Yuxarı

Qurgen Ümidi xilas etdi, sonra da...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtirilmiş ümid

Ümid özünü dərk edəndən ailəsinin onun böyüyüb, sərhədçi olması barədə arsuzunu eşidirdi. Beyninə həkk etdirdiyi bu istək qanlı döyüşlərdə də onu buraxmadı. Hərdən düşünürdü ki, axı niyə qanlı-qadalı günlər məhz onun taleyinə yazılıb? Sonra isə müharibələr keçən babalarını xatırlayıb, özünə ürək-dirək verərdi: “Axı, bu bir sınaqdır. Bu sınaqdan sərhədçi, gələcəyin sərhədçisi üzü ağ, alnı açıq çıxmalıdır...”

***

Ümid gözlərini açanda ətafında olanlar ona yuxu kimi göründü. Başını qaldırıb qurumuş dodaqlarını bir-birindən əziyyətlə ayırdı. Yanında əyləşən qara geyimli qadından anasını soruşdu. Qadın səssiz-səmirsiz ayağa qalxaraq, otaqan çıxdı.

Başı bərk ağrıyırdı, əli ilə toxunduqda sarğını hiss etdi. Tezliklə naməlum qadın bir fincan su ilə geri qayıtdı. Ümid bu az vaxt çərçivəsində yatdığı çarpayıya, ona yad olan dar otağa göz gəzdirdi. Burada hər şey cansıxıcı idi. Hətta divardan asılı pərdənin güllü bəzəklərində belə ürəksıxıcı nisgil vardı.

Ümid xatırlamağa başladı: Xocalıdan çıxarılanda ətrafında yaralılar çox idi. Bacısı Yasəməni qonşu Nəzakət xalanın qızları ilə hərbi maşında apardılar. Anası onda yaman zarıyırdı. Nə istədiyini demirdi, amma Ümid bilirdi ki, anası artıq başlarına açılacaq bəlalar üçün öncədən ağlayır. Düşmən yanında göz yaşı axıtmamaq üçün yol boyu ürəyini boşaldırdı zavallı qadın.

Kərkicahandan Xankəndi, Meşəliyə, sonra isə Cəmilliyə gedən yolu, hətta Aranzəmində maşın karvanı dayandırılıb su paylananda belə, anası susmadı. Qarabağın ürəyi Şuşadan iyirmi kilometr aralı idilər. Yadına Cıdır düzü düşdü. Uşaq vaxtı rəhmətlik atası ilə bura çox gəlib-gedərdi. Ən çox sevdiyi Xan bulağının yanında şəkilləri də vardı. Natəvanın evində olmuşdu, bir vaxtlar xan qızının çəkdirdiyi bulaqdan anasına su aparmağı da unutmamışdı.

Atasını xatırladıqda ürəyi bürüşdü. Həmişə atası deyərdi ki, mən olmayanda evin kişisi sənsən, anandan, bacından muğayat ol haa!

İndi isə anası və bacısı naməlum ünvana əsir aparılırdı və o, heç nə edə bilmirdi. O, anasına baxdı. Atası Ağdərə uğrunda döyüşlərədə həlak olandan anası saçına xına yaxmırdı. Qara bağlayıb, qarada gəzirdi. Deyirdi, bircə günlük Ümid evlənəndə qaranı açaram, o da toy günü.

Atası Vüqar qurtuluş batalyonunda könüllülərlə vuruşanda imkan olan kimi - həftədə bir, ayda bir - bir saatlıq da olsa, evə gələrdi. Belindəki dəri əsgər kəmərinə bərkidilən silahı görən Ümid atası ilə fəxr edərdi: “Ata, vuruşmaq istəyirəm”. Ata qaşlarını çatardı: “Sən oxu. Yoxsa unutmusan bala?! Oxuyacaqsan, hərbi məktəbi bitirib, sərhədçi olacaqsan. Sərhədləri qoruyacqsan. Bizə gələcəyimiz üçün düşünən beyin lazımdır, bala. Bunlarla özümüz də bacararıq!”

O, atasının söylədiklərini yalnız indi anlayırdı.

Anasına baxdı, ağ saçları qara yaylığın altından sünbül-sünbül üz-gözünə dağılan qadın gözlərini uzaq nöqtəyə zilləyərək, bayatılardan ağı deyirdi:

Əzizim bada getdi,

Yel vurdu bada getdi.

Namərd bir tələ qurdu,

Gənc ömrüm bada getdi…

Bu bayatıları anası laylalarla bacısının beşiyi başında söyləyərdi. Gecənin soyuğundan anasına sığınaraq, körpə uşaq kimi qısılıb, ürəyində yarımçıq arzuları ilə danışırdı Ümid.

Tarixi yaxşı bildiyindən Ənvər müəllim ona tarixçi olmağı məsləhət edirdi. Ümid isə ailəsinin arzusu ilə gedəcəyini, sərhəd qoşunlarında çalışacağını deyirdi.

İndi beyni dumanlı idi. Düşünürdü, kaş silah olaydı yanında. “Birinci anamı, arxasınca bacımı, sonra isə özümü öldürərdim”, - deyirdi. Amma yenə də bir ümid vardı.

“Lənət şeytana, bu nə fikirlərdir gəlir beynimə?” - öz-özünü qınadı.

Anasına daha çox sarılıb, qaranlıq, narahat fikirlərdən ürəyini qurtarmağa çalışdı. Yaxınlıqda hələ də döyüş gedirdi. Ola bilsin ki, yaxın zamanda Milli Ordunun əsgərləri onları xilas etsin. “Ola bilər” nədir? Əlbəttə ki, onları xilas edəcəklər. Bax, hələ də döyüşlər davam edir, demək ki, hələ də ümid var.

Onlarla maşında gedən cavan ailəni tanımırdı. Qucağında yeni doğulmuş körpəsi olan ana və yanında yeddi-səkkiz yaşlı oğlu qorxu ilə ətrafa boylanırdılar. Ürək etmədiyindən, heç kəs danışmırdı. Amma hamı təlaş içində idi.

Əzizim ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar...

Anasının sözləri ona acı həqiqəti olduğu kimi qəbul etdirməyə başladı. Özünü toplayıb üzünü yanındakı qadına tutdu:

- Bacı, ver körpəni anam saxlasın, sən bir qədər dincəl.

Qadın ürkək-ürkək körpəsini bağrına basdı:

- Yox, özüm saxlayacam.

Anası yalnız bu vaxt deyimlərinə ara verib, yuxudan kal qalxan insan kimi dönüb Ümidə, sonra qadına baxdı.

- Kimlərdənsən, a bala? Səni obada heç görmədim.

Qadın üşüyə-üşüyə titrək səslə:

- Nəzmiyyənin gəliniyəm, - dedi.

- Bıyy, başına döndüyüm, bəs sən şəhərdə yaşamırdınmı?

Gəlin başını aşağı saldı:

- Yoldaşım könüllülər dəstəsində vuruşur. Qonaq gəlmişdik iki günlük, qayıdacaqdıq. Atışma başladı...

Anası gözlərini maşının pas atmış palçıqlı döşəməsinə zillədi:

- Qismət bala, qismət. Bu da taleyin bir sınağı imiş, alnımıza yazıldı.

Ümid əynindəki pencəyi çıxarıb, tez qadına uzatdı. Gəlin tərəddüd etsə də, ana dilləndi:

- Geyin, bala, o oğlan uşağıdır, soyuğa dözər, sən körpəlisən, geyin, çəkinmə.

Gəlin pencəyi alıb, cəld körpəsini ona bürüdü.

Ağdamdan Əsgərana gedən yolda maşın karvanı dayandı. Pircamalda hamıya maşınlardan düşmək əmri verildi. İnsanlar soyuqda, şaxtalı havada titrəyə-titrəyə yerə endilər. Bir saqqallı erməni zabiti avtomatdan göyə atəş açaraq bağırdı:

- Birinizin səhvinə görə onunuzu öldürəcəm! Özü də işgəncə ilə. Tez çəkilin, ehtiyacınızı kollarda edin. Üç dəqiqədən gec qayıdan güllələnəcək.

Ümid anasının qolundan yapışmışdı.

Qadının qucağındakı körpə var səsi ilə ağlayırdı. Qəfil erməninin qulağı körpənin səsini aldı:

- O küçüyün səsini kəsin!

Gəlin həyəcandan titrəyirdi. Ümidin anası gəlinə tərəf əyildi:

- Bala, yaylığını aç, körpəni sinənə tut.

Gəlin ağladı:

- Qorxudan südüm quruyub, körpə acından ağlayır.

Anası Ümidin əlini buraxıb, əli avtomatlı erməniyə tərəf getdi. Ümid çaşqınlıq içində anasının arxasınca addımladı. Anası əli ilə “gəlmə” deyə işarə elədi. Ümid yerində dondu. Ana axsaya-axsaya erməniyə yaxınlaşdı. Erməni üzərinə gələn yaşlı qadını görüb, iki addım geri çəkildi və avtomatı ananın üzünə tuşlayıb bağırdı:

- Hara gəlirsən, ay arvad, keç yerinə!

Ana ayaq saxladı:

- Körpə var. Acdır. Heç olmasa, qaynar su versəniz, ona taqət olar.

- Aranzəmində verdik də çayın suyunu. Zəhərlənəydiniz! Rədd ol yerinə!

Ümid anasını səslədi:

- Ana!

Qadın dönmürdü:

- Sənin övladın var, bala?

O, donmuş baxışlarını erməni hərbiçisinin gözlərinə sancdı.

Erməni zabitinin qara sifəti qəzəbdən bozardı:

- Mənim nəyim var, nəyim yox, sənə qalmayıb, ay qoca köpək! Cəhənnəm ol yerinə dedim, yoxsa gəbərdərəm səni!

Onun qadının sinəsindən itələməyi ilə iki addıma Ümid anasının yanında oldu. Anasını arxadan qucaqlayıb, erməninin təkanından yerə sərilməyə imkan vermədi. Başını qaldırmaq istədikdə isə ani vurulan zərbədən huşunu itirdi. Sonra baş verənlərdən xəbərsiz idi...

Qapı çığıltısına hər ikisi döndü. Qadın əlindəki fincanı çarpayıya yaxın masaya qoyub, tələsik otaqdan çıxdı. Gələn adam hərbi geyimdə, iri gövdəli kişi idi. O, masaya yaxınlaşıb, papağını çıxartdı:

- Salam, Ümid bala. Ayılmısan, deyəsən?

Ümid bu tanış səsin sahibini xatırlamağa çalışdı.

- Deyəsən, tanımadın haaa məni? Yoxsa, varlanacam? Hahahaha...

Bu qəhqəhəli gülüş onu tanımağa yardım etdi.

- Qurgen dayı, sənsən?

Qurgen Ümidgilin ən yaxın qonşuları idi. Xocalıda bir həyətdə qalırdılar. Evləri də tiraltı idi. Axşama qədər bir-biriləri ilə söhbətləşər, mehriban yaşayardılar. Qurgenin Qarik adlı oğlu Ümiddən iki yaş böyük idi. Həmişə bir yerdə oynayardılar. Sonya adlı qızları da Yasəmənlə yaşıd idi: indi bəlkə də on, on iki yaşı olar.

Ümid bütün tanıdıqlarını beyninin xəyal aynasından keçirirdi.

Qurgen stulu çəkərək əyləşdi.

- Hə, Ümid bala, mənəm. Səni Pircamalda tanıdım. Zabit çox əsəbi adamdır, avtomatın qundağıyla səni başından vurub. Yaxşı ki güllələmədi haa! Yoxsa nə olardı? Vay, vay, vayy... Yazıq anan...

- Anam hardadır, Qurgen dayı?

- Narahat olma, bala, mən özgə deyiləm ki sizə! Atan Vüqarla özümüz ağırlıqda çörək kəsmişik. Nə danışırsan? Heç qoyaram nəsə narahatlıq ola? Anan və bacın burada, Stepanakertdədirlər. Qadınlarla birgə düşərgədə yerləşdiriliblər. Elə onların müdafiəsi üçün indi bura yaxşıdır. Ara, qan su yerinə axır eee, xəbərin yoxdu. Sağ-salamat oturublar da burada.

Ümidin gözü önündə gülləbaran edilən kənd camaatının əksi Qurgenin sözləri ilə rahatlanmağa imkan vermirdi. Yol boyu al-qan içində qalaq- qalaq meyitlər, əl-ayaqları sarıqlı qoca-uşaq cəsədləri gözünün önündə dayanaraq, “əsl həqiqət bizik”, deyirdi.

O doluxsundu:

- Qurgen dayı, erməni əsgərləri gözümüzün qabağında körpələri öldürürdü, köməksiz qocalara işgəncə verirdi.

Qurgen tük basmış üz-gözünü turşutdu:

- Yox eee... Nə körpə? Sizi silahlılarla səhv sala bilərlər. İki-üç adam təsadüfi ölə bilər. Sən belə şeyləri şişirtmə, Ümid can, de görək atan haradadır?

Ümid başını aşağı saldı:

- Atam döyüşdə həlak olub. İki il əvvəl.

Qurgen ah çəkdi:

- Vay, vay, vay. Yazıq Vüqar. Gör e... Gör bu müharibə nələr etdi ee, bizə?!

Qurgeni hərbi geyimdə görmək Ümidi çaşdırırdı. Deyəsən, Qurgen özü də bunu hiss etmişdi.

- Mən burada yaralılara dərman-zad paylayıram. Nə bilim, yemək, ərzaq. Yoxsa çətindir, Ümid can. Tək pensiya ilə dolana bilmirəm. Yenə əlavə çax- çux olur.

Ümidin yadına Qurgenin oğlu düşdü.

- Bəs Qarik haradadır?

Qurgenin üzü qaraldı, amma tez özünü ələ alıb dilləndi:

- Qarik Rusiyada oxuyur. Nənəsinin yanındadır.

- Nə yaxşı, məndən salam deyərsiniz.

Qurgenin üzünü hiyləgər təbəssüm bürüdü:

- Özün deyərsən salamı ona, Ümid can. Tezliklə buradan gedəcəksən.

Ümid çaşqınlıq içində Qurgenə baxdı:

- Hara, Qurgen dayı?

- Ara, necə yəni hara? Evinə-eşiyinə.

- Evim-eşiyim darmadağın edilib, Qurgen dayı, kəndimizi erməni əsgərləri tutublar.

- Ara, o boyda Azərbaycanda sənə bir ev tapılmayacaq deyirsən? Mən istəyirəm sənin də, ananın, bacının da buradan getməyinizə köməklik edəm. Zarafat deyil, qırx il çörək kəsmişik. Ulu babalarımız dostluq edib bizim. Mən itirə bilmərəm... Gözəl qonşu olmuşuq biz!

Ümid fikirləşdi, Qurgengillə aralarında cüzi narazılıq belə xatırlamırdı. Ataların “qonşunun toyuğuna “kiş” deməyən” misalı elə bunların özünə aid idi. Təsəvvür edin ki, Qurgengilin toyuğu həyətlərinə keçəndə belə nənəsi Münəvvər deyərmiş ki, dəyməyin, qonşumun toyuğudur, qoy qalsın.

O, xatırladığını indi Qurgenə danışırdı. Qurgen isə qəşş edib gülürdü:

- Hə, hələ bəs yadındadır, sən uşaq idin. Ananla nənən hərdən mübahisə edərdilər. Nənən çağırıb sənə şirinquş verərdi ki, bax, Ümid, atan evə gələndə soruşsa ki, niyə qaşqabaqlısınız, demə ha, ananla dalaşmışam. Sən də şirinquşu alıb gedərdin oynamağa. Atan gələrdi, görərdi ki, evdəkilər küsüb, şahid kimi səni çağırardı. Sən də çatan kimi deyərdin bütün gerçəyi: “Ata, nənəm anamın xətrinə dəyib, anam da küsüb, danışmır onunla”.

Nənən də baxardı-baxardı, deyərdi, ehh, adını Ümid qoydum, ümidim olasan, məni ümidsiz qoydun, ay Ümid! Hahaha...

Doğrudan da, uşaq vaxtlarının şirin xatirələrindən idi bu söhbət. Hətta Münəvvər nənəsi dünyasını dəyişəndən sonra belə onun duzlu-məzəli deyimləri kənd camaatının dilindən düşmürdü.

Qurgen artıq getməyə hazırlaşırdı:

- Sən bir az özünə gəl, əlavə yemək də göndərəcəm indi. Bu qaldığın ailə var haa, mənim yaxın dostlarımdı. Çəkinmə, nə istəsən, de.

Ümid sevindi. Doğrudan da yaxşılıq itmir. İllər öncə kəsilən düz-çörəyin qədrini bilən qonşu onun və ailəsinin həyatını xilas edəcək deyə, özünə ürək-dirək verdi. Artıq yenə də xəyal qurmağa başladı, beyinində arzuları cücərdi. 17 yaşı var, məktəbi bitirməyinə yarım il qalıb. Bu müddətdə yaxşı hazırlaşıb ali məktəbə qəbul ola bilər. Sonra anası və bacısına yardım da edəcək. Həm oxuyacaq, həm işləyəcək. Bəs necə? Axı o kişidir. Ailənin yeganə kişisi və dayağı məhz odur!

Tam ayağa qalxanadək Qurgenin dost dediyi ailənin qara geyimli qadını onun qulluğunda dayandı. Bir həftədən sonra artıq sərbəst gəzirdi. Qurgenin dediyinə görə, avtomat qundağı başında dərin yara açdığı üçün çox qan itirmişdi. Və əgər “duz-çörək kəsdiyi qonşunun” yardımı olmasaydı, Ümidə ümid qalmazmış.

Qurgen hər axşam onun qaldığı evə gələrdi, uzun-uzadı kənddən- kəsəkdən, atasından söhbət edərdi. Maraqlıdır ki, Qurgeni Azərbaycan ordusu və silah-sürsatı daha çox maraqlandırırdı.

Kənd camaatı tez-tez Milli Orduya pendirdən-yağdan, ətdən-yumurtadan göndərərdi. Bu canlı poçtalyonların içində Ümid də vardı. Amma batalyon komandiri tapşırmışdı: bizim texnikamız, sayımız, gördüyünüz, bildiyiniz hər bir şey məxfi qalmalıdır. Odur ki, Qurgen silah-sursatdan söz saldıqca, Ümid məharətlə onun suallarından yayınırdı.

- Tanklar çoxdu görəsən ordunuzda, Ümid can?

Ümid çiyinlərini çəkdi:

- Bilmirəm axı. Mən əsl tankları yalnız erməni ordusu kəndi mühasirəyə alanda gördüm.

Qurgen bu uşaqdan söz ala bilməyəcəyini anlayırdı. Bığlarının ucunu bura-bura mızıldandı:

- Yaxşı, Ümid can, hazırlaş, sabah yola düşürsən.

Ümid ümidləndi:

- Hara, Qurgen dayı?

- Ara, sən nə məzəli uşaqsan? Hara olacaq? Gedirsən Azərbaycana.

Ümid anlayırdı ki, o elə öz torpağındadır, amma yağı əlində qalmışdı – həm özü, həm də torpağı.

- Nə zaman gedəcəm?

- Sabah səni yola salacam. Buradan çayı keçən kimi səni maşın gözləyəcək.

- Bəs anam, bəs bacım? - Ümidin nəfəsi daraldı.

- Ümid bala, dedim axı, narahat olma, onlar da gələcək. Bir yerdə qayıdacaqsınız Azərbaycana.

Səhəri gün Ümid sübh tezdən oyandı. Günəşin ilıq şüaları onu isindiridi. Nə yaxşı ki, o bu gün artıq anasına sarılacaq, bacısnı görə biləcək! Ürəyində bir həyəcan var idi! Qəribə idi: bu qədər əziyyətlərdən sonra, əzablardan qurtulacağını bilə-bilə ürəyi narahatlıqla döyünürdü. O, ətrafa göz gəzdirdi. Düşərgə deyilən yerin harada olmasını beynində təxmin etmək niyyəti ilə Qurgenin danışdıqlarını ölçüb-biçib, şüurunun bir dolabında cərgələyirdi. Axı geri döndükdə mütləq Milli Ordunun əsgərlərinə xəbər verməli idi! Onlar hökmən burada qalanları xilas etməli idilər! Hələ o yolda onlarla gələn qadın və onun körpə oğlu! Onlara qayğı lazımdır!

Ümid anlayırdı ki, əsirlikdə istənilən xoş rəftar bu zavallılara qayğını əvəz edə bilməz. Ümumiyyətlə, xoşdurmu vəziyyətləri? Bəlkə, Qurgen onu sakitləşdirmək üçün deyir bütün bunları?

O, çox düşündü. Amma artıq Qurgenin dediyi kimi hərəkət etməkdən başqa əlac qalmırdı. Axşama doğru Qurgen həmişə olduğu kimi onun qaldığı otağa daxil oldu.

- Hə, Ümid bala, hazırsanmı?

- Bəli, Qurgen dayı, hazıram.

Qurgen, nədənsə, Ümidin gözlərinə baxmırdı. Bu Ümidin gözündən yayınmadı.

- Anamgil necədir?

- Yaxşıdırlar, Ümid can. Salamları var. Bir azdan görüşəcəksiniz.

Qurgen Ümid üçün ayırdığı bağlamanı ona verdi. Əvvəlcə Ümid elə düşündü ki, bu ərzaq boxçasıdır, lakin köhnə paltarları görüb çaşdı:

- Bu nədir, Qurgen dayı?

- Səndən əvvəl bir əsiri belə yola salmışdım, onun paltarlarıdır, geyin ki üşüməyəsən!

Ümid cəld gödəkcəni əyninə dartdı. Üzərində deşiklər olan paltardan qəribə qoxu gəlirdi. Ümidin çaşqın baxışları ilə qarşılaşan Qurgen ona:

- Ara, ömürlük geyinmirsən ki! Çayı keçənəcəndir də... Sonra sənə orada nəinki təzə paltar, hələ üstəlik qəhrəman adı verəcəklər, hahaha... - deyib, qəşş etdi.

O, Gurgenə geri qayıtdıqdan sonra arzularının arxasınca gedəcəyini, ailəsinin ona bağladığı ümidi həyata keçirəcəyini, məktəbi bitirdikdən sonra sərhəçi olacağını dedi.

- Atam deyirdi ki, Ali Hərbi Məktəbə daxil olmalıyam. Bizə savadlı sərhədçi gərəkdir.

Gurgen onun bu sözlərinə özünəməxsus diksindirici gülüşlə güldü.

Qurgen evdən çıxanda Ümidə tərəf əyildi:

- Bax, Ümid can, məni naümid eləmə haa... Səssiz-səmirsiz get, səsin çıxmasın! Yoxsa bilirsən də, mənim burada günüm olar qara, adımı bundan sonra qoyarlar Qara Qurgen.

Ümid axşamın bozaran rəngində sakit nəzərlə Qurgenə baxdı:

- Arxayın ol, Qurgen dayı. Sağ ol ki, mənə kömək edib, ailəmə qovuşdurursan. Allah səndən razı olsun!

Bu sözlərdən Qurgen tutuldu:

- Ara, Allahı qatma... Yolunla get!

Ümid əlini uzadıb, görüşmək istədikdə, Qurgen cəld əlini çəkdi, üzünü kənara çəkərək, özünü görməməzliyə vurdu:

- Di get, Ümid bala, cəld ol!

Ümid iti addımlarla evdən uzaqlaşmağa başladı. Çayın kənarına yaxınlaşmağa lap az qalırdı ki, arxasınca boylanan xilaskarına çevirilib, sonuncu dəfə əl yelləmək keçdi ürəyindən.

Qurgen xeyli uzaq məsafədə sinəsinə sıxdığı avtomatı düz onun istiqamətinə tuşlamışdı. Ümid çaşqınlıq içində son ümidi olan “duz-çörək qonşusuna” baxdı. Nəsə demək, soruşmaq, qışqırmaq istədi, sözlər boğazına düyünlənib qaldı. Əlləri ilə havada “niyə”, “nə üçün” sualının təsvirini çəkdi.

Qəfil atəşlə Ümidin yerə sərilməyi bir oldu. Güllə səsinə qara geyimli qadın evdən çıxdı. Qurgen əhvalını pozmadan dedi:

- Qorxma, bacı can, qonşunu yola saldıq getdi. Həmişə qonaqlıqdan sonra gərək “salyut” olsun axı! Hahaha... - deyərək, qəşş etdi.

Düşərgə deyilən yerdən hərbi geyimdə adamlar qaça-qaça Qurgenin yanına gəldilər.

- Bu Ümid dılğırı göndərdim o biri dünyaya.

Hərbi geyimlilərdən biri dilləndi:

- Ay Qurgen, bir imkan vermədin ki, onu biz sorğu-sual edək. Elə dedin mən, mən, özün də bir söz öyrənə bilmədin.

Qurgen qaşlarını çatıb, üz-gözünü göy alça yeyirmiş kimi turşudub, ağzını bərkdən marçıldatdı:

- Bilirsiniz nə var? O gədə sizə heç nə deməyəcəkdi. Lap tikələ ha, xeyiri yoxdur. Mən o nəsli yaxşı tanıyıram. Ara, zarafat deyil, düz qırx il duz- çörək kəsmişik.

- Yaxşı, bəs niyə özün öldürdün? Biz də edə bilərdik axı? – o biri saqqallı soruşdu.

- Onun murdar gorbagor atası məni bir dəfə evlərində araq içməyə qoymadı. Ara, arağı da özüm aparmışam haa... Dedi, yox eee, namaz qılırlar bizdə, içki olmaz. Üstəgəl, mənimlə heç vaxt əl ilə görüşməzdi lənətlik, deyirdi ki, donuz əti yeyirəm. Mənə də “obidno” gəlirdi də, nə olsun donuz yeyirəm? İndi mən bu axmaq müsəlmanların fikrincə murdaram? Donuzu da Allah yaradıb, biz insanları da. Hahaha...

Hərbi geyimdəkilərdən biri Qurgenə tərəf əyildi:

- Amma öz aramızdır, Qurgen, sən Qarikdən sonra əvvəlki kimi ürəkdən gülmürsən.

Qurgen heç nə demədi. Başını aşağı salıb, evə keçdi. Ümid qalan otağın yanından keçərək, yarıaçıq qapıdan otağa nəzər saldı. Sonra tələsmədən, yan otağa keçib, qara geyimli qadından içki gətirməyi istədi:

- Bu gün bayramdır deyirlər, bacı can. Gələcəyin bir düşmən hərbiçisi də belə gəbərdi... Hahaha...

Qadın sakit addımlarla içkinin arxasınca getdi.

Divardan qara haşiyədə hərbiçi geyimdə cavan oğlan şəkli asılmışdı. Qurgen şəkli divardan götürüb bağrına basdı:

- Düz deyirlər, oğlum, mənim gülüşüm də səninlə getdi. Yalandan gülürəm, yalandan yaşayıram, hətta, yalandan öldürürəm.

Göz yaşları Qurgenin üzündən axaraq, gur saqqalına doğru şığıdı:

- Mən də... mən də ümidimi itirmişəm...

Tarix
2019.01.27 / 01:48
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla