki, gözləri kor oldu.

- Bəs qız, bəs anası, bəs başqa kömək edən-filan?

Mən səbirsizliklə sualları yağış kimi kişinin başından aşağı yağdırdım. Həmsöhbətim başını yellədi:

- Bu faciə baş verəndən sonra arvadı on yaşında oğlunu da götürüb, getdi evdən, keçən il isə onun başqa adama ərə getdiyini eşitdim.

Bu sözdən sonra lap əhval-ruhiyyəm pozuldu.

- Bəs qız, yəni ana qızına heç baş çəkmir?

– Eh, nə vecinə? Bir-iki dəfə gəldi-getdi qızın dalınca, amma qız razı olmadı onunla getməyə. Dedi, atamla qalacam, vəssalam.

“İlahi, bu gün necə də ağır gündür!” - düşündüm. Mən bu qızcığazı çox gözəl anlayırdım. Qəlbimdə xoşgəlməz xatirələr baş qaldırdı bir anda. Bütün vücudum titrədi. Qırmızısifət kişi sanki bütün bunları hiss edirmiş kimi dilləndi:

- Amma siz narahat olmayın onlara görə, ata-bala bir-biriləriylə can deyib, can eşidirlər. Qızı evin bütün işlərini görür. Əhsən belə qıza! Hələ camaat onun məhkəmədə anasına dediyi sözlərdən danışır. Anasına, “Sən atamı atmısan, mən də səndən imtina edirəm”, - deyib.

Mən çevrilib qıza baxdım: nimdaş paltarı, səliqəsiz hörülmüş 2 cüt hörüyü ona qayğının olmamasından xəbər verirdi. Hələ üzündəki sarsıntıqarışıq iztirabı demirəm. Ağbəniz çöhrəsinə elə bil uzun illərin qayğısı hopmuşdu. Arıq vücudu yaxşı qidalanmadığını göstərirdi, amma olduqca xoşagəlimli və nurlu siması vardı.

Qırmızısifət kişinin isə çiyinlərinə elə bil ilham pərisi qonmuşdu. Elə hey bəziyib-düzəyib, bədii cümlələrlə qeybətini davam etdirirdi. İzaholunmazdır, amma mən də sakit dinləyirdim bütün söylədiklərini. Elə bil tilsimə düşmüşdüm, heç sual da vermirdim. Və qəflətən, kişinin son sözləri elə bil dərin yuxudan oyatdı məni:

- Arvadı heç əvvəllər də düz-əməlli qadın deyildi. Kasıb ailənin qızı idi, gətirib özünə arvad elədi, banka işə qoydu, bahalı maşın-filan, hələ burnunu-zadı da kəsib-düzəltdirdi. Bu zalım qızı da bəyənmədi də onu! Hələ kişinin onda gözləri görürdü, gözünün qabağında aldadırdı yazığı. Allah da yəqin deyib, əşşi, sənin görməyin, ya görməməyin, onsuz da eyni şeydir! Qadının adı da bilirsiniz nədir? Rüzgar. Elə külək kimi əsirdi gah o yana, gah bu yana. Bu külək lap əvvəldən düşmədi kişiyə. Əlilliyi də elə küləyin ücbatından oldu. Hələ Rüzgar nələr çəkdirdi ona! Bütün blokun kişiləri evlərində idi kişi işdə olanda. Mən özüm də çox yaxından tanıyırdım onu, lap yaxından...

Çevrilib nifrətlə qırmızısifət kişiyə baxdım: o, gözlərini qıyıb, qımışa-qımışa atayla qız tərəfə baxırdı. Mən istər-istəməz bayaqkı göyərçinləri xatırladım: bu insanlar şüursuz heyvanlar qədər də deyillər...

Elə bu vaxt qız atasıyla ayağa qalxıb, gəldikləri yolu yanımızdan keçib, geri döndülər. Qızın zərif, nəvazişlə dolu səsi eşidilirdi:

- Hava küləklidir, ata, xəstələnərsən, sonra gəzə bilmərik səninlə...

Gözlərim doldu. Sanki ana balasını dilə tuturmuş kimi rəftar edirdi atası ilə. Ata isə sakitcə başını tərpədirdi. Əli qızının əlində yollarını davam edirdilər.

“Yaxşı ki, tənha deyil”, - düşündüm və cəld ayağa qalxaraq, yanımda əyləşən qırmızısifət kişiylə sağollaşmadan addımlamağa başladım... Arxamca kişinin xırıltılı səsi gəlirdi:

- Deyəsən, söylədiklərimdən xoşunuz gəlmədi. Amma düz söz qeybət deyil, bunu Allah da deyir, peyğəmbər də, kitab da.

“Eh, sənin kimilərinin Allahın yazdıqlarından, buyurduqlarından nə xəbəri” - düşündüm.

Gün mənim üçün ağır başlamışdı və ağır da bitdi. “Evdə otursaydım”, - deyə öz-özümə məzəmmət edirdim.

Artıq hava qaralırdı. Evimizə yaxınlaşdıqca gün ərzində gördüklərim gözümün önündə bir daha canlanırdı... Kişinin söylədikləri: “Külək qaz balonunun kəmərini qoparmışdı... Qız anasına deyib, sən atamı atmısan, mən də səndən imtina edirəm...”

Bu qızcığazın əlil atasına olan isti nəvazişi hətta mənim kimi daşürəkli bir insanı da kövrəltmişdi.

Həyətə daxil oldum, göz yaşımı silərək, öz-özümə söz verdim ki, bir də o parka getməyəcəm.

Bir neçə dəqiqə sonra çarpayımda uzanaraq, divar kağızındakı göyümtül naxışları sayaraq, bir günün də belə keçdiyini düşünürdüm...

Bəli, bir küləkli yaz axşamı da belə keçdi...

Gecəyə doğru isə külək daha da şiddətlə əsməyə başladı, elə bil, varlığının unudulacağından ehtiyatlanaraq, bütün gücüylə şəhərə təsirini göstərirdi, ”Ey, insanlar, hökmdar mənəm, hakim mənəm” deyirdi...

Bütün dərdlərimizin, iztirablarımızın, günahlarımızın səbəbkarı, şahidi külək...

Tarix
2019.01.12 / 03:05
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla